Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:06

“Dünya ilə münasibətlərimə aydınlıq gətirməklə məşğulam”


"Oxu zalı"nda Milli Kitab Müsabiqəsinin onluğuna düşən yazarlarla söhbətləri davam etdiririk. Bu dəfə müsahibimiz yazıçı Fəxri Uğurludur.

- Fəxri bəy, xoş gördük. İşlər necə gedir? Yazı işlərini soruşuram.

- Sadə suallara cavab vermək çox çətin olur. Deyə bilmərəm ki, yaxşı gedir.

Qısa məlumat: 1968-ci ildə Bakıda doğulub. BDU-nun şərqşünaslıq fakültəsini bitirib. Bir sıra mətbuat orqanında çalışıb. “Tək ağac” (1991), “Diləklərin azması” (1992), “Oğuznamələr” (prof. K. V. Nərimanoğlu ilə birlikdə, 1993), “Üç kəndin bir dərdi” (şəhidlər haqqında, 1995), “Uşaqların mahnısı” (1999), “Mövlana Cəlaləddin Rumi və onun “Məsnəvi”si” (2007) kitablarının müəllifidir.
- Nədi səbəbi?

- İstədiyim şəraitdə, istədiyim vaxt istədiyim yazını yaza bilmirəmsə, deməli, işlər heç də yaxşı getmir.

- Şərait imkan vermir, yoxsa yazmaq imkanları yetərincə deyil?

- Şərait gərək ilk növbədə adamın içində olsun.

İçəridə şəraitin olması isə çoxlu faktorla bağlıdır, o cümlədən də ətrafdakı şəraitlə. Yəni ətrafdakı şərait səni yazıçı eləyə bilməz, ancaq sənin yazıçı olmağına haracan desən mane ola bilər.

Əslində yaradıcı insan elə bir həddə çatmalıdır ki, ədəbiyyat havası ilə yaşayanda çöldəki havanın onun əhvalına təsiri olmasın.

Söhbət duyğuların atrofiyasından, biganəlikdən getmir; mən sadəcə demək istəyirəm ki, yetişmiş adam ətrafda baş verənlərə heyvan kimi emosional reaksiya verməməlidir, hər şeyə canında gəzdirdiyi Allahın nəzəriylə baxmağı bacarmalıdır.

Görünür, mən hələ o kamillikdən çox uzağam.

- Amma kamilliyə çatmamağınız hər halda onluğa düşməyinizi əngəlləyə bilmədi...

- Əslində bu qiyməti həmin yazıları yazdığım dövrdə içimdə, başımda cövlan eləyən havaya, ovqata veriblər. Elə bil mənə deyiblər ki, çalış həmişə bu halda, bu dəmdə, bu havada olasan.

Mənim indiki, bu günkü, bax elə bu saatkı əhvalımı görən o yazıları yazdığıma bəlkə də inanmaz.

"YAZAN ADAM ÖZÜNƏ BELƏ SUAL VERİRSƏ, DEMƏK, O YAZI OVQATINDA DEYİL"

- Bəs bundan sonra nə olacaq? Bu günkü əhval nə vəd edir?

- Mövzu sarıdan mən heç vaxt kasadlıq çəkməmişəm. Başımda gəzdirməkdən əziyyət çəkdiyim yazılar yetərincədir, bundan sonra hələ əlli il də yazmağa bəs eləyər.

Problem bunda deyil, problem ondadır ki, bütün bunlardan ötrü əziyyət çəkməyə dəyərmi? Bax bu sual mənim indiki ovqatımı yaxşı ifadə eləyir.

Yazan adam gərək özünə belə sual verməsin, əgər verirsə, demək, o, yazı ovqatında deyil.

- Bundan sonra hansısa partlayışa ümid var?

- Partlayış deyə bilmərəm, amma mən iş görməyə həmişə hazıram, baxmayaraq ki, təbiətcə çox tənbələm.

Di gəl, mən bəzi xoşbəxt yazıçılar kimi iki daşın arasında, dizimin üstündə, yolda, nə bilim, maşında, oteldə... yaza bilmirəm.

Mənim yazmağa başlamağım üçün bəzən hətta bir neçə ay hazırlıq prosesi keçməyim lazım gəlir. Gərək qəlbimi beynimə çağıram, ona orada yaxşıca şərait yaradam, yerini yumşaq eləyəm, heç olmasa ayağımın birini zamandan çölə qoyam.

Mexanizm işə düşəndən sonra məhsuldar işləyə bilirəm.

“Tanrı dağları” silsiləsindən 12 hekayə vermişəm müsabiqəyə.

O hekayələri yazmaqdan ötrü mən vur-tut iki dəfə diz qatlamışam: yarısını 2006-cı ilin yazında, qalanını da 2007-ci ilin yazında yazmışam. Sonra müəyyən problemlər oldu, ruhumdan aralı düşdüm. Uzun müddət o ovqata qayıda bilmədim. Ancaq bunu da özümə dərd eləmirəm.

Biz yazmamaqla bəşəriyyət heç nə itirəsi deyil.

- Bəs yazanda nə qazanır bəşəriyyət?

- Heç yazanda da çox şey qazanmır.

- Onda niyə yazırıq?

- Əlbəttə, bu suala ən düzgün cavab yazı əhvalında verilə bilər.

Yazanda elə bilirsən ki, dünyanın ən vacib işini görürsən, yer də, göy də sənin dediklərinə möhtacdı, əmrinə müntəzirdi, Müşfiq demişkən, cahan bəxtiyar bir görkəmdə hüzurunda durub.

Di gəl, sonradan kənar gözlə baxanda, ədəbiyyatdan soyuduğun məqamlarda bu bəxtiyarlığı duymaq olmur. Amma mən pessimist deyiləm.

Hesab edirəm ki, hər yaxşı yazı, hər yaxşı cümlə onu yazanı bəşərin idealına bircə barmaq da olsa yaxınlaşdırır.

BEYİNDƏ QURULAN SİSTEMİN MÜXTƏLİF RAKURSLARDAN GÖRÜNTÜLƏRİ

- Onluğa düşən hekayələrdə nə demək istəmisiniz?

- Bunlar süjetcə fərqli olsa da, məzmunca bir-birinə bağlı hekayələrdir. Ona görə də eyni ad altında təqdim olunub. Yazılar mənim beynimdə qurduğum bir sistemin müxtəlif rakurslardan görüntüləridir.

Əlbəttə, bunlar mənim gördüklərimin, görmək istədiklərimin yalnız az bir hissəsidir. Mən çox erkən yazmağa başlamışam, 18 yaşımdan çap olunmuşam, tələbə ikən üç kitabım çıxıb.

Dediyim sistemin üzərində isə 24 yaşımdan baş sındırıram.

Məqsəd insan davranışlarının mahiyyətini anlamaqdır. Bunu anlamaq bütövlükdə dünyanın sirrini anlamağa aparıb çıxarır. İnsan, onun ovqatı, onun davranışları başdan-başa kodlardan, şifrələrdən ibarətdir, bu kodları açmaq, şifrələri oxumaq dünyanın sirrinə əl aparmaqdır. Bir hədisdə deyildiyi kimi: kim özünü tanısa, Allahı da tanıyar.

Mən bu hekayələri “yazıçı işləmək” naminə yazmamışam.

Əvvəl-əvvəl fikirlərimi esse janrında ifadə eləməyə çalışırdım. Bu janra məhəbbətim indi də azalmayıb, sadəcə, elə duyğular var ki, onları bədii ədəbiyyatdan başqa heç bir üsul, vasitə gərəyincə ifadə eləmir.

- Hekayələri sadalaya bilərsinizmi?

-“Dərviş”, “Şeyx Sənan”, “Leylinin məcnunluğu”, “İsgəndərin qanunu”, “Peyğəmbər”, “Fərhadın Xosrovu öldürməsi”, “Məryəmin oğlu”, “Dul”, “Ana, sənin ərin kimdi?”, “Oğlum sonuncu dayanacaqda düşəcək...”, “Ehsan”, bir də “Atillanın qəbri”.

Hər biri maksimum dərəcədə sıxılıb hekayə qəlibinə sığışdırılmış bir romandır.

Klassik əsərlərdən tanıdığımız obrazlar mənə sadəcə fikrimi ifadə eləmək üçün lazım olub.

Məsələn, “İsgəndərin qanunu” hekayəsində mənə bütün dünyanı fəth eləmiş, özündə materiyanın qanunlarını təcəssüm etdirən, dünya ovcunun içində olsa da, darıxan mifik hökmdar, “materiya allahı” obrazı lazım idi.

Bu obrazı yaratmaq üçün türk-müsəlman coğrafiyasında yaşayan yazıçının ağlına İsgəndərdən münasib bir surət gələ bilməz.

Konkret bu hekayədə mənə İsgəndərin yalnız adı gərək olub. Bir neçə başqa hekayədə klassik ədəbiyyatdan götürdüyüm süjetlərə də tam sərbəst yanaşmışam.

"KƏNARDAN HEÇ KİMƏ RƏY SIRINMASIN"

- Milli Kitab Müsabiqəsindən ağlınız nə kəsir?

- Müsabiqə hələ ki, bitməyib. Mən də hələlik istər özüm, istərsə də başqaları üçün bir problem görməmişəm.

Düzdü, cəmiyyətdə bu mövzuda mübahisələr, şübhələr də az deyil.

Bu da indiyəcən normal, sanballı, obyektiv ədəbi müsabiqələrin keçirilməməsindən irəli gəlir. Məncə, sonadək səbrlə gözləmək lazımdır.

Müzakirəyə də, tənqidə də, tərifə də vaxtımız-imkanımız hələ çox olacaq.

Mənim münsiflərdən yalnız bir umacağım var: nə qərar verirlərsə versinlər, qoy bu qərar onların öz qərarı olsun, daha kənardan heç kimə rəy, fikir sırınmasın, sifariş verilməsin, təzyiq olunmasın.

- Qəzet rəhbəri olmusunuz, hekayə yazırsınız, müsabiqədə iştirak edirsiniz. Nə axtarırsınız belə?

- Deyə bilərdim ki, özümü axtarıram, amma mənə elə gəlir, daha çox özümlə dünya arasındakı əlaqələrə aydınlıq gətirmək istəyirəm.

Mən özümü dünyada axtaranlardan deyiləm, dünyanı özümdə axtarıram.

Yer üzündə hər otun, hər daşın, hər tozun mənim könlümdə boş qalmış yeri var.

O boşluğu doldurmaq üçün dünyanın ürəyinə əl aparıram. Bir sözlə, dünya ilə münasibətlərimə aydınlıq gətirməklə məşğulam.

- Nə yerdədir, bir şey çıxır?

- Çıxanda çıxır. Hərdən dünyanı özümə çox yaxın bilirəm.

- Bu, hansı hallarda olur?

- Yaradıcılıq əhvalında, əlbəttə. O dərəcədə yaxın ki, nə vaxtsa ayrılmaz-bölünməz şəkildə bir yerdə olduğumuza şəkk-şübhəm qalmır.

Bəzən də arada uçurum yaranır. Bu da, təbii ki, insanın öz qəlbindən, ruhundan, yəni öz Allahından uzaq düşdüyü vaxtlarda olur.

- Kim daha çox ədalətsizdir, siz, yoxsa dünya?

- İnsandan qıraqda kainatın heç harasında ədalət yoxdu.

Canavarın, quzğunun, ilanın, ildırımın, zəlzələnin nə ədaləti? Yer üzünü hər yamanlıqdan yalnız insanın dünyaya Tanrı nəzəriylə baxması qurtara bilər. Bütün dünya insanın ədalətinə möhtacdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG