Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:19

Neftin girovları


Ranveiq Korneliussen

Norveçin «Dagbladet» qəzetinin həftəlik əlavəsində Azərbaycan haqqında geniş reportaj dərc olunub. Yazının müəllifi Ranveiq Korneliussen Azərbaycanda neft sənayesinin tarixindən, «əsrin müqaviləsindən», Qarabağ qaçqınlarından, ölkədəki korrupsiyadan, söz azadlığının vəziyyətindən və insan haqlarından söhbət açır. Yazıda qaldırılan əsas məsələlərdən biri də xarici ölkələrin neft maraqları ilə Azərbaycanda insan haqları və demokratiya məsələlərinin münasibətidir. Yazının bir hissəsini diqqətinizə təqdim edirik.

BLOQQERLƏRİN MƏHKƏMƏSİ ƏDALƏTLİ APARILMAYIB
Adnan Hacızadə və Emin Milli


Ötən ilin yayında iki bloqqer, Adanan Hacızadə və Emin Milli kafedə oturduqları yerdə hücuma məruz qalıb döyüldülər. Lakin onlar hadisə ilə bağlı polisə şikayət edəndə hər şey onların özünün həbsi ilə nəticələndi. Hazırda onlar xuliqanlığa görə 2 il və 2,5 il müddətinə azadlıqdan məhrum olunublar.

Gənclərin həbsi onların hazırladıqları videoçarxı YouTube portalında yerləşdirəndən bir həftə sonra baş verdi. Videoda Adnan eşşək geyimində hakimiyyəti tənqid edir. Çünki o zaman məlum olmuşdu ki, Almaniyadan hər biri 300 min kron qiymətinə iki eşşək alınıb, gənclərin fikrincə isə hakimiyyət bu yolla qanunsuz pul mənimsəyir.

Dünyanın müxtəlif insan haqları təşkilatları hesab edirdilər ki, bloqqerləin məhkəməsi ədalətli aparılmayıb, gənclər azad olunmalıdırlar.

Hətta ABŞ Dövlət Katibi Hillari Klinton bu məsələni qaldırmışdı. Norveçin (Azərbaycandakı) səfiri isə etiraz edəndə ki, bloqqerlərin həbsi ölkədəki söz azadlığına və ədalətli məhkəmə sisteminə ciddi zərbədir, rəsmi Bakı onun özünə xəbətdarlıq etdi.

Adnan və Emin hələ də həbsdədirlər. Hakimiyyət Facebook, Twitter şəbəkələrində baş verənlərdən, bloq fəaliyyətindən təşvişə düşüb. Ölkə mediasını və jurnaliStləri əsasən nəzarətə götürmüş hakimiyyət bu yeni media kanalları ilə bacarmır.

Hüquq müdafiəçisi Rəqsanə Məmmədova deyir:

«Bəli xarici ölkələr Azərbaycanı tənqid edir, amma bu tənqidlərin bir kəsəri yoxdur.

NƏ QƏDƏR Kİ HAKİMİYYƏT ÖZ ÜZƏRİNDƏ TƏZYİQ HİSS ETMİR...

...belə də davam edəcək. Hazirda iki qəzet redaktoru məhbəsdədir. Söz azadlığı adında məvhum ölkədə yoxdur, xalq isə hakimiyyəti tənqid etməyə qorxur, çünki nəinki tənqid edənlərə, hətta onların ailə üzvlərinə belə təzyiqlər göstərilir».

Vəziyyət nə qədər çıxılmaz görünsə də, Rəqsanə Məmmədova hesab edir ki, hələ ki, belə cəsur gənclər var, vəziyyət elə də ümidsiz deyil.

«Statoil»a gəldikdə isə, o hesab etmir ki, bu şirkət hökuməti tənqid etməyə özündə cürət tapa bilər:

«Bunu onlardan heç gözləməyinə də dəyməz».

Ötən il Rafto mükafatını almış Naxçıvan vilayətindən olan jurnalist və hüquq müdafiəçisi Məlahət Nəsibova isə, əksinə, «Statoil»dan məhz belə bir qətiyyət gözləyir. Deyir ki, «Statoil» susmaqla Azərbaycan hakimiyyətinin öz xalqına qarşı törətdiyi zorakılıqları legitimləşdirir və hesab edir ki, bu şirkət demokratiyaya və insan haqlarına dəstək verməlidir.

SUSMAQ – ƏLBİR OLMAQDIR

«Azərbaycanda rejimlə sıx tanışlıq əlaqələrin yoxdursa, burada biznes qurmaq mümkün deyil». – Bunu isə Amnestynin əməkdaşı Beate Ekelöve-Slidal deyir.

«Statoil»un özünün insan haqlarını pozaması ilə bağlı «Amnesty»də məlumat yoxdur, lakin onu tənqid edir ki, cürət edib hüquq pozuntuları haqda açıq damışmır. Slidar deyir:

«Susmaq, əlbir olmaq kimi bir şeydir. «Statoil»un iqtisadi gücü var, bundan demokratiyaya dəstək vermək üçün də istifadə etmək olardı».

Norveç Helsinki Komitəsi də hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən «Statoil» özünün ictimai məsuliyyətindən boyun qaçırır. Buna yol verməmək üçün Helsinki Komitəsinin neft şirkətinə konkret təklifləri də var.

«HƏRDƏN GƏRƏK ETİRAZ EDƏSƏN»
Berit Lindemann


Reklam və elanları yalnız hökumət qəzetlərində yox, müxalifət qəzetlərində də vermək, insan haqları ilə məşğul olan təşkilatlara kömək etmək, pulsuz hüquq yardımı təşkil etmək.

Bu təkilfləri irəli sürən Helsinki Komitəsinin informasiya rəhbəri Berit Lindemann əlavə edir:

«Bundan başqa, ölkədə insan haqları kobud şəkildə pozulanda «Statoil» özündə cürət tapıb hakimiyyətə deməlidir ki, belə hadisələr onun ürəyincə deyil. Axı hüquqi dövlətin qurulması ilk növbədə neft şirkətinin öz marağındadır. Burada siyasətə qarışmaqdan söhbət getmir. Razılaşın ki, əgər şirkət hansısa hökumətin pul qazanmasında iştirak edirsə və bu hökumət gənc adamları bloq yazdıqlarına görə türməyə atırsa, jurnalistləri təqib edirsə, gərək hərdən etiraz edəsən...»

STATOİL TƏNQİDLƏRLƏ RAZILAŞMIR

«Statoil»un Azərbaycan bölməsinin rəhbəri Kristian Hausken
Kristian Hausken tənqidlərlə razılaşmır. O, «Statoil»un Azərbaycan bölməsinin rəhbəridir. Boz kostyum geyinib, gülərüz, dilavər bir adamdır.

Bölmənin ictimaiyyətlə əlaqələrə məsul şəxsi Baiba Rubesa ilə «Statoil»un Azərbaycana gəlməsindən, şirkətin müxtəlif qaz və neft yataqlarındakı fəaliyyətindən, «Statoil»un BP ilə birgə sahib olduğu BTC kəmərindən danışır.

«Lakin bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz ilk növbədə iqtisadi fəaliyyətimiz ilə bağlıdır. Bizim neft və qaz yataqlarını səmərəli şəkildə, yeni texnologiya və peşəkarlıqla istismar etməyimiz bu ölkəyə xeyir verir».

Hausken vurğulayır ki, «Statoil»un Azərbaycandakı fəaliyyəti başqa ölkələrdəki fəaliyyətindən heç nə ilə fərqlənmir – iqtisadi cəhətdən şəffaf, mənəvi cəhətdən təmiz. Deyir ki, şirkətin öz xüsusi komitəsi var ki, mövcud etik problemləri müzakirə edir və bu komitə insan haqları məsələlərinə diqqət yetirir. Lakin Hauske deyir:

«Bu məsələlərdə hərənin öz rolu var. Biz öz işimizi görürük. Korrupsiya və insan haqları ilə bağlı bizim vəzifəmiz odur ki, biz tərəfdən bu məsələlərdə qaydalara riayət olunsun. Daha geniş diapazonda qaydaların riayət olunması ilə bağlı məsələlər isə siyasətçilərin, beynəlxalq qurumların, millətlərin və idealist təşkilatların işidir».

«BİZ SİYASƏTƏ QARIŞMIRIQ»

O, oturacağa yayxanır. «Statoil» ilk dəfə deyil ki, tənqidlərə məruz qalır:

«Birincisi, biz qəzetlərdə reklam yerləşdirmirik. İşçi qüvvəsi axtarırıqsa, elanlarımızı ən böyük qəzetlərdə və internetdə yerləşdiririk, çünki hesab edirik ki, orada bizi daha çox adam oxuyar». – deyir. Daha sonra bildirir:

«Biz siyasi proseslərə qarışmırıq, eyni zamanda əminik ki, bizim bütün fəaliyyətimizin əsasında insan hüquqları ilə bağlı düzgün olan mövqe durur. Xahiş edirik bizi başa düşəsiniz ki, hakimiyyətlə siyasi mövzularda müzakirə aparmaq bizim işimiz deyil».

- Hakimiyyətə tənqidi fikirlər söyləsəniz, nə baş verər?

- Mən bu haqda ehtimallar qurmaq istəməzdim.

- İNSAN HAQLARINA HÖRMƏT ETMƏYƏN BIR ÖLKƏDƏ İŞLƏMƏK ÇƏTİNDİR?

- Ola bilər bunun siz düşündüyünüzdən az çətinlikləri var. Mən əminəm ki, bizim burada olmağımız bu ölkəyə rifah gətirir. Məncə, bu, xalqın əksəriyyətinin xeyrinədir və onlar da hesab edir ki, bizim burada olmağımız düzgündür. Xarici şirkətlər olmasaydı, neft yataqları belə tezliklə, belə səmərəli, ekoloji cəhətdən təmiz istifadə oluna bilməzdi.

- Sizin Azərbaycana gətirdiyiniz pulların əksəriyyəti prezident ailəsinə gedir, bu haqda nə düşünürsüz?

- Mən kimə nə qədər pulun getməsi ətrafında debat açmaq istəmirəm, çünki bilmirəm pullar hara gedir. Amma onu bilirəm ki, bizdən çıxıb dövlətə daxil olan pullar tam şəffafdır. Biz fəaliyyət göstərdiyimiz bütün ölkələrdə investisiyaların həcmini, gəlirlərimizi və vergi xərclərimiz açıqlayırıq. İctimai təşkilatların bu rəqəmlərə tam nəzarəti var.

QALXIN AYAĞA! MƏHKƏMƏ GƏLİR!


Norveçin LANDİNFO dövlət təşkilatının məlumatına görə, Azərbaycanın ən böyük problemlərindən biri də məhkəmə sistemidir.
«Statoil» hesab edir ki, Azərbaycanda korrupsiyayla təmasda olmadan biznes aparmaq mümkündür


Korrupsiya cəmiyyətin bütün sahələrində var, vəzifələrin satın alınması və rüşvət geniş yayılıb. Həmçinin formal olaraq pulsuz sayılan səhiyyə sistemində qanunsuz pul ödənişləri mövcuddur. Məhkəmə hakimləri prezident tərəfindən təyin olunur. Hesab olunur ki, zorakılıqla üzləşən adamlar nadir hallarda hüquq-muhafizə orqanlarına müraciət edirlər, cünki bu orqanların fərdləri müdafiə edəcəyinə inam yoxdur. Bundan başqa yol polisinin istənilən vaxt maşınları saxlayıb sürücülərdən cərimə tələb etməsi adi haldır.

Bütün bu məlumatlara baxmayaraq «Statoil» hesab edir ki, Azərbaycanda korrupsiyayla təmasda olmadan biznes aparmaq mümkündür.

- Mən sizi buna tam əmin edə bilərəm. – Kristian Hausken deyir, - amma bu o demək deyil ki, ölkədə korrupsiya yoxdur və yaxud biz zaman-zaman bu fenomenlə üzləşmirik, yox, sadəcə olaraq biz belə hallarda rüşvət vermirik. Və bizim təcrübəmiz göstərir ki, rüşvət verməyəndə də işin keçir. Biz bunu məqsədyönlü şəkildə edirik və əminik ki, bundan sonra da rüşvətsiz keçinə biləcəyik.

«YERLİ ƏHALİ ÜÇÜN PROBLEMDİR, MƏNİMÇÜN YOX»

Və nəhayət, «bir fərdi şəxs kimi korrupsiya ilə rastlaşanda kefiniz pozulurmu» sualıma gülərək cavab verir:

«Şəxsən mənim korrupsiya ilə üzləşdiyim, bəlkə də, yeganə hal yol polisinin maşınımı saxlaması olur. Amma sübhəsiz ki, bu, yerli əhali üçün daha böyük problemdir, nəinki mənimçün. Mən bir balaca qıcıqlanıram, böyük problemim olmur. Buna görə gecələri oyaq qalmıram».
XS
SM
MD
LG