Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:59
“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.

ƏVVƏLİ: Jurnalistin türmə gündəliyi-1, Jurnalistin türmə gündəliyi-2 (Bir aprel hoqqası), Jurnalistin türmə gündəliyi-3 (Qusik), Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet), Jurnalistin türmə gündəliyi-5 (Divarüstü rəqabət ), Jurnalistin türmə gündəliyi-6 (MTN-dən qaçış qalmaqalı), Jurnalistin türmə gündəliyi-7 (Həkimin qəribə alətləri), Jurnalistin türmə gündəliyi-8 (Cırtdan tank), Jurnalistin türmə gündəliyi-9 (Müstəntiqin düyməsi)

TEZİS: BİRİNCİ MƏRHƏLƏ


Bütün zamanlarda bütün millətlərin, müxtəlif sivilizasiyalara məxsus cəmiyyətlərin birmənalı şəkildə qəbul etdiyi mənəvi dəyərlərdən biri də YALANdır.

Yalan danışmaq ən yaxşı halda günah, ən pis halda isə - haramdır. Allah təala xəlq elədiyi Adəm və Həvvanı cənnət bağında deyil, MTN-də rastlaşdırsaydı, insan cəmiyyətində yalan məfhumunun yeri tamamilə başqa bir müstəvidə yerləşərdi.

Çünki bu soyuq divarlar arasında məhbusun yalan söylədiyi hər bir söz – bir insanın, hər bir ifadə - bir ailənin faciəsinin qarşısını almaq gücündədir.

İkinci görüşümüzü Rasim Allahverdiyev əvvəlkindən qat-qat sakit başladı. Amma bu təmkinində də qəzəbində olduğu kimi nəsə bir sünilik vardı.

Martın 14-ü idi.

Məni “Artezian”ın cinayət işinin fəqərə sütunu MİRZƏHÜSEYN BƏY ZEYNALOVLA üzləşdirməzdən əvvəl bu “onurğanın” MTN əməkdaşlarına verdiyi yazılı ifadə ilə tanış etdi.

Yazını oxuyan kimi başa düşdüm ki, möhkəm cığallıq etmək lazımdır.

İstintaq qaydalarına əsasən, bir-birinə şəxsi-qərəzlik münasibətləri olan vətəndaşların üzləşdirilməsi yolverilməzdir.

Ona görə müstəntiq üzləşmə protokolunda mütləq özünün “aranızda şəxsi-qərəzlik münasibətləri varmı?” sualını və üzləşənlərin “xeyr” cavablarını yazmalıdır.
Əks halda protokolun bir qara qəpik qiyməti olmaz.

Belə xırdalıqlar haqqında son illər mətbuatda çox şey oxuduğumdan müstəntiqin verdiyi suala cavabım əvvəlcədən hazır idi.

- Dilim-dilimov, bu vətəndaşı tanıyırsız? – deyə Rasim müəllim MİRZƏHÜSEYN BƏY ZEYNALOVU göstərib rəsmi tonda soruşdu.

Sonuncu, kişi yatağına yenicə gətirilən bakirə qız kimi utandı, boynunu büküb baldırları arasında cütləşdirdiyi əllərini daha da bərk sıxdı: Dedim:

- Aha tanıyıram bu əclafı!

O gün 39 nömrəli avtobusda ayaq barmağımdakı mozolun düz üstünə çıxdı, mən də ona möhkəm söydüm, o da mənə: “dayan, gör sənin başına nə oyun açıram” deyə hədə gəldi. Mən də hamının yanında (hətta sürücü də eşitdi) elan etdim ki, ay camaat, görürsüz, bu adam mənimlə şəxsi qərəzlik edir!

Müstəntiq MİRZƏHÜSEYN BƏY ZEYNALOVA suallarını verib protokolunu doldurdu.

Protokolun mənə aid olan hissəsi boş qaldı, “şəxsi qərəzlikdir” deyə imzalamaqdan imtina etdim. Rasim müəllimin təmkini elə bura qədərmiş, yenə özündən çıxdı:

- Qol çəkmirsən, cəhənnəmə çək! Sənin üzünə 100 nəfər adam durğuzacam, durğuzmasam, atamın oğlu deyiləm!

Bütün Lənkəran səni tanıyır. Lənkəran prokuroru mənə deyir: işi ver bizə, bircə günə sübut eləyək ki, “Artezian” onun əməlidir!

- 100 nəfər?

- Bəli, bəli, 100!

- Çox gözəl, indi isə xahiş edirəm bütün bu dediklərini yaz protokola, qol çəkim. Lənkəran prokuroru haqqında dediklərini də...

- Ay sən öləsən! Aylarla bura gələsi döyüləm, nə vecimə. Sən də qal, kamerada çürü. Gözlə ki istintaq nə vaxt qurtaracaq. Özün yalvaracaqsan ki, Rasim müəllim, qurbanın olum, işi qurtar, ver məhkəməyə.

- Mirzə, bax şahidsən ha, müstəntiq mənə müxtəlif hədələr gəlir, özü də dediklərini protokola yazmır.

MİRZƏHÜSEYN BƏY ZEYNALOV özündə deyildi, deyəsən kameraya tələsirdi, çünki dəhlizdən makaron qoxusu və nahar arabasının səsi gəlirdi.

SİZOniyada şam yeməyinin vaxtı yetişmişdi.

Son sözlərim müstəntiqə ilbizə duz təsir edən kimi toxundu.

Özünü xeyli yığışdırdı. Ehtiyatla MİRZƏHÜSEYN BƏY ZEYNALOVA baxıb nəzarətçi vasitəsilə onu kameraya göndərdi. Mənimlə bağlı ümidlərini isə hələ üzməmişdi.

Növbəti istintaq cəhdlərinə başladı.

- Dilim, o Mirzəhüseyn deyən Elçin kimdir?

- Eşitmədim, kim?

- Özünü qanmazlığa qoyma! Elçini tanıyırsan?

- Bəs necə, onu tanımamaq olar?

Gözləri parıldadı. Pərvərdigarə, necə də bəsit adam imiş! Tələsik qələm götürüb yazıya müntəzir vəziyyətdə mənə diqqət kəsildi:

- Aha! Kimdi?.. Nəçidi?.. Harda işləyir?!

- Nazirlər Kabinetində.

Qarşısındakı ağ vərəqdə “naz.kab.” qeydini edən müstəntiq gözü kağızda olsa da, sevincək başı ilə işarə eti, yəni “davam elə”. Dedim:

- Baş nazirin müavinidir.

Qeyri-iradi qeydlərini davam etdirdi:

- Aha-aha, “baş na-zi-rin müav”... dayan-dayan! Nə “müavin”, nə “baş nazir”, ə, məni ələ salmısan?!

- Əşi, soruşdun “Elçin”, mən də cavab verdim də, qəribə məxluqsan ey!..

- Ə, məni axmaq yerinə qoymusan?!?!?!

- Hələ yox, niyə hirslənirsən? Azərbaycanda bir dənə Elçin var ki, onu tanımaq üçün ancaq adını çəkirlər – yazıçı, baş nazirin müavini, İlyas Əfəndiyevin oğlu. Əgər bu Elçin səni qane etmirsə, zəhmət çək, sualını dəqiqləşdir.

Yoğun qaşları altından qəzəblə bir xeyli mənə baxdı.

Hirsindən “ZiI”avtomaşınının əyləci kimi fısıldayır, dodağını gəmirirdi. Sonra “part!” – barıt çəlləyi kimi yenidən partlayıb ayağa qalxdı:

- Sən bilirsən ki ha, ermənilər hücum edib Tovuzun iki kəndini büsbütün yandırıblar, əhalidən qırılan kim, girov düşən kim?! – deyə qışqıraraq otağın özünə aid olan hissəsində tüyünməyə başladı.

- Rasim müəllim, mən bir şeyi anlamadım, olmaya kəndləri ermənilərə o dediyiniz Elçin verib?

- Yox! Yo-ox!!! Özünü tülkülüyə vurma, gözəl bilirsən, mən hansı Elçini deyirəm. Bütün prokuratura, em-ve-de, ke-qe-be ayağa qalxıb, Elçini axtarır, sən də düşmüsən “nazirlər kabineti”...

- Em-ve-de, ke-qe-be “Artezian”la, Elçinlə, Mirzəhüseynlə (!) məşğul olanda, ermənilər də kəndlərimizi alacaq da, - bəs bilmirdin?

Gözlərini yenidən mənə zillədi.

Bu dəfə sakit idi, dalğın nəzərlərlə mənə baxır, sanki başa düşməyə çalışırdı: qarşısındakı arıq, üzü tüklü, mırıqdiş bu cavan kimdir?

Hiss olunurdu ki, çığır-bağıra daha taqəti qalmayıb. Ayrılarkən uzun bir siyahı göstərdi.

Tanışlarımın, tələbələrimin, jurnalist həmkarlarımın adlarından ibarət bu siyahıdakı adamların hamısını həbs edəcəyi ilə hədələdi:

- Nə qədər ki susacaqsan, bu adamları bir-bir içəri salacağıq. Özünə yazığın gəlmir, camaata yazığın gəlsin.

Ancaq ötəri baxmağıma icazə verdiyi bu hədə siyahısında birinci yerdə adı Elçin olan jurnalistlər dururdu, qalanlarının adını ayırd edə biləmmədim.

Hardasa ortalarda YAŞAR TÜRKAZƏRİN də adı vardı. Onun adını nəzərdən qaçırmaq qeyri-mümkün idi.

Tezliklə məlum oldu ki, müstəntiqin hədələri boş sözlər deyilmiş. Artıq iki jurnalist həmkarımı həbs etmişdilər.

Onların günahı - mənim susmağım idi.

(ardı gələn bazar ertəsi)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG