Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:57

«Türkiyənin oynamağa topu çoxdur»


İstanbulda ABŞ əleyhinə yürüş, 11 oktyabr 2007
İstanbulda ABŞ əleyhinə yürüş, 11 oktyabr 2007
«Türkiyənin bəzən ziddiyyətli görünən Yaxın Şərq fəallığı Avropa Birliyinin və Amerikanın xeyrinədir, region üçün də cəlbedicidir. Ancaq bir şərtlə. Ankara Türkiyənin Qərbə inteqrasiyasını davam etdirsin».

Bunu Beynəlxlaq Böhran Qrupu «Türkiyə və Yaxın Şərq: Ambisiyalar və Məhdudiyyətlər» adlı yeni hesabatında yazır.

Hesabatda deyilir ki, Türkiyənin oynamağa topu və meydançası çoxdur.

Avropa Birliyinə üzvlük məsələsi yerində saydığı vaxt, ikinci dünya müharibəsindən sonra sabitliyi və inkişafı təmin etmək üçün Qərbi Avropa ölkələrinin Avropa qitəsində etdiyini Türkiyə indi Yaxın Şərqdə edir. Türkiyə həm siyasi, həm də iqtisadi taktikalardan yararlanır. Bunlara azad viza rejimi, ticarətin sərbəstləşdirilməsi, strateji əməkdaşlıq və s. daxildir.

TÜRKİYƏ YAXIN ŞƏRQƏ NÜMUNƏDİR


BBQ-nin Türkiyə proqramının direktoru Hyuq Pop deyir: «Türkiyənin yeni yanaşması, Türkiyə liderlərinin xarizmatik müraciətləri Yaxın Şərqdə Türkiyəni oyunçuya çevirib və dünya bunu hesaba almalıdır».

«İqtisadi inkişafda böyük nailiyyət qazanan Türkiyə yaşayış standartında Yaxın Şərq ölkələrinə nümunədir. Türkiyə nümayiş etdirir ki, ənənəi saxlamaqla necə inkişaf etmək və demokratikləşmək olar».

Türkiyə İsraillə Suriya arasında vasitəçi olub, İranla nüvə mübahisəsində öz vasitəçiliyini təklif edir.

Türkiyə hətta fələstinlilərin daxilində Həmasla Fətah arasında da vasitəçilik etmək istədi.

İsraillə kəskin tonda danışmaq Türkiyənin Yaxın Şərq əhalisi arasında çəkisini artırdı.

MƏHDUDİYYƏTLƏR

Ancaq Türkiyənin fəallığına bir sərhəd də var. Vasitəçilik etdiyi münaqişələrə Türkiyənin birbaşa təsir imkanı yoxdur. İkincisi, onun özünün Kipr, Ermənistanla münasibətlər kimi həll olunmamış problemləri var.

Sabina Freizer
Ancaq BBQ-nin proqram direktoru Sabina Freizer deyir ki, «Türkiyənin özünə inamı arxayınlığa çevrilməyincə, Türkiyənin Yaxın Şərqdəki nüfuzu və imkanı arta-arta gedəcək».

Freizer deyir: «Türkiyə Qərblə əlaqələri kəsmir. Əksinə, Türkiyənin Avropa ilə güclü əlaqələri onun Yaxın Şərqdəki fəallığına dayaqdır. Türkiyə daha müasir, ambisiyalı ölkə olub, Ona görə yeni sınaqlara özünü hazır bilir».

Hesabatda o da deyilir ki, Türkiyənin Yaxın Şərq fəallığını bəzən düzgün qavramırlar. Türkiyənin NATO-ya üzvlüyü, Amerika ilə strateji əməkdaşlığı Türkiyə siyasətinin söykəndiyi əsas dayaqlar olaraq qalır.

Hesabata görə, başqa səhv qavrama Yaxın Şərq elitalarındadır, onlar qısqanclıqla fikirləşirlər ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü aktuallaşanda Ankara diqqətini Yaxın Şərqdən çəkib Avropaya yönəldəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG