Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19
Azadlıq Radiosu:

- Studiyamızın qonağı Xalq artisti Flora Kərimovadır. Çox sağ olun ki, gəlmisiniz.

Flora Kərimova:

- Mən sizə təşəkkür edirəm. Mən bu kanalda tez-tez çıxış edirdim. Bayramdan bayrama. Çox sağ olun deyirəm ki, bu gün sizin qarşınızda, dinləyicilərin qarşısında hansısa hesabat imkanım olacaq.

Azadlıq Radiosu:


- Yaxşı adlandırdınız. Hesabat xarakterli suallar var. Biz əvvəldən anons qoymuşduq ki, Flora Kərimova qonağımız olacaq. Xeyli suallar gəlib sizə. Necəsiniz? Nə ilə məşğulsunuz?

Flora Kərimova:

- Pis deyiləm. Gileylənmirəm. Hərdən çəkilişlərim olur, teleekranlarda görünürəm, mahnılar yazdırıram. İtdiyim illəri nəzərə almasaq indi intensivdir sənət ömrüm.

Azadlıq Radiosu:

- Musiqidə deyir, daha yerdə gəzmək olmur əzizim. Deyəsən indi yerdə gəzmək olur.

Flora Kərimova:

- Mən sizə bir şey deyim. İnsanın həyatda hansı mövqe tutmasından asılı olmayaraq, hansı sosial şəraitindən asılı olmayaraq hamı hiss edir hansısa anlarda ki, daha yerdə gəzmək olmur əzizim. Amma “ çağır məni, gəlimi ” dilinə gətirən yoxdur. Onların içində də mənəm.

Azadlıq Radiosu:

- Sizə suallar gəlib. Vahid sizə yazır, Flora xanım, siz Azərbaycanın canlı klassikisiniz və xalq sizi sevir. Oxuduğunuz bir mahnı indiki müğənnilərin AZTV – də oxuduğu min mahnıya dəyər.

Pənah imzalı dinləyici yazır, Hörmətli Flora xanım, sizin fikrinizcə demokratiya Azərbaycan xalqına hansı yeniliyi gətirərdi?

Flora Kərimova:


- Demokratiya gözəl anlamdır, amma insanlar onu düzgün başa düşmürlər. Demokratiyanı hər kəs əlcək kimi öz ölçülərinə uyğun əllərinə geyinir. Öz həyatına, öz istəklərinə, öz möhtaclarına biçirlər. Ümumi demokratiya anlayışından hər bir insan düşünürəm ki, hansısa bir anlarda uzaq olur.

Azadlıq Radiosu:

- Flora xanım demokratiyanın qarantiya kimi dövləti götürürlər, hökuməti götürürlər. Necə bilirsiniz, varmı indi demokratiya, necə təmin olunur, insan haqları Azərbaycanda?

Flora Kərimova:

- Dediyim kimi, hamı demokratiyanı bildiyi kimi qəbul edir. Bizimkilər hərdən demokratiyanı özbaşınalıq kimi qəbul edir. Demokratiyanı tələb edən insan ən əvvəl özünü bu demokratiyada, yerini görməlidir. Mən nə vaxtlarsa şahidi də olmuşam elə insanların ki, əgər demokratiya sözü onun marağına uyğundursa bir həşir salırdı, bir özünü öldürürdü, demokratiya deyib bağırırdı. Amma bu insanın, mən onu şəxsən tanıyırdım, demokratiya ilə əlaqəsi yox idi. Özününkünü ələ alan kimi demokratiya yaddan çıxırdı. Demokratiya hərcmərclik deyil, özbaşınalıq deyil. Demokratiyanı siyasi opponentlər bir – birinə demokratiya deyib, bayraq tutmaq onunla da razı deyiləm.

Azadlıq Radiosu:


- Bəs nədir onda sizin təsəvvürünüzdə?

Flora Kərimova:


- Demokratiya bizim konstitusiyadır, demokratiya bizim mentalitetimizdir. Demokratiya bir- birimizə sayqımızdır. Demokratiya yaş fərqini bilən və bu aralığı, həmişə subordinasiyanı gözləyən andır, anlayışdır, demokratiya evdə nizam intizamdır.

Azadlıq Radiosu:


- Flora xanım belə deyək ümumi anlamda qəbul edilmiş təməl insan haqlarının qorunması baxımdan yanaşsaq, bu mövzuda sizə suallar çoxdur, necə bilirsiniz, indiki hakimiyyət qoruya bilirmi demokratiya, insan haqlarını? Məsələn, sərbəst toplaşma azadlığı, bir vaxtlar yadımdadır Flora xanım presskopda mitinq keçirilsin deyirdi

Flora Kərimova:


- İndi demərəm.

Azadlıq Radiosu:


- Niyə deməzsiniz?

Flora Kərimova:

- İndi demərəm çünki mənim torpağımın, vətənimin, Azərbaycanımın çox həssas dövrüdür. Mən qəribə də olsa mənim dilimdən nə vaxtsa nəyinsə naminə mitinq keçirdiyim, bağıra - bağıra tələb edəndə artıq mənim sözümü deyən var. Mən bunu, yenə də deyirəm bəlkə dilimdən qəribə çıxdı Qarabağ probleminə passiv münasibət var idi. İndi hər şey nə qədər qaynayır. Sözümüzü də deyə bilirik, bərk üzümüzü də göstərə bilirik, hətta əlimizi masaya da vura bilirik. Bu gün Milli Məclisdə Amerikanın ünvanına çox dəyərli, ürəyimi açan söz deyilib. Mən deyim ki, gəlin meydana, mənim sözüm yoxdur artıq meydana çağırmağa. Meydanda dediyim sözü hökumət başçısı deyir. Ayrı bir məsələ ki, bu problem artıq yüz ildən çoxdur və itirə-itirə gedirdik, biz indi bu mühitdən bu insanlardan bu saat indi həll olunsun, indi həll olunsun, bizim xeyrimizə həll olunsun haqlı deyilik. Addım-addım alınan bir şeyi bir oturuma qaytara bilmərik. İnsanlar anlamalıdırlar, demirəm anlamsızdırlar, səbirlə götür- qoyla özünə hesabatla anlamalıdırlar ki, situasiyanı bilmədən, olan hərəkətləri bilmədən, bir sözdən yapışıb vur, yıx, sür edilənləri tapdala, mən bunu edə bilmərəm.

Azadlıq Radiosu:

- Belə başa düşürəm sizin vaxtilə mitinq çağırışlarınız daha çox Qarabağla bağlı imiş

Flora Kərimova:

- Təbii mən heç vaxt qarın davası etməmişəm, çörək davası etməmişəm.

Azadlıq Radiosu:

- Tutaq ki, avtoritar rejimdən çıxmış, sovet dövründən çıxmış Azərbaycanda demokratikləşmə prosesi, tutaq ki, söz azadlığının təmin edilməsi ya da toplaşma azadlığının

Flora Kərimova:

- Söz azadlığı nədir, mənə başa salsınlar bu nədir?

Azadlıq Radiosu:

- Söz azadlığı ümumi götürəndə elə bir mühitin yaranmasıdır ki jurnalistlər qorxmadan çəkinmədən öz sözlərini deyə bilsinlər. Azərbaycan beynəlxalq hesabatlarda da var, yerli hesabatlarda da var.

Flora Kərimova:

- Ciddi jurnalist, mən razıyam ciddi jurnalistlər sözünü deməlidirlər. Ciddi jurnalist özünü o səviyyəyə yetirməz ki, məişət söhbətini qoysun ortaya, bunu öz maraqlarına tabe etsin. Olur, var ciddi, vətənpərvər jurnalistlərimiz. Cəza alırlar, haqsız olur və var da, olacaq da. Amma bu sistem, bu mühit indi gəlir. Sovet dövründən gəlmiş insanlarıq. Ondan qabaq Rusiyanın altında olmuş insanlarıq. Bizim öz sözümüz olmayıb. Baxın görün jurnallar necə çıxırdı? Bismillahı yavaş – yavaş 19 – cu əsrdə bizim ədiblərimiz yavaş – yavaş deyirdi. Yavaş – yavaş gəldik, inkişaf edir.

Azadlıq Radiosu:

- Flora xanım, inkişaf edirmi? 90 – cı illərin əvvəllərini xatırlayaq, o dövrdə söz azadlığı və indiki dövrdə mətbuat azadlığı. Məsələn, ANS –lə bağlı çoxlu ittihamlar səslənir ki, bağlanandan sonra zəiflədi. Bu ümumi ictimai fikirdə olan məsələlərdir, hərçənd ki, hakimiyyət hesab edir ki Azərbaycanda söz azadlığı təmin edilir. Necə gedir proses, demokratikləşmə yüksələn xətt üzrədir yoxsa zəifləyir?

Flora Kərimova:

- Haradasa mən demirəm bu ümumi sistemdir, amma bu qalıqdır. Müxbirlərə basqı var.

Azadlıq Radiosu:

- Hansı formada var, nədən ibarətdir o basqı?

Flora Kərimova:

- Aqil Xəlil başını götürdü qaçdı. Elə çirkab üsullara əl atırlar ki, mən düşünürəm ki, bu yuxarıdan gələn direktiv deyil, bu lokal özbaşınalıqdır. Mən elə düşünürəm. Mən sizə deyim ki, çox şeyə indiki baxışım keçmiş baxışlardan çox fərqlənir, hər şeyi analiz edirəm. Ail Xəlilin taleyi az qaldı qırılsın, türməyə düşdü, əzablar çəkdi. Sonra biri vardı bizdə ayağının üstündən maşın keçdi, az qalmışdılar öldürsünlər. Çoxdur mən dəqiq adlarını bilmirəm. Belə hallar çoxdur. Amma yenə də deyirəm addım – addım.

Azadlıq Radiosu:


- Bu addımlama hara gedir, onları görə-görə gəldiniz. Beynəlxalq təşkilatlar da dedilər.

Flora Kərimova:

- Bu beynəlxalq təşkilatlar mənə maraqlıdır söz azadlığı deyəndə niyə söz azadlığında, insan azadlığında bizim Qarabağ probleminə toxunmurlar?

Azadlıq Radiosu:

- Bunlar ayrı – ayrı məsələlərdir

Flora Kərimova:

- Qətiyyən. Bu yaxınlarda Milli Məclisə hansısa problem göndəriblər ki, bunu siz həll etməlisiniz. Azlıqların problemi ki, evlənə bilərlər. Cinsi azlıqların problemi. Bir cəmiyyəti, bir ölkəni məhv etmək üçün onun mənəviyyatını məhv etmək lazımdır. Görün bizim üstümüzə necə gəlirlər. İndi demokratiyadır, filankəsə söz ver. Olsun demokratiya axı mənə qarşı da, mənim ölkəmə qarşı da sən demokratiyanı təbliğ edən, məndən tələb edən mənə qarşı da demokrat olmalısan. Bizim problemlərimiz ondadır ki, hər şeyi lokal qəbul edirik. Bunlar bir – biri ilə bağlanan şeylərdir. Sən məndən nəsə tələb edirsən, amma üzümə tüpürürsən, sən mənim ürəyimi tapdalayırsan.

Azadlıq Radiosu:

- Flora xanım tələb etməlidirmi, nəyə görə axı ABŞ və ya beynəlxalq təşkilat Azərbaycandan tələb etməlidir?

Flora Kərimova:

- Nəyimiz birdir, marağımız birdir?! İki, üç əsrdir orada müharibə getmir. Bizi onlarla demokratiya deyib, müqayisə edənlərin özləri yanılırlar. Onlar bağırırlar demokratiya deyə amma antidemokratiya ilə üstümüzə gəlirlər. Necə tapdalayırlar bir millət kimi, bir insan kimi. Demokratiya demokratiyadırsa niyə ancaq marağın olanda demokratiya yada düşür? Bəs mənim marağım demokratiya çərçivəsinə girmir? Bir ölkə olaraq, insan olaraq?

Azadlıq Radiosu:

- Siz jurnalistlərə toxundunuz ki, lokal məsələdir

Flora Kərimova:

- Haqq sözü deyən həmişə çırpılır, döyülür, çürüyür.

Azadlıq Radiosu:


- Amma hər ölkədə yox. Gürcüstanda həbsdə jurnalist yoxdur. Ən azı Gürcüstanda. Başqa Avropa ölkələrini hələ demirəm.

Flora Kərimova:

- Avropa ilə bizi bir qoymayın. Bizim mentalitetimiz də ayrıdır bir az.

Azadlıq Radiosu:

- Necədir ki mentalitetin buna nə dəxli var yaxından uzağa?

Flora Kərimova:

- Gürcüstan görürsünüz onların Ali sovetin sədr müavini öldürüldü. Birincisi elə adamı bizimkilər qoymazlar ora. İkinci, olsaydı da nəsə gizlədərdilər, edərdilər. Onlar utanmadılar ondan. Onların münasibəti ayrıdır.

Azadlıq Radiosu:


- Hesab edirsiniz ki, jurnalistlərin ayağının üstündən keçdilər, Aqil Xəlili bıçaqladılar? Bunlardan Prezidentin xəbəri yoxdur? Niyə düzəltmir? Siz deyirsiniz baxışımı dəyişdim. Mən bu sualları sizə niyə verirəm

Flora Kərimova:

- Əcəb edirsiniz verirsiniz, məni düşündürürsünüz, bilmirəm.

Azadlıq Radiosu:

- Varmı sizcə İlham Əliyevin xəbəri bütün bunlardan?

Flora Kərimova:

- Çətindir mənə demək. Hər halda İlham Əliyevin yanına gedib demirlər ki, mən filankəsin evini yıxmaq istəyirəm icazə ver. Etsələr də sonra edirlər. Səsə çıxandan sonra. Mən daha çox əminəm ki, Aqil Xəlilin məsələsindən İlham Əliyevin əvvəldən xəbəri olmayıb.

Azadlıq Radiosu:

- Sonra cəzalandırıblarmı?

Flora Kərimova:


- Mən dəqiq bilmirəm.

Azadlıq Radiosu:

- Siz baxışınızı dəyişmisiniz?

Flora Kərimova:

- Mən siyasətdə dəyişmişəm baxışımı. Demokratiyanı öz boyuma ölçmürəm. Məndən olsa demokratiya mübarizəsi olmalıdır. Məndən olsa düşünürəm ki, müharibə dövründə, çətin vaxtımızda, sözümüzü deyə bilmədiyimizdə, dediyimiz eşidilməyən bir anlarda, bir mühitdə Aqil kimi səhvləri buraxmaq lazım deyil. Bu cür yanlışlığa yol vermək olmaz. Çünki sonra hər şey İlham Əliyevin üstünə düşür. Konkret ölkənin adına bağlanır. Konkret adamın adına bağlanır. Onu törədən insanlar gərək düşünsünlər nə edirlər. Bu Aqil Xəlilin adına olan provokasiya deyil, hakimiyyətin əleyhinə olan provokasiyadır. Yadınızdadır Elmar Hüseynovu öldürdülər? İlham Əliyev istərmi ki onun dövlətinin qüsurunu saysınlar, sonra Amerikalılar yasda da toyda da əllərinə alsınlar, demokratiya desinlər.

Azadlıq Radiosu:

- Flora xanım, keçək suallara. Çoxlu suallar var sizə. Dinləyici yazır, Flora xanım salam. Siz Adnan Hacızadə ilə Emin Millinin günahsız olmasına inanırsınızmı?

Flora Kərimova:

- İnanıram.

Azadlıq Radiosu:

- Bəs niyə onlar həbsdədirlər?

Flora Kərimova:

- Mən öz praktikamdan bir şey deyim. Bu saat mənim bir neçə məhkəmələrdə işim var. Və uduzuram da. Tapşırılır. Elə deyil, hansı mühitdən siz danışırsınız. Bizim mühitimiz davadır, müharibədir, bizim mühitimiz Qarabağdır. Budur mühit. Fon da budur, həqiqət də budur. Deyirsiniz ki, mən indi uduzmaq ərəfəsindəyəm. Tapşırılır. Mən indi informasiya blokadasına düşmüşəm. Mən dediyim yazılmır imtina edilir. Mən durum deyim ki, İlham Əliyev sənsən təqsirkar ki, sistem işləmir, məhkəmə işləmir

Azadlıq Radiosu:

- Başqa nələr işləmir, öz müşahidələrinizdən?

Flora Kərimova:


- Məhkəmə sistemi çox axsayır. Həqiqət deyilən şey bəzi hallarda səslənir. Sonra necə deyim, burada əl əli yuyar əl də üzü yuyar bu sistem bu dəqiqə üstündür. Elə yoluxucu sistemdir. Görürsünüz, istəyirik o saat düzəlsin. Düşünmürük ki, müharibə var, o saat insan düzəlməyəcək.

Azadlıq Radiosu:

- Amma müharibə dayanıb axı?

Flora Kərimova:

- İndi siz özünüzü rahat hiss edirsiniz. Necə dayanıb gündə qırılırıq.

Azadlıq Radiosu:


- Orduda korrupsiya varmı sizcə?

Flora Kərimova:

- Var

Azadlıq Radiosu:

- Sizcə korrupsiya olan ordu ilə, axsayan məhkəmə ilə, tənqidçi jurnalisti bıçaqlayan yaxud ayağının üstündən maşınla keçən mühitlə qələbə çalmaq olarmı müharibədə?

Flora Kərimova:

- Mən bilirəm ki, orduda çox şeylər olur. Hansısa çavuş hansısa əsgəri, hansısa əsgər hansısa kapitanı. Bunlar bir – birini qırırlar. Bir şeyin lehinə olardım. Bir dəfə o çavuşu məhşər ayağına çəksinlər. Ya bir güllə çaxsınlar. Ötür basdır etməsinlər.

Azadlıq Radiosu:

- Bəs kim edir ötür basdırı ?

Flora Kərimova:


- Siz istəyirsiniz mən deyim sistem, yox.

Azadlıq Radiosu:

- Bəs kim?

Flora Kərimova:

- Mən indi sistem deyə bilmərəm, çünki müharibədir. Mən sistemi təqsirləndirə bilmərəm. İxtiyarım da yoxdur. Mənim baxışım ayrıdır. O qədər vaxtında çürüyüb ki...

Azadlıq Radiosu:

- Nə çürüyüb?

Flora Kərimova:

- Elə hər şey. Sistem çürüyüb, korrupsiya başlayıb, rüşvət. Biz də istəyirik 3-5 ilə bunlar düzəlsin. Olmur, ola da bilməz. Hansısa fərdi insanların simasında istəyirik ki, demokratiyanın davasını edək. Onlar çox əziyyət çəkirlər. Bu müharibə dövrü bizi o qədər basqılayıb ki, kim nə istəyir edir. Lokaldır. Onda gərək İlham Əliyev ucdantutma bassın hamısını dama.

Azadlıq Radiosu:


- Onda elə çıxır ki, ucdantutma bassın dama, bütün hökumət getməlidir

Flora Kərimova:

- Yozmayın. Jek müdiri arayış verib, məndən pul istəyirsə, hökumət jek müdirinə deyir, sən get gələ sal?! Bu gün məhkəmədən qayıdırdım, mənə halal olan arayışı vermirdilər. Tapşırıblar, vermirdilər. Mən getdim səsimi qaldırdım. Dedim yazacam məhkəməyə, olmasa Avropa Məhkəməsinə. Bunlar nədənsə ehtiyat edirlər, qanunla əlimə gələn arayışı verirlər. Mən deyim ki, sistem. Bu sistem çoxdan quruyub. Biz bu günki günü təqsirləndiririk. Hamı bütün təqsiri İlham Əliyevin boynuna qoymaq istəyir.

Azadlıq Radiosu:


- Söhbət Yeni Azərbaycan Partiyası hakimiyyətdədir ondan gedir. Hakim partiya təmin etməməlidirmi?

Flora Kərimova:

- Demirlər hakimiyyətdədir Yeni Azərbaycan Partiyası, elə İlham Əliyev deyir.

Azadlıq Radiosu:

- Problem olanda atadan soruşmurlarmı?

Flora Kərimova:

- Ailənin bir üzvü bir şey edəndə o biri üzvü bilməyə bilər. Siz nəticəni görürsünüz, çalışırsınız nəticə ilə mübarizə aparmağa. Nəticə ilə mübarizə aparmaq çox çətindir. Nəticə də illər, onillər 50 illər bundan qabaq artıq nəticə idi. Mən ümumiyyətlə istəmirəm onun haqqında nə tərif deyəm mənə bəlkə də çətindir, çünki o saat deyəcəklər Flora Kərimova baxışlarını dəyişdi, amma biz kimdənsə tələb etmək ki, 3-5 ilə dəyiş, obyektiv olaraq mümkün deyil. Hər halda o insanın bütün zəhmətini yerə vurmaq allahsızlıqdır, insafsızlıqdır.

Azadlıq Radiosu:

- Yenə məcburam o məqama qayıdım ki, söhbət seçilmiş adamdan gedir ki, adamlar seçki olubsa adamlar seçiblərsə kimdən tələb etməlidirlər? Azərbaycan xalqı kimdən tələb etsin?

Flora Kərimova:

- Bir var tələb edəsən, bir var suçlayasan. Bizim meylimiz suçlamaya gedir. Sən günahkarsan, bir adam öz ailəsində baş çıxara bilməyəndə o adam da başlayır sən günahkarsan. Nədə günahkardır, dərdimiz çoxdur. Bir də indi deyirsiniz, çox şey görünür fikrimi deyə bilmirəm, danışa bilmirəm dilim məni ələ verir. Ya da biz ayrı müstəvidə danışırıq. Suçlayırsınız. Mən başa düşürəm, siz suçlamırsınız siz mənə sual verirsiniz ki, cavab verəm. Amma sizin sualınızı o insanın ünvanına suçlamaq kimi qəbul edirəm. Bax bununla razı deyiləm.

Azadlıq Radiosu:

- Şah İsmayıl Sankt Peterburqdan yazır, hamımızın sevimlisi Flora xanımı salamlayıram. Bir olan allahdan başqa hamı bu və ya digər formada günah işlədib. Sizin mücadelə yolunuzu biz şəxsən görmüşük. Sizdən xahiş edirik nə olursa olsun bunun üstünə getməyək. Amma bundan sonra siyasət aləminə atılmayın. Hamımız sizin məlahətli səsinizə heyranıq. Əvvəlcədən təşəkkürlər.

Flora Kərimova:


- Çox sağ olun, çox razıyam. ömrümün ahıl çağını yaşayıram. Bu yaxınlarda faciə yaşadım. Qızımın övladı tələf oldu. Qızım mənə ürək dirək verəndə dedi ki, darıxma vaxt var mən ona dedim ki, sənin vaxtın var, amma mənim vaxtım artıq tükənir. Vaxtım tükənir deyə, ömür payım tükənir deyə, istər istəməz arxayın sözümü deyən insan var, ağrımı dinləyən insan var deyə siyasətdən getmişəm sənətimlə məşğulam. Orada da əl çalıb qəbul etmirlər, amma yenə imkan var oxuyuram, mahnılarımı səsləndirirəm, ürəyimi boşaldıram mahnılarla.

Azadlıq Radiosu:

- Belə bir sual var sizə, sizə siyasətdən getməniz və baxışlarınızı dəyişməniz müqabilində hansısa güzəştlər olubmu?

Flora Kərimova:

- Allah eləməsin. Ömrümdə güzəştlər üçün yaşamamışam. Heç vaxt gözümü heç kimin çörəyinə dikməmişəm, cibinə baxmamışam, əlini axtarmamışam. Necə yaşayırdım elə də yaşayıram. Heç nə dəyişməyib. Qızımla oğlumun himayəsindəyəm. Ərizə yazıb təqaüd almıram. Pensiya almıram. Onların hamısı üçün ərizə yazmaq lazımdır. Diz üstə çökmürəm, sürünmürəm, belimi bükmürəm. Onu heç kim görməyəcək. Mənim nə var idi qızımın atasından qalan idi. İndi də övladlarımı böyütdüyüm əzabla əziyyətlə, siyasətdə çox işgəncəli vaxtlarımda, çox tərbiyəli övladlar böyütdüm, ana qədri bilən övladlar böyütdüm deyə indi onların himayəsindəyəm.

Azadlıq Radiosu:

- Flora xanım, amma sizi efirə buraxdılar. Bu hal, bu tendensiya sizin baxışlarınızı dəyişmənizlə bağlıdırmı?

Flora Kərimova:

- Yox, mən həqiqəti deyirəm yozmasınlar. Hər dəfə Heydər Əliyev mənə qadağa edəndə. Heydər Əliyevin xoşuna gələr Floranı götürsələr. O qaytarırdı sonra hansısa çılğın çıxışım olurdu, hər ehtimala qarşı təzədən yığırdılar. Onun ağzından bir dəfə də mənim ünvanıma nə tənqid nə istehza eşidildi. Bir sözlə məni alçaltmadı. Ona görə, bilirsiniz mən İlham Əliyevin haqqında ənənəyə bəlkə də sığmayan sözlər deyirəm, bu mənim fikrimdir üstündə də dururam. Və indi də o sual var ki, bir şey qazandınız əvəzində. Heç vaxt bu sualı verəndə yadınıza düşsün sualınızdan vaz keçin. Mənə firavan həyat lazım olsaydı, mən o qədər də ağılsız deyiləm, mən qabiliyyətsiz küt deyiləm mən hələ o vaxtlar Heydər Əliyevin yanında yer tuta bilərdim, Milli Məclisdən təqaüd kimi illərlə oturan insanlar kimi yox, öz yerimi tuta bilərdim. Bunu rifaha bağlasaydım. Bu mənə lazım deyildi. Mənə həqiqət lazımdır, mən açıq deyirəm ki, nə vaxtsa mən Heydər Əliyevə kəskin opponent olmuşam. İndi isə hər şeyimi, ömrümü, marağımı Qarabağın marağı ilə bağlayıram deyə İlham Əliyevdən razıyam. Danışıram, hisrslənirəm. Heç kim rifahla bağlamasın üzümə də çırpmasın.

Azadlıq Radiosu:

- Heydər Əliyevlə bağlı baxışlarınız dəyişibmi?

Flora Kərimova:


- Yox. Bəzi şeylərdə sən demə hamımız yanılırmışıq. Vəfa Quluzadə bəzi şeyləri açıqlayırdı. Qəzetdə bizə deyirdi. Hərdən düşünürəm bəlkə də o anları o vaxt bilsəydik, bəlkə də o anlara aid kəskin münasibətimiz olmazdı. Şəxsən mənim. Onları bilmirdik indi bilirik. İndi kimlərinsə ölümündən sonra bilirik. Ümumi təbii ki baxışlarım dəyişməyib.

Azadlıq Radiosu:

- Zülfüqar Saatlı yazır, Flora xanım, deyir padşah beş yumurta yeməsə məmurları toyuq yeməz. İlham Əliyev bütün haqsızlıqların başında durub. Bunu özü etiraf edib. Dinləyici yazır, Flora xanım danışmayın, oxuyun. Xəbərsiz imzalı dinləyici yazır, Flora xanım, sizin sözünüzü deyən prezident əlini nə vaxt, hansı stola vurdu. Nəticəsi yəqin ermənilər Ermənistandan qaçacaqlar

Flora Kərimova:

- Allahsız deyirsiniz, allahsız danışırsınız. Onun içində olsanız, o basqıların içində olsanız işləri dərindən bilsəniz o sözü dilinizə gətirməzsiniz.

Azadlıq Radiosu:

- Elmar imzalı dinləyici yazır, Flora xanım bilsin ki, onun həqiqəti deməməsi Allahsızlıqdır. Əlvida Flora yazıb, sizə.

Flora Kərimova:

- Olsun, qoy əlvida desin. Mən Elmar bəy bir şeyin əleyhinəyəm. Ataya pis olan övlada da pis olmalıdır. Mən o ənənənin əleyhinəyəm.

Azadlıq Radiosu:


- Flora xanım sizin siyasi baxışınız mənfiyə doğru dəyişib, çox təəssüf edirik yazıb dinləyici.

Flora Kərimova:

- Mənim siyasi baxışlarım qazandığımla tərəziyə qoyun baxın görün, o siyasi baxışlar düşüncəmin, münasibətimin baxışlarıdır ya qazancımın baxışlarıdır. Qazancı mən Heydər Əliyevin dövründə daha da rifah yaşaya bilərdim. Amma indi olduğum kimi də yaşayıram. Haqsızsınız, Allahsızsınız. Mən vicdanımın əleyhinə gedə bilmərəm. Mən dəbdə olan müxalifətçi olmaq istəmirəm. Mən əsl müxalifətəm. Mən sözə müxalifətəm. Mən düzgün addımlar olmayan hərəkətlərə müxalifəm. Mən heç vaxt müxalifətçi olmamışam, müxalif olmuşam.

Azadlıq Radiosu:

- İndiki müxalifətə münasibətiniz necədir? Nə dərəcədə səmimidir indiki müxalifət?

Flora Kərimova:


- Bilmirəm nə dərəcədə səmimidirlər amma mən onların səsini eşitmirəm

Azadlıq Radiosu:

- Qoymurlar səslərini çıxarmağa ya özləri çıxarmırlar?

Flora Kərimova:

- Gördüyümə görə çıxarmırlar.

Azadlıq Radiosu:

- Məsələn aprelin 14- də ilk mitinqi keçirildi, kadrlarda var idi, demokratiya deyən adamın ağzını tutdular və polis maşınına basdılar. Müxalifətin aksiyasını belə dağıtdılar.

Flora Kərimova:

- Neçə saatdan sonra buraxdılar?

Azadlıq Radiosu:

- Neçə saat sonra buraxdılar bilmirəm, amma aksiyanı dağıtdılar.

Flora Kərimova:

- Nədən danışırdılar?

Azadlıq Radiosu:


- Onlar təbii ki, seçki hüququ ilə bağlı

Flora Kərimova:

- Mən iki dəfə deputat seçilmişəm, 2000 – ci ildə və 2005 –ci ildə. 2005 – ci ildə hətta əlimdə protokol da var idi ki, millət vəkili seçilmiş namizəd Flora Kərimova. Görürsünüz seçkilərdən danışırdılar. Ayrı söz deməyiblər. Çünki artıq bu sözlər deyilir deyə demirlər. Mitinq edirlər, təbiidir.

Azadlıq Radiosu:


- Amma imkan verilmir seçki ilə bağlı səslərini çıxarmağa. Ya da sərbəst toplaşmaqla bağlı.

Flora Kərimova:

- Təbii ki, olmalıdır. Qoymalıdırlar deməlidirlər, eşitməlidirlər, deyəndə ki, basdılar o saat da düşünməlidirlər neçə saatdan sonra buraxdılar

Azadlıq Radiosu:

- Moskvadan Azad imzalı dinləyici yazır, dostunu salamlayır. Deyir ki, vaxtilə yaxşı dost idik, münasibətimiz var idi. Brüsseldən Əli yazır, Flora xanımın demokratiyadan danışması gözəldir amma demokratiyadan xəbəri yoxdur, çünki qorxa – qorxa danışır

Flora Kərimova:

- Mən çəkdiyimi heç kim çəkməyib. Demokratiyanın nə olduğu barədə qorxa – qorxa heç vaxt danışa bilmərəm. Demokratiyanı hərcmərcliklə qarışdırmanın əleyhinəyəm.

Azadlıq Radiosu:

- Dinləyici yazır, salam Flora xanım. Siz indiki iqtidardan, hökumətdən, ölkədə olan vəziyyətdən razısınızmı?

Flora Kərimova:

- Mənim övladlarım burada yaşamır qorxmağa yerim yoxdur. Hakimiyyətdən heç bir imtiyaz almıram, bundan da qorxum yoxdur. Acından ölməkdən qorxmurdum, çünki həmişə deyirdim çörəyim olmasa küçə süpürəcəm. Bundan da utanmıram. Məni nədəsə suçlayanda bu şeyləri gözünüzün qabağına gətirin. İndiyə qədər mən 1983 – cü ildə oğlumun Almaniyadan göndərdiyi “Audi” maşında gəzirəm. Artıq tökülən maşında gəzirəm. Bicdanınızın səsini boğmayın. Haqqımda bir söz deyəndə götür qoy edin, nə qədər haqlısınız. Bu suçlamalar məni düşüncəmdən, münasibətimdən döndərə bilməz.

Azadlıq Radiosu:

- İlham yazır, dahi sənətkarsınız. Lara yazır, Flora xanım, müxalifət mitinqə hazırlaşır, sizi də meydanda görmək arzusu ilə. Elçin Muradov yazır, sizə yaraşmır, sizi belə görmək dəhşətlidir. Xalid İbrahimli yazır, bəs beş il öndə Flora xanımın doğum gününü təbrik etmək üçün bir həftə nömrəsini axtardım və taparaq onu təbrik etdim. Amma indi məndə bu hiss qalmayıb. Flora xanımı belə formada görmək onu minlərlə tərəfdarının gözündən saldı

Flora Kərimova:

- Olsun, əgər subyektiv tərəfdardırlarsa onların gözündən düşmək məsləhətdir. Soruşum sizdən 50 polis mənim evimin qapısını döyəndə harada idiniz? 50 polis məni susdurmaq istəyəndə harada idiniz? Və susdummu onda, mən gedirdim, başımla divar yarırdım, kim var idi yanımda. İndi suçlayanlardan kim var idi? Bu mübarizədən sağ salamat çıxdım, öz gücümə çıxdım. Ağlımın gücünə, mübarizəmin gücünə, iradəmin gücünə. İndi məni suçlayırsınız nə haqla harada idiniz indi haradasınız?

Azadlıq Radiosu:

- Dinləyici yazır, Flora xanım artıq Erməni işğalına dözə bilməyən, vuruşmaq istəyən oğullar sizcə nə etməlidirlər, Saleh Türkoğlu.

Flora Kərimova:


- Mən bir şey bilirəm onlar müharibəyə getsələr mən də onların yanındayam. Ahıl yaşımda, iki qolum qırıq nə olsa həkim də olmasam, medsestra da olmasam, sanitar olaram. Onların altını dəyişərəm, amma onların yanında olaram. Bu borcdur. Həyat borcudur. Ömür borcudur, onu verməliyik.

Azadlıq Radiosu:


- Çox güman belə fikirləşənlər var ki, əsgərliyə getmək lazım deyil və yaxud sizin ailənizdən kimsə əsgərə gedərsə

Flora Kərimova:

- Mən sizə bir şey deyim, əsgərə getmək lazım deyil deyənləri bu saat məni suçlayanlara bənzədirəm.

Azadlıq Radiosu:

- Döyüş başlayarsa ailə üzvlərinizdən ya yaxınlarınızdan kiminsə əsgərə getməsi

Flora Kərimova:

- Kiminsə yerinə danışa bilmərəm, kiminsə taleyini həll edə bilmərəm. Mən özümə cavabdehəm. Özüm gedərəm.

Azadlıq Radiosu:


- Flora xanımı salamlayıram, siz müxalifəti tərk edənsən sonra onun gücü azalıb. Turqut deyir. Məhərrəm Şahverdi yazır, Flora xanım necəsiniz, mən sizin pərəstişkarınızam. Sizin ecazkar səsiniz Azərbaycan estradasından əksik olmasın. Siz əvvəllər iqtidara müxalif mövqedə dayanmışdınız, sonradan mətbuatda gedən yazılardan təxmin etdim ki, baxışınızı dəyişmisiniz, bunu nə ilə əsaslandıra bilərsiniz?

Flora Kərimova:

- Mən baxışımı dəyişmişəm müxtəlif insanlara müxtəlif dövrdə hakimiyyət başında olan prezidentlərə baxışımı dəyişmişəm.

Azadlıq Radiosu:

- Flora xanım, necə düşünürsünüz, Azərbaycanda demokratiya bərqərar olmadan Qarabağı qaytarmaq mümkündürmü? İlqar Şəmi deyir.

Flora Kərimova:


- Nə isə, başa düşə bilmirəm. Mən hələ demokratiya görməmişəm. Mən hərcmərclik görmüşəm.

Azadlıq Radiosu:


- O baxımdan, demokratiya görməmisiniz, Qarabağı qaytarmaq olarmı?

