Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:20
Bir çox mətbuat orqanları prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanın adından təkzib məktubu dərc ediblər. Məktubda Mehriban Əliyeva aprelin 15-də Türkiyənin «ATV» telekanalında onun 100 min dollarlıq portsiqar alması haqda məlumatın böhtan olduğunu bildirib. Bu haqda day.az saytı yazır:

«Mehriban Əliyeva bu məsələ ilə bağlı «ATV»-nin direktoru Ərdoğam Aktaşa və Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıca da müraciət edib».

(ATV-də efirə gedən süjetlə aşağıdakı videoda tanış ola bilərsiz)



Məktubda deyilir ki, Azərbaycan prezidenti və onun ailə üzvləri haqqında böhtan xarakterli materiallar birinci dəfə deyil ki, bəzi mətbuat orqanlarında yer alır:

«Birinci xanım haqqında bu cür məlumatlar hədsiz dərəcədə mənfi qarşılanır əgər gələcəkdə bu cür hallar təkrarlansa, günahkar şəxslərin və təşkilatların qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunması üçün bütün tədbirlər görüləcək. Prezident Aparatından daxil olan məlumatda o cümlədən, yayılmış məlumatın təkzib olunması və birinci xanım Mehriban Əliyevadan üzr istənilməsi tələb olunur».

«Azadlıq» qəzetinin aprelin 23-də yaydığı xəbərə görə isə, qəzetin redaksiyasına prezidentin Protokol Xidmətinin Azərbaycan Respublikası birinci xanımının işlərinin təminatı sektorunun müdiri Altay Həsənovun imzası ilə məktub daxil olub. Məktubda deyilir:

«Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin məlumatın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada təkzib olunmasını və Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevadan üzr istənilməsini Sizdən tələb edirik».

«Azadlıq» qəzeti isə bildirir ki, onlar Mehriban Əliyeva böhtan atmayıblar:

«Qanuna istinad edən Altay müəllimə Azərbaycan Cinayət Məcəlləsinin 147.1 maddəsini xatırladaraq bildiririk ki, böhtan – kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan kütləvi çıxışdı. «Azadlıq»ın heç bir vətəndaşı, eləcə də, millət vəkili Mehriban xanım Əliyevanı böhtana məruz qoymaq kimi məqsəd məramı, niyyəti yoxdur. Sözügedən məlumat ilk olaraq Türkiyənin «ATV» kanalında yayımlanıb, sonradan bir neçə internet portallarında paylaşılıb və «Azadlıq» həmin materialı dərc edən günə kimi təkzib olunmayıb. Odur ki, kimsənin bizə böhtançı deməyə haqqı yoxdur. Yayılan informasiya qeyri-dəqiqdirsə, Prezident Aparatının birinci növbədə həmin reportajı hazırlayan telekanala təkzib verdirməli, sonra başqa KIV-dən üzr tələb etməlidir».

Azərbaycanda yerli telekanallar da Türkiyə telekanalının Mehriban Əliyeva haqqında böhtan xarakterli reportajlar yayması haqda məlumatlar verirlər.

Bir müddət əvvəl ABŞ–da dərc olunan «The Washington Post» qəzeti isə prezident İlham Əliyevin ailə üzvlərinin adına Dubayda 75 milyon dollarlıq mülkün olması barədə məqalə dərc etmişdi. Bu məqalə rəsmi səviyyədə təkzib olunmamışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG