Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

Məşhur milyonçunun saytı açıldı


Musa Nağıyev
Bakı milyonçusu Ağa Musa Nağıyevin saytı açılıb. www.musanagiyev.az ünvanında yerləşən sayt milyonçunun nəvəsi Dilarə xanim Nağıyevanın sayəsində yaranıb. Xəbəri «Can Bakı» proqramına Dilarə xanımın özü verib. Onunla müsahibəni həm dinləyə, həm də oxuya bilərsiniz:

- Dilarə xanım, babanız haqqında sayt yaratmaq ideyası necə yarandı?

- Siz bilirsiniz ki, mən 18-19 ildir bu yolda çalışıram. Ağa Musa Nağıyev babam olduğuna görə, ən əsası da xalqın oğlu olduğuna görə onun qaranlıq taleyinə işıq saçıram. Bu il martın 4-də onun vəfat etməsinin 91 ili tamam oldu. Düşündüm ki, kitab yazmışam, saysız tədbirlər keçirmişəm, əlçatmaz yerlərə əlim çatıb, onun haqqında informasiyalar, məlumatlar hazırlamışam. Bir halda ki, Ağa Musa bu qədər işlər görüb, gələcək nəsillərə onu tanıtmaq mütləqdir, vacibdir. Müasir tipli insan olduğum üçün mən internetlə maralanıram. Ona görə də, bu qərara gəldim ki, sayt yaradım.

DÜNYA YAXŞILARSIZ DEYİL

- Sayt yaratmaq çətin oldu?

- Əlbəttə, çətin oldu. Amma yaxşı insanlar var. Dünya onlarsız deyil. Bax, o insanlar mənə kömək etdi. Ən başlıcası, bu ideyanı mənə verənin adını çəkməliyəm. İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva dedi ki, Dilarə xanım, siz indiyədək bu qədər iş görmüsünüz, nə əcəb sayt açmamısınız? O xanım elə bil mənə cığır açdı. Yeri gəlmişkən, onu da deyim ki, keçən ilin noyabrında o institutda «Şəxsiyyətin fenomeni» adlı elmi konfrans keçirildi. Bu, üçüncü elmi konfrans idi. Birincisi, Mir Mövsüm Ağaya, ikincisi ulu öndər Heydər Əliyevə, üçüncüsü isə Ağa Musa Nağıyevə həsr olunmuşdu. Konfransdan sonra mən saytın üstünə düşmək qərarına gəldim.

BƏXTİ FONTAN VURUB!

Bilirsiniz ki, Ağa Musa təbiətcə dəqiq və hər şeyi ölçüb-biçən olub. İllərlə çətinliklərə sinə gərib. Qazdığı quyudan su yerinə neft çıxıb. Və mən həmişə deyirəm ki, onun bəxti fontan vurub. Var-dövləti artıb. Ağa Musanın çəkdiyi əzabı mənim atam da bütün həyatı boyu çəkib. Sürgünlük dövrü və s. Odur ki, düşündüm ki, bunların hamısını göstərmək üçün Ağa Musa Nağıyev haqqında sayt yaratmaq lazımdır.
Dilarə Nağıyeva
Məncə, bu saytda babamın həyatının bilinməyən, görülməyən səhifələrinə, hislərinə, düşüncələrinə yer verə bilmişəm.

SİMİC YOX, QƏNAƏTCİL OLUB

- Dilarə xanım, nələr var saytda?


- Saytın təqdimatı babamın oğlu İsmayılın eşqinə tikdirdiyi «İsmailiyyə» binasında oldu. Onun keçdiyi çətin həyat yolu, hətta oğurlanması, qoçularla alver etməsi də saytda əks olunub. Ağa Musanı həmişə simic kimi tanıdırlar. Amma o qənaətcil olub. Bu söz məni həmişə ağrıdıb, amma əksini sübut etdiyim üçün indi asanlıqla təkrar edirəm ki, o simic yox, qənaətcil olub! Qəpiyin qədrini bildiyi üçün o qədər bina tikib. Özüylə aparmayıb ki? Xalq üçün qoyub gedib. Əslində, tariximizi yaratmaq baxımından Ağa Musanın simasında bütün tarixi materialları ora daxil etmişəm. Onun tikdirdiyi imarətlər, zavodlar, 4 xəstəxana binası, hətta haqqında yazılan məqalələrəcən saytda yer alıb.

TİKDİRDİYİ XƏSTƏXANADA ADI YOXDUR…

Məsələn, 2002-ci ildə yazılan bir məqalə vardı, rusca «Ağa Musanın ruhuna müraciət» başlıqlı. Müəllif Aydın Babayev onun tikdiyi xəstəxanadakı rüşvətdən söz açmışdı. Mən müraciəti sayta yerləşdirdim və axırda yazdım ki, siz nə qoyub-nə axtarırsınız? Bu gün Musa Nağıyevin tikdirdiyi xəstəxanada adı yoxdur.

AzadlıqRadiosu olaraq siz də bilirsiniz ki, mən 2005-ci ildən bu yolda mübarizə aparıram. Amma hələ də bir nəticə yoxdur. Halbuki Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi 342 saylı sərəncam qüvvədədir.

2-3 GÜNƏ RUS DİLİNDƏ DƏ OLACAQ

Qoy rusdillilərimiz də məlumat ala bilsinlər. Dünyanın hər yerindən girsinlər. Saytda 11 Azərbaycan milyonşusu haqqında məlumat vermişəm. Qoy bilsinlər ki, vaxtilə Azərbaycanın 11 milyonçusu olub. Amma ən varlısı, dövlətlisi, ən çox mülk tikdirəni (98) Ağa Musa Nağıyev olub.

Şərhləri göstər

XS
SM
MD
LG