Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Dörd kişini döyməkdə günahlandırılan qadın Ali Məhkəmədə özünə xəsarət yetirib


Səyyarə Heydərova

Səyyarə Heydərova

Dörd kişini döyməkdə günahlandırılan Səyyarə Heydərova Ali Məhkəmənin binasında özünə xəsarət yetirib.

Aprelin 7-də Ali Məhkəmədə Əli Seyfəlyevin sədrliyilə keçən prosesdə Səyyarə Heydərovanın şikayətinə baxılıb.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitununun əməkdaşı Elnur Məmmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, hakim Səyyarə Heydərovanın qaydalara riayət etmədiyini əsas gətirərək onu məhkəmə zalından uzaqlaşdırıb. Məhkəmə Səyyarə Heydərovanın şikayətini təmin etməyib

Səyyarə Heydərova isə deyir ki, buna etiraz olaraq özünə xəsarət yetirib.

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin sözlərinə görə, təcili yardım çağırılıb və ona yardım göstərilib. Ciddi problem olmadığı üçün Səyyarə Heydərova xəstəxanaya aparılmayıb.

Müzəffər Ağazadə şikayətçinin özünə xəsarət yetirməsini «onun hay-küy salıb ictimai rəy yaratmaq istəməsi» kimi qiymətləndirib və deyib ki, məhkəmə ədalətli qərar çıxarıb.

Səyyarə Heydərova AzadlıqRadiosuna bildirib ki, hüquqlarını Avropa Məhkəməsində müdafiə etmək niyyətindədir.

İstintaq materiallarına görə, Səyyarə Heydərova Suraxanı rayonunda yaşadığı binanın həyətində anbar tikintisinə etiraz edərək tikinti meydançasında 4 nəfəri döyüb. Onlardan 1-i polisdir. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə o, xuliqanlıqda təqsirləndirilərək 3 il şərti cəza alıb. O, bu qərarla razılaşmayaraq apellyasiya və kassasiya şikayəti verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG