Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:10

Bakının «Şanxay» qəsəbəsində köç narahatlığı


«Şanxay» adlandırılan yaşayış məntəqəsi
«Şanxay» adlandırılan yaşayış məntəqəsi
Dəmir yolu və avtomobil yollarının mühafizə zolaqlarında yerləşən tikililəri araşdıran komissiya işini yekunlaşdırıb.

Komissiya qatarların, avtomobil nəqliyyatının hərəkətinə və insanların həyatına ciddi təhlükə olan beş minə yaxın qanunsuz tikili aşkarlayıb. Həmin tikililərin iki mini avtomobil, üç mini isə dəmir yolarının mühafizə zolağında yerləşir.

Komissiyanın gəldiyi nəticəyə görə, yolların mühafizə zolağında sökülməsi təxirəsalınmaz hesab edilən 1000-ə yaxın tikili var.

EVLƏRİMİZİN SÖKÜLMƏSİNƏ İMKAN VERMƏYƏCƏYİK

Belə tikililərin xeyli hissəsi Bakının Nizami rayonunun Keşlə qəsəbəsindədir. Komissiyanın açıqladığı məlumatlar həmin qəsəbənin «Şanxay» adlandırılan yaşayış məntəqəsində xeyli narahatlıq yaradıb. Həmin ərazidə dəmiryolu xəttinin hər iki tərəfindəki mühafizə zolağında çoxlu tikililər var ki, onların yoldan 21 metr məsafədə yerləşənlərinin hamısının sökülməsi nəzərdə tutulur. Passport qeydiyyatında olduqlarını deyən sakinlər soruşurlar ki, telefon, qaz və su xətti olan, aybaay kommunal xidmətlərə görə banklara ödənişlər edən yaşayış məntəqəsi necə qanunsuz hesab edilə bilər?

- Burdakı evlər Sumqayıtdan əvvəl tikilib, amma Sumqayıta şəhər statusu verilib, biz qalmışıq belə. İndi də deyirlər evlər söküləcək. Biz evlərimizin sökülməsinə imkan verməyəcəyik.

«Şanxay»dakı evindən istənilən vaxt çıxmağa hazır olanlar da az deyil. Amma onların bir şərti var:

- Burdakı evimizin əvəzində bizə ya yer verilsin, ya da pul verilsin ki, gedib indiki şəraitimizi quraq. Yəqin dövlət bizi çölə atmaz.

DAŞIN DAŞ ÜSTÜNƏ QOYULMASI RÜŞVƏTSİZ OLMAYIB

Ötən əsrin 50-60-cı illərindən «Şanxay» qəsəbəsində yaşayan sakinləri narahat edən odur ki, adamların sovet dövründən məskunlaşdığı yaşayış məntəqəsi indi qeyri-qanuni tikili hesab edilir. Qəsəbə sakini Fuad Əhmədov isə dəmiryolunun mühafizə zolağında evlərin elə-belə tikilmədiyini deyir. Onun sözlərinə görə, dəmir yolunun dibində daşın daş üstünə qoyulması sahə müvəkkili daxil mənzil istismar idarələrinin razılığı ilə mümkün olub. O iddia edir ki, həmin ərazidə bir evin, obyektin tikilməsi min manatlarla rüşvət hesabına başa gəlir.

Sakinlərin dediyinə görə, bir müddət əvvəl dəmiryoluna lap yaxın evlərin qeydiyyatı aparılıb, amma onlara evlərin söküləcəyi barədə xəbərdarlıq edilməyib.

DƏMİRYOL İDARƏSİ SÖKÜLƏCƏK BÜTÜN OBYEKTLƏRİN FOTOSUNU HÖKUMƏTƏ VERİB

Dövlət Dəmiryol İdarəsi Mətbuat Xidmətinin rəhbəri Nadir Əzməmmədova görə, mühafizə zolağında olan tikilililər dəmiryolunun işinə xeyli maneə törətdiyindən onlar həmin tikililərin hamısının fotolarını və qeydiyyat sənədlərinin surətini toplayaraq Nazirlər Kabinetindəki komissiyaya təhvil veriblər. N.Əzməmmədov evlərin bu il söküləcəyinin nəzərdə tutlduğunu bildirsə də, deyir ki, hər şey Nazirlər Kabinetinin qərarından asılı olacaq:

- Komissiyada hansı qərar veriləcəksə, biz də onu icra edəcəyik.

SÖKÜLƏCƏK EVLƏRİN MÜLKİYYƏT HÜQUQU

Qaldı ki, sökülən evlərə görə vətəndaşlara veriləcək kompensasiyaya, xidmət rəhbəri deyir ki, bu, Dəmiryol İdarəsinə yox, hökumətə aid bir məsələdir.

Amma mühafizə zolağındakı mülk sahiblərinə söküləcək evlərinin əvəzində kompensasiya veriləcək ya yox, hələ məlum deyil.

Hüquqşünas Fuad Ağayev deyir ki, yolların mühafizə zolağında olan evlərin çoxu hələ sovet dövründə tikildiyindən həmin evlər beynəlxalq qanunlara görə mülkiyyət hüququ əsasında olan evlərə bərabər tutulmalıdır:

- Həmin evlər İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin müdafiəsi dairəsinə düşür.

Həmin maddədə qeyd edilir ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

Fuad Ağayevə görə, yolların mühafizə zolağında yerləşən evlərlə bağlı problem hökumətin söküləcək mülkiyyətə görə vətəndaşlara nə qədər vəsait verəcəyilə bağlıdır. Hüquqşünas hesab edir ki, mülkiyyət sahiblərinin narazılığına səbəb olmamaq üçün qiymətləndiricilər mövcud bazar qiymətlərini nəzərə almalı və qərəzliliyə yol verməməlidilər.
XS
SM
MD
LG