Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25
Kitab oxumaq niyə lazımdır? Lazımdırmı? Nəbzi işgüzar ritmlə döyünən dünyada xüsusilə bədii ədəbiyyatı mütaliə etməyə vaxt ayırmağa dəyərmi?

«Biznesmənə kitab oxumaq lazım deyil»

23 aprel Beynəlxalq Kitab Günündə bu suallara əvvəlcə Bakı sakinlərindən cavab istədik.

Bakıda biznes uzrə təhsil alan və elə sahibkarlıqla da məşğul olan Azad Qasımov sonuncu kitabı dörd il əvvəl oxuyub.

- Məktəbdə oxuyanda oxumuşam. Turgenevin «Mumu»sunu oxumuşam.

- Sonra niyə oxumadın?

- Vaxt olmadı.

- Səncə biznesmenə kitab oxumaq lazım deyil?

- Yox, elə də vacib deyil. Öz peşəsini bilsə, bəsidir. Kitabı boş vaxtı öldürmək üçün oxuyurlar.

«Niyə kitab oxumalıyıq?»

Filoloq Ceyhun Babayev isə hər gün mütaliə elədiyini, əsasən dünya ədəbiyyatını oxuduğunu deyir. Hətta elə əsər var ki, ikinci dəfə də oxuyur. İndi Dostoyevskinin «İdiot»unu, Tolstoyun «Hərb və sülh»ünü eyni vaxtda oxuyur:

- İnsanlar ona görə kitab oxumalıdılar ki, ürəkləri bir az açıq olsun, indi qapalıdılar.

Gələcəyin informasiya texnologiyası, iqtisadçıları olan tələbə qız-oğlanlar isə kitabı boş vaxt tapanda oxuyurlar:

- Altı-bazar oxumağa çalışırıq. Çox oxumasaq da…

- Axırıncı dəfə hansı kitabı oxumusan?

- Anarın «yeddinci mərtəbə»… «Təhminə və Zaur»u daha doğrusu…

Nigar Köçərli
- Bu əsər nəyilə düşündürdü səni?

- Elə bir əsərdi ki… elə bir dövrdə yazılıb ki… o vaxt açıq münasibətlər yox idi. Təhminə tək yaşayan qadınıydı və başqasıyla münasibətdəydi. O dövr üçün yeganə obraz olduğuna görə tənqidlərə məruz qalmışdı.

Parkda, Nizami Gəncəvinin heykəlinin yanında, yağış altında əl-ələ tutub rəqs eləyən, deyib-gülən qızlara yaxınlaşıram. Tələbədirlər, jurnalist olacaqlar. Niyə kitab oxumalıyıq sualına az qala xorla cavab verirlər:

- Nitq qabiliyyətini artırır.

- İnkişaf etmək üçün…

- Savadını artırmaq üçün…

«Kitab satışı hər il 20 faiz azalır»

Bəs kitabı oxuculara çatdıran mağaza sahibləri, naşirlər nə düşünür? Azərbaycanda kitab oxuyurlarmı?

«Əli və Nino» kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyir ki, kitab satışı ərzaq, geyim kimi gəlir gətirməsə də, qazancı olan biznesdir. Amma dünyadakı iqtisadi böhran kitab satışından da yan keçməyib, şəbəkənin bir mağazası bağlanıb.

- Mən başqa mağaza sahibəriylə də danışıram. Hər il gəlir 20 faiz azalır.

Nigar Köçərli öz biznesini tamam-kamal qapatmaq niyyətində deyil, əksinə, yaxın vaxtlarda yeni bir layihəyə başlayacaqlarını söyləyir. Bu layihəyə qoşulan yüzdən çox gəncə pulsuz kitab verəcəklər, onlar da kitabı mütaliə edəcək və sonra da fikirlərini yoldaşlarıyla bölüşəcəklər. Bir neçə aydır start götürmüş «Milli Kitab» müsabiqəsi isə mayın 15-də yekunlaşacaq. N.Köçərlinin sözlərinə görə ilk onluğa düşən əsərlər artıq çapa hazırlanır və oxucuya da çatması üçün təbliğ olunacaq.

«Abunə isə artır»

Şahbaz Xuduoğlu
«Dünya ədəbiyyatı kitabxanası»na abunəni həyata keçirən «Kitab klubu»nün rəhbəri Elxan Rzayev isə optimistdir, çünki gözləmədikləri halda abunənin sayı artıb, artıq 800-ə yaxınlaşır, özü də abunəçilər təkcə Bakıda yox, Azərbaycanın başqa bölgələrinə də səpələnib.

- Biz başa düşdük ki, Azərbaycan oxucusu həm məzmunca, həm tərtibatca keyfiyyətli olan əsər, həm də kitab haqqında əvvəldən geniş məlumat istəyir.

«Oxucunu zəhərləyiblər»

«Qanun» nəşriyyatının direktoru Şahbaz Xudoğlu isə naşir-yazıçı-oxucu mədəniyyətini yaratmağa çalışdıqlarını söyləyir. Amma bunun çətin olacağını da istisna etmir:

- Azərbaycan oxucusunu zəhərlədilər, o mənada ki, təhsili məhv etdilər. Təhsil olmayan yerdə oxumaq necə olacaq? Oxumaq bir mədəniyyətdir, birinci sinifə gedəndən aşılanır.

«Çox şey öyrədən mənbə»

Qızının əlindən tutub evinə tələsən bank işçisi İlkin Hümbətov da bizə kitab oxumaq mədəniyyətinə uşaqlıqdan yiyələndiyindən danışır, amma iş-gücün onu bu mədəniyyətdən uzaq saldığını deyir. Mütaliəyəsə çox ehtiyacı varmış:

- Kitab adama hər şey verir. Çox şey öyrədir axı kitab adama.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG