Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:47

«Kurtlar Vadisi», yoxsa «Yaprak Dökümü»?


Əhalinin bir hissəsi peyk antenalarına, digər hissəsi də kabel televiziyalarına üstünlük verir

Əhalinin bir hissəsi peyk antenalarına, digər hissəsi də kabel televiziyalarına üstünlük verir

- Mənim türk serialları çox xoşuma gəlir. «Kurtlar Vadisi»nə baxıram. Poladdan xoşum gəlir.

- Mən «Kurtlar Vadisi»nə baxıram. Orada daha çox Mematini, Polad Alemdarı xoşlayıram.

- Mən «Yaprak Dökümü»nə baxıram. Nejladan və Leyladan xoşum gəlir.

Paytaxt Bakıda söhbətləşdiyim ibtidai sinif şagirdləri türk kanallarında yayımlanan müxtəlif seriallardan danışırlar. Serial qəhrəmanlarının adlarını əzbərdən bilən bu balacalar növbəti serialları səbirsizliklə gözlədiklərini deyirlər.

- Bizim evdə hamı «Yaprak Dökümü»nə baxır.

- «Kurtlar Vadisi»ndə mənim İsgenderdən, Yakışıklıdan, İncidən xoşum gəlmir. Amma Poladı, Mematini, Abdullheyi çox xoşlayıram.

Nisbətən yaşlı sakinlər arasında keçirdiyimiz sorğu zamanı isə məlum oldu ki, Türk seriallarını izləyənlər yerli kanallara baxanlardan daha çoxdur.

- Yerli kanalları daha çox izləyirsiniz, yoxsa xarici?

- Yerli kanallarla müqayisədə türk kanallarına daha çox baxırıq. Diziləri izləyirik, şou proqramlara baxırıq, hərdən xəbərləri izləyirik.

- Xarici kanallara daha çox baxırıq.

- Daha çox rus kanallarına baxıram.

Elçin Əlibəyli
- Xarici kanallar daha çox tamaşaçını özünə cəlb edir. Həmin kanallarda daha maraqlı verilişlər yayımlanır.

- Türk kanallarına daha çox baxıram. Misal üçün, ATV-də «Gönülçelen» və «Aşk ve ceza», «Star TV»də «Kurtlar Vadisi», «Show TV»də «Ezel». Demək olar ki, bütün serialları izləyirəm.

- Daha çox türk kanallarına baxıram. «Kurtlar vadisi»ndə Polad Alemdarı çox xoşlayıram. Onun ciddiliyi məni özünə çox çəkir.

Bakıdakı kabel televiziyalarından birinin - KTV1-in meneceri Hüseyn Dərbəndli deyir ki, Azərbaycanda türk və rus dillərində verilişlərin və filmlərin yayımı dayandırıldıqdan sonra kabel televiziyasına keçid sürətlənib.

Azərbaycanın ATV kanalında «El İçində» verilişinin aparıcısı Elçin Əlibəyli deyir ki, Azərbaycan kanallarının tamaşaçını cəlb edə bilməsi üçün maddi imkanı yoxdur:

«Xarici kanalların büdcəsi Azərbaycan kanallarından qat-qat artıqdır və onlar istənilən layihələri həyata keçirə bilirlər. Azərbaycan kanalları o maddi imkanlara malik deyillər ki, böyük layihələr icra etsinlər. Azərbaycanda Film Kinostudiyası, serial sənayesi inkişaf etsəydi, yerli kanallar bu serialları yerləşdirər və təbii ki, tamaşaçıları da toplayardı».

Bununla belə Elçin Əlibəyli hesab edir ki, yerli kanallara baxanların dərəcəsi yüksəlir:

Zeynal Məmmədli
«Xarici kanallara baxanların dərəcəsinin artması köhnəlmiş söhbətdir. Bir il əvvəl bu problem var idi. Amma 2009-cu ilin sentyabrından sonra Azərbaycan kanallarına baxımlılıq faizi yüksəlir. Misal üçün, ötən həftənin reytinq cədvəlində bizim kanalda Azərbaycan dilində yayımlanan iki-üç filmimiz ön yerlərdədir».

Televiziya mütəxəssisi Zeynal Məmmədli isə Azərbaycan tamaşaçılarının daha çox xarici kanallara baxmasını təbii qarşılayır:

«Seyrçini aldatmaq olmur. Seyrçi yeni məlumatlar axtarır, stressini atmaq, əylənmək, yorğunluğunu atmaq və bir də duyğulanmaq istəyir. Seyrçi bu istəklərini axtarır və harada onu tapa bilirsə, ora da baxır. Hətta burda dil baryeri də rol oynamır, çünki onun tələbini ödəməsi üçün başqa imkanı olmur».

Zeynal Məmmədli Azərbaycan tamaşaçısının xarici kanalları izləməsini qanunauyğunluq adlandırsa da, bunun iki ziyanını vurğulayır:

«Birincisi, ictimai rəyin xarici kanallara baxmaqla formalaşması, ikincisi, onsuz da keyfiyyəti aşağı olan TV proqramların keyfiyyətinin daha da aşağı düşməsi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG