Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:09

İran ordusunun azərbaycanlı zabiti: «Məni ordudan atdılar»


Firuz Yusifi
«Pantürkizmdə təqsirləndirildim, türkcə bayram açıqlamaları yaydığıma görə tutuldum. Sonra vəsiqə altında buraxıldım. Məhkəmə hökmü çıxmamış məni ordudan atdılar».

AZƏRBAYCANLI ZABİT PANTÜRKİZMDƏ TƏQSİRLƏNDİRİLİR

İran ordusunun quru qüvvələrində xidmət edən baş çavuş rütbəli azərbaycanlı zabit, 30 yaşlı Firuz Yusifi millətçilikdə və separatizmdə günahlandırılaraq ordudan qovulub. Firuz Yusifi deyir ki, 10 ildir Tehrandakı hərbi hissələrdən birində hərbi avtomobillərin təmiri ilə məşğul olurmuş.

2008-ci ilin noyabr ayında Səttarxan hərəkatına həsr edilən mərasimə qatıldığı və ötən ilin mart ayında Novruz bayramını Azərbaycan dilində təbrik edən açıqcalar çap etdirib yaydığı üçün tutulub. Girov qarşılığında məhkəməyə qədər həbsdən azad edilib. Deyir, bir ildir ki, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları onu təqib edirmiş. Bu yaxınlarda isə ETTELAAT-ın ordu şöbəsinin göstərişi ilə Firuz Yusifinin işinə hərbçilərin işilə məşğul olan komissiyada baxılıb. Zabit separatçılarla əməkdaşlıqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, Tehran və Marağa şəhərlərində millətçiliyi yaymaqda, həmçinin pantürkizmdə təqsirli bilinib.

Lakin azərbaycanlı fəal ittihamları qəbul etmir və hesab edir ki, onun təqsiri sübuta yetirildikdən və məhkəmə hökmü qüvvəyə mindikdən sonra ordu sıralarından azad edə bilərdilər:

«Hələ məhkəməm olmayıb. Məhkəmə hökm verməmiş məni ordudan atdılar. Komissiya məhkəmə deyil. Orda məni rəsmən suçladılar və işdən atdılar. Ancaq mən bu ittihamları qəbul etmədim. Dedim ki, mən, yaxud mənim kimi milli fəallar öz ana dillərində təhsil almaq istəklərini bildirəndə onları pantürkizmdə suçlayırlar».

2 GÜN ƏVVƏL SAXLANILAN JURNALİST SƏRBƏST BURAXILDI

«Əvvəl aparanda dedilər ki, bir neçə söz soruşacağıq, mən getdim, gəldilər evi axtardılar, kompüteri apardılar. Dedilər ki, siz gərək deyəsiniz ki, şəhərdə kağız yayılıb, ana dili gününə görə, gərək deyəsiniz ki, onları siz yaymısınız».

Davud Xudakərəmi
Bunu isə İranın Zəncan rayonunda yaşayan və «Bayram» qəzetinin xəbər müxbiri Davud Xudakərəmi deyir. O, aprelin 17-də Zəncan polisi tərəfindən saxlandığını deyir. Aprelin 19-da isə o, sərbəst buraxılıb. Davud Xudakərəminin sözlərinə görə, onu polisə apararkən əvvəlcə Zəncan bazarında baş vermiş bir oğurluqda şübhəli bilindiyini deyiblər. Sonra evinə baxış keçirərək kompüterini, kitablarını götürüblər. Daha sonra isə təklif ediblər ki, bir müddət əvvəl ana dili günü ilə əlaqədar əhali arasında kağız yayanlardan biri olduğunu üzərinə götürsün. Aprelin 19-da polis ittihamlardan əl çəkib və jurnalist sərbəst buraxılıb.

İRAN HÖKUMƏTİNİN «TİRAXTOR» AZARI


Ancaq İranda azərbaycanlı fəallara təqiblər bununla bitmir. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası – ADAPP-ın sözçüsü Yaşar Həkkəkpur deyir ki, üç gün əvvəl Azərbaycanın «Tiraxtor» ve Tehranın «Perspolis» komandaları arasında keçirilən oyun zamanı Azərbaycan komandasına azarkeşlik edən qadınlar həbs olunaraq polisə aparılıblar:

«Azərbaycanlı qadınlar stadionun ətrafına yığışaraq «Tiraxtor» komandasına azarkeşlik edərkən İranın əmniyyət qüvvələri və polisi qadınlara hücum edib. Onların bir neçəsini Təbrizin İmamiyyə polisinə apararaq sorğu-sual etdikdən sonra sərbəst buraxıblar».

Həkkəkpur deyir ki, həmin azarkeşlərdən Fatimə Hüseyn Nicat, Elmira Nəzəri, Ərsalan Nəzəri, Babək Xudayi və xanımı Yalda, Əli Babayi və xanımı hələ də polis tərəfindən çağırılaraq sorğu-sual edilməkdədirlər. Onlardan əsasən oyunu izləməyə kimlər tərəfindən dəvət olunduqlarını soruşurlar.

Şərhləri göstər

XS
SM
MD
LG