Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31
- Müxalifət partiyaları seçkilərdə birgə iştirak etmək üçün müxtəlif təkliflər irəli sürür. Sizcə, bütün müxalifət partiyaları bir araya gəlsə, ciddi uğur əldə oluna bilərlərmi?

- YAP-ın 500 min üzvü var. Bunların hamısı seçicilər, fəal insanlardır. Bu şəxslərin hər birinin 2-3 nəfəri özü ilə gətirib onun qəbul etdiyi mövqeyə səs verməyə təşviq etmək imkanı var. Bütün müxalifət partiyalarının sahib olduğu elektorat bazası YAP-ın elektoratı ilə müqayisəyə belə gələ bilməz. Bu mənada müxalifətin hamısının birləşməsi - baxmayaraq bu ağıla gəlməyən bir şeydir - mümkün olsa belə, bu, YAP-a rəqib mövqeyinin formalaşmasına gətirib çıxarmayacaq. Qüvvələr nisbətindəki fərq o qədər böyükdür ki, müxalifətin hamısının eyni mövqedən çıxış etməsi belə YAP üçün hər hansı təhlükə yaratmır. Bu, Azərbaycan siyasi reallığının hamı üçün aydın mənzərəsidir. Bu reallığı müxalifət vahid mövqeyə nail olmaqla dəyişmək iqtidarında deyil. Müxalifətin birlik şanslarına gəldikdə, son 15 ildə müxalifətin birlik cəhdləri həmişə iflasa uğrayıb. Müxalifətin birləşmək potensialı yoxdur. Özləri də dərk edirlər ki, nə birlikdə, nə də ayrılıqda YAP-la mübarizə aparmaq imkanındadırlar. Müxalifətin birləşməzlik sindromu var. İstənilən halda onların seçkilərdə necə iştirak edəcəyi bizi qayğılandırmır, biz öz gücümüzü və imkanlarımızı bilirik.

- Müxalifət, həmçinin kütləvi aksiyalara başlamaq qərarı verib. Bunu necə qiymətləndirirsiniz?

- Nə siyasət, nə seçkilər mitinq və piketlərdən ibarət deyil. Azərbaycan müxalifətinin indiyə qədər başa düşə bilmədiyi həqiqətlərdin biri də odur ki, onlar siyasi mübarizəni küçə mübarizəsi səviyyəsində qavramaq fəlsəfəsindən kənara çıxa bilməyiblər. Seçkidə insanlar küçədə səs vermirlər. Müxalifətin insanların çoxluq təşkil etdiyi yerlərlə mitinq təşkil etmək istəyi məntiqsizdir. Onlar elə yerdə mitinq təyin etməlidirlər ki, heç olmasa özləri üçün sosial bazalarının nədən ibarət olduğunu müəyyən edə bilsinlər. İnsanların çox olduğu yerlərdə aksiya təyin etmək isə qeyri-sağlam niyyətlərdən xəbər verir. Bunda birinci məqsəd odur ki, təxribat törədilsin, cəmiyyətdə gərginlik yaradılsın. Digər məqsəd odur ki, insanların təbii olaraq toplaşdığı yerdə aksiya keçirərək, tərəfdarlarının çox olduğu illüziyası yaratsınlar. YAP 2008-ci ilin prezident seçkilərində Bayıl stadionunda aksiya keçirdi. Bizim tərəfdarlarımız aksiyanın hara təyin edilməsindən asılı olmayaraq, o aksiyada iştirak edirlər. Müxalifət isə deyir ki, həmin yer uzaqdır, tərəfdarları ora gedə bilmirlər. Halbuki 2003-cü ildə keçmiş «Qələbə» kinoteatrının qarşısında keçirilən aksiyalarda iştirak edənlərin 90 faizi rayonlardan gəlmişdi. Əgər indi 5 kilometr yolu gedib aksiyada iştirak etmirlərsə, deməli müxalifətin ictimai dayaq yoxdur. Onlar mitinq keçirmək istəmirlər. Sadəcə görüntü yaradırlar ki, mitinq keçirmək istəyirlər, amma buna imkan verilmir.
XS
SM
MD
LG