Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:57
Əziz Nesin

"Həzrət İsa və iki adam"

Bir gün Həzrəti İsa, bir estetik cərrahiyyə həkimi və bir avtomobil təmirçisi bir qazinoda otururlar. Həzrəti İsa onlara dini təlqin edirdi. Danışıq əsnasında avtomobil təmirçisi Həzrəti İsadan:

- Ey, böyük müəllim. İnsanlara yaxşılıq etmək üçün içimdə atəşli bir istək var. Necə yaxşılıq edə bilərəm? , deyə soruşdu.

Həzrəti İsa:

- Tanrının şəriətində necə göstərilibsə, elə yaxşılıq etməlisən.

Avtomobil təmirçisi:

- Sənə pislik edənlərə yaxşılıq edərək, onları pislik etdikləri üçün utandıraraq... dedi.

Estetik cərrahiyə həkimi dedi:

- İnsanların mayası pislikdir. Mən bunu şəxsi təcrübələrimdən bilirəm. İnsanlar pisdir.

Avtomobil təmirçisi:

- Yox, dedi. İnsanların içində yaxşılıq var. Siz də bu Eriha şəhərinin ən yaxşı adamlarından deyilsiniz?

Həqiqətən estetik cərrahiyyə həkimi həmin şəhərin ən varlı həkimi və yaxşı adam idi. Bu qədər yaxşı bir adamın birdən birə insanlara pis dediyinə avtomobil təmirçisi təəccüblənmişdi.

Həkim:

- Mən başqa... Mən bütün həyatım boyu insanlara yaxşılıq etdim. Amma əvəzində həmişə pislik gördüm. Deməli insanlar pisdir... Heç kəs bu həqiqəti mənim qədər bilə bilməz.

Söhbətə o qədər də qoşulmayan Həzrət İsa qarşısındakı saxsı parçdan şərab içdi.

Avtomobil təmirçisi həkimə dedi:

- Onda siz cənnətdə tək qalacaqsınız

Həkim:

- Elədir, mənim də qorxduğum odur ki, o boyda cənnətdə tək qalacağam.

Söhbətin sonunda həkimlə təmirçi insanlar yaxşıdır ya pisdir mövzusunda mərc etdilər.

İnsanların yaxşı olduğunu deyən təmirçi dediyi çıxsa həkimin bütün malını, mülkünü əlindən alacaqdı. Əksinə olsa həkim təmirçinin hər şeyini özününkü edəcəkdi.

Hər üçü Erihadan Yerusəlimə gedən yolun üstündə kimsəsiz yerə getdilər. Estetik cərrahiyyə həkimi bu yerdə tək dayanacaqdı. Görək, bu yoldan keçib gedənlər ona yaxşılıq, yoxsa pislik edəcəklər. Həzrəti İsa ilə avtomobil təmirçisi də yolda baş verənləri izləmək üçün dağa çıxıb, zeytun ağacının arxasında gizləndilər. Hər ikisi öz dediyinin çıxması üçün Allaha yalvarırdılar. Avtomobil təmirçisi əllərini göyə açıb:

- Tanrım, inşallah insanlar həkimə yaxşılıq edərlər, deyib yalvarırdı. Onun dediyi çıxsaydı həkimin xəstəxanaları, işçiləri, mülkləri ən vacibi isə bankdakı beş yüz min dolları onun olacaqdı.

Həkim də əllərini göyə açıb:

- Tanrım, inşallah insanlar mənə pislik edərlər təmirçinin bütün malı, mülkünü əlindən alaram, deyirdi.

Həkimin dediyi çıxsaydı təmirçinin dükanları, evləri ən vacibi isə bankdakı yüz min dolları onun olacaqdı.

Uzaqdan ayaq səsi gəldi. Həkim ürəyindən

- Ah, bu da quldur... deyə keçirtdi.

Təmirçi də içində

- Hə, bu da yaxşı insan, dedi.

Yolun döngəsindən bir adam çıxıb, həkimi gördükdə cibindən bıçaq çıxartdı. Həkimin üstünə gedib, - çıxart pulları deyə qışqırdı.

Həkim buna o qədər sevindi ki, cibindəki bütün pulları çıxarıb, sevinclə quldura verdi.

Soyduğu adamın sevincinə təəccüblənən quldur dedi:

- Bu qədər ildir soyğunçuluq edirəm, soyduğum adamların içində heç sənin kimi sevinən insan görmədim.

Sonra həkimin üstünü axtardı, bütün pulları götürüb gedərkən həkim arxasınca qışqırdı:

- Hörmətli quldur. Bu cibimdə də beş dollar qalıb, yəqin görməmisiniz, onu da götürün.

- Sən yəqin dini bütöv adamsan. Məni etdiyimdən utandırmaq üçün bunu edirsən. Amma vecimə də deyil. Ver bura pulu.

Soyğunçu pulları alıb getdi. Həkim sevinclə təpədə, Zeytun ağacının arxasında onu izləyən təmirçiyə dedi:

- Gözün gördü ki, insanlar pisdir. Bütün malların, pulların mənim oldu.

Həzrəti İsa yumşaq amma ciddi səslə təpədən dedi:

- Tələsmə! İnsanların yaxşı olduqlarına inan və gözlə.

Həkim gözləməyə başladı. Bir ayaq səsi də eşidildi. Təmirçi də, operator da ümidləndilər. Biri yaxşı, biri pis insan gözləyirdi və gələnin arzularına uyğun olması üçün Allaha yalvarırdılar.

Həkim:
- Tanrım bu gələn pis insan olsa təmirçidən alacağım malların qırxda birini yoxsullara paylayacağam, dedi.

Təmirçi də:
- Tanrım, bu gələn yaxşı adam olsa həkimdən alacağım bütün malların qırxda birini yoxsullara paylayacağam, deyirdi.

Döngədən bir adam çıxdı. Həkimin yanında gələndə cibindən bir bıçaq çıxardıb, həkimin sinəsinə dayadı.
- Çıxart pulları!

Həkim sevinc içində:
- Pulum yoxdur, inanmırsınızsa axtarın. Amma istəsəniz, üstümdə dəyərli olan hər şeyi çıxarıb, apara bilərsiniz, dedi.

Quldur həkimin barmağındakı üzükləri, gümüş tütün qabını, qızıl başlıqlı qələmini götürdü. Götürüləcək heç nə qalmayanda həkim ağzını arayıb, quldura dedi:
- Baxın, baxın ağzıma baxın. Sol üst çənəmdəki azı dişi qızıldandır. Bəlkə işinizi görər.

Quldur həkimi yerə yıxıb, ağzındakı qızıl dişi sökdü. Həkim canının ağrısından qıvrıla – qıvrıla sevincdən gülürdü. Quldur ona baxıb:
- Siz dəlisiniz?! Dedi və getdi.

Həkim təpəyə tərəf qışqırdl:
- Bu da pis insan çıxdı. Bütün malların mənim oldu.

Həzrəti İsa yenə də sakit səslə dedi:
- Səbirli ol, tələsmə. Gözləməyi bil.

Uzaqdan yenə ayaq səsləri gəldi. Həkim:
- Bir pis insan da gəlir. Kim bilir mənə hansı pisliyi edəcək. Mən də təmirçinin mal – mülkünə qonacağam, dedi.

Təmirçi də:
- Yaxşı insandır. Kim bilir həkimə hansı yaxşılığı edəcək, mən də onun bütün varidatını alıb, özünü çılpaq qoyacağam, deyə ürəyindən keçirtdi.
Döngədən bir insan çıxıb, bıçağı həkimin sinəsinə dayadı.

- Ya pullar ya canın, qışqırdı.
- Sizdən qabaqkı iki quldur hər şeyimi aldılar. Heç nəyim qalmadı. Amma siz də üst – başımdakı hər şeyi alsanız məni sevindirərsiniz. Ayaqqabılarım və paltarlarım təzədir.

Quldur həkimin üst – başındakı hər şeyi çıxarıb apararkən, həkim qışqırdı:
- Hörmətli quldur. Alt paltarım təzədir. İlk dəfə geyinirəm istəyirsiniz aparın.

- Sən dini bütöv adam olmalısan. Amma mənim vecimə də deyil. Çıxart paltarını ,quldur dedi və həkimi anadangəlmə lüt buraxıb, getdi. Həkim az qala sevincindən uçacaqdı.

Təmirçiyə qışqırdı:
- Görürsən, bu da mənə pislik etdi. Bütün var – dövlətin yenə mənim oldu.

İsa yenə xoş və sakit səslə dedi:
- Ey Tanrının qulu. Səbirli ol, gözlə. İnşallah yer üzündə bir yaxşı adam tapılar.

Döngədə ayaq səsləri eşidildi. Həkim:
- Üstümdə soyulacaq heç nə qalmadı. İnşallah gələn canidir. Canımı almaq istəyər, mən də təmirçinin bütün varidatını alaram, dedi.

Təmirçi də:
- İnşallah bu yaxşı adam olar, lüt qalan həkimə geyinməyə bir bez verər, dedi.

Gələn adamın yellənməsindən sərxoş olduğu bilinirdi. Əlində bir dəyənək tutmuşdu. Həkimin yanında gəldikdə dəyənəyi onun başına vurmağa başladı. Həkimə dəyənək dəydikcə:
- Sol tərəfimə vurmadınız. Sağ çiynim qaldı, ora da vurun, deyə yalvarırdı.

Dəyənəyin ağrısına dözə bilməyən həkim yerə yıxıldı.

- Hörmətli avara. Dayanmayın, başıma da vurun.

Avara dedi:
- Sən dini bütöv adam olmalısan. Amma vecimə deyil, budur, istəyini yerinə yetirirəm deyə həkimin başına güclü zərbə endirib, yoluna davam etdi.
Həkim yıxıldığı yerdə, qan içində qalmışdı. Təmirçiyə səslənib:

- Bu da pis adam çıxdı. Daha bitdi, bütün mal – mülk mənim oldu, dedi.

İsa Zeytun ağacının arxasından çıxıb, səbirli, sakit səsi ilə dedi:

- Ey, tanrının qulu. Gözlə, əlbəttə bu dünyadan bir nəfər yaxşı insan çıxacaq.

Yenə addım səsləri eşidildi. Həkim:

- İnşallah bu qatildir, canımı almaq üçün gəlir, dedi.

Təmirçi:
- İnşallah yaxşı insandır. Kömək üçün gəlir, dedi.

Döngədən bir adam çıxdı. Həkimin yanında yerə çöküb dedi:
- Nolub sənə qardaş. Yaraların çox ağrıyır?

Bu adamın ona yaxşılıq edəcəyini anlayan həkim İsanın eşitməyəcəyi səslə dedi:
- Rədd ol.

İnsan heybəsindən zeytun yağı, şərab çıxartdı. Həkimin yaralarını təmizləmək istəyəndə, ağzından, burnundan qan axan həkim qışqırdı:
- Get, sənin köməyini istəmirəm.

- Sən ağrıyarkən mən sənə necə kömək etməyə bilərəm.

- Mənə yardım etmək istəyirsənsə get burdan. Hətta gedərkən qıçıma bir təpik də ilişdirsən məni sevindirərsən.

Adam mütləq kömək etmək istəyirdi. Həkim söyüb, qışqırarkən o, həkimin yaralarını təmizləyir, əynindən çıxartdığı köynəyi cırıb, yaraları bağlayırdı. İstəyirdi sonra həkimi çiyninə alıb, şəhərə aparsın. Ona heç cür mane ola bilməyəcəyini görən həkim zorla ayağa qalxdı. Yerdən götürdüyü daşı adamın başına vurdu. Onu yerə yıxıb, üstünə çökdü. Bu vaxt İsa ilə təmirçi də dağdan enib onların yanında gəldilər.

Həkim:
- Get bu dəqiqə buradan, yoxsa səni öldürərəm, deyirdi.

Yaxşı adam dedi:
- Səni burada belə buraxıb gedə bilmərəm.

Həkim də daşı onun başına vurub, ayağa qalxdı. Qanlı əllərini İsaya göstərib dedi:
- Bəhsi qazandım. Görürsünüz ki, yaxşı adam yoxdur.

- Haradan bilirsən? ,deyə təmirçi soruşdu.

- Özümdən bilirəm, özümdən bilirəm, deyə həkim cavab verdi və yerə yıxıldı. Bütün mal – mülkün əlindən çıxdığını düşünən təmirçi onu öldürmək üçün həkimin üstünə cumdu. İsa onu saxladı.

- Onu çiyninə al, şəhərə qədər daşı. Şəhərə çatanda polisə apar ,dedi.

Tərcümə etdi: Gülər Qasımova

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG