Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Rasim Qaraca: Acıdım Elçin Əfəndiyevə...


Azad Yazarlar Ocağının üzvü, şair Rasim Qaracanın Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi və yüksək vəzifə tutan üzvlərinə tənqidi münasibəti bəllidir. O cümlədən baş nazirin müavini Elçinə. Elçin isə "525-ci qəzet"ə verdiyi müsahibədə Rasim Qaracanın davamlı mövqe sahibi olmasına şübhə ifadə edib, deyib ki, vaxtilə R.Qaraca ona təşəkkür məktubu yazıbmış. R.Qaraca "Oxu zalı"na açıqlamasında məsələyə münasibətini bildirib.

- Həqiqətən belə bir məktub yazmısınızmı?

- Həqiqətən Elçin Əfəndiyev 1994-cü ildə mənim “Yol” qəzetində dərc olunan şeirlərim haqqında geniş bir məqalə yazaraq “Azərbaycan” qəzetində dərc etdirmişdi. O zaman mən Mockvada yaşayırdım.

Bir neçə ay sonra qəzet gəlib mənə çatdı. Mən də o zaman, həqiqətən, qısa bir məktub yazaraq Elçin Əfəndiyevə öz təşəkkürümü bildirmişəm.

İndi bu balaca hadisəni manşetə çıxaranlar guya məni ikiüzlülükdə yaxalayıblar.

Halbuki, əgər bir tərifli məqaləyə görə mən Elçini öz jurnalımda və ya təşkilati fəaliyyətimdə tənqidlərdən qorusaydım, əsl ikiüzlülüyü bu zaman etmiş olardım. Mən bunu etməmişəm.

Tənqid etdiyimiz insanların yaxşı cəhətlərini hər zaman vurğulamağa çalışmışam, dostlarıma da bunu tövsiyə etmişəm hər zaman. Elçin Əfəndiyev bizim ədəbiyyat tariximizdə sıradan bir fiqur deyil.

Özünün yazıçılıq fəaliyyəti sayəsində yüksək rütbə qazanmış, ədəbiyyatımızın inkişafı baxımından çox böyük işlər görə biləcək bir insan. Ancaq bu imkanlar nəyə sərf olundu – özünün və yalnız özünün şöhrətinə, xaricdə təbliğinə, atasının adının əbədiləşdirilməsinə.

Sadə həqiqəti anlamayan insanlardır: xalqın sevgisiylə qazanılan vəzifə xalqın övladlarına xərclənməliydi.

Elçin özünün yüksək zirvəsindən məni və mənimkimiləri görə bilmir. Gənc yazarlar haqqında “denşik”, “lümpen” sözlərini söyləyən də odur.

- Sizcə, bu qədər zaman keçəndən sonra Elçinin bu məktubu xatırlamasına səbəb nədir?

- Zaman keçib, Elçin Əfəndiyevin (o cümlədən Anarın və Əkrəmin) yazıçı kimi, ictimai xadim kimi mövqeləri əsaslı şəkildə sarsılıb, sözlərinin çəkisi qalmayıb.

Bu sözə ağırlıq verən hər zaman onların vəzifəsi, rütbəsi olub, yaxın zamanlarda bu rütbədən məhrum olacaqlarını anlayıblar.

Demək istəmirəm ki, Elçin yazdığı o məqaləni yada salıb məndən daha yumşaq münasibət görmək istəyir və ya təşəkkür məktubumu açıqlamaqla mənim imajımı zədələmək istəyir.

Elçin haqqında mən daha yüksək fikirlərdəyəm. Hətta belə olmuş olsa belə, təki o təmizə çıxsın və mən çirkaba batım. Onun bu məktubu yada salması mənə bir az çarəsizlik təsiri bağışladı, doğrusu acıdım Elçin Əfəndiyevə.

Bilirəm onun üçün gündəmdə olmaq çox önəmlidir. Baxın, indi mən bunları yazıram, kimlərsə daha nələrsə yazacaq. Elçin arzusuna çatacaq. Yaxşı bəs sonra nə olacaq.

Mən bilirəm nə olacağını, sonra əbədi bir səssizlik olacaq, soyuq, dondurucu bir səssizlik...

2000-ci ildə, Rusiyadan qayıtdığım zamanlarda mən Yazıçılar Birliyinin islahatlar aparacağına, əsl, canlı bir yaradıcılıq hərəkatının olacağına hələ də inanırdın. 40 yaşımda bu qədər sadəlövh idim.

Anarla, Elçinlə görüşlərə can atırdım. Ancaq sən saydığını say. Özlərini bəyənmiş, dağ zirvəsində bu insanlar səni “lümpen” saymaqdadır.

Elçin bu son müsahibəsində hələ də dahilik taslayır, az qala allahın yanındaymış kimi əlçatmaz təsiri bağışlayır. Yaradıcı adam üçün əlçatmaz olmaq bir az yaxşıdır.

Ancaq bu qədər əlçatmazlıq, ziyanlıdır. Murad Köhnəqala demişkən: “Düş buludlardan şair...” Fəqət bunları deyərkən yenə də Elçinin bir zamanlar mənim haqqımda yazmış olduğu səmimi sözləri gözlərim önündə canlandıraraq, ona təkrar təşəkkürümü bildirmək keçir könlümdəm.

Bir müddət məni hər şeyin yaxşı olacağına inandırdığına görə, gələcəyə ümidlənirdiyinə görə.

Ancaq, təəssüf ki, heç nə yaxşı olmadı. 2010-cu ildə - Elçinin, Anarın, ədəbiyyata vərəsəliklə gələn daha bir neçə “elitar” yazıçının sayəsində - ədəbi proses hələ də iflic vəziyyətindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG