Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:53

Bakıda N. Nərimanovun 140 illiyi qeyd olundu


«Tədbirlər planı bu gün səhər saat 11-də N. Nərimanovun şəhərin mərkəzindəki abidəsini ziyarətlə başladı».

Bu sözləri N. Nərimanov Xatirə Muzeyinin direktoru Kamilə Hüseynova AzadlıqRadiosunun «Can Bakı» proqramına söyləyib.

Abidə önünə toplaşanlar—Xatirə Muzeyinin əməkdaşları böyük yazıçının və görkəmli dövlət xadiminin xatirəsini yad ediblər. Anım mərasimində N. Nərimanovun qohumları, muzeyin əməkdaşları, millət vəkilləri, partiya mənsubları, şəhər ictimaiyyəti, Yasamal rayonunda yerləşən məktəb və texnikumların şagirdləri və tələbələri iştirak ediblər.

Tədbir 1 saylı Tibb Məktəbində keçirilən elmi konfransla davam edib. İki saat sürən elmi konfransda N. Nərimanovun irsi ilə, fəaliyyətinin müxtəlif sahələri ilə bağlı çıxışlar olub.

Konfransdan sonra «Borçalı» Cəmiyyətinin üzvləri Xatirə Muzeyini ziyarət ediblər. Qonaqlara N. Nərimanovun həyat və fəaliyyəti ilə bağlı bilgilər verilib.

Xatirə Muzeyində təmirin artıq başa çatdığını, ekspozisiyanın qurulmağa başladığını deyən muzey rəhbəri yeniləşmiş muzeyin tezliklə açılacağını da söylədi.

Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Tiflisdə doğulub.

1925-ci il martın 19-da Moskvada dünyasını dəyişib. O, Qızıl Meydanda dəfn edilib.
XS
SM
MD
LG