Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:08

Qadın məsləhətxanaları ləğv edilir


Əyalətlərdəki qadın məsləhətxanaları maddi texniki-baza sarıdan problemlər yaşayır
Əyalətlərdəki qadın məsləhətxanaları maddi texniki-baza sarıdan problemlər yaşayır
- İki uşaq anasıyam. Ərim cavan ölüb. Mən indi neyləyəcəm? Harda işləyəcəm?

Bakının Yasamal rayonunda yerləşən 2 saylı qadın məsləhətxanasında çalışan Arzu Manafova bir həftədir narahatdır: Səhiyyə Nazirliyinin aprelin əvvəlində keçirilmiş kollegiya iclasında qadın məsləhətxanalarının bağlanacağına qərar verilib.

Nazirlikdən deyirlər ki, islahatlar çərçivəsində qadın məsləhətxanalarının poliklinikalara birləşdirilməsi nəzərdə tutulur. Hesab edilir ki, məsləhətxanalar pasienti yalnız ginekoloji müayinə edə bilir, başqa xəstəliklərin yoxlanması ehtiyacı yarananda onu poliklinikaya göndərirlər.

NƏ FƏRQİ VAR?

Bakıdakı 2 saylı qadın məsləhətxanasında isə bu iradı əsassız sayırlar. Deyirlər ki, müraciət edənlər hərtərəfli müayinə oluna bilirlər.

- Bu qədər adam poliklinikaya necə yerləşdiriləcək?

- Burda oturduq xəstə qəbul etdik, ya poliklinikaya getdik, nə fərqi var?

- Bizdə yüksək xidmət göstərmək üçün hər cür imkan var

- Camaatın özəl klinikalara getmək imkanı yoxdur, bura gəlirlər.

Məsləhətxananın tibbi heyətinin narahatlığını ordakı pasientlər də bölüşürlər. Bura Bakının müxtəlif rayonlarından gələnlər var:

- Mən Xətai rayonundan gəlirəm. Mən poliklinikada necə yoxlana bilərəm? Burda hərtərəfli yoxlayırlar məni.

Qadın məsləhətxanalarının bağlanacağına qərar verilib
- Mən birinci hamiləliyimdə də bura gəlmişəm, indi də beşinci ayımdayam. Yenə də bura gəlmişəm. Axıra kimi nəzarətdə saxlayırlar.

POLİKLİNİKADA GİNEKOLOQ KABİNETİ, MAMA-GİNEKOLOQ ŞTATI YOXDUR

Məsləhətxananın kollegiyada iştirak edən baş həkimi Rəna İbrahimova da qeyri-müəyyən bir vəziyyət yarandığını və bu müzakirələrin nəylə bitəcəyini bilmir:

- Bizim məsləhətxana 40 ildən çoxdur fəaliyyət göstərir. Yasamal rayonunun 120 min qadın əhalisi var. İldə 3 mindən artıq hamilə qeydiyyata düşür. Bundan görünür ki, nə qədər əhəmiyyəti var məsləhətxananın.

- Poliklinikadan fərqi nədir?

- Biz qadın xəstəliklərinə baxırıq. Poliklinikada isə ginekoloq kabineti, mama-ginekoloq ştatı da yoxdur. Yalnız profilaktik baxışdır.

Rəna İbrahimova deyir ki, kollegiya iclasında məsləhətxanalarla bağlı qərar səhiyyədəki islahatlara bağlanıb.

ORDA YALNIZ ƏLLƏ MÜAYİNƏ APARILIR

Bir müddət əvvəl qadın məsləhətxanaları ilə bağlı tədqiqat aparmış «Himayədar» Humanitar Təşkilatının rəhbəri Himayət Rizvanqızı deyir ki, xüsusilə regionlardakı qadın məsləhətxanaları maddi texniki-baza sarıdan problemlər yaşayır:

- Təsəvvür edin ki, orda yalnız əllə müayinə aparılır.

Azər Mehtiyev
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev isə deyir ki, Səhiyyə Nazirliyinin pilot zonalar üçün nəzərdə tutduğu islahatlarda məsləhətxanalar sahə xəstəxanalarının və poliklinikaların tərkibindədir. Ancaq bu sahənin təkmilləşdirilməsinə ehtiyac olduğu halda bu addım başa düşülən deyil:

SÖHBƏT İŞİ DAHA DA TƏKMİLLƏŞDİRMƏKDƏN GETMƏLİDİR

- Ümumi səhiyyə islahatlarının tərkibində və təklif olunan modeldə öz əksini tapmalıdır. Söhbət öz-özlüyündə qadın məsləhətxanalarını ləğv etmək və ya poliklinikaya birləşdirməkdən deyil, işi daha da təkmilləşdirməkdən getməlidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə deyir ki, məsləhətxanaların poliklinikaların tərkibinə keçirilməsinə səbəb hamilə qadınların hər birinin nəzarətdə saxlanmasına şərait yaratmaqdır. Onun sözlərinə görə, nəinki işçilərin ixtisarından söhbət gedir, hatta mümkündür ki, yeni ştatlar açılsın. Çünki bu sahədə çalışan 195 həkim 1000 poliklinika üçün azlıq edəcək.
XS
SM
MD
LG