Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:22
Nazirlər Kabinetinin mətbuat katibi, yazıçı-publisist Akif Əlinin Milli.Az xəbər portalına müsahibəsi

"YAZIÇILAR BİRLİYİNİN QURULTAYI VAXT QAZANMAQ ÜÇÜN GECİKDİRİLİR"


- Son vaxtlar Akif Əli imzasının mətbuatda gec-gec görünməsinə səbəb nədir?

- Əsas vaxt qıtlığıdır. İş günümün ən çox və ən məhsuldar hissəsini dövlət qulluğuna, vəzifə borcumun dəqiq və intizamlı icrasına sərf edirəm.

Əqidəmcə, müstəqil dövlətçiliyə, milli hökumət institutuna vicdanla qulluq etmək ictimai mahiyyət baxımından digər fəaliyyət növlərindən daha səmərəlidir və Vətənə, Xalqa xidmət baxımından daha mənalıdır.

Ancaq təbii ki, yaradıcılıqdan da qalmıram. Sadəcə son vaxtlar “az-az yeri gələndə” yazdıqlarımı “yaddaşa” yığıram, çapa həvəssiz verirəm. Bəlkə də yaşla, reallıqla, təcrübə ilə bağlıdır...

Amma gənclik illərində olduğu kimi, mətbuatda imzamın görünməsi daha məni o qədər duyğulandırmır. Daha heyrətlənmədən, təəccüblənmədən bütün olayları sakit, emosiyasız, olmuş-olacaqlar çərçivəsində qarşılayıram.

Etiraf edim ki, vaxtilə ədəbiyyata olan böyük sevgim, bəlkə də ülvi məhəbbətim tədricən yaradıcı idarələrin mətbəxlərində baş aşbaz postunda qazan qaynadanların kirli çömçələrini gördükcə, efirdə metr ədası ilə oturanların mavi ekran sönüncə oyunbazlıq etmələrini bildikcə, avanssenaya çıxan ünlü simaların kulis arxasındakı simasızlığını müşahidə etdikcə ikrahdan yavaş-yavaş səngiyib özünə çəkilib.

Baxmayaraq ki, 70-80-ci illərdən bu yana uzun zaman boyu yazdığım kitablarda, elmi monoqrafiyalarda, bədii-publisistik məqalələrdə, satiralarda, miniatürlərdə, hekayələrdə, esselərdə, ssenarilərdə ictimai fikrə elə mətləblər, elə süjetlər, ideyalar, deyimlər, fikirlər təqdim olunub ki, onları bir çox döşünə döyən məşhur, tanınmış “ədiblərin” bütün yaradıcılığına dəyişmərəm.

İndi böyük ədəbiyyatı pafossuz, əsasən öz daxilimdə, beynimdə, qəlbimdə, yaddaşımda yaşatmağa və ondan mənən bəhrələnməyə üstünlük verirəm. “Məndən içəridə” olan o daxili dünyada Nizami, Nəsimi, Axundov məhəbbəti də var, Şekspir, Servantes, Dostoyevski, Hüqo sevgisi də, Sabir, Mirzə Cəlil, Cavid heyranlığı da...

Və orada həm Azərbaycan, həm dünya mədəniyyətinin şedevrləri, ən gözəl ədəbiyyat, musiqi, rəsm, heykəltəraşlıq, teatr, kino əsərlərindən ibarət çox maraqlı, zəngin virtual “qalereya” qurulub qorunur.

İlk yaranış anlarında sənət - sənət üçündür, yaradıcılıq prosesi sənətkarın özünə həzz verir, bədii əsər yaradanın özü üçün qiymətlidir. Odur ki, yazıb-yaratdıqlarımı “taxçaya” yığmaqdan narahat deyiləm. Onsuz da əlyazmalar yanmır...

Və nəyi nə zaman gərək bilsəm çapa verəcəm, yaxud aktuallığından asılı olaraq haçan hansı sözü vacib bilsəm yazacam, deyəcəm.

- Çağdaş ədəbi proseslə bağlı son dəyərləndirmələriniz nədir? Prosesdə kimlər var, kimlər yoxdur? Ürək açan və açmayan tendensiyalar hansılardır?

- Ola bilsin ədəbi prosesi lazımi diqqətlə izləyə bilmirəm.

Amma onu bilirəm ki, əgər bu prosesdə dəyərli bir şey olursa, dərhal özü adamı cəlb edir. Müxtəlif merkantil mülahizələrdən tərəfkeş KİV-lərdə intensiv şişirdilən cavanlı-qocalı çeşid-çeşid yazarların əksərini artıq maraq dairəmdən kənara çıxartmışam. Sənətdə kəmiyyəti yox, keyfiyyəti önəmli sayıram.

Ömrümün elə çağıdır ki, mahiyyətcə genetik xəbislik, miskinlik, pislik daşıyıcısı olduğu bilinən birisinin nə beyinə, nə könülə, nə ruha yeni informasiya verməyən əski təfəkkürlü “ədəbi-bədii” uydurmalarına vaxt sərf etməyə dəyərmi?

Saxta qəlbli bir yazı yazanın “ürək parçalayan” sızıltılı lövhələrinə dalmağa, sönük təfəkkürlü bir qələm tutanın “alovlu” çıxışlarına qapılmağa, gerizəkalı bir ədabazın “müdrikanə” məsləhətlərinə varmağa nə ehtiyac?

Belələri isə məmləkətdə maşallah, boldur və ədəbi-mədəni mühitə xışma ilə daraşıblar.

"ƏDƏBİYYAT QAZANINDA" QAYNAŞMA VAR, SƏRRAST, MƏNTİQLİ YAZILAR VƏ ZƏHLƏTÖKƏN CIZMAQARALAR

Həyat tərzimə və mənəvi prinsiplərimə, ədəbi-bədii zövqümə, estetik dünyagörüşümə, etik-əxlaqi anlayışlarıma bələd olanlar nə biçim yaradıcıları, kimləri qəbul edib-etmədiyimi yaxşı bilirlər (Molla Nəsrəddin demişkən, bilməyənlər maraqlanırsa bilənlərdən soruşsun).

Natura etibarilə durğunluğu sevməyən, ardıcıl yeniləşmə, inkişaf tərəfdarı olduğumdan, yaşından asılı olmayaraq kim yenidirsə, təkrarsız, bənzərsiz, orijinal yazılar yazırsa, onun oxucuları arasında mən də varam.

İndi çağdaş ədəbi prosesin “demokratik qazanında” gur qaynaşma var. Nəticə etibarilə qazanda nə bişəcək, Allah bilir. Ancaq kaş faydalı olanlar qazanın dibinə yapışıb yanmayalar...

Qarma-qarışıq bu ədəbi prosesdə ürək açan odur ki, ölkədə əvvəlki imperiya zamanlarından fərqli sərbəst yaradıcılıq, çap, təbliğ şəraiti, ədəbi mübarizə imkanları var, kənar təzyiqlər, sifarişlər, qadağalar yoxdur.

Və bu şəraitdə çalışan müasir düşüncəli, yenilik istəyən ədəbi istedadlar da var, üstəlik onların zövqü daha cilalıdır, demokratik əhval-ruhiyyələri yüksəkdir, mütərəqqi baxışları perspektivə istiqamətlənib.

Əqidələrini, amallarını, dünyagörüşlərini heç nəyə dəyişmirlər, özlərinə yox, ədəbiyyata xidmət edirlər, sərrast, səlis və məntiqli yazırlar...

Ürək açmayan isə odur ki, onların alternativi olan istedadsız, köhnə əqidəli, aşağı zövqlü antipodları da hələ var və öz zəhlətökən bəsit cızma-qaraları ilə oxucu zövqünü korlamaqda, vaxtı keçmiş əhəmiyyətsiz dəyərləri bərk-bərk tutub saxlamaqla inkişafa əngəl törətməkdə davam edirlər…

Yeri gəlmişkən, ədəbi zövqünə, kulturoloji duyumuna, məntiqli təfəkkürünə, intellektinə hörmət etdiyim bəzi cavan və orta yaşlı qələm dostlarımızın öz fitri istedadını perspektivsiz “siyasi publisistikaya” sərf etməsindən də təəssüflənirəm.

Əlbəttə, onların daxili işinə, şəxsi seçimlərinə qarışmadan, belə düşünürəm ki, əgər vaxtında müvafiq yaradıcı qurumlar ayrı-seçkilik salmadan onların da yaradıcılığını stimullaşdırsaydı, əsərlərinin çapına şərait yaradıb qayğı sözünü yox, özünü göstərsəydi, ədəbiyyat yolunda bu yazarlar vətənə, xalqa, dövlətə daha səmərəli xidmət göstərə bilərdilər.

Sanıram ki, bu istedadlı vətəndaşların yaradıcı taleyinə görə dövlətin səlahiyyət və vəsait verdiyi yaradıcı qurumlar da məsuliyyət daşıyır...

DONOSLARI, PİSLİKLƏRİ, XAİNLİKLƏRİ, PAXILLIQLARI DA ÖZ YERİNDƏ...

- Bir müddət əvvəl Azad Yazarlar Ocağının üzvü olan yazarlar "Azərbaycan Yazıçılar Birliyinin timsalında zühur edən köhnə ədəbi düşüncə və estetika üzərində qələbə"lərini elan etdilər. Bununla razılaşırsınızmı?

- Qələbə varsa, bəs məğlub olanlar niyə yenə də meydandadır?

Axı onlar da hələlik var, ortalıqdadırlar və öz nadanlıqları, zövqsüzlükləri ilə israrlı dirəniş göstərirlər. Şəstlə gedirlər-gəlirlər, yazırlar-pozurlar, danışırlar, efirdə çıxış edirlər, veriliş aparırlar, görüşlərə, tədbirlərə qatılırlar və... mühitin daha da saflaşmasını əngəlləyirlər.

Donosları, pislikləri, xainlikləri, xəbislikləri, paxıllıqları da öz yerində...

Odur ki, dediyiniz köhnə ədəbi düşüncə və estetika üzərində qələbədən yox, mübarizə prosesindəki müəyyən üstünlüklərdən danışmaq düzgün olardı. Məsələn, yenilikçilərin üstünlüyü hələlik o sayıla bilər ki, 30-cu illərdən sonrakı sifarişli ədəbi nümunələrə, səviyyəsiz estetik baxışlara, stalinçi kommunist ideolojisinin çağırışı ilə yaranan trafaret plakat-əsərlərə özlərinin alternativ baxışlarını, estetik qavramlarını, açıq, demokratik ruhlu düşüncə məhsullarını qarşı qoya bildilər, özlərini cəmiyyətə təqdim etdilər.

Amma yeniliklər kütləvi şüura hələ tam təlqin edilmədiyindən ictimai fikir bütöv halda onlarla deyil, cəmiyyətdə o tərəfə də meyl var, bu tərəfə də... Yaxud yenilikçi yazarların başqa bir xidmətləri - kolxoz ədəbiyyatının və bu ədəbiyyatı yaratmış konyukturçu ədiblərin Azərbaycan klassik irsinə qarışıb onun davamı kimi cərgədə rahat yer almasına imkan verilməməsidir.

Düzü düz, əyrini əyri göstərib yağı yağ, ayranı ayranlıq ediblər və əvvəllər “sosrealizm” tipli biryönlü normativ ədəbi proses bu gün artıq şaxələnib alternativlər üzrə gedir. Prosesdə ənənəvi realizm xətti ilə yanaşı yenilikçi modernizm, postmodernizm, pop-art və s. təmayüllər də var.

Mühafizəkar ruh daşıyıcılarının onsuz da keçmişdə qalacağı şübhəsizdir. Sadəcə hələ bir az da dözmək lazımdır...

Baxın, qarlı qış necə dirəniş göstərirdi, hətta Novruzdan sonra şiddətli qar-çovğun eylədi, amma yenə də milyon illik təbii həyat - öz yolundadır, artıq havanın şaxtası sınır, incə zövqlü yaponları bayıldan albalı ağacı zərif çiçək açır... Həyatın qanunu budur.

KOLXOZ-KOMMUNA ÜSUL-İDARƏSİ İLƏ YAŞAYAN AYB-ÇİLƏR HİKKƏLƏRİNİ BELƏ SOYUTDULAR...

- Azərbaycan Yazıçılar Birliyinin qurultayı naməlum səbəblərdən gecikir. Digər tərəfdən xalq yazıçısı Elçin Əfəndiyevin təxminən bir ay əvvəl bu təşkilatın mövcud durumunu tənqid ruhunda yazılmış məqaləsi artıq Anar Rzayev dönəminin bitdiyi və Elçinin bu qurumun başına gələcəyi yönündə müzakirələri gücləndirib. Siz necə, AYB-nin qurultay perspektivlərini və rəhbər dəyişikliyi gözləntilərini necə qiymətləndirirsiniz?

- Son illər adətən bu mövzuda çox danışmağı sevmirəm.

Çünki hələ 2000-2005-cı illərdə bu konuda bəs qədər danışmışam, yazmışam, ayrıca bir “3-cü Yazı” adlı kitab çap etdirib yaymışam və o köhnəlmiş əski ruhluların dönəminin bitirilməsi üçün gərəkən sözü demişəm.

Təkrarlanmaq istəmirəm... Bir növ proses başlanıb və sonluğa doğru gedirsə, bu sonun başlanğıcını qoyanlardan biri kimi, çəkilən zəhmətin hədər getmədiyini düşünürəm. Ədəbi mühitin şaxtası-buzu sınıb...

Yadınızda deyilmi bundan öncəki qurultay da vaxt qazanmaq üçün neçə il gecikdirildi?

Və məhz o qurultay öncəsi gənc modernist yazarlara ciddi dəstək vermişdim.

Haqqında danışdığınız qurumun kolxoz-kommuna üsul-idarəsi ilə yaşaması, işləməsi, büdcədən ayrılan dövlət vəsaitinin sıravi üzvlərdən gizlədilməsi, idarəetmədə demokratizmin çatışmaması, onlar kimi düşünməyən gənc ədəbi qüvvələrin nahaqdan təhqir edilməsi və digər qüsurlar barədə tənqidi fikirlərimin fonunda çıxış yolunu anti-demokratik, NKVD-nin xəfiyyəvari üslubu sayaq xəlvəti toplaşıb məni üzvlükdən çıxarmaqda gördülər.

Həqiqətləri sinirə bilməyib hikkələrini belə soyutmağa üstünlük verdilər. Ancaq şükr ki, məni öz “yaradıcı məclislərindən” kənar edib Cavidin, Müşfiqin, Almas Yıldırımın, Pasternakın, Soljenitsının sırasına qoşanlar özləri sonucda çox ictimai məclislərdən kənar vəziyyətində qaldılar.

Mən yenə öz doğru yolumla gedirəm və yenə o əski kommunarlar yuvasının heç bir perspektivini görmürəm. Onun xilası - demontajdadır...

Bütün bunları artıq çoxdan deyib keçdiyim üçün, bu gün də ciddi ədəbiyyata dəxli olmayan nə o dediyiniz birlik, nə onun rəhbərliyi, nə onun qurultayı və nə də planları məni ilgiləndirir.

- Akif Əlinin qarşıdakı yaradıcılıq hədəfləri nədən ibarətdir?

- Yaradıcılıqda hədəf nə ola bilər - bədii ifadə vasitələri ilə oxucular üçün maraqlı və faydalı olacaq, onlara doğru yolu göstərəcək həqiqət sözünü söyləmək...

Mən 1977-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunan ilk miniatür yazımdan başlayaraq radioda, televiziyada, kinoda, mətbuatda, akademiyada, institutda, - hansı sahədə çalışmağımdan asılı olmayaraq, məhz bu yaradıcılıq kredosuna sadiq qalmışam və həmişəki kimi yenə də beynimdə, fikrimdə, yaddaşımda bu istiqamətli mövzular, süjetlər, ideyalar çoxdur. Sağlıq olsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG