Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06

Dövlət Neft Şirkətinin maliyyə axınları


Dövlət Neft Şirkətinin binası, 25 mart 2006

Dövlət Neft Şirkətinin binası, 25 mart 2006


Azad İqtisadiyyata Yardım İctimai Birliyi Dövlət Neft Şirkətinin maliyyə axınları ilə bağlı uzunmüddətli araşdırmalarına yekun vurub. Birliyin gəldiyi nəticəyə görə, şirkətin bu sahə ilə bağlı xeyli problemləri var.

Bu yöndə araşdırma aparan iqtisadçılardan Qadir İbrahimlinin dediyinə görə, şirkətin gəlirləri üç əsas mənbədən formalaşsa da, qurumun son illərdəki hesabatlarında bu mənbələr göstərilmir. İqtisadçıya görə, 3-4 il əvvəl şirkətdə az da olsa mövcud olan şəffaflıq sonrakı illərdə yoxa çıxıb:

«Məsələn, neft və neft məhsullarının satışı üzrə 2006-2007-cı illərin göstəricilərini əhatə etmək mümkün olub, amma 2008-ci ilin hesabatında neft və neft məhsullarının nə satışı, nə də ixracı barədə məlumat yoxdur. Təkcə hasilatın pay bölgüsündə şirkətin payı hər üç il üzrə açıqlanıb. Eyni zamanda neft məhsullarının daxili bazarda satışı ilə bağlı məlumat üç il əvvəli əhatə edir. Təbii qazın satışı ilə bağlı isə heç bir məlumat yoxdur».

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl isə bildirir ki, onlar Dövlət Neft Şirkətinin və hökumətin hesabatlarına istinad edərək belə bir nəticəyə gəliblər. İqtisadçı deyir ki, onlar hasilatın pay bölgüsündə Azərbaycana çatan mənfəətlə bağlı məlumatları Neft Fondunun hesabatı və ya xarici şirkətlərin ödədiyi mənfəət vergisi əsasında hesablasalar da, xərclərlə bağlı bəzi mühüm məlumatları heç yerdən əldə edə bilməyiblər:

«Neft və neft məhsullarının nəqli xərcləri barədə məlumat açıqlanmır. Bu barədə nə hökumətin, nə də şirkətin hesabatlarında məlumatlar yoxdur».

«2005-Cİ İLLƏ MÜQAYİSƏDƏ İNDİ NEFT ŞİRKƏTİNDƏN MƏLUMAT ALMAQ ÇƏTİNLƏŞİB»

Zöhrab İsmayıl bildirir ki, əgər Dövlət Neft Şirkətinin 2005-ci ildəki hesabatında neft məhsullarının istehsalına çəkilən xərclər açıqlanıbsa, 2007-ci ildən başlayaraq həmin məlumatları əldə eləmək çətinləşib. İqtisadçı deyir ki, elə bu səbəbdən rəqəmlər bəlli olmadığından onlar şirkətin məhsul istehsalına nə qədər xərc çəkdiyini hesablaya bilmirlər:

«Məsələn, bir cədvəl qururuq onu izləyə-izləyə gəlirik, hansı xərclər açıqlanır, ancaq görürük ki, böyük məbləğdə xərclər var ki, onların istiqamətini tapa bilmirik. Xərclərin ayrı-ayrı istiqamətlərinə, misal üçün xam neftin maya dəyərinə nəzər yetirsək, görürük ki, 2003-cü ildən başlayaraq xam neftin maya dəyəri artıb, hətta xam neftin maya dəyəri onun topdansatış qiymətini də keçib».

BİR METR QAZMA İŞİNƏ 1400 MANAT

Zöhrab İsmayıl
İctimai təşkilatın araşdırmalarına görə, son illər şirkətin sənaye və sosial sahələr üzrə tikintilərə və qazma işlərinə ayrılan xərcləri dəfələrlə artıb:

«Dövlət Neft Şirkəti bir metr kəşfiyyat işini 1400 manata aparır. Kəşfiyyat işlərinə çəkilən xərc çox ola bilər, ancaq bir metrin 1400 manata qazılması görünür Dövlət Neft Şirkətinə xas olan bir göstəricidir».

İqtisadçı bildirir ki, şirkətin mənzil tikintisinə qoyulan xərclərində də kəskin artım müşahidə olunur:

«Misal üçün 2004-cü ildə bir kvadratmetr mənzil sahəsi şirkətə 369 manata başa gəlibsə, 2007-ci ildə şirkət 1 kvadratmetrə 1741 manat pul xərcləyib. Bir kvadratmetrə düşən vəsait kommersiya şirkətlərinin apardığı mənzil tikintisindən təxminən iki dəfə bahadır. Nəzərə almaq lazımdır ki, kommersiya şirkətləri torpağı pulla alsa da Dövlət Neft Şirkətinin öz torpaq sahələri var».

Hesabat müəlliflərinin apardığı araşdırmalarda vergi ödəmələrilə bağlı da problemlərin olduğu üzə çıxıb. Zöhrab İsmayıl deyir ki, problem odur ki, şirkətin dövlətə ödədiyi vəsaitlə bağlı məlumatlar hökumətin açıqladığı məlumatlarla düz gəlmir.

DÖVLƏT NEFT ŞİRKƏTİ HESABATLA TANIŞ DEYİL

Dövlət Neft Şirkəti Azad İqtisadiyyata Yardım İctimai Birliyinin hesabatına hələ ki, münasibət bildirmək istəmir. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev deyir ki, onlar həmin hesabatda nədən söhbət getdiyindən xəbərsizdirlər və bu baxımdan da şirkət deyilənlərə münasibətini yalnız hesabatla tanış olandan sonra bildirə bilər:

«Qoy o hesabatı göndərsinlər bizə, baxaq və sonra münasibət bildirək, şifahi şəkildə hesabata münasibət bildirmək istəmirik».

Qaldı ki, hesabatı hazırlayan qurumların Neft Şirkətinə ünvanladıqları informasiya sorğularının cavabsız qalmasına, Nizaməddin Quliyev deyir ki, o şirkətə belə sorğuların göndərilməsindən xəbərsizdir.

Hesabat müəllifləri isə layihə müddətində şirkətə dəfələrlə müraciət etdiklərini və hətta bir müraciətlə bağlı məsələnin Avropa İnsan Haqları Məhkəməsinə qədər gedib çıxdığını deyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG