Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

Üzeyir bəyin indiyəcən nəşrdən kənarda qalan əsərləri üzə çıxdı


Mənbə: "525-ci qəzet"

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904 –1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm.

Şirməmməd HÜSEYNOV


BAKI MÜSƏLMANLARINA VƏ “DAŞNAKSÜTYUN” FİRQƏSİNƏ MƏLUM OLSUN Kİ...

Mənə məlum olduğu üzrə məhəlli müsəlmanlar arasında şaiyat dövr etməkdədir ki, guya Tiflisdə erməni və müsəlman ixtişaşi əsnasında Tiflis gürcüləri ermənilər ilə bərabər müsəlmanlar əleyhinə əməl etməkdə imişlər.

Cəsarət edib bu şayiələrin əsilsiz olduğunu bəyan ediyorum. Biləks Tiflis gürcüləri bu biməni və naməqul və vəhşiyanə qırğından artıq dilgir və mütənəffirən olub bitirəfanə bir mövqe işğal ediyordular və hələ etməkdədirlər.

Öz bəyanımı təsvib və təyid etməkdən ötrü Tiflisdə nəşr olunan gürcü qəzetlərinin Tiflis erməni və müsəlman qırğınına dair mülahizatını “Kaspi”nin səhifəsində Bakı müsəlmanlarına izhar etməyə çalışıyorum və bu niyyətlə “Sinubis Porseli” qəzetəsi idarəsi tərəfindən “Daşnaksüyun” firqəsinə yazılmış açıq məktubun məzmununu bəyan ediyoram:

“Dünən (yəni noyabrın 30-u) bizim idarənin yanında vəhşiyanə bir qətl vaqe oldu. İki nəfər müsəlman fəhləsi ölümdən gizlənmək istəyərək, küçə ilə xəlvətyanə gediyordular.

Bizim idarənin əmələləri bu bədbəxtləri fəlakətdən xilas etmək üçün öz yanlarına çağırıyordular. Laeykən bu əsnada onları erməni “qaraulu” görüb güllə atmağa başladılar.

Bu silahsız və yaxud silahları bir bıçaq olan müsəlmanı tutmaq çox asan idi. Bunun ilə belə müsəlləh dəstə rəhmsiz və vəhşi bir növilə talesiz fəhlələri öldürdü...

Bundan artıq yırtıcılıq ola bilməz! Bu nədir, yəni?

Biz-təqsirsiz müsəlmanlara toxunulmiyor-deyib dünən bizə proklamasiya göndərən “Daşnaksüyun” firqəsindən soruruz: Böylə vəhşiyanə rəftar edən “qaraul” kimdir?

Biz, bu ədalətsizliyi görüb işə müdaxilə edən halda və bu yırtıcılığa işarə edib erməniləri təskin edən vaxtda “qaraullar” dilgir olaraq bizə dedilər ki: Sizin nə işiniz var!

Əcəba biz, insaniyyətpərvərlik əsasının böylə təhqir edilməsini görüb əl-əl üstə qalıb durmalıyızmı?!

Bir gürcü tələbəsi “qaraullara” tərəf yüyürüb nə üçün təqsirsiz adamı öldürürsünüz-deyə sorduqda “qaraul” istədi ki, tələbəni də güllələsin. Orada duranlar bir tədbir etməsəydilər bu yırtıcılıq dəxi tazədən vüqu bulacaqdı.

Bu nədir yəni?

Bu işlərin hamısı “Daşnaksüyun” firqəsi namindən icra edilir.

“Daşnaksüyun” isə intişar etdiyi vərəqələrdə bir ayrı söz danışıyor. Cavab veriniz! Əvvəlcə buna bir rast və doğru cavab veriniz və ikinciyə qalan yerdə bu murdar hərəkəti və yırtıcılığı mövquf ediniz!

Mütərcim: Üzeyir

“Həyat” qəzeti, 6 dekabr 1905, №114

“İdarədən”: – Biz yalnız “bu gün” “Kaspi”də dərc olunan mətləbləri “Ertəsi gün” “Həyat” ilə nəşr etmiyoruz.

Biz “Baku”dan və sair qəzetələrdən əhali islamiyyəni xəbərdar olması lazım gələn həvadisi daima bitərəfanə əxz edəriz. Və bu növ həvadisin “Həyat” qəzetəsində rus qəzetələrindən bir-iki gün gec çıxması təbiidir.

Çünki əvvəla rus qəzetələrini oxumaq, sonra oxunanların arasından lüzumlu mətləbləri seçmək və bəədə o mətləbləri oturub tərcümə edib təkrar mürəttiblərə tərtib etdirmək üçün vaxt istər. Əhməd bəy dəxi qəzetəmizə baş mühərrirlik edərkən hal və keyfiyyət böylə idi.

Zənn edirəm ki, rus qəzetələri də, “Həyat”dan və əvvəl ümum müsəlman qəzetələrindən aldıqları mətləbləri bu qəzetələrdən ancaq bir-iki, hətta bir neçə gün sonra yazıb nəşr edə biliyorlar.

Bir də bu günlərdə ümum yerli qəzetələr kimi bizim qəzetəmiz də teleqraf və posta tətili səbəbindən müstəqillən həvadis vermək xüsusunda bəzi müşkülata düçar oldu. Sair şəhərlərdən gələn məktublar və müxbirlərimiz tərəfindən göndərilən mühərrat bizə vasil olmadı.

Paytaxtlardan, məmaliki əcnəbiyyədən və ümum aləmi-islamdan gələn qəzetə və məcmuələr yollarda və posta xanələrdə mətəl olub qaldı...

Qəzetəmizin məsləki zatən Ağayev məsləkidir. Mühərrirlər dəgişməmişdir. Ağayev tərəfindən qəzetəyə verilən hərəkət “Qanuni-ətalət” qaidəsinə, intibaha müddət mədidə davam edəcəyi təbiidir.

Hətta sadə hərəkət mütosaviyə ilə deyil, bəlkə bir hərəkəti-mütəzaideyi-səadə ilə davam edərək gündən-günə tərəqqi və məkamülə dəxi yüz tutucağı şübhəsizdir. Çünki bilcümlə ziəlhəyat sadə “Qanuni-ətalətə” tabe olmayıb “evolüsionist” filosoflarının, yəni fəlasifeyi-təkamülyunun ən böyügü olan və keçən il Anqilyada vəfat edən məşhur Herbert Spenserin isbat etdiyi vəchlə bir də evolyusionnizm, yəni “Təkamül” “qaideyi-külliyəsinin” hökmü altında bulunur. “Təkamül” qaidəsinə görə hər bir zihəyat istər heyvan, istər insan, istər fərd, istər bir cəmiyyət, ya millət, istər kürreyi-ərz, istər bütün kainat törər, böyüyür, nəşvü-nüma edər.

Həddi-kəmalinə vasil olur və ancaq bir müddət dövr kəmalında davam etdikdən sonra zavallı üz tutub nəhayət izmehlal bulur. Hər bir zihəyatın doğub törədiyi gündən müzməhlil olduğu ana qədər keçən zəmanə ömri-təbii denilir.

Zərdabi Həsən bəy qəzetəmizin dünənki nömrəsində dediyi vəchlə atın ömrü 25 ildir. İnsanın ömrü 125 ildir.

Filin ömrü 150 ildir. Lakin müşariileyh həzrətləri qəzetələrin ömrü nə qədər olduğu deməyi unutmuşdur. Senzura və ənvayi-əsarət mərəzləri olmuyub hürriyyətin hökmfərma olduğunu bir məmləkətlərdə qəzetələrin ömrü fildən də bir az ziyadə olduğundan 150-200 ildir.

Nəşvü-nüma dövründə yenə Həsən bəy həzrətlərinin hesabı üzrə bunun beşdə biri olacağından bir qəzetə üçün həddi-kəmalinə vasil olmaq üçün-yəni bir “Tayms”, ya “Fiqaro” olmaq üçün 30 il istər!...

Ələlxüsus hər hanki bir qəzetənin nəşvü-nüması, tərəqqisi öz millətinin tərəqqisi ilə məbsutən mütənasibdir: zənnimizə görə millətimiz dəxi ancaq 30 il tərəfində mədəniyyəcə ingilislər, ya fransızlar dərəcəsinə vasil ola bilir.

Milətləri millət edən və qəzetələri onlara layiq edən nə “Zeyd”dir, nə “Əmru”, bəlkə millətlərin öz nəşrü-nümaları , daha doğrusu, qanuni-ümumiyi təkamülə istər-istəməz tabe olmalarıdır.

İngiltərəli Qarilin fikrinə rəğmən Əhməd bəy Ağayevlər deyil “milləti qabağa aparan”, bəlkə franslı “Tən”in rəyi mövcibincə millətdir ki Əhməd bəy Ağayev kibi fazil və kamil adamları qabağa çıxardır!...

Millət dünən bir Əhməd bəy yetişdirdi.

Bu gün ikisini, üçünü yetişdirər. Sabah beşini-onunu, sonra yüzlərcəsini yetişdirməyə başlar. Əhməd bəy həzrətləri öz məqalati-qozidələri və şirin bəyanları ilə qəzetəmizin sütunlarını təzyin etməyi dərrix edirlərsə bu hal dəlalət etməz ki, “Həyat” qəzetəsi “Kaspi”nin bir ikinci timsalı, ya əş olmaq niyyətindədir. İskəndər çox böyük adam idi, fəqət stolları qırmaqda nə məna?!

“Həyat”ın amali-əfkarı deyil, “Kaspi”dən hətta əlsəneyi-müxtəlifədə çıxan cəmi Rusiya qəzetələrindən mükəmməl olmaqdır. Əgər böylə bir müvəffəqiyyətə nail olmaq üçün “Həyat”ın tutduğu yol doğru yol deyil isə Əhməd bəy həzrətlərindən iraye-təriq ilə səriən bizi İrşad yübürmələrini rica ediriz.

Ələlxüsus hərəkati-inqilabiyyənin və bunun əksinə olan icraati-rücət əndanənin böylə şiddətli və vəxim bir zamanında millətimizi rəhbərsiz buraxmaq caiz olmayacağından “İrşad”ın çıxmaqda bir az əcələ göstərməsini təmənna eləriz.

Rahnəmayanu ğeyb əz dotərət
nəərezən
Fəətərəfü bi-d-daləl va-ttəbəəü
bi-l-huda!...*

“Həyat” qəzeti, 6 dekabr 1905, №114

*Yolgöstərənlər qeybdən hər iki tərəfdən nərə çəkəcək
Yol azmağı etiraf edin, düz yola gəlin!

Ardını burda oxu!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG