Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08
Rusiyanın «Komsomolskaya Pravda» qəzeti 22 qadının fotosunu dərc edib. Rusiya milisi həmin 22 qadını potensial intiharçı hesab edir və nəzarətə götürüb.

Siyahıda birinci yerdə Aişə Makaşaripova gəlir. Mahaçqalada yaşayan bu 30 yaşlı qadın deyir: «Mən satıcı işləyirəm. İşdən axşam saat 11-də qayıdıram. Bir gün gördüm ki, məni qara şüşəli maşın və bir kişi izləyir. Mən tanışımdan xahiş etdim ki, məni ötürsün. Mən qorxurdum. Mənə elə gəlirdi ki, həyatım təhlükədədir. Mən bilmirdim, günahım nədir. Anam istəyirdi ki, işdən çıxım».

4 uşaq anası Makaşaripova öz şəklini «Komsomolskaya Pravda»da görəndə və oxuyanda başa düşdü ki, «günahı» nədir.

ÖLDÜRÜLƏNLƏRİN QADIN QOHUMLARINDAN QORXURLAR

Qəzet yazır ki, Rusiyanın təhlükəsizlik qüvvələrinin öldürdüyü yaraqlıların qadın qohumları potensial intiharçı hesab olunmağa başlayıb. Makaşaripovanın qardaşı Rəsulu Rusiyanın xüsusi xidmətləri 2005-ci ildə öldürüblər.

Makaşaripova AzadlıqRadiosuna müsahibəsində deyir ki, şəklini qəzetdə görəndə şoka düşüb.

Ancaq Makaşaripova onu potensial terrorçu siyahısına salan milisi yox, bunu elan edən «Komsomolskaya Pravda»nı məhkəməyə verir:

«Bu absurddur. Mənim 4 uşağım var. Mən işə gedirəm, evə qayıdıram. Mənim terrorla nə əlaqəm?...Mən şokdayam».

BÜTÜN «QARA DULLAR»IN SİYAHISI TUTULUB

Martın 29-da Moskva metrosunda iki intiharçı qadının törətdiyi iki partlayışdan sonra Rusiyanın xüsusi xidmətləri «qara dul» deyilən qadınlara xüsusi diqqət yetirir. Yaxınları Rusiya qüvvələri ilə döyüşlərdə ölənlərin hamısının siyahısı tutulub. Onların günahsızlığı sübut olunana qədər onlar şübhəli bilinəcək.

«Komsomolskaya Pravda»da çıxan yazının müəllifi Aleksandr Kots deyir ki, materialı hüquq-mühafizə orqanlarından alıb. Onlar hesab edirlər ki, bu 22 qadının Dağıstandakı terror qrupları ilə əlaqələri var.

Kots belə yazının çap olunmasını müdafiə edir:

«Biz şübhələrdən danışmırıq. Biz qabaqlayıcı tədbirlərdən danışırıq. Mən belə başa düşürəm ki, bu qadınları Dağıstanda nəzarətə götürüblər ki, Moskvaya gəlib, metronu partlatmasınlar».

Kots onu da deyir ki, bu yazını onlar çap etməsəydi, başqa qəzet çap edəcəkdi:

«Biz bütün siyahını dərc etməmişik. Kimin ki, adlarını dəqiq bilmirdik ya nəyisə dəqiqləşdirə bilməmişik, o adamların adını və fotosunu verməmişik».

«KOMSOMOLSKAYA PRAVDA» DÜZMÜ EDİB?

Moskvada qərarlaşan İnformasiya Qanunları İnstitutunun direktoru Andrey Rixter AzadlıqRadiosuna deyir: «Dövlət əhəmiyyəti və ya ictimai əhəmiyyəti sübut olunmasa, hər hansı bir insanın şəklini çap etməyi mülki qanunlar qadağan edir. Dövlət əhəmiyyəti və ya ictimai əhəmiyyət nədir? Bunu qanunlar izah etmir. Bu, jurnalistlər üçün sürüşkən yoldur».

Adamın qohumunu öldürüb, sonra ondan şübhələnmə Stalin dövrünü xatırladır
Rixter əlavə edir ki, qanuna görə, şəxsi informasiyanı qəzet yalnız o vaxt çap edə bilər ki, qəzet rəsmi qayda ilə hüquq-mühafizə orqanlarına müraciət etsin, onlar da eyni rəsmi qayda ilə bu informasiyanı vermiş olsunlar.

İndiki halda isə bilinmir, «Komsomolskaya Pravda»da dərc olunan material qeyri-rəsmi sızdırılmış informasiyadır yoxsa yox.

EKSPERT: «QƏZET ETİK QAYDALARI POZUB»

Rixter hesab edir ki, istənilən halda, «Komsomolskaya Pravda»nın 22 fotonu və şəxsi informasiyanı çap etməsi jurnalist etikası qaydalarını pozmaqdır: «Bizim ölkənin etik qaydaları - Rusiyanın jurnalist etikası kodeksi və beynəlxalq jurnalist etikası kodeksi deyirlər ki, günahı rəsmi sübut olunmamış heç kimə günahkar demək olmaz».

«Komsomolskaya Pravda»da adı potensial terrorçu kimi gedən 22 qadından biri də Dağıstanın tanınmış insan haqları fəalı Gülnara Rüstəmovadır. O, «Dağıstan Anaları İnsan Haqları Uğrunda» təşkilatının həmsədridir. Rüstəmova deyir ki, insan haqlarının müdafiəsinə görə hökumətin onlara terrorçu damğası vurmasına artıq alışıb.

«Memorial» insan haqları qrupundan olan Aleksandr Çerkasov isə deyir ki, Adamın qohumunu öldürüb, sonra ondan şübhələnmə Stalin dövrünü xatırladır.

Günün bütün mövzuları

XS
SM
MD
LG