Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:25

4000-dən artıq qanunsuz tikilinin siyahısı Nazirlər Kabinetinə təqdim edilib


«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti elektrik xətlərinin altında tikilən qanunsuz tikililərin siyahısını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.

Cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov «Media forum» saytına açıqlamasında deyib ki, siyahı «Azərenerji»nin apardığı araşdırmalar nəticəsində əldə olunmuş faktlar əsasında hazırlanıb.

M.Əsgərov siyahının Nazirlər Kabinetinə 15 gün əvvəl təqdim edildiyini bildirib: «Hazırda hökumət məsələyə baxır. Lakin hansı qərar qəbul olunacağını deyə bilmərəm».

Elektrik xətlərinin altında 4000-dən artıq qanunsuz tikilinin müəyyənləşdirildiyini vurğulayan M.Əsgərov qeyd edib ki, bu tikililərin çoxu Bakı şəhərində və Abşeron rayonundadır: «Bir hissəsi də Gəncədə müəyyənləşdirilib. Həmin tikililər qanunsuz olaraq «Azərenerji» xətlərinin mühafizə zolağında inşa olunub. Dövlət bu məsələni müxtəlif variantlarda həll edə bilər. Yəqin ki, dövlət həmin evləri sökəndə onun sahiblərinə ya torpaq, ya tikinti materialları verəcək. Ola bilsin, heç nə verilməsin. Hökumətin çıxaracağı qərardan asılı olaraq ola bilər ki, bəzi yerlərdə xətlər dəyişdirilsin, bəzi yerlərdə binalar sökülsün. Məsələ ondadır ki, qanunsuz tikililər təkcə elektrik xətlərinin altında deyil, həm də su, qaz xətlərinin üstündə salınıb. Onların bəzisi mütləq sökülməlidir. Bəzi yerlərdə isə imkan olsa xətlərin yeri dəyişdirilə bilər».

M.Əsgərov bildirib ki, siyahıya daxil edilən 4000-dən artıq tikilinin əksərinin sənədləri yoxdur:

«Bəzilərinə isə qeyri-qanuni sənədlər verilib. Bu sənədləri həm bələdiyyələr, həm də icra hakimiyyətləri verib. Yaranmış vəziyyətə görə onlar məsuliyyət daşıyırlar. Biz heç nə edə bilmirik. Həmin tikililəri söksək də sabah gedib görürük ki, yenidən tikiblər. Bələdiyyələr və icra hakimiyyətləri belə yerlərdə tikinti aparılmasına torpaq ayırmamalıdır, qanunsuz tikililəri vaxtında sökməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG