Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:13

Qızının problemini həll etmək üçün aldığı ev daha böyük problem yaratdı


«Qaynar Xətt» gələn şikayət araşdırılıb
«Qaynar Xətt» gələn şikayət araşdırılıb
Sənubər Babayeva deyir ki, 2007-ci ildə özünə məxsus mülkü satıb 12 ildir kirayədə yaşayan qızı Səidə Babayevanın adına Ramana qəsəbəsində ev alıb. Lakin qızının problemlərini həll etmək üçün aldığı ev əksinə övladına daha da böyük problemlər yaradıb. Onun sözlərinə görə, keçmiş kürəkəni 2008-ci ildə daha yaxşı ev almaq üçün yaşadıqları mülkü satmağa Səidə Babayevanı razı salır:

QIZIMI DÖYƏ-DÖYƏ GƏTİRİB YANIMA QOYDU

- Mən öz evimi 70 min manata satıb bu qıza xərclədim. Evi qızın adına almışdım. Keçmiş kürəkənim qızıma deyib ki, sən mənim adıma etibarnamə ver, alqı-satqı işini özüm həyata keçirim. Sonra qıza deyib ki, bəs evi 75 min manata satıram sən get anangilə sonra səni gəlib apararam. Qızım aldanmasından şübhələnərək razılıq vermir. Mənim uşağımı döyə-döyə gətirib yanıma qoyur və birdəfəlik gedib.

Səidə Babayevanın şikayəti əsasında Əli Bəhlulzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 oktyabr 2009-cu il hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq əməlinin törədilməsi) maddəsi ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə təqsirləndirilən şəxsdən 45595 manat alınaraq zərərçəkənə ödənməsi qət edilib. Hazırda Səidə Babayevanın işi digər məhkəmə instansiyasında baxıldığı üçün hələ qətnamə icraata göndərilməyib.

Osman Kazımov: Müqavilə ləğv edilməlidir
Eyni zamanda Səidə Babayeva onun etibarından sui-istifadə edilməklə mülkünin ələ keçirildiyini əsas gətirərək, Ramana qəsəbəsindəki mülkün alqı-satqı müqaviləsinin məhkəmə qaydasında ləğv olunması barədə məhkəmədə iddia qaldırıb. Onun iddiasına bütün ölkədaxili məhkəmələrdə baxılsa da, iddia təmin olunmayıb.

MÜQAVİLƏ LƏĞV EDİLMƏLİDİR

Səidə Babayevanın hüquqlarını müdafiə edən vəkil Osman Kazımov bildirir ki, müqavilə zərərçəkənin iradəsindən kənar tərtib olunduğu üçün ləğv olunmalıdır:

- Səidə Babayevanın iştirakı ilə razılaşırlar ki, evi mebellərlə birgə 75 min ABŞ dollarına, mebellərsiz 70 min ABŞ dollarına satılsın. Amma Əli Bəhlulzadə evi alan Azər Nəcəfovla cinayət əlaqəsinə girirlər. Evi etibar edən şəxsin iradəsindən kənar aşağı qiymətə satdıqları üçün müqavilə ləğv edilməlidir.

Səidə Babayeva hazırda Ali Məhkəmənin plenumuna şikayət edib.

Ali Məhkəmənin mülki məsələlər üzrə hakimi Əsəd Mirzəliyev deyir ki, məhkəmələrdə işin qanuni və ya qanunsuz həyata keçirilməsi müəyyənləşdirilir. Onun sözlərinə görə, bu halda Səidə Babayeva könüllü şəkildə etibarnamə veribsə, deməli, burada qanun pozuntusu yoxdur:

BURDA HEÇ BİR QANUN POZUNTUSU YOXDUR

- Bir halda ki, etibarnamə veribdir ki, müəyyən səlahiyyətləri icra etməyi sənə etibar edirəm. Etibar edilən şəxs ona verilən səlahiyyətlərindən kənara çıxmayıb, əməliyyat aparıbsa işi sübhə altına almaq mümkün deyil. Burda heç bir qanun pozuntusu yoxdur. Ona görə də etibarnamə veriləndə dəqiqliklə düşünülüb addım atılmalıdır.

Əsəd Mirzəliyev deyir ki, əgər Səidə Babayevanın aldanaraq, etibarnamə verməsi sübuta yetirilibsə və cavabdeh tərəf dələduzluq maddəsinə görə məhkum edilibsə, bu halda yenidən məhkəməyə müraciət mümkündür:

Ali Məhkəmənin Plenumuna müraciət edilməlidir
- Əgər zərərçəkmişin əmlakını ələ keçirmək üçün onun aldadılması ona qarşı dələduzluq əməlinin törədilməsi məhkəmə qaydasında sübuta yetirilibsə və həmin şəxs cinayət təqibi qaydasında məhkum edilibsə, yeni işin açılması üçün müraciət etmək olar. O, hökmü ilə müəyyən olunan faktlar bu iş üçün preyudisiallıq kəsb edirsə Ali Məhkəmənin Plenumuna müraciət edilməlidir.

Əsəd Mirzəliyev deyir ki, ev alqı-satqısı haqda müqavilə yalnız Səidə Babayevanın iradəsindən kənar evin satılması sübuta yetirilərsə ləğv edilə bilər.

Hüquqşünas Azər Nağıyev deyir ki, son zamanlar vətəndaşların etibarından sui-istifadə etməklə onların aldadılması halları geniş vüsət alıb. Onun fikrincə, bunun əsas səbəbi vətəndaşların hüquqları haqda məlumatsızlığından və bəzi dövlət qurumlarının vətəndaşların aldadılmasına «yardımçı» olmasından irəli gəlir.
XS
SM
MD
LG