Keçid linkləri

Təcili xəbərlər

Ölkə «xilaskarlar»la doludur, biri gedir, o biri gəlir…


Biz kimik? Özümüzü dərk edib tanıyırıqmı?.. Bəlkə də müstəqilliyinin 19-cu ilini yaşayan millət üçün bu suallar bir qədər qəribə görünür. Amma bu, ilk baxışda belədir. Dərindən fikirləşəndə isə görürsən ki, milli özünüdərk, lap dəqiq desək, milli özünüidentifikasiya məsələləri bütün dövrlər üçün aktualdır. Ən azı ona görə ki, bizi güclü millətlər sırasına aid etmək olmaz, çünki torpağımız işğal olunub, özümüz də sərt avtoritar rejimdə yaşayırıq. Diktatura şəraitində millət ilə dövlət arasında bir tərs mütənasib münasibət olur, dövlət aparatı güclü olur, millət isə zəif. Amma bu da zahiri görüntüdür. Lap dərinə varanda görürsən ki, elə dövlət də zəif olur. İndiki dövrdə sözün əsl mənasında güclü diktatura tapmaq mümkün deyil, bu üsul-idarə ancaq özünün millətinə münasibətdə güclü olur, əslində isə çox zəif, əsl güclərin əlində alət olan bir rejim olur. Zəif millət üzərində heç vaxt güclü dövlət yaratmaq olmaz. Bunu uzun illərin təcrübəsi sübut edir. Biz zəifik. Və bu zəifliyin fonunda ağızdolusu dövlətçilikdən danışmaq olsa-olsa ancaq ironiya doğura bilər. Bəs biz niyə zəifik? Elə söhbət də bu haqda olacaq.

BİZİ HANSI ADLA TANISINLAR?

Əvvəllər mətbuat səhifələrində mübahisələr, müzakirələr olurdu. İndi bu da yoxdur. Müstəqilliyin ilk vaxtlarında özümüz və bir də millət kimi sözümüz əsas müzakirə mövzusu idi. İndi baxanda görürsən ki, bu müzakirələr də tamamilə faydasız olub, çünki bundan bir nəticə hasil olmayıb. Bəlkə də yeganə nəticə budur ki, biz zəifik və bizi bir millət kimi tanımırlar. Niyə tanımırlar? Ona görə tanımımırlar ki, yüz illər, bəlkə də min illər ərzində biz başqa ad altında tanınmışıq. Bizi tarixdə, lap elə bu yaxın vaxtlarda türk kimi tanıyıblar. Bir neçə on ildir ki, tarix səhnəsinə yeni adla çıxmışıq – azərbaycanlı adı ilə. Elə bu səbəbdən bizi tanımırlar. «Türk» deyəndə heç bir problem yaranmır, amma «azərbaycanlı» deyəndə hamı alnını qırışdırır ki, əcaba, görən, bunlar kimdir. İlk baxışda bu adi problem təsiri bağışlayır.

Amma o, nə qədər mürəkkəblik yaradır. Adi bir söz birləşməsini yada salın:
Gürcüstan azərbaycanlıları. Bəlkə də, bunun qədər mürəkkəb və anlaşılmaz söz birləşməsi yoxdur. Gürcülər bizi türk kimi tanıyır. Biz isə özümüzə azərbaycanlı deyib durmuşuq. Ad kimlik məsələsidir. Adını dərk etməyən millət kimliyini də dərk edə bilmir. Elə bu səbəbdən də zəif olur...

MİLLİ NATAMAMLIQ KOMPLEKSİ

Millət özünü dərk etməyəndə tərəddüdlərlə dolu həyat yaşayır. Hər şeydə tərəddüd, hər şeydə özünə inamsızlıq. Məgər bu, bizim çağdaş tərzimizi xarakterizə etmirmi? Bizi daim «xilas edirlər»! Ölkə «xilaskarlar»la doludur, biri gedir, o biri gəlir. Özümüzə əziyyət verib sadə bir sualı cavablandırmaq fikrinə düşmürük: Axı, bizə nə olub? Niyə görə bizi xilas etməlidirlər?.. Bu, milli natamamlıq kompleksindən başqa bir şey deyil. Bəli, natamamlıq! Bizə elə gəlir ki, kiminsə nəzarəti və buyruğu olmadan bir addım belə ata bilmərik. Amma unuduruq ki, həmin kimlər də bizim içimizdən çıxmış adilərdən də adi insanlardır. Niyə görə güman edirik ki, həmin adamlar nəyisə bizdən yaxşı bilirlər? Niyə görə biz buyruq qulu olmalıyıq? Bəlkə ən düzgün qərarı özümüz verə bilərik?.. Canımıza sirayət edən inamsızlıq mərəzi bu sualları cavablandırmağa imkan vermir. Deyirsən ki, seçkiyə getmək və səs vermək lazımdır. Qayıdırlar ki, sonra gələn məgər yaxşı olacaq? Bu, əsl inamsızlıq və natamamlıq deyilmi?.. Nə isə. Problem çoxdur. Ən pisi isə budur ki, illər problemlərin düyününü açmır, daha da qəlizləşdirir...

Ən son yazılan

XS
SM
MD
LG