Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:27
Bu həftə açılan «Azərbaycan kinosu həftəsi» bölgə tamaşaçılarını da unutmayıb. Müxtəlif studiyalarda çəkilmiş «Qala», «Salam, mələyim», «Hökmdarın taleyi», «40-cı qapı» və başqa filmlər respublikanın 10 şəhər və rayonunda göstərilir.

NƏ VAXTSA BİZDƏ DƏ YAXŞI KİNOLAR OLACAQ...

Kino həftəsi günlərində Bakı tamaşaçıları isə Azərbaycan kinolarına elə də maraqla baxmadıqlarını deyirlər. Baxmayaraq ki, həftənin iki gün əvvəlki açılış mərasimi Heydər Əliyev adına Sarayda təntənəli keçmişdi.

- Yeni, adamın ürəyinə toxunan filmlər yoxdur, ona görə Azərbaycan filmlərinə baxmıram...
- Düzdür, mən Azərbaycan kinolarına baxmıram. Ancaq inanıram ki, nə vaxtsa bizdə də yaxşı kinolar çəkiləcək...
- Məncə camaatın kino həftəsindən xəbəri olmadı, yoxsa içi mən qarışıq baxardıq.
- Bizdə təzə film yoxdur, olsaydı, televizorda göstərərdilər.
- Kino ilə aram yoxdur.

ƏN BAHALI FİLM 1 MİLYON MANAT
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə kino həftəsinin açılışında bu cür festivalların Azərbaycan kinematoqrafiyasının inkişafına şərait yaratdığını, hər il dövlət büdcəsindən qısametrajlı və tammetrajlı filmlərin çəkilməsi üçün 6 milyon manat ayrıldığını bildirib. Kino həftəsinə çıxarılan filmlərin büdcəsinə gəldikdə, Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyir ki, ən bahalı filmə 1 milyon manat sərf olunub:

«Müxtəlif smetalar var. 300 min manata çəkilən film də var, 1 milyon manata çəkiləni də. Baxır filmin quruluş mürəkkəbliyinə. Tarixi filmdirsə, vəsait çox sərf olunur, kostyum tikilir, silah alınır».

Kino həftəsi çərçivəsində «Mozalan» televiziya jurnalının yeni buraxılışları, gənc rejissor Samir Kərimoğlunun «Niyyət» filmi ilk dəfə nümayiş etdirilib.

«Niyyət» filmi Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi əsasında çəkilib. Film dini olmasa da, islam mövzusuna da toxunulub.

Kino xadimləri Azərbaycan kinosu ilə bağlı problemlərin çox olduğunu deyirlər. Kinorejissor Rüfət Əsədov deyir ki, baxmayaraq ki, son illər bu sahədə inkişaf var, texniki problemlər hələ də qalır:

LENTLƏRİ MOSKVAYA VƏ İRANA APARIRLAR

«Müasir avadanlıqlar yoxdur, lentlər bizdə aşkarlanmır, Moskva və İranda aşkarlanır. Bir də yaxşı ssenarilər yoxdur».

Kinematoqrafçılar İttifaqının katibi Əsəd Əsədov 5 il əvvəlki illə müqayisədə indi xeyli inkişaf olduğunu deyir:

«Nazirlik bu gün kinoya diqqət edir, gənclərə imkan yaradır. Azərbaycan kinosunun gələcəyi gənclərdən asılıdır».

Əsəd Əsədov deyir ki, kinoya qayğı indiki templə inkişaf etsə, bir neçə ilə texniki problemlər aradan qalxacaq:

«Onda biz nə Moskvadan, nə də İrandan asılı olacağıq».

Aprelin 5-də başlamış kino həftəsi ayın 10-a qədər davam edəcək.

Azərbaycanda ilk film 1898-ci ildə çəkilib. «Bibiheybətdə neft fontanı yanğını», «Balaxanıda neft fontanı», «Şəhər bağında xalq gəzintisi», «Qafqaz rəqsi» bədii kinosüjetləri ilə Azərbaycan filminin əsası qoyulub.

Şərhləri göstər

XS
SM
MD
LG