Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:53

ADNA-dakı hadisə ilə bağlı məhkəmə baxışı aprelin 21-nə qaldı


Aprelin 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən ilin aprel ayında Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qətliamla bağlı məhkəməyə hazırlıq iclası keçirilib. İclasa hakim Ramella Allahverdiyeva sədrlik edib.

Hazırlıq iclası başlayan kimi təqsirləndirilən şəxslər Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cinayətdən xəbərsiz olduqlarını, ibtidai istintaq vaxtı onlardan işgəncələr altında ifadələr alındığını bildiriblər. Onlar əvvəlcə müstəntiq Fəxrəddin Pənahovun məhkəməyə dəvət olunaraq dindirilməsi, sonra isə işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlər qaldırıblar. Hakim işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti təmin etməyib. Müstəntiqin məhkəməyə dəvət olunması ilə bağlı vəsatətə isə məhkəmə baxışında baxılacağını bildirib.

Təqsirləndirilən Nadir Əliyev üzünü zalda əyləşmiş zərərçəkmişlərə tutaraq deyib ki:
Təqsirləndirilən Nadir Əliyev


«Qoy eşitsinlər, on ildir namaz qılıram, bu cinayətdən xəbərim olmayıb. Mənə bu sənədlərə təzyiq altında imza atdırıblar».

Digər təqsirləndirilən Cavidan Amirov Fərda Qədirovla yaxın qohum olduğunu, lakin hadisədən əvvəl onunla görüşmədiyini və hadisədən xəbərsiz olduğunu bildirib. Məhkəmənin nəzərinə çatdırıb ki, Milli Təhlükəsizlik Nazirliyi onu çağırıb saatlarla dindirəndən sonra Fərda ilə əlaqəsini müəyyən etmədiyinə görə buraxıb. Növbəti gün onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları idarəyə apardılar, işgəncələr altında cinayətdən əvvəlcədən xəbərdar olması barədə ifadə alıblar.

Hakim təqsirləndirilən şəxslərə bildirib ki, ibtidai istintaq müddətində baş vermiş qanun pozuntularından məhkəmə baxışında verəcəkləri ifadələrində danışa bilərlər.

Məhkəmə baxışı aprelin 21-nə təyin olunub.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

İstintaq orqanı hazırda məhkəmə qarşısına çıxarılan şəxslərin Fərda Qədirovun əməllərindən əvvəlcədən xəbərdar olduqları qənaətinə gələrək onları həbs edib.

Məhkəmə qarşısına çıxarılanlar terrorçuluqda, qəsdən adam öldürməyə hazırlıqda, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıqda, qanunsuz odlu silah və narkotik vasitələr saxlamaqda və sair cinayətlərdə təqsirləndirilirlər.
İbtidai istintaq vaxtı onlara qarşı Cinayət Məcəlləsinin ümumilikdə 29 maddəsi ilə cinayət işi qaldırılıb.
XS
SM
MD
LG