Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53
ƏVVƏLİ BURDA

Əhməd Məmmədov

"YADPLANETLİLƏR AZƏRBAYCANDA"

(Fantastik hekayə)

4

...- Mәn artıq ölmüşәm, oğul, çәtin ki, mәn bundan sonra ayağa dura bilәm... Sәn mәnim vәsiyyәtimi yaxşı yadında saxla, onu olduğu kimi Zibәrә söylә...

Denәn ki, evi-eşiyi Rәsula verirәm, o yanımızda qalan nәvәmә, ona öz atamın adını qoymuşam...

Qoy o da, böyüyәndә bu evi öz oğluna, nәvәsinә versin...

Nә badә evi satalar, böyük oğlum deyirdi ki, evi sat, köç bizim yanımıza...

Qoy Zibәr ona qulaq asmasın, mәn onlara evi satmağı qadağan edirәm...

Qәbrimi qoy qәbirstanlığın meşәyә yaxın tәrәfindә qazsınlar, baş daşımın üstünә isә özüm şe`r qoşmuşam, evdә pasportumun arasındadır, qoy onu yazsınlar...

Sonra Zibәrә denәn qoy mәni bağışlasın, ona cavan vaxtı çox zülm elәmişәm, oğul! ...Yazığı heç nәyin üstә söyüb acılayırdım, elә bil vәhşi idim... Denәn әgәr o, mәni bağışlamasa mәni cәhәnnәmә salacaqlar...

Eşidirsәn mәni, elә belәcә dә de! Allah mәni cәhәnnәmә atacaq! Qoy mәni bağışlasın... Qoy özü dә mәnim qәbrimin yanında özünә yer götürsün... – Tapdıq kişi bunu deyib ağlamağa başladı, – bu dünya nә zalım dünyadır... - dedi.

- Tapdıq dayı, hәr şey yaxşı olacaq, sәn özünә gәl, biz bu daşların sirrini tapacağıq! – Elçin bunu deyib dikәlib oturdu. – Mәn nә olur-olsun o daşın altını qazacam! Qazmasam kişi deyilәm! Nә olur olsun!

- Qoy mәn ölüm, oğul, sonra qazarsan...

- Allah elәmәsin sәn ölәsәn, qoy sәnin düşmәnlәrin ölsün...! – o, yenә bayaqkı kimi yerindәn sıçrayıb durdu. – Mәn daha heç nәdәn qorxmuram! – Elçin bunu deyib inamla daşlara tәrәf baxdı. - Elә bil biz belә qorxduq deyә kimsә bizi әlә salıb gülür... – dedi, - sәn heç nә hiss elәmirsәn...?

- Һiss elәyirәm! - Tapdıq kişi dә dikәlmәyә çalışdı.

Elçin әyilib ona kömәk elәdi. – Elә bil mәnә deyirlәr ki, dur, qorxma, kişi deyilsәn?! – o, elә bil әsәblәşdi. - Kömәk et mәnә oğul, kömәk et! - Tapdıq kişi baltanı götürüb Elçinin kömәkliyi ilә ayağa durdu. – Necә yәni kişi deyilәm?! - deyә o, namәlum qüvvәyә müraciәtәn dedi, - gәl bura, gör başını vurub qarpız kimi necә iki yerә bölürәm...!? – Tapdıq kişi bunu deyib bulağa tәrәf getdi vә o da ovcunu doldurub sudan içdi, sonra qәzәblә dedi: - Kimsә bizi barmağına sarıyıb, oğul!

Gәl, gәl onun acığına nә olur olsun gedәk o daşın altını qazaq!

- Gedәk qazaq, Tapdıq dayı! - bunu deyib Elçin әyilib yerdәn beli götürdü vә onlar inamla daşlara tәrәf yönәldilәr. Elә bu zaman kimsә onları ucadan çağırdı:

- Ehehey, heyyy, dayanın, mәni dә gözlәyin! – dedi.

Onlar çevrilib sәs gәlәn tәrәfә baxdılar. Tәrlan qonan qayanın yanından uca boylu bir kişi onlara tәrәf gәlirdi. Onun әynindә hәrbiçi geyiminә bәnzәr kostyum, belindә isә çanta vardı. İlk baxışdan o, geoloqa oxşayırdı. O, Elçingilin dayandığını görüb әlindәki ağacı havada yellәdi vә addımlarını daha da sürәtlәndirdi.

- Kimdir bu, Tapdıq dayı? – deyә Elçin soruşdu.

Tapdıq kişi diqqәtlә o adama baxıb dedi:

- Bura adamı deyil. Mәn bütün әtraf kәndlәrin camaatını hamısını yaxşı tanıyıram...

- Geoloqa oxşayır...- Elçin dedi.

- Deyәsәn, hә! – Tapdıq kişi onun sözünü tәsdiqlәdi vә әlavә elәdi. - Yәqin o da bayaqkı hәngamәni görüb... Qoy gәlsin görәk nә deyir...

Elçin bu yad adam onlardan şübhәlәnmәsin deyә, beli çantanın içinә qoyub bulağın yanındakı qaya parçalarının arxasında gizlәtdi. Sonra isә xәncәri şalvarının belinә soxdu vә sırıqlısının qabağını düymәlәdi. Tapdıq kişi dә baltanı pencәyinin altında gizlәtdi.

Yad adamın uzağı qırx yaşı olardı. Qara, qıvrım saçlı bu adamın üzü tüklü, gözlәri isә elә bil yuxulu idi, - onun sifәtinә baxanda belә bir tәәsürat oyanırdı ki, sanki bu adam yenicә yuxudan oyanıb. O, yaxın gәlib onlarla әl verib görüşdü.

- Xoş gördük, - dedi, - nә yaxşı sizә rast gәldim, mәn üç gündür ki, azmışam, yolu tapa bilmirәm...!

Tapdıq kişi yerindәn tәrpәnmәdәn ona әl verib salamlaşdı. Elçin dә belәcә onu soyuq qarşıladı.

- Kimsәn, nәçisәn, a bala? – Tapdıq kişi sakit nәzәrlәrlә onu süzüb soruşdu. Yad adam kәmәrindәn asılmış plastmas su qabını çıxarıb bulağa tәrәf getdi. O, su qabının qapağını açıb onun içindәki suyu boşaltdı vә onu yenidәn bulaqdan doldura-doldura dedi:

- Mәn sәyahәtçiyәm, - yad adam tәlәsmәdәn cavab verdi, - bu dağları gәzmәyә çıxmışam... Bu dağlar mәnim çox xoşuma gәlir...

- Bәs bәlәdçisiz filansız necә gәzirsәn bu dağları? – Tapdıq kişi ondan şübhәlәndi. Onun bu sualı, deyәsәn yad adamın xoşuna gәlmәdi. O, diqqәtlә Tapdıq kişiyә baxdı vә elә bil bir qәdәr dә acıqlandı.

- Bәlәdçilәr mәnә mane olur! – o dedi vә su qabını başına çәkdi.

Bu cavabdan Tapdıq kişinin şübhәlәri daha da artdı vә gözünü ondan çәkmәdәn dedi:

- ...Sәn sәyahәtçi deyilsәn..., özü dә deyәsәn bayaqdan bu hәngamәni sәn bizim başımıza açırsan... – Tapdıq kişi bunu deyib baltanı pencәyinin altından çıxardı. – Düzünü de, görüm kimsәn vә buralarda nә edirsәn?! – deyә o, sәrt sәslә soruşdu.

Elçin dә әlini sırıqlının altına atıb xәncәrin dәstәyindәn yapışdı vә hazır dayandı.

Yad adam onun da xoşuna gәlmәmişdi vә o, artıq-әksik bir hәrәkәtә yol versәydi Elçin heç nә düşünmәdәn dәrhal onun üstünә atılacaqdı.

Lakin yad adam onların bu hәrәkәtinә qәtiyyәn әhәmiyyәt vermәdi vә gözlәrini Tapdıq kişiyә zillәyib qәzәblә dedi:

- Cәnnәt dә var, cәhәnnәm dә, Tapdıq kişi! – o, bunu deyib gözünü Tapdıq kişidәn çәkmәyәrәk ona yaxınlaşdı. Qoca elә bil nә isә qeyri-adi bir söz eşitdi, o, yumşalıb baltanı yerә atdı, bir sıravi әsgәr kimi başını dikәldib farağat vәziyyәtdә dayandı vә hörmәtlә dedi:

- Tәmamilә doğrudur, yoldaş general! Cәnnәt dә var, cәhәnnәm dә!

Yad adam yaxın gәlib Tapdıq kişinin gözlәrinә bir qәdәr dә baxdı sonra da Elçinә tәrәf döndü.

Elçin yerindә donub ona baxır, Tapdıq kişinin niyә birdәn-birә ona hörmәtlә, general, deyә müraciәt etmәsinә tәәccüb edirdi. O, çaş-baş qalmışdı vә gördüklәrinә inanmırdı... - niyә Tapdıq kişi birdәn-birә çevrilib belә mütilәşdi?

Ona nә oldu? ...Һәm dә bu yad adam hardan Tapdıq kişini tanıyır?!

- Sәn fikirlәşirsәn ki, mәn kimәm, elәmi? – deyә o, indi dә Elçinә yaxın gәlib soruşdu. – Mәn yadplanetliyәm...

Elçin bir qәdәr susduqdan sonra udqunub ondan soruşdu:

- Sәnә nә lazımdır? - Yenә onun vücudunu vahimә bürüdü.

- Mәnә sәn lazımsan! -o, qәti sәslә dedi vә әlavә etdi. – Bütün bu hadisәlәr dә әvvәlcәdәn bizim düşündüyümüz bir plandır! ...Tapdıq kişinin yuxusu da, onun sәninlә tәsadüfәn tanış olması da... - bunların hamısı sәni bura gәtirmәk üçün tәşkil olunub! – Sonra o, Elçinin qorxduğunu görüb әlavә elәdi, - bizdәn qorxmaq lazım deyil, biz sәni iki saatdan sonra azad edәcәyik.

Elçin bunu eşidib bir qәdәr özünә gәldi vә әlini sırıqlının altından çıxarıb soruşdu:

- Mәn sizin nәyinizә lazımam?

- Sәnin şüurunda bir “mәlumat” gizlәdilib, biz onu öyrәnmәliyik...

- Mәnim şüurumda?! – Elçin onun sözlәrini başa düşmәyib soruşdu.

- Bәli, şüurunda! – yadplanetli tәkrar elәdi.

- Kim gizlәdib onu orda?

- Bu uzun söhbәtdir, dәrhal sәn heç nәyi başa düşmәyәcәksәn. Mәn sәnә hәr şeyi sonra başa salacam, tәlәsmә! İndi mәnimlә gedәcәksәn!

Elçin hәlә dә farağat vәziyyәtindә duran Tapdıq kişiyә baxdı vә sonra yadplanetliyә dedi:

- Mәn heç yana getmәk istәmirәm...

Yadplanetli dә Tapdıq kişini süzdü vә sakit sәslә dedi:

- Mәn Tapdıq kişini gipnoz elәmişәm, ona nә әmr etsәm dәrhal yerinә yetirәcәkdir... – o, bunu deyib Elçinin gözlәrinә diqqәtlә baxdı, – bu gün artıq ikinci dәfәdir ki, onu gipnoz edirәm!

Bayaq o, qәfil sәnin arxanda peyda olanda da gipnoz vәziyyәtindә idi. ...Sәni dә gipnoz edә bilәrәm, ancaq yaxşı olar ki, sәn özün könüllü olaraq mәnimlә gedәsәn... – Yadplanetli bir qәdәr sәssiz-sәmirsiz Elçinә baxıb әmredici tәrzdә sözünә davam elәdi, - xәncәri dә, baltanı da qoy çantanın içinә...

Elçin bir qәdәr ona baxdıqdan sonra әyilib baltanı Tapdıq kişinin ayaqları altından götürdü. O, xәncәri dә belindәn çıxarıb çantanı gizlәtdiyi yerә gәldi vә onları çantanın içinә qoydu. Yadplanetli bundan sonra ondan nәzәrlәrini ayırıb Tapdıq kişiyә әmr elәdi:

- Tapdıq kişi, get o qara daşı qaldır, kәnara at!

- Oldu! – Tapdıq kişi bir әsgәr kimi ucadan dillәndi vә sanki qoca deyil, cavan bir oğlan kimi qaça-qaça daşlara tәrәf yönәldi.

Bunu görәn Elçin qәzәblә yadplanetliyә dedi:

- Bu qoca kişi o boyda daşı necә qaldıracaq?! – o, bunu deyib Tapdıq kişinin dalınca tәlәsdi ki, ona kömәk elәsin. Lakin yadplanetli zәhmlә Elçini saxladı.
- Mane olma! – dedi.

Elçin onun sәsindәki qәzәbi duyub fikirindәn daşındı vә yadplanetliyә tabe oldu. Yadplanetli sәsini yumşaldaraq izah elәdi:

- İnsanlar fil kimi güclüdürlәr! Lakin onların bu gücü mәhdudlaşdırılıb... – dedi, sonra da әlavә elәdi, - siz hәlә özünüzü axıra qәdәr öyrәnmәmisiniz, kim olduğunuzu, nәyә qadir olduğunuzu bilmirsiniz...

Tapdıq kişi qara daşın yanına çatıb onu boş bir yeşik kimi qaldırıb kәnara atdı vә yenә farağat vәziyyәtdә başını dikәldib dayandı.

Bu daşın altında çox da dәrin olmayan bir quyu var idi! Yadplanetli ilә Elçin bura yaxın gәldilәr vә quyunun başına çatıb dayandılar.

Yadplanetli belindәn çantasını çıxarıb onu açdı vә içindәn bir gәvә çıxarıb Tapdıq kişiyә uzatdı.

- Al bu gәvәni, Tapdıq kişi, buna bürәlәn yat! –deyә әmr elәdi. - Ancaq әvvәlcә, biz quyuya düşәndәn sonra, daşla quyunun ağzını ört!

- Oldu, yoldaş general! – Tapdıq kişi gәvәni ondan alıb yenә başını dikәltdi.

- Düş quyuya! - yadplanetli Elçinә dedi.

Elçin quyuya yaxın gәlib onun içinә baxdı vә burda dağların altına tәrәf uzanıb gedәn tunel olduğunu gördü.

O, başını qaldırıb yadplanetliyә baxdı, onun sakit nәzәrlәrlә ona baxdığını görüb bir qәdәr ürәklәndi, sonra nәzәrlәrini Tapdıq kişiyә tәrәf çevirdi. Qoca elә bil robot idi, onun gözlәrindә hәyatdan әsәr-әlamәt yox idi.

O, Elçingilә deyil, qabaqdakı meşәlәrә baxır vә aram-aram nәfәs alırdı.

- Әlvida, Tapdıq dayı! - Elçin, hәr ehtimala qarşı qoca ilә vidalaşdı vә quyunun içinә atıldı.

Quyunun dibi sәrt deyildi, bura elә bil yumşaq bir hava döşәyi sәrilmişdi.

Elçinin ayaqları quyunun dibinә toxunan kimi tunelin divarlarından asılan dördkünc lampalar işә düşüb yandılar vә tunel sanki bayırdakı kimi işığa qәrq oldu.

Yadplanetli dә quyuya düşdü vә tunelә tәrәf yönәlib Elçinә, arxamca gәl, dedi.

ARDINI BURDA OXU

Günün bütün mövzuları

XS
SM
MD
LG