Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:16

Azərbaycan yazıçıları hansı beynəlxalq mükafatlara iddia edə bilər? (2)


ƏVVƏLİ BURDA

Azərbaycanda çoxlu sayda xalq şairi, yazıçısı, yeni yazarlar birliklərinin iddialı qələm sahibləri olsa da, hələ ki onlardan heç biri ən nüfuzlu sayılan beynəlxalq mükafatlara sahib çıxa bilməyib. Həmin mükafatlar haqda məlumatların dərcinə davam edirik:

YERUSƏLİM (QÜDS) ƏDƏBİ MÜKAFATI

"Cəmiyyətdə Fərdin Azadlığı üçün Yerusəlim Mükafatı" iki ildən bir verilən ədəbi mükafatdır. Dünyanın istənilən ölkəsindən olan yazıçı ona iddia edə bilər.

Bu mükafata insan haqları, fərdin cəmiyyətdəki yeri, siyasət, cəmiyyət, dövlət mövzularında yazan yazarlar layiq görülür.

Mükafatın dəyəri 10 min dollardır.

Yerusəlim Mükafatının təsisçiləri Beynəlxalq Qüds Kitab Yarmarkası və Yerusəlim bələdiyyəsidir.

Mükafat Beynəlxalq Yerusəlim Kitab Yarmarkası çərçivəsində təqdim edilir.

Münsiflər heyəti üç nəfərdən ibarətdir. Bunlar tanınmış israilli yazarlardır.

Onların namizədliyini Qüdsün meri irəli sürür. Münsiflər heyəti 2 ildən bir tamamilə yenilənir.

Qalib təqdimat mərasimində nitq söyləyir.

Yerusəlim kitab yarmarkası 1963-cü ildən keçirilir və növbəti belə tədbir 2011-ci il fevralın 20-25-də baş tutacaq.

İndiyəcən Yerusəlim mükafatına layiq görülən yazarlar arasında Xorxe Luis Borxes (Argentina), Oktavio Paz (Meksika), Milan Kundera (Çexiya), Mario Varqas Liosa (Peru), Süzan Zontaq (ABŞ) kimi dünya şöhrətli yazarlar var.

2009-cu ildə mükafat tanınmış yapon yazıçısı Haruki Murakamiyə verilib.

Amma bəziləri bu mükafatı siyasi çalarlı sayırlar.

Haruki Murakami
Məsələn, elə Murakamidən də Israilin fələstinlilərin hüquqlarını pozması əsas gətirilərək mükafatı rədd etməsini istəyənlər vardı.

O, Yerusəlimdəki nitqində mükafatı almaq üçün İsrailə gəlib-gəlməməyi bir müddət özü üçün götür-qoy etdiyini etiraf edib.

“Mən özümdən soruşdum ki, bu mükafatı almaqla münaqişədə tərəf tutmuş olmayacam ki?”

Murakami deyib ki, heç nə etməməkdənsə, Yerusəlimə gəlib öz fikrini bildirmək daha yaxşıdır. O, İsrailin Fələstin siyasətini tənqid edib.

“Əgər çətin keçilən hündür bir divar və ona dəyib sınan yumurta varsa, divarın nə qədər haqlı, yaxud yumurtanın nə qədər haqsız olmasından asılı olmayaraq mən yumurtanın tərəfində olacam. Çünki bizim hər birimiz bir yumurtayıq... Hər birimiz hündür divarla üz-üzəyik. Hündür divar sistemin rəmzidir”.

ASTRİD LİNDQREN MÜKAFATI

Dünyanin istənilən ölkəsindən olan uşaq yazarı İsveçdə təsis edilmiş bu mükafata iddia edə bilər.

Mükafat - yaratdığı Karlson obrazı ilə bütün dünyada tanınan İsveç yazıçısı Astrid Lindqrenin xatirəsinə təsis edilib.

Lindqren 2002-ci ildə vəfat edib.

Mükafatın dəyəri təxminən 700 min dollardır (!)

Ənənəvi olaraq mükafatın təqdimetmə mərasimi İsveçdə - Vimmerbüdə - Lindqrenin doğma yürdünda keçirilir.

Mükafatın məqsədi uşaq və yeniyetmələrin ədəbiyyata marağını artırmaq, uşaq hüquqlarını dünya miqyasında təbliğ etməkdir.

Əksər beynəlxalq mükafatlardan fərqli olaraq Lindqren mükafatı tam şəkildə İsveçin dövlət büdcəsindən maliyyələşdirilir.

Mükafatla bağlı bütün işləri İsveç İncəsənət Şurası idarə edir.

İsveçdə bu mükafatı tənqid edənlər də var. Mükafatın əleyhdarları deyir ki, artıq özünü tanıtmış və beynəlxalq səviyyədə uğur qazanmış yazıçıları İsveç vergiödəyənlərinin pulu ilə maliyyələşdirmək düzgün deyil.

HANS XRİSTİAN ANDERSEN MÜKAFATI

Andersen mükafatının qızıl medalı
“Qar kraliçası” və başqa nağılları ilə məşhur olan danimarka yazıçısı Hans Xristian Andersenin xatirəsinə təsis edilmiş bu mükafat 1956-cı ildən verilir.

Onu “Kiçik Nobel mükafatı” da adlandıranlar da var.

Mükafat iki ildən bir uşaq yazıçılarına və rəssamlarına verilir.

Təsisçisi 1953-cü ildə İsveçrədə əsası qoyulan və hazırda 70-dən çox ölkədə filialı olan beynəlxalq qeyri-hökumət təşkilatı - Beynəlxalq Gənclər üçün Kitablar Şurasıdır.

Qaliblərə qızıl medal verilir, medalı onlara Danimarka kraliçası təqdim edir.

Bu ödül nüfuzlu sayılsa da, qaliblərə pul mükafatını nəzərdə tutmur.

Qalibi nüfuzlu münsiflər heyəti seçir. Münsiflər Heyətinin tərkibi beynəlxalqdır.

Mükafatdan əlavə Beynəlxalq Gənclər üçün Kitablar Şurası həm də iki ildən bir dünya üzrə ən yaxşı uşaq kitablarının “Şərəf siyahısını” dərc edir.

Bunu təşkilatın müxtəlif ölkələrdəki şöbələri seçir.

(ardı var)

Günün bütün mövzuları

XS
SM
MD
LG