Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

Orhan Pamuk, Yaşar Kamal baş nazirin ziyafətinə getmədilər...


Mais Əlizadə İstanbuldan yazır:

BİR ZİYAFƏTİN ANATOMİYASI

Baş nazir Ərdoğanın 17 apreldə Türkiyənin yazıçı və şairlərini səhər yeməyinə dəvət etməsinin səbəbi - ömrünün yarısından çoxunu diktaturanın içində yaşamış bir adam kimi bizə hələ çoxdan - 3 ay qabaq müğənniləri ziyafətə çağırandan bəri məlum idi.

7 illik hakimiyyəti dövründə Tayyip bəy kreslonu çox sevdi - əvvəlki adı “kürd açılım” olan, ancaq AKP-nin reytinqini sürətlə aşağı çəkdiyinə görə, adı “demokratik açılım”a çevrilən bir təşəbbüslə bağlı olaraq Türkiyə baş naziri cəmiyyətdən özünə dəstək istəyirdi.

Biz hadisələrə içəridən baxan bir adam kimi hissiyyata qapıla bilərik-lütfən siz deyin görək, Ajda Pekkanın “kürd açılımı” ilə bağlı iqtidara hansı tövsiyyəsindən söhbət gedə bilər?

VƏ YA ŞOUMEN CEM YILMAZIN?

Baş nazir Ərdoğan bu adamların hüzurunda Yunus Əmrədən Məhmət Akifə qədər oxuduğu şeirlərlə onlarda “demokratik açılım” üçün hansı duyğu və hissləri oyada bildi?

Türkiyənin demokratik açılımına ən böyük dəstəyi oynadıqları rollarla verən Levent Kırca, Müjdat Gezen, Halit Akçatepe AKP iqtidarına açıq müxalifət nümayiş etdirdiklərinə görə, baş nazirin “demokratik açılım” süfrələrinə dəvət edilmirsə, bu necə bir “demokratik açılım” ziyafəti olur?

Əgər baş nazir Ərdoğanı tənqid edən onlarca jurnalist məhkəmə salonlarında özlərini müdafiə durumuna gətirilibsə, karikaturaçılar təzminat ödəməyə məhkum edilibsə, hansı “demokratik açılım”dan danışmaq mümkündür?

Bir cümləsinə görə 40 ilin yazarını “ölkəni tərk etməyə” çağıran hökumət başçısının “demokratik açılımı” sizi bilmirəm, bizə heç də səmimi gəlmir, əziz oxucular.

Sırf hökumətə müxalif olduqlarına görə, “terror təşkilatı qurmaq və idarə etməyə görə” 1.5 il həbsdə olan 3 jurnalistin 500 il həbsi tələb edilirsə, siz bu “demokratik açılım”ın çərçivəsini düşünün!

84 yaşlı yazar səhər saat 5-də “terror təşkilatı qurmaq və idarə etmək” iddiası ilə polis nəzarətinə alınıb evində 8 saat axtarış aparılırsa, bu, mənə

HÜSEYN CAVİDİN HƏBSİNİ XATIRLADIR,

“demokratik açılımı” yox.

Rəcəb Tayyib Ərdoğan
Minlərcə qız uşağına təhsil verən Çağdaş yaşamı dəstəkləmə dərnəyinin sədri, professor Türkan Saylanın evinə gecə yarısı basqın təşkil edilib səhərə qədər axtarış aparılanda “demokratik açılım”dan bəhs edən yox idi.

Hadisədən 1 ay sonra professor Saylan xərçəng xəstəliyindən vəfat etdi; iqtidarı dəstəkləyən qəzetlərdən biri “Ergenekon”dan həbs edilməmək üçün öldü”-manşeti ilə çıxmışdı...

Ərdoğan iqtidarını təkcə ona müxalif olan yazar və jurnalistlər deyil, Tayyip bəyi həmişə dəstəkləyən, ancaq bəzi addımlarını düzgün hesab etməyən qələm sahibləri də işlədikləri qəzetlərin köşələrindən tənqid edə bilməyiblər.

Məsələn, 3-4 il qabaq “Zaman” qəzetinin yazarı Ali Bulaç və “Yeni şafak” qəzetinin yazarı Ahmet Taşgetiren hökuməti öz köşələrində tənqid edə bilməmiş, fikirlərini yaza bilmək məqsədi ilə öz internet saytlarını yaratmışdılar.

Çünki hökumət başçısını öz köşələrindən tənqid etmək-bu yazarların işdən azad edilmələri demək idi...

Türkiyənin demokratikləşməsi üçün sənəti ilə mübarizə aparan heç bir müğənni və aktyor baş nazirin “demokratik açılım” ziyafətlərinə getmədi.

Çünki bu ziyafətlər 7 illik iqtidarı dönəmində kreslonu müdhiş dərəcədə sevmiş Tayyip Ərdoğanın siyasi ömrünü uzatmaq üçün hazırlanan planın bir parçası idi-qələmi və sənəti ilə ölkənin gələcəyinə işıq tutan şəxsiyyətlərin bu cür “açılım” ziyafətlərinə ehtiyacı yoxdur..

Bu baxımdan “Akşam” qəzetinin gənc köşə yazarı Oray Eğinin təsbitinin altına imza atmamaq mümkün deyildir:”Adalet Ağaoğlu, İnci Aral, Cevat Çapan, Tuna Kiremitçi, Pınar Kür, Murathan Mungan, Lale Müldür, Turgut Özakman, Orhan Pamuk, Latife Tekin, Hasan Ali Topbaş, Buket Uzuner, Ahmet Ümit, Tahsin Yücel...Bu adları Türk ədəbiyyatından çıxarın-yerdə nə qalacaq?

BAŞ NAZİRİN “ƏDƏBİYYATÇILARLA AÇILIM" SƏHƏR YEMƏYİ QALAR!

Təbii ki, bu adlar olmadan ortada Türk ədəbiyyatı adlı bir şeydən söhbət gedə bilməyəcəyinə görə, stullar Etyen Mahçupyan (bir film ssenarisi var) və Mustafa Akyol (ən “ədəbi” mətni Adnan xocaçı təkamül nəzəriyyəsinə qarşı mətnlərdir) kimi ədəbiyyatla uzaqdan-yaxından əlaqəsi olmayan isimlərlər doldurulur.

Səhər yeməyində iştirak edənləri və etməyənləri görüncə, şənbə günü Türk ədəbiyyatı ilə qürur duydum.

Məgər bu torpaqlar nə qədər böyük ədəbiyyatçılar yetişdirmiş, məgər onların nə qədər çəkisi varmış .

Onların böyüklüklərini belə günlərdə bir daha xatırlayırıq”

Daxili işlər naziri Bəşir Atalay baş nazirin “demokratik açılım” ziyafətində iştirak etməyən Türk ədəbiyyatının əfsanəsi Yaşar Kemalı keçən ilin oktyabrında evində ziyarət edərək Kemalı 4 saat dinləmişdi.

Hökumət başçısının 17 aprel ziyafətinə “daxili işlər naziri ilə 4 saatlıq” görüşünü xatırladaraq gəlməyən Yaşar Kemalın bu mövqeyi bir daha təqdir toplamışdır.

”İncə Məmməd”in müəllifi yazarın toplumdakı yerini siyasətçiyə bir daha xatırlatmaqla öz missiyasını ləyaqətlə daşıdığını bir daha sübut etmişdir.

Çünki 17 apreldəki “demokratik açılım” ziyafəti Türk demokratiyasının gələcəyi baxımından önəmli bir qırılma nöqtəsini təşkil etmiş, tək partiyalı iqtidarını gücləndirməyə çalışan Tayyip Ərdoğan

TÜRK YAZIÇISINDAN MÜHÜM BİR XƏBƏRDARLIQ ALMIŞDIR

Tayyip bəyin 18 apreldə özünə yaxın olan bir TV kanalından “Türkiyədə prezident üsuli-idarəsinə keçilməsinin lüzumundan” bəhs etməsi “demokratik açılım” ziyafətinin Türkiyə baş nazirinin həyati əhəmiyyətli planının bir parçası olduğuna işarə edirdi.

Fəqət ziyafəti boykot edən Türk yazıçısının ortaya qoyduğu mövqe Tayyip bəyin planlarında önəmli reviziyaya getməsinə və bəlkə də “prezident üsuli-idarəsi” düşüncəsindən tamamilə vaz keçməsinə səbəb olacaqdır.

Toplumları diktaturaya doğru siyasətçilərlə birlikdə, onlara qeydsiz-şərtsiz dəstək verən yaradıcı insanlar aparır.Cəmiyyətləri diktaturaya sürüklənmədən xilas edən ən önəmli faktor- ziyalının nümayiş etdirdiyi mövqedir.

Hökumətin Türkiyəni “tək partiyanın diktaturasına doğru aparmasına” ilk ciddi etirazı 3 ay əvvəl İstanbul universitetinin müəllimi və “Radikal” qəzetinin yazarı Nuray Mərt etmişdi.Onun etirazının toplumun müqavimət gücünə verdiyi impulsu demokratiyaya inanan hər kəs təqdir etdi.

Nuray Mərtdən sonrakı aksiya isə Türkiyənin önəmli qələm sahiblərinin baş nazirin “demokratik açılım” ziyafətində iştirak etməmələri oldu.

Ancaq bu durumda Tayyip bəyin çox da mütəəssir olmaması lazımdır.

Çünki AKP diktaturasından prezidentlik sisteminə keçmək və prezident kreslosuna oturmaq üçün ona başqa yerlərdən-məsələn, “Dərya kənarındakı o şöhrətli məkandan” dəstək gələ bilər.

Əgər Tayyip bəy “Diktatoru diktator yapan təcrübə”dən istifadə etmək istəyirsə,bığlı şairlə saqqallı aktyorun timsalındakı “şakşakçıları” bir an əvvəl ölkəyə dəvət etməlidir.

Onların ithaf və qafiyə ilə bağlı problemləri də yoxdur-hazır poemalardakı adları dəyişdirib Türkiyə baş nazirinə həsr etmək məhz onların işidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG