Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Astaranın astarı


2004 - 2008-ci illər üçün nəzərdə tutulmuş regionların inkişaf proqramında 12 bənd Astaraya aid olsa da, yalnız 3 bəndi yerinə yetirilib.

4 İL ƏVVƏL GÖRÜLMƏLİ İŞLƏR...

Astara şəhər sakini, mühəndis Vidadi Mirzəyev bu fikirdədir. O deyir ki, Dövlət Proqramına əsasən 2006-cı ilə kimi Sım kəndindən rayon mərkəzinə 48 kilometr məsafədən yeni su xətti çəkilməli idi. Astaraçayın üzərində avtomobil və dəmir yolu körpüsünün inşası nəzərdə tutulub. Bu işlər 4 il bundan əvvəl başa çatmalı idi:

«Narahatlıq doğuran daha bir məsələ var. 20 mindən çox əhalisi olan Astara şəhərində kanalizasiya sistemi yoxdur. Şəhər çirkab içindədir. Hər dəfə kanalizasiyanın bərpası ilə bağlı sərəncamlar, göstərişlər verilir. Bütün bunlar yerinə yetirilməmiş qalır. Əvvəlki proqramda yaşayış məntəqələrinin qazla təchizatının başa çatdırılması nəzərdə tutulub. Bəs hanı?»

Vidadi Mirzəyevin sadaladığı problemlərin həlli üçün ölkə prezidenti də aprelin 21-də «Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» sərəncam imzalayıb.

İCRA HAKİMİYYƏTİNƏ 3,5 MİLYON


Sərəncamda deyilir ki, «Azərbaycan regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» Astara rayonunda da uğurla həyata keçirilir. Sərəncamın birinci bəndində qeyd olunur ki, «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə Astara rayon İcra Hakimiyyətinə 3,5 milyon manat məbləğində vəsait ayrılsın».

Yerli sakinlər bu sərəncamı müsbət qiymətləndirsələr də, Dövlət Proqramının icrasından narazıdırlar.

Şahağacı kənd sakini Fətulla Qurbanov deyir ki, Astara-Bala Şahağacı avtomobil yolunun uzunluğu 18 kilometrdir və bərbad vəziyyətdədir:

«Hər il kəndin 4 min əhalisi yolun qaydaya salınması ilə bağlı prezidentə bir neçə dəfə müraciət edib. Şahağacı kəndinə qaz da verilmir».

TƏRƏVƏZİ NİYƏ İRANDAN GƏTİRİRLƏR?

Müsavat Partiyası Astara rayon təşkilatının sədri Asən Həşimli deyir ki, Proqramda Astaraya aid bəndlər tam yerinə yetirilsəydi, rayonda işsiz adam qalmazdı:

«Güya hər il Astarada 50-53 min ton tərəvəz istehsal olunur. Bu belədirsə, onda nə üçün tərəvəzi İrandan gətirirlər? Proqramda çayçılığın inkişafı nəzərdə tutulur. Lakin on ildən çoxdur ki, çay istehsalı yerində sayır. Hər il 28-30 ton yaşıl çay yarpağı zülmlə toplanır. Halbuki, Astarada vaxtı ilə 7 min tondan çox yaşıl çay yarpağı yığılardı. Proqram reallıqdan uzaqdır. Ən rahat iş yolları təmir etməkdir. Onu da yaxşı yerinə yetirmirlər. Astara şəhərinin əsas küçələrindən biri olan Nizami adına küçəni son 4-5 ildə iki dəfə təmir ediblər, asfalt döşəyiblər. Küçə yenə bərbad vəziyyətdədir».

«ASTARA ŞƏRQƏ AÇILAN QAPIDIR, PREZİDENT SƏRƏNCAMI BUNA SÜBUTDUR»

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov isə Regionların Sosial-İqtisadi Dövlət Proqramında Astaraya aid olan bəndlərin tam yerinə yetirildiyini söyləyir.

Onun dediyinə görə, içməli suyun çəkilişi 2013-cü ilə kimi başa çatacaq. Astara şəhərində kanalizasiya sistemin qurulması da nəzərdə tutulub:

«Astara Azərbaycanın Şərqə açılan qapısıdır və bu şəhərə diqqət verilməsi təsadüfü deyil. Prezidentin imzaladığı sərəncam da buna sübutdur».
XS
SM
MD
LG