Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Kommunal xərcləri vaxtında ödəməyəndə...


Qaz, elektrik, su təchizatı xidmətlərinin əməkdaşlarına maneə törədənlər cərimə olunacaqlar
Qaz, elektrik, su təchizatı xidmətlərinin əməkdaşlarına maneə törədənlər cərimə olunacaqlar
Parlamentdə deputatlar İnzibati Xətalar Məcəlləsinə əlavə qəbul ediblər. Həmin əlavəyə görə, bundan sonra qaz, elektrik, su təchizatı xidmətlərinin əməkdaşlarına maneə törədən fiziki, hüquqi və vəzifəli şəxslər üçün cərimə tətbiq ediləcək.

Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov əlavə haqqında deyib ki, fiziki şəxslər adı çəkilən xidmət əməkdaşlarına maneə yaratdığına görə 20 manat, vəzifəli şəxslər 50 manat, hüquqi şəxslər isə 100 manat cərimələnəcək:

Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli isə deyir ki, bu dəyişikliklər əhalinin mənafeyinə uyğun deyil:

GƏRGİN VƏZİYYƏT BİR QƏDƏR DƏ GƏRGİNLƏŞƏCƏK

«Hesab edirəm ki, əlavə bu sahədəki gərgin vəziyyəti bir qədər də gərginləşdirəcək. Qanunlara bu cür əlavə etməzdən əvvəl ölkədəki reallığa uyğun istehlakçı ilə istehsalçı arasında mövcud vəziyyətin səbəbləri araşdırılmalıdır. İllərlə yığılıb qalan, ya da qazanc məqsədi ilə məmurlar tərəfindən əhalinin adına yazılan külli miqdarda borclar məsələsinə aydınlıq gətirilməlidir. Fakt budur ki, istehsalçıların xeyli hissəsi borclu kimi qeydə alınıb. Hətta mənim 2008-ci ilin fevral-mart-aprel aylarında ödədiyim pullar qeydə alınmamışdı».

Bu əlavə istehlakçıları da narazı salıb. Fikrini öyrəndiyim Bakı sakinlərinin çoxu yeni dəyişiklikdən narazı olduqlarını dedilər:

HƏR GÜN BİR OYUN ÇIXARIRLAR

- Onsuz da qiymətlər bahadır, bu cəriməni necə ödəcəyik?

- Nə əməkhaqqı verirlər ki, işıq pulu, qaz pulu, üstəlik cərimə pulu verək?

- Srağagün gəlib yoxlayıblar. 16 manat borcum var, hələ qalıb. Ödəyə bilsəm, onu ödəyərəm.

İltizam Əkbərli
- Qanun yaxşı şeydir, məncə, bu, pozuntuların qarşısını alacaq.

- Guya neft ölkəsində yaşayırıq, hər gün bir oyun çıxarırlar.

- Elə çeklərdən o qədər gəlir ki…Gərək ödəməyə pul olsun.

- Qanundan danışanlar birinci maaşları qaldırsınlar.

- Hökumətin o qədər çıxar yeri var ki, bir bu qalmışdı...

- Haradan ödəməliyəm, bunu fikirləşən lazımdır, fikirləşən isə yoxdur.

Azad İstehlakçılar Birliyinin hüquqşünası Adil Mirhəsənli isə deyir ki, kommunal xidmətlər sahəsi vətəndaşların hüquqlarının kütləvi və kobud pozulduğu sahədir. Hüquqşünas deyir ki, hər gün onlara artıq ödənişlə bağlı saysız şikayətlər gəlir. Cərimələrin tətbiq olunması vəziyyəti daha da gərginləşdirəcək:

VƏTƏNDAŞLAR AYIQ OLMALIDIR

«Ona görə də əhali istifadə etdiyi kommunal xərcləri vaxtında ödəməli, onun sənədini tələb etməlidir. Vətəndaşlar ayıq olmalıdır, hüquqları pozulursa, məhkəmələrə müraciət etməlidir».

Hüquqşünas deyir ki, əlavədə nəyin pozuntu hesab edildiyi aydın göstərilmir ki, bu da əlavə problemlər yarada bilər. Bu haqda bizə Hüquq siyasəti də dövlət quruculuğu komitəsindən məlumat verən olmadı.
XS
SM
MD
LG