Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19
Rasət PİRİSOYU

AZADLIQ

(hekayə)

- Dostum, bağa işləməyə gedərsən?

Bu «dostum» sözünün tələffüzündə elə bir şey vardı ki, onu incitdi. Amma o, bu sözlə əlaqədar əlavə düşüncələrə qapılmağa özünə imkan vermədi, sürücünün sualını əlüstü cavablandırdı:

- Gedərəm.

- Onda gəl otur maşında.

Sonra sürücü daha iki nəfərə barmağını tuşladı, onlar da keçib maşında əyləşdilər.

Hamı yerbəyer olandan sonra sürücü dedi:
- Buzovnaya gedirik. Bağ evinə. Təqribən bir həftə orda qalacaqsınız.

Xırda-para işlər var, onları görəcəksiniz. Yeməyinizi mən gətirəcəyəm. Hər gün üçün hər biriniz on manat pul alacaqsınız. Etiraz edən varsa, buyurub düşə bilər.

Heç kəs səsini çıxarmadı:

- Deməli belə, razılaşdıq.

Sürücü yol boyu susdu. Bağa çatanda, ona işarə elədi ki, düşüb darvazanı döysün. O düşüb darvazanı döydü. Darvazanı altmış yaşlarında bir kişi açdı.
Maşın həyətə daxil oldu.

Sürücü onları düşürdü, başını maşının pəncərəsindən çıxarıb qapını açan kişiyə qışqırdı:

- Sərxan kişi, köməkçilərini gətirdim. Hər şeyi sən özün onlara başa salarsan. Mən daha lazım deyiləm ki?

Sərxan kişi «yox» dedi və sürücü çıxıb getdi.

Sərxan kişi tanışlığa ondan başladı.

- Sənin adın nədir?

Ona adətən «siz» deyə müraciət edildiyindən, «sən» kəlməsi onda narazılıq hissi oyatdı. Elə bil onu başqasının adı ilə çağırırdılar. Amma o, bu dəfə də özünə bu hissin arxasınca düşməyə imkan vermədi. Sərxan kişinin də sualına əlüstü cavab verdi:

- Bəhrəm.

- Bəs sizin?

Sərxan kişi onunla birlikdə gələnlərin adlarını xəbər aldı:

- Yorulmamısınız?

Onunla gələnlərdən ən cavanı utana-utana soruşdu:

- Siz də su olmaz?

Sərxan kişi:

- Niyə olmur? - dedi, - olar, - sonra əlavə etdi - əlbəttə olar.

O, yaxşı bilirdi ki, asılı olduğu adama işə dəxli olmayan sual vermək, yaxud nəsə istəmək xatalı şeydir. O bu qənaətə son vaxtlar, iş axtardığı müddətdə gəlmişdi.

Bir dəfə az qala işə düzəlmişdi. Nəhəng tikintinin həyətinə daxil olmuşdu, üst - başının səliqəsindən iş icrçısına oxşayan adama tərəf addımlamışdı, ürəklə salam vermişdi və sonra sorumuşdu ki, onun üçün bu tikintidə iş tapılarmı?

İş icraçısı onu başdan-ayağa süzmüşdü.

- Nə bacarırsan? -

O dönüb binaya baxmışdı, binada hörgü işləri başa çatmaq üzrəydi. Adamlar deyəsən binanın içrisiylə məşğul olmağa başlamışdılar.

- Rəngsazlığı pis bacarmıram - demişdi - əslində ömründə bir dəfə də əlinə kist almamışdı.

İş icraçısı işçilərdən birini səsləmişdi.

- Gəl, bu dostumuzu da özünlə apar…

O günlərlə axtarıdığı işi birdən-birə belə asanlıqla tapdığına sevindiyndən, ya nədənsə, bəlkə də iş icraçısına yaxınlaşdığı ərkyana əhvalın içərisində olduğundan, heç özü də fərqinə varmadan soruşmuşdu.

- Əlcək olacaq?

İş icraçısı dönüb ona elə heyrətlə baxmışdı ki, elə bil o, binanın başına çıxıb ordan aşağı tullanmaq üçün ondan paraşüt istəyirdi.

Onun sualından sonra iş icraçısı soruşmuşdu:

- Sənin təhsilin nədir?

O sadəlöhvcəsinə:
- Ali - demişdi, - politexniki qurtarmışam.

İş icraçısı səslədiyi adamı yarı yoldan qaytarmışdı.

- Yaxşı, sən get işinlə məşğul ol. Bizim bu dostumuz daha bizdə işləyəsi olmadı.

O, az qala «niyə?» deiyib bağıracaqdı. Amma heç nə deməmişdi.

Sovq - təbii anlamışdı ki, sual verməklə səhv eləyib. Gərək sual verməyəydi. Heyrət dolu nəzərlərlə gözlərini iş icraçısına zilləmişdi. İş icraçısı əvvəl onun baxışlarını cavabsız qoymaq istəmişdi, sonra sir-sifətini bir də nəzərdən keçirib, deyəsən, baxışlarına tab gətirməmişdi. İzahat verməli olmuşdu:

- Bizdə ali savadlıları işə götürülmür.

O heç bir vaxt inanmazdı ki, ziyalı görkəmi adama bu qədər mane ola bilər. Onun xəfif təbəssümü, müsahibinə göstərldiyi diqqət, üz -gözündəki ifadəlilik, hərəkətlərindəki səliqə-səhman ünsiyyətə girmək istədiyi adamlar tərəfindən açıqcasına düşmənçiliklə qarışlanırdı.

Onu əvvəllər «müəllim» deyə çağırrırdılar və o bu sözdə özünə qarşı bir inam hiss edirdi, adamların müraciətində ümid, nəzakət, hörmət vardı və bu söz ona etibardan xəbər verirdi.

İndi onu «müəllim» deyəndə, diksinirdi. Niyə? Heç özü də bilmirdi. Bəlkə adamlar son vaxtlar «müəllim» sözünü açıq-aşkar bir istehza ilə, lağla, təbəssümlə tələffüz edirdilər, ona görə. Bəlkə ona belə gəlirdi. Hər nə idisə indi ona «müəllim» deyəndə bəzən anlaşılmaz hisslər keçirirdi.

Axır zamanlar o, həm də yaşadığı şəhəri başa düşə bilmirdi. Şəhərlə elə bil nəsə baş vermişdi.

Özü də demək olmazdı ki, bu, bir ilin, beş ilin içərisində baş vermiş məsələydi. Xeyir. Əgər belə olsaydı, o mütləq şəhərlə nə baş veridyini anlaya bilərdi.
Elə bil şəhər hər gün, hər saat, hər dəqiqə dəyişirdi.

Bu gün norma kimi qəbul olunan məsələ sabah əhəmiyyətini itrirdi, ya da tamamilə əks məna ifadə etməyə başlayırdı.

Adamlar elə bil axşamlar çox-çox qədim zamanların şəhərində yatır, səhərlər isə o şəhərə dəxli olmayan başqa bir şəhərdə yuxudan oyanırdılar.

O şəhərin bu cür dəyişmə sürətinə heç cürə alışa bilmirdi.

Yox, o şəhərin dəyişdiyini bilirdi. Evlərin, parkların, körpülərin və xüsusən də fəvvarələrin şövqlə tikildiyni görürdü. Amma yenə də dəqiqləşdirə bilmirdi, bu inkişaf, dəyişmə, sürət niyə adamlarda özünü bu qədər anlaşılmaz şəkildə göstərir.

Bu gün onunla üz-üzə gələn adam sabah qarşısına elə bir halda çıxırdı ki, o, heç cürə özünü inandıra bilmirdi ki, qarşısındakı dünənki adamdır. Ən pisi də bu idi ki, hər gün dəyişən bu şəhər bir nöqtədə dayanmaq bilmirdi, elə hey, fasiləsiz şəkildə dəyişməkdə davam edirdi.

Ona elə gəlirdi ki, şəhərdə baş verən bütün bu anlaşılmazlıqlar məhz bu dəyişmənin nəticəsidir. Bəlkə də adamların bir-biri ilə dil tapa bilməsinin səbəbi də bu idi.

Hər nə idisə, artıq o, bir üç-dörd il idi ki, ətrafını başa düşməkdə it əzabı çəkirdi. Elə ətrafındakılar da onun günündəydilər. Amma heç kəs nə baş verdiyinin fərqində deyildi. Hamı tələsirdi. Hamı yüyürüdü. Hətta əlində çəlik tutumuş qocalar da, iməkləməyə yenicə başlayan körpələr də.

Doğrudur, indi onu bütün bunlar qətiyyən marqlandırmırdı. İndi ona işləmək lazım idi.

Evdə də əyləşməkdən bezmişdi. Nə qədər arvad-uşağın üzünə baxmaq olardı? Evdə də əyləşməyəndə, ayağını qapıdan bayıra qoyan kimi, şəhər ağzını açıb ondan pul tələb edirdi. Avtobusa minmək üçün pul lazımdı.

Avtobusdan düşmək üçün pul lazım idi. Əvvəllər heç bir vaxt ağlına gətirməzdi ki, adam şəhəri dolaşanda belə tez acır. Bu onun üçün lap əzaba çevrilmişdi.

O işlədiyi idarədə ixtisara düşəndən sonra bunu xüsusi ilə hiss etməyə başlamışdı. Şəhərdə nə qədər dadlı yeməklər bişirirdilər. Hər addımda restoran, yeməkxana, kafe. Elə o özü də, ailəsi də belə tikililərdən birini zavalına gəlmişdi. Bəlkə də o heç bir vaxt qul bazarına getməyi özünə rəva görməzdi.

Hər necə olsa, ali savadıl mühəndis idi. Bəlkə də axtarıb özünə bir babat iş tapa bilərdi.

Amma qəfildən onların evlərinin yanında, uşaqların oynadığı geniş futbol meydançasını hansısa məhdud məsuliyyətli cəmiyyət çəpərə aldı. Adamlar bir yerə yığışıb nə baş verdiyni anlayanacan, bir - biri ilə dil tapanacan, ünsiyyət yaradanacan, etiraz edənəcən tikinti şirkəti artıq binanın özülünü töküb qurtardı və birinci mərtəbəsini qaldırmağa başladı.

Adamalar özlərini oda-közə vursalar da, xeyri olmadı. Tezliklə məlum oldu ki, onların evinin yanında ücmərtəbəli şadlıq sarayı tikirlər. Bir neçə aydan sonra şadlıq sarayı fəaliyyətə başladı.

Günorta keçəndən sonra, xüsusən də axşamlar, adamlar evlərinə yığılandan sonra şadlıq sarayının mətbəxində bişirlən dadlı yeməklərin iyi düz otaqlara vururdu, adamları yatamağa qoymurdu.

Belə vaxtlarda balaca, yeganə oğlu anasının ayaqlarını qucuqlayıb, aşağıdan yuxarı anasının üzünə baxa-baxa -acam!- deyirdi.

Yazıq qadın uşağı dilə tutmaq üçün ona nələr təklif etmirdli. Alma, armud, banan, üsütünə şəkər tozu səpilmiş yağ yaxması, konfet, bulka, qayğanaq. Amma uşaq bu yeməklərin heç birinin üzünə də baxmaq istəmirdi. Elə: - acam - deyib dururdu.

O da arvadı kimi əvvəl uşağın bu şıltaqlığını başa düşmürdü. Amma bir dəfə uşaq - acam- deyib, şadlıq sarayından gələn dadlı iyi ciyərlərinə çəkdiyni görəndə, o hər şeyi başa düşdü.

Əslində o, bunu arvadı ilə birlikdə elə eyni andaca başa düşdülər. Qadının gözləri yaşla doldu, sonra sifəti daşa döndü və arvadı ömründə ilk dəfə qart, acıqlı, daş kimi ağır kişi səsi ilə ona müraciət etdi:

- Sən bilirsən uşaq niyə acdı?

O doğrudan da qaçıb gizlənmyə yer axtardı. Çarəsiz-çarəsiz başı ilə təsdiq etdi,
-Hə…

* * *

Bu gün evinə getməyəcəkdi. Bağda gecələyəcəkdi; xozeyinin bağında.

Acı-acı gülümsündü.

Evinə zəng etdi, bir neçə gün evə gələ bilməyəcəyini dedi. Aravdı heç maraqlanmadı da niyə? Elə bircə bunu soruşdu; iş tapa bildin? O dedi, tapmışam. Amma nə iş olduğunu demədi.

Və nə qədər qəribə olsa da, bu zəngdən sonra onun ürəyində bir dinclik, bir asudəlik, bir azadlıq hissi baş qaldırdı. Amma o bu dincliyi, asudəliyi, azadlığı ürəkdolusu dada bilmədi, ondan on-on beş metr aralıda, bir yığın taxta-tuxtanın içərisində eşələnən Sərxan kişi əlilə onu yanına çağırdı və o, Sərxan kişiyə tərəf tələsdi.

Sərxan kişi əlində tutduğu əyri, ağır, üstü sementdən qartmaq bağlamış beli ona uzatdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG