Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:17
Məşhur yapon yazıçısı Haruki Murakaminin yeni kitabı çapdan çıxıb. Bu “1Q84” romanının üçüncü hissəsidir.

BİR GECƏYƏ 602 SƏHİFƏ...

Kitab satışa çıxarılan gün – artıq gecə saat 12-də Tokiodakı kitab dükanlarının qarşısında növbələr müşahidə olunub.

Murakami heyranlarından biri – Tokionun reklam agentliklərinin birində çalışan 29 yaşlı Ayako Arai "Röyters" agentliyinə deyib ki, kitabı alan kimi bütün gecəni yatmayıb axıracan oxuyacaq.

“1-ci və 2-ci hissələri oxumuşam, kitabın davamını səbirsizliklə gözləyirdim”.

602 səhifəlik sürrealist romanın qiyməti təxminən 19 dollardır.

Romanın adı 20-ci əsr ədəbiyyatının ən ünlü simalarından olan Amerika yazıçısı Corc Orvelin “1984” romanı ilə səsləşir.

“9”a yapon dilində “kyu” deyirlər.

Əsərin ilk iki bölümü Yaponiyada böyük tirajla - ümumilikdə 2,4 milyon nüsxə satılıb. Bu bölümlərin tərcüməsi ingiliscə gələn il çap ediləcək.

Sonuncu hissə isə Yaponiyada yaxın həftələr ərzində 700 min tirajla nəşr ediləcək. Kitab müxtəlif dillərə tərcümə edilməkdədir, amma bunun detalları açıqlanmır.

Kitabın əvvəlki bölümlərinin məzmunu haqqında mətbuata məlumat sızdığı üçün 3-cü bölümü kitab dükanlarına ağzı bağlı karton qutularda daşıyıblar.

Heç oxucular da kitabın məzmunu haqqında özləri oxumadan heç nə eşitmək istəmirlər.

SÜRREAL ALƏMƏ DÜŞƏN KİLLER

Əsərin əvvəlki iki hissəsində hadisələr 1984-cü ildə cərəyan edir: birinci hissə həmin ilin aprel və iyun, ikinci hissə isə iyul və sentyabr ayları arasında.

Əsərin əsas qəhrəmanlarından biri – 30 yaşlı qadındır. Aomame adlı həmin qadın məxfi bir təşkilatda çalışır və işi – adam öldürməkdir.

Əsər Aomamenin Tokioda taksi tutması və növbəti “tapşırıq” dalınca yollanması ilə başlayır. Maşının radiosunda çex bəstəkarı Yanoçekin “Sinfonietta”sı səslənir.

Amma taksi tıxaca düşür. Sürücü ona məsləhət görür ki, tələsirsə maşından düşsün, yoxsa “vacib görüş”ə gecikər.

Aomame "Şibuya" otelinə çatır və özünü otel işçisi kimi təqdim edərək mehmanxanada qalan bir qonağı qətlə yetirir.

Özü də bunu elə edir ki, iz qoymur və bununla da müstəntiqləri yanlış yola yönəldir, onlar elə bilirlər ki, qonaq öz əcəli ilə ölüb.

Daha sonra Aomamenin başına qəribə işlər gəlir.

O cümlədən Aomamenin yadına Yaponiyada baş vermiş bəzi səs-küylü cinayətlər, məsələn, Yamanaşi bölgəsində ekstremistlərlə polis arasında toqquşma düşür. Amma bu hadisələrin həqiqətən baş verib-vermədiyi bilinmir.

Çünki bunlar haqda heç bir aparıcı qəzetin arxivində məlumat yoxdur.

Aomame bu qənaətə gəlir ki, o alternativ reallıqda yaşamaqdadır və şübhələnir ki, yəqin bu reallıqdakı həyatı taksidə “Sinfonietta”ya qulaq asandan sonra başlayıb.

KULTLAR NİYƏ İNSANLARI CƏLB EDİR?

Murakami nadir hallarda müsahibə verir.

Amma keçən ilin sonu "Röyters" agentliyinə verdiyi müsahibədə demişdi ki, əgər Orvelin romanı gələcəyin necə olacağını metaforalarla təsvir edirsə, o əksinə keçmişə üz tutub.

“1Q84” əsərini yazmaq ideyası Murakamidə 1995-ci ildə ekstremist dinçilərin Tokio metrosuna qaz hücumu və 2001-ci ilin 11 sentyabrında islamçı terrorçuların Amerikaya hücumundan sonra yaranıb.

“Məncə insanlar yavaş-yavaş qeyri-real şeylərin reallığını anlamağa və qəbul etməyə başlayırlar” – deyə Murakami bildirib.

“Məncə, 11 sentyabr hadisələri real dünyada baş verən hadisə deyil.

İnanıram ki elə bir dünya var ki, orada belə şeylər baş verə bilməz. Mən daim real dünyada yaşadığıma şübhə edirəm. Elə bir dünya var ki, orada belə şeylər ola bilməz”.

Murakami “Metro” adlı kitabını yazandan bəri belə bir suala cavab axtarır: niyə insanlar kultlara bu qədər bağlanır. (“Metro” 1995-ci il Tokio terrorunun şahidləri ilə müsahibələrdir.

O zaman ekstremist dini qrupun metroya zəhərli qaz buraxması nəticəsində 13 nəfər ölmüş, onlarla insan xəstəxanaya düşmüşdü).

“Bu hadisələrdən sonra belə bir sual yaranıb: Necə yaşayaq ki, əsas bəşəri dəyərləri qoruya bilək?

Məncə həmin dəyərlərdə çatışmazlıqlar var və bundan sonra da kultlar insanları cəlb etməkdə davam edəcək. Biz indiyəcən mövcud olan dəyərlərdən fərqli dəyərlər sistemi yaratmalıyıq”.

61 yaşlı Murakaminin əsərləri indiyəcən dünyanın 40 dilinə tərcümə edilib və onun Ədəbiyyat üzrə Nobel mükafatını almağa real namizəd olması haqda mediada daim fərziyyələr, gümanlar dövr eləyir.

O artıq Ədəbiyyat sahəsində ən nüfuzlu mükafatlardan sayılan Kafka və Qüds ödüllərinin sahibidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG