Keçid linkləri

Təcili xəbərlər

Dəyənəyin iki başı


Qırğızıstanda yenə inqilabdır. Askar Akayevi yıxıb dövlət başçısı olmuş Kurmanbek Bakiyev ölkədə normal siyasi stabilliyi, ən əsası ilə klanlararası sülhü təmin edə bilmədi və indi hakimiyyətdən devrilmiş kimi görünür. Məğlubiyyəti ilə barışmayan Qırğız prezidentinin cənuba – Oş vilayətinə gedib. Bakiyevin müdafiə naziri də onun yanındadır və bu iki fiqurun ölkədə əsl vətəndaş müharibəsi yaratmaları təhlükəsi kifayət qədər realdır. Hələ ki, paytaxt Bişkek müxalifətin nəzarətindədir, ölkənin şimalı Roza Otunbayevanın yaratdığı yeni hökuməti dəstəkləyir. Cənub hələ yeni hakimiyyətə beyət etməyib.

Əhali ona dəyənək vurulanda bir dəfə qaçacaqsa, bir dəfə də dəyənəyi onu döyənin əlindən alacaq və yerlər dəyişəcək
2005-ci ildə Orta Asiya diktatorları içində ən yumşağı olan Askar Akayevi yıxmaq üçün ölkənin hər iki siyasi-mədəni mərkəzi – Cənub və Şimal klanları birləşdilər və Qırğız inqilabının oyanış regionu olan Cənubu təmsil edən Bakiyev hakimiyyətə gəldi. Az sonra ölkədə tam diktatura qurmağa girişən Bakiyev Şimal klanlarına hücum etdi və nəticədə başını götürüb qaçası oldu. Bütün bu detallar post-sovet məkanı üçün az əhəmiyyət daşıyan və sırf Qırğız siyasəti spesifikasını əks etdirən detallardır. Lakin bir əhəmiyyətli detal var: Bakiyev dirəniş göstərdi, xalqa atəş açdırdı, qırğına qol qoydu, amma hakimiyyətini qoruya bilmədi. Qəzəbli kütlə dövlət rəsmilərini girov götürdü və hakimiyyəti onun əlindən aldı.

QIRĞIZISTAN VƏ ÖZBƏKİSTAN VARİANTLARI

Bakiyevi hakimiyyətə gətirən inqilab 2005-ci ilin martında baş vermişdi. Akayev güc tətbiqində tərəddüd etmişdi və nəticədə 2000 nəfərlik kütlə prezident aparatına soxulub onu hakimiyyətdən qovmuşdu. Bu işin Akayev üçün yalnız bir müsbət tərəfi var idi. Hər şey qansız-qadasız ötüşmüşdü. Kütlə binaları demək olar ki, dinc yolla tuturdu və yeganə səs salan güc tətbiqi onda olmuşdu ki, prezident aparatından çıxan müdafiə nazirini kütlədən kimsə tanıyıb ona bir-iki təpik vurmuşdu.

Həmin ilin mayında Özbəkistanın Əndican vilayətində, Qırğız inqilabına bənzər bir xalq çalxalanması baş verdi. İslam Kərimovun əmri ilə bütün etiraz nümayişi ordu tərəfindən mühasirəyə alındı (!) və yüzlərlə adamın ölümü ilə nəticələnən bir qətliam baş verdi. Özbəkistan prezidenti bir növ öz xalqına tövbələtmə verirdi: ağlınız başqa yerə getməsin, qıraram sizi.

Bu iki hadisənin bir-birinə yaxın vaxt intervalı ərzində baş verməsi post-sovet məkanında qəribə bir siyasi müzakirə predmeti yaratmışdı: Deyilən fikirlərin ümumiləşdirməsi bu idi ki, Askar Akayev zəiflik göstərdi, xalqdan qorxdu, xalq da onu qovdu, İslam Kərimov isə özünü itirmədi, əlindəki gücdən istifadə etdi və inqilab dalğasını öz başından sovuşdurdu.

Mübaliğəsiz demək olar ki, Baltikynı dövlətlər xaricində, post-sovet məkanındakı bütün ölkələrin siyasi rəhbərliyinin diqqəti bu iki hadisənin üzərində cəmləşmişdi. Səbəb də ciddi idi. Rəngli inqilablar Gürcüstan və Ukrayndakı hakimiyyətləri təzə devirmişdi, ən sakit bölgə sayılan Orta Asiyanın belə iki ölkəsində inqilab cəhdi oldu; Qırğız hakimiyyəti yıxıldı, Özbəkistan rəhbərliyi isə özünü qorudu.

Keçmiş Sovet məkanında İslam Kərimov metodu az qala rəngli inqilablara qarşı resept kimi görünməyə başlamışdı. Reseptdən istifadə də edilirdi. Çoxları 2005-ci ilin noyabrında Azərbaycanda narıncı hərəkata cəhd göstərən müxalifətə qarşı Azərbaycan daxili işlər nazirliyi sözçüsünün «ölkəyə sümükqıran itlər gətirmişik» hədəsini xatırlayır. 2005-ci ilin noyabrında yaşananlar da yaddaşlardan silinməyib. 2007-ci ildə hətta demokratik Gürcüstanda belə Saakaşvili yerli müxalifətə qarşı Özbəkistan reseptindən istifadə etməsə də, onun Gürcüstanda tətbiq edilə biləcək modelini tətbiq etdi və maraqlıdır ki, bunu edən zaman Gürcüstanın daxili işlər naziri Azərbaycanın daxili işlər nazirinə telefon açaraq ondan həm məsləhət həm də yardım istəmişdi.

Bir növ, region dövlətləri xalq narazılığına qarşı universal çarə tapmış kimi görünürdülər: bas başından getsin.

ƏKS-PRESEDENT

İndiki inqilab güc tətbiqinin iki başının olduğunu göstərir. Qırğızıstanın daxili işlər naziri Moldomus Konqantiyev ölkənin şimal əyalətinə - Talasa getmişdi ki, orada cəza tədbirlərinin həyata keçirilməsinə və güc tətbiqinə rəhbərlik etsin. Öz həyatını belə qurtara bilmədi. Baş Prokurorluq əsas müxalifətçiləri həbs etdi, bütün binası yandırıldı, Bakiyev hökumətinin əmri ilə ölkədə fövqəladə vəziyyət tətbiq edildi və etirzaçılar gülləbaran edildi, etirazçılar isə həm parlamenti, həm də prezident aparatını tutdular. Bu işin davamı da gözlənilə bilər. Bu gün insan itkiləri vermiş tərəf hakimiyyətə gəlib. Əgər öldürülənlərin qohum-əqrəbası arasında vəzifə alan olacaqsa, təsəvvür etmək çətin deyil ki, patriarxal Qırğız cəmiyyətində bu qətlin təşkilatçılarını və icraçılarını nə gözləyir.

İndiyədək bu istiqamətdə istinad edilən yeganə presedent Rumıniyada Çauşeskunun devrilməsi təcrübəsi idi. Qırğız təcrübəsi göstərdi ki, Rumıniyada baş verənlər istisna hal deyil. Əhali ona dəyənək vurulanda bir dəfə qaçacaqsa, bir dəfə də dəyənəyi onu döyənin əlindən alacaq və yerlər dəyişəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG