Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:36

İşğal altında olan kəndlər niyə danışıqlarda yoxdur?


Qazax rayonunun xəritəsi

«Qazax rayonunun yeddi kəndi - Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Qızıl Hacılı və Xeyrimli - işğal altındadır, amma həmin kəndlərdən heç kim danışmır».

Qazax rayon sakini Ərzuman Xasməmmədli deyir ki, Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə işğal elədiyi bu kəndlər hələ də onların nəzarəti altındadır. Onun dediyinə görə, kəndlər işğal ediləndən sonra bütün evlər tamamilə dağıdılıb, bir dənə də olsun tikili qalmayıb:

«Adını da qoyurlar ki, guya həmin kəndlər bizdədir, əslində isə bizdə deyil. Ermənilər tərəfindən həmin kəndlərə postlar qoyulub və oralara getmək mümkün deyil».

Ərzuman Xasməmmədli bildirir ki, Dağlıq Qarabağla bağlı danışıqlarda Azərbaycanın işğal altında olan bu kəndlərindən danışılmaması onları ciddi narahat edir və istəyirlər ki, bu məsələ də gündəlikdə olsun.

QAZAXDAKI QAÇQINLARIN BİR QİSMİ HƏLƏ DƏ VAQONLARDA YAŞAYIR

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Salman Nağdəliyev məcburi köçkünlərin narahatlığını başa düşür, amma həmin kəndlərin yaddan çıxmadığını deyir:

Qazax rayon sakini Ərzuman Xasməmmədli
«O kəndlərin adı gedir, cənab prezidentə hamı ümid bəsləyir, torpaqlarımız sülh yolu ilə qayıtmasa, hər birimiz əsgər kimi hazırıq o torpaqları azad eləməyə. Yuxarı Əskipara, Sofulu və Barxudarlı Ermənistan ordusunun nəzarətindədir, qalan kəndlər də neytral ərazidədir».

Salman Nağdəliyev deyir ki, bu kəndlərdən qaçqın düşən 3500 nəfərə yaxın adam rayondakı ictimai binalarda, uşaq bağçalarında, məcburi köçkünlər üçün salınmış qəsəbə və vaqon şəhərciyində məskunlaşıb.

«QARABAĞDAN KƏNARDAKI İŞĞAL GÜNDƏLİYƏ GƏTİRİLMƏLİDİR»

Amma işğal altında olan və həm də köçkünlərin dediyi kimi, yaddan çıxan Azərbaycan kəndləri təkcə Qazax rayonunun yeddi kəndi deyil, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi də bu sıradadIr.

1993-1999-cu illərdə Prezident Aparatı Katibliyinin rəhbəri olmuş Eldar Namazov deyir ki, Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı danışıqlar lap əvvəldən indiyə qədər ATƏT-in Minsk Qrupunun irəli sürdüyü sənədlər əsasında aparılıb. Bu sənədlərdə isə bütün məsələlər yalnız Dağlıq Qarabağ ətrafında olub.

E.Namazov deyir ki, sənədlərdə Dağlıq Qarabağdan uzaqlarda işğal olunmuş yaşayış məntəqələrinin adları olmayıb, sadəcə danışıqlarda hər iki tərəf bu kimi məsələləri qaldırıb və hər dəfə də hesab edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bu məsələlər asanlıqla həll olunasıdır.

Eldar Namazov
Dağlıq Qarabağla bağlı danışıqların indiki mərhələsində də bu məsələyə ayrıca baxılmır. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyir ki, Azərbaycan torpaqları əsasən Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə olduğundan aparılan danışıqlar da bu ətrafdadır. Amma nazirlik rəsmisinə görə, ola bilməz ki, Dağlıq Qarabağ münaqişəsi həll ediləndən sonra Azərbaycanın digər yerlərindəki yaşayış məntəqələri işğal altında qalsın.

«BU, AZƏRBAYCANIN MƏSƏLƏYƏ YANAŞMASINDAKI STRATEJİ XƏTALARDAN QAYNAQLANIR»

«Qafqaz» Beynəlxalq Ştrateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı isə deyir ki, onlar vaxtilə bu məsələni Türkiyədə keçirilən tədbirdə müzakirə ediblər və Dağlıq Qarabağ danışıqlarında həmin yaşayış məntəqələrilə bağlı məsələlərin də qaldırılması təklifini irəli sürüblər. Araz Aslanlıya görə, Dağlıq Qarabağdan xeyli uzaq ərazilərdə Azərbaycan torpaqlarının işğal olunması faktının gündəliyə gətirilməsi danışıqlarda Azərbaycan mövqeyini bir qədər də möhkəmlədə bilər:

«Bu, əslində Ermənistanın işğalçılığını daha dəqiq göstərən məsələdir. Məncə, bu, Azərbaycanın məsələyə yanaşmasındakı strateji xətalardan qaynaqlanır. Bu, yalnız indiki məsələ deyil, 1991-1992-ci ildən biz bu səhvi davam etdiririk, sadəcə indiki iqtidarla bağlı məsələ deyil».

Araz Aslanlı deyir ki, Dağlıq Qarabağdan uzaqda işğal olunan yaşayış məntəqələrini gündəliyə gətirməklə Azərbaycan torpaqlarının işğal faktorunu daha geniş şəkildə beynəlxalq diqqətə çatdıra bilər.
XS
SM
MD
LG