Flora Kərimova:

- Mən bu siyasətin içini bilirəm deyə çox şeyi danışa bilmirəm . Aça bilmirəm. Mən bunun içində olmuşam. Siz elə belə oturmusunuz, veriliş gedir, suallar verənlər qıraqda oturublar, mən bu demokratiyanın ləzzətini də görmüşəm, mahiyyətini də görmüşəm. Mən demirəm ki, demokratiya üçün mübarizə etmək lazım deyil. Lazımdır və labüddür. Əsl sağlam demokratiyadan danışıram. Hərcmərclikdir indi. Elə insanlarla durub - otururdum ki, burada bir söz deyirdilər kənarda başqa söz. Çıxırdılar küçələrə demokratiya qışqırırdılar, amma heç demokratiyanın yanından da keçmirdilər. Deməyin kim. Olmaz belə, intriqa olur. Siz onu məndən yaxşı bilməlisiniz. Mən demokratı, qeyri demokratdan çox yaxşı fərq edirəm. Məndən o adları gözləməyin. Elə insanlar var onların arasında mən səcdə edirəm. İsa bəyə münasibətimdə heç vaxt dəyişilmərəm, nə olur olsun. Rauf Arifoğluna münasibətdə dəyişmərəm. Amma bunun kökünü bilirəm. İnanmadığım adam demokratiya deyəndə mənim demokratiyaya inanmağım mümkün olmur. Demokratiya sözü hərfi mənada elə insanlar deyirlər ki, ona dəyməzlər. Bu yaxınlarda «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid. O çıxanda mən sevindiyimdən ağlayırdım. Onun haqqında biədəb şeylər deyəndə mənə dünya dar gəlirdi. Provokasiya idi. Bariz provokasiya idi. Niyə düşünürlər ki, Flora Kərimova belə şeyləri dəstəkləyir. Məndən hamı gözləyir ki, mən deyim İlham Əliyev pisdir, deməyəcəm. Çünki mənim gözümün qabağında görürəm Qarabağ siyasəti necə davam edir. İndiyə qədər radioda mən İlham Əliyevin adını əzabla çəkirdim, qorxaqlıq deyildi. İndi də çəkirəm, məcburam çəkəm sual verirsiniz, onun əleyhinə məndən söz eşitməyəcəklər, məcbur edə bilməyəcəklər. Gördüyümü görürəm, bildiyimi bilirəm. Çünki lap qəlizinə gedirəm. Elə bilirsiniz bu qədər savaş, vuruş diplomatik münasibətlər havayıdır. Çox hirslənirəm. Allahsızlıqdır, bilmirəm.

Azadlıq Radiosu:


- Hər halda bu fikirlər var, bu sözlərə cavab verirsiniz.

Flora Kərimova:

- Mən cavab verirəm. Dar çərçivədə, bu cavab düşmən cavabıdır. Bu mənə düşmən münasibətdir. Mənim varlığıma, mənim Flora Kərimova olduğuma, mənim müğənniliyimə düşmən cavabıdır. Mən o sualları verənin bilmirəm intellekti nə səviyyədədir, siyasi informasiyası nə səviyyədədir, bu ümumiyyətlə hansı baxışa malikdir. Deyirlər, Flora xanım incidim. Lap dünəndən inciyin. Sən məndən inciyəcəksən deyə, mən İlham Əliyevin bütün etdiklərini tapdalaya – tapdalaya gedim ki, bir sənin, on beş sənin, lap 1500 sənin kimilərin xoşuna gələcəm. Olmayacaq belə. İndiyə qədər neçə ildir, bir yerdə hərdən birdən ehmal edirdim ki, mən onun siyasəti ilə razıyam. Mən sosial siyasəti nəzərdə tutmuram. Mən çörək davası edən adam deyiləm deyə, sosial siyasət məni maraqlandırmır. Məni Qarabağ maraqlandırır. Bir dəfə də, müxalifətçilər yığışanda İlham Əliyev gəlmişdi, təzə hərəkata başlamışdı, dedim sizin sözlərinizi artıq o deyir. O adam yanımda toyda oturmuşdu, mənimlə razılaşdı. Təəssüflər olsun ki, demokratiyanın önlərində gedəni müxalifətçilərdən idi. Bu həqiqətin üstünü mən necə tapdalayıb gedim. Bəli əlvida əgər sən o etdiklərini görmürsənsə dünəndən əlvida deyirəm. Mən dəb üçün yaşamamışam, dəb düşünməmişəm. Mənə dəb lazım deyil, həqiqət lazımdır. Hər yerdə başımız qapazlı idi, sözümüz keçmirdi. Amma üzümüzü bozarda da bilirik, sözümüzü deyə də bilirik, tələb edə də bilirik, qabağa da gedə bilirik. Niyə bunu görmürlər. Bilirəm bu söhbət ürəyinizcə olmadı. Vaxt var idi mən Azadlıqda seçkilər üçün bar- bar bağırırdım, həqiqəti deyirdim. İndi isə mənim həqiqətim sizin xoşunuza gəlmədi.

Azadlıq Radiosu:


- Mən məcburam verilişdə opponentlik edim və çoxlarının sizdən gözlədiyini ümumiləşdirib sizə çatdırım. Sağ olun.
XS
SM
MD
LG