Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:27

Əroğlu prezident seçildi, ətrafda hamının qanı qaraldı


Dərviş Əroğlu, 18 aprel 2010
Dərviş Əroğlu, 18 aprel 2010
Beynəlxalq aləmin tanımadığı Şimali Kiprdə Dərviş Əroğlunun yeni prezident seçilməsi Kiprin yunan hissəsində «geriləmə», «neqativ inkişaf» kimi qiymətləndirilir.

Beynəlxalq aləmin tanıdığı Kipr hökuməti bildirib ki, «Əroğlunun federasiyanın əleyhinə olması məlumdur. Əroğlu Kiprdə iki dövlətin yaradılmasını istəyir. Belə bir şəxsin Kipr türklərinə başçı seçilməsi sülh prosesinə problem yaradacaq».

Beynəlxalq Böhran Qrupunun Türkiyə proqramının direktoru Hyuq Pop isə deyir ki, Əroğlunun seçilməsi Türkiyəni də sınağa çəkir. Çünki Kipr problemi həll olunmasa və Kipr birləşməsə, Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi problemə çevriləcək.

ANKARA TƏLƏTİ DƏSTƏKLƏYİRDİ

Kiprdəki seçkilərdə Ankara da indiki prezident Mehmet Əli Tələti dəstəkləyirdi. Tələtin 2008-ci ildən Kipr yunanları ilə apardığı danışıqlarda Kiprin yunanlar və türklər yaşayan ərazilərinin bir dövlətdə birləşməsi, hər iki əraziyə muxtariyyət, mərkəzi hökumətə isə effektiv idarəçilik səlahiyyətləri verilməsi nəzərdə tutulur.

Tələtin seçkiləri uduzması məlum olan kimi, Türkiyənin baş naziri Ərdoğan deyib ki, «Kimin prezident olmasından asılı olmayaraq Kipr türkləri sülh danışıqlarını davam etdirməlidirlər. Bizim məqsədimiz ilin sonuna həll tapmaqdır».

Kiprin türk hissəsini müstəqil dövlət kimi tanıyan yeganə ölkə olan Türkiyənin Kipr türklərinə təsiri böyükdür. Türkiyə Kiprin türk icmasına ildə 700 milyon dollar yardım verir və burda 30 minlik qoşun saxlayır.

Seçkilərdə 50,38 faiz səs yığan Əroğlu seçkilərin nəticələri bilinən kimi deyib ki, «bizim danışıqlar masasını tərk edəcəyimiz heç kimin ağlına da gəlməsin».
O, danışıqlar prosesinin məqsədini belə izah edib: «Danışıqlar aparacağıq ki, razılıq əldə edək. Bu razılıq xalqımızın bu torpaqda hörmətlə yaşamaqda davam etməsini təmin edəcək».

YENİ PREZİDENT DEDİYİNİ EDƏ BİLƏCƏKMİ?

72 yaşlı Əroğlu deyir ki, o, pis günləri, görüb-gəlib:

Şimali Kiprin müstəqilliyini yalnız Türkiyə tanıyır
«Şimalla cənub arasında, türk və yunan kiprlilər arasında nə baş verdiyini bilən bir şəxs kimi deyə bilərəm ki, mən sülh həllinin daha çox lehinəyəm, nəinki mənim sülh həllinin əleyhinə olduğumu qışqıranlar. Mən həllin tərəfdarıyam, çünki o hadisələrin şahidiyəm».

«Pis günlər», «hadisələr» deyəndə, Əroğlu Kiprdə hələ 1963-cü ildən başlanan prosesi nəzərdə tutur.

Britaniyadan 1960-cı ildə müstəqillik alandan cəmi 3 il sonra Kiprdə yunanlarla türklər arasında səlahiyyət bölgüsü razılığı tamam pozuldu.

1974-cü ildə isə Afinada hakimiyyətdə olan hərbçilərin dayağı ilə Kipr yunanları hərbi çevriliş edəndə, Ankara Kipr türklərini qorumaq üçün Kiprə qoşun yeritdi.

Kipr türklərinin yeni lideri Əroğlu sağ mərkəzçi demokratdır və sərt xətt tərəfdarıdır.

Ancaq Norveçin paytaxtı Oslodakı Sülh Araşdırmaları İnstitutunda Kipr Mərkəzindən olan Mete Hatay deyir ki, «Əroğlu həm də praqmatikdir. O, danışıqları davam etdirəcək. Çünki Kiprdəki sülh prosesinə Türkiyə cəlb olunub. Türkiyə imkan verməz ki, Əroğlu ona böyük başağrısı yaratsın. Əroğlu danışıqları Ankaranın düzgün hesab etdiyi yolla davam etdirməyə səy göstərəcək və davam etdirəcək».

ƏROĞLU KİMDİR?


Öz müstəqilliyini 1983-cü ildə elan edən Şimali Kiprdə indiyədək seçilən üçüncü prezident olan Əroğlu Kiprin şimalında anadan olub. Atası İkinci Dünya müharibəsində Britaniya ordusunda döyüşüb və Polşada almanlarla döyüşlərdə həlak olub.

Siyasətə 1976-cı ildə gəlib. 1986-cü ildə seçilən ilk baş nazir olub. 2005-ci ildəki prezident seçkilərində Tələtə uduzmuşdu.

İndiki seçkilərdə isə deyirdi ki, bundan sonra daha seçkidə iştirak etməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG