Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Elçin niyə badımcan haqda yazan tənqidçini yada saldı?


Baş nazirin müavini, xalq yazıçısı Elçin "525-ci qəzet"ə müsahibə verib. Müsahibədən bəzi hissələri təqdim edirik.

ELÇİN AZƏRBAYCANDA TEATRIN "ÖLMƏSİ" HAQDA FİKİRLƏRLƏ RAZI DEYİL

- Təəssüf ki, bu gün teatr haqqında da qeyri-professional, primitiv, obıvatel mahiyyətli “həvəskar” fikirləri yüksək nəzəri-estetik səviyyəli professional münasibəti üstələyir. Bəzən absurd vəziyyətlə rastlaşırıq.

Məsələn, bu yaxınlarda televiziya kanallarının birində küçədə Bakı sakinlərini saxlayıb teatra münasibətlərini soruşurdular. Bir xanım teatrımızın müasir vəziyyətini ağızdolusu tənqid etdi, keçmişlə müqayisədə bu gün teatrlarda repertuarın, aktyorların çox zəif olduğunu dedi.

Müxbirin: “Sonuncu dəfə hansı teatrda və hansı tamaşaya baxmısınız?” – sualından sonra isə məlum oldu ki, bu xanım son 25 ildə teatra ayaq basmayıb... Çox əlamətdar və səciyyəvi bir epizoddur, elə deyilmi?

Həm də komikdir. Ancaq başqa bir epizodu xatırlayıram və bu, olsun ki, komik yox, bəlkə də tragikomik bir hadisədir. Bizim tanınmış rejissorumuz, mənim köhnə dostum Ağakişi Kazımov müsahibə verərək, deyir ki, Azərbaycan teatrı ölüb.

Əgər Azərbaycan teatrı ölübsə, bəs, siz kimsiniz, Ağakişi Kazımov? Siz əlli il nəyə və necə xidmət etmisiniz ki, teatr ölüb?

"TOY-BAYRAM EDİRLƏR Kİ, ELÇİN ANARLA DÜŞMƏNDİR"

Elçin bir müddət qabaq elə "525-ci qəzet"də çap olunan məqaləsinin doğurduğu əks-sədadan da narazıdır.

– …Baxın: keçən il “Azərbaycan ədəbi prosesində nə baş verir?” adlı silsilə məqalələr yazdım.

Söhbət bizim ədəbi prosesdə antiədəbiyyatın ədəbiyyatı üstələməsindən, bədii zövqsüzlüyün bədii zövqü sıxışdırmasından, obıvatel təfəkkürün nəzəri-estetik təfəkkürü kölgədə saxlamasından gedirdi. Əks-sədası nə oldu? Yaradıcılıq problemləri qaldı bir tərəfdə, mənasız və mətləbsiz söz-söhbət başladı.

Bu əks-səda bir daha onu göstərdi ki, bizim ədəbi proseslə bağlı mənim narahatlığım tam əsaslıdır.

Yaxud bu yaxınlarda mən “Yazıçılar Birliyi, ədəbiyyatımız və özümüz” adlı bir məqalə çap etdirdim (“525-ci qəzet”, 18 fevral 2010). Söhbət Azərbaycan Yazıçılar Birliyinin dövrün və sovet quruluşunun spesifikasından doğan bütün kəsir cəhətlərinə baxmayaraq, milli mənliyimizin qoruyub saxlanmasında, ictimai fikrimizin inkişafında oynadığı mühüm roldan, bu Birliyin ədəbi-ictimai əhəmiyyətindən gedir.

Eyni zamanda, növbəti qurultay ərəfəsində Birliyin müasir dövrlə daha artıq ayaqlaşması, fəaliyyətinin daha güclü olması naminə bir sıra təkliflər irəli sürülür. Məqalənin əks-sədası necə oldu?

Düzdür, Zəlimxan Yaqub, Kamal Abdulla, Aqil Abbas, Ramiz Məmmədzadə və başqaları kimi qələm sahibləri ədəbiyyat təəssübkeşliyindən doğan fikir və mülahizələrini bildirdilər, ancaq eyni zamanda müəyyən qism mətbuatda xəstə bir ajiotaj, cahil bir çaxnaşma yarandı.

Ədəbiyyatın maraqları qaldı bir tərəfdə, iki obıvatel mahiyyətli mülahizə manşetlərə çıxarıldı.

Birinci: “Elçin Yazıçılar Birliyinin sədri olmaq uğrunda mübarizəyə başlayıb.” Bu o qədər mənasız və gülünc bir iddiadır ki, üzərində dayanmağı belə söhbətimizə layiq bilmirəm. Eləcə də ikinci iddia: “Elçindən Anara zərbə!”

Özü də bunu xüsusi bir sevinclə bəyan edirlər.

Doğrusu, bu sevinc hissində, bu bəxtəvərlikdə o qədər misginlik var ki, Kafkanın personajları yada düşür. Guya mənimlə Anar arasında düşmənçilik var imiş. Bunu da xüsusi bir şövq və ləzzətlə manşetlərə çıxarırlar. Bu manşetlərə, yağlı şiriflərə baxanda yadıma duzlu məsəl düşdü: gəlin evində toydur, bəy evinin xəbəri yox...

Bir tərəfdə toy-bayram edirlər ki, Elçin ilə Anar düşməndir, o biri tərəfdə də Anarla Elçinin bu dırnaqarası “düşmənçilikdən” xəbəri yoxdur, hərəsi öz işində və gözəl gənclik illərindən gələn o dostluq da eləcə öz axarı ilə davam etməyində!..

Yaxud, mən yazıram ki, son illərin bədii təsərrüfatı, ədəbi prosesin vəziyyəti qurultayda geniş müzakirə olunsun, intriqalardan, qərəzçilikdən uzaq ədəbiyyat söhbəti aparılsın. Aydın məsələdir ki, söhbət ədəbiyyatın ətrafındakı intriqalardan, qərəzçilikdən, kin-küdurətdən gedir. Həmin qəzetlər nə yazır?

“Elçin Yazıçılar Birliyindəki intriqadan danışır!” Yazıçılar Birliyi katibliyinin verdiyi təkzib göstərdi ki, hətta falsifikasiyaya da gedirlər.

Bir sözlə, bu tipli yazılar bir daha sübut edir ki, ədəbi proses xəstədir, ona virus düşüb və sözə hörmət edən hər bir kəs öz imkanları daxilində onu sağaltmağa səy göstərməlidir.

Aqil Abbas “Ədalət” qəzetində mənə müraciətlə deyir ki, Elçin müəllim, hamının ürəyində söz var, amma bilirsiz niyə yazmırlar? Qorxurlar, o saat deyəcəklər ki, Yazıçılar Birliyinə sədr olmaq istəyir.

Və Aqil düz deyir. Azərbaycanda bir qism mətbuatın əsas mövzusu kimin hansı vəzifədə olması, yaxud olacağı ilə bağlı ajiotajdır. Ancaq necə olsun? Hamımız susaq, çünki şər atacaqlar ki, sədr olmaq istəyir?

Susaq, çünki Yazıçılar Birliyindən yazmaq yalnız bir qism – onların haqqında indicə danışdım – mətbuat orqanının monopoliyasıdır?

Təəssüf ki, bu gün bizim ədəbi tənqidimiz Balzakın Manervilinə oxşayır, onun kimi iradəsizdir.

Tənqidimizdə də, ədəbi prosesdə də bu gün məhz iradə çatışmır.

Ədəbi prosesimizdə ekoloji təmizlik çatışmır. Bax, qarşıdan gələn qurultayda geniş və əhatəli ədəbiyyat söhbətinin aparılmasını mən bir də elə ədəbi prosesin belə bir xəstəliyinə görə istəyirəm. Bu xəstəlik yazıçıların qurultayında da müzakirə olunmayacaqsa, harada müzakirə olunacaq? Nə isə...

Vaxt tapıb bu barədə ayrıca danışarıq.

– Siz Birliyin üzvlərinin sayı barədə narahatlığınızı da bildirmişdiniz.

– Bəli, düz deyirsiz. 1500-1600 rəqəmi qeyri-ciddidir.

Qurultayda bunu da müzakirə etmək və optimal bir çıxış yolu tapmaq olar.

Mən istəyirəm ki, Birliyin hər bir üzvü bir tərəfdən öz yaradıcılığı ilə bu üzvlüyü doğrultsun, o biri tərəfdən də həmin üzvlüyün qədrini bilsin, Birliyi qiymətləndirməyi bacarsın.

Mənim əziz dostum, gözəl şairimiz Fikrət Sadığın oğlu, özü də istedadlı adam olan Orxan Fikrətoğlu müsahibə verərək deyir ki, mən Yazıçılar Birliyinin üzvüyəm, ancaq onların heç bir iclasına getmirəm, bu Birlikdə, onun ətrafında toplanmış “icazəli yazıçılardan” deyiləm. Orxan müəllim belə düşünür və yaxşı ki, düşündüklərini içində saxlamır, açıq deyir.

Bu, mənim xoşuma gəlir, ancaq elə bilirəm ki, bu zaman Yazıçılar Birliyi də Orxan Fikrətoğlunu dəvət edib, deməlidir ki, hörmətli Orxan müəllim, sizin bizə ehtiyacınız olmadığı kimi, bizim də sizə ehtiyacımız yoxdur, xahiş edirik, üzvlük biletinizi geri qaytarasınız, özünüzə də yaradıcılıq uğurları arzulayırıq. Vəssalam!

"YAZIRDILAR Kİ, ELÇİN VƏZİFƏSİNƏ GÖRƏ ELMLƏR DOKTORU OLUB"

– Elçin müəllim, dediyiniz həmin qəzetlərdə bəzən sizin haqqınızda da qərəzli yazılar dərc edilir...

– İndi kimin haqqında qərəzli yazılar dərc edilmir ki? Bilirsiz, necədir? Əvvəllər mənim üçün maraqlı idi, o yazıları gözdən keçirirdim. Ancaq çox az müddətdən sonra, o maraq tamam itdi və mən o yazıları oxumağa qətiyyən vaxt sərf etmirəm.

Yazırdılar ki, Elçin vəzifəsinə görə elmlər doktoru olub. Yaxud, yadıma gəlir, yazmışdılar ki, Elçin pantürkizmin tarixini bilmir, çünki “Hökmdarın taleyi” kinopovestində surətin dilindən “pantürkizm” ifadəsi işlədib. Bilirsiz, nə yadıma düşdü? 80-ci illərin əvvəlləri idi, “Pravda”da bir rus tənqidçisinin Qərb ədəbiyyatını ifşa edən məqaləsi çıxmışdı.

Dürrenmattın qədim Romadan bəhs edən bir pyesində iki personaj bir-biri ilə telefonla danışır. Həmin bədbəxt tənqidçi isə hiddətlənirdi ki, qədim Romada telefon yox idi, deməli, Dürrenmattın qəhrəmanları telefonla danışa bilməzdi! O vaxt “Literaturnaya qazeta”dakı məqalələrimdən birində bu felyetonvari hadisəni misal gətirmişdim, amma redaksiya həmin yeri ixtisar etmişdi.

“Pravda” toxunulmaz idi. Mən hələ xeyli əvvəl, 1970-ci ildə, lap cavan vaxtlarımda “Müasir Qərb dramaturgiyasında şərtilik” adlı məqalə yazmışdım, onu cildlərimin son nəşrinə də daxil etmişəm. Bir gülməli hadisə də yadıma düşür. Vaxtı ilə rəhmətlik Məmməd Rahim “Xaqani” adlı bir pyes yazmışdı.

Bir səhnəsində qəhrəmanlar badımcan yeyirdilər. Artıq həyatda olmadığı üçün adını çəkmək istəmədiyim tanınmış bir ədəbiyyatşünas məqalə yazaraq, pyesin bədii-estetik kəsirlərini bir tərəfə qoyub, sübut etməyə çalışırdı ki, XII əsrdə Azərbaycanda badımcan olmayıb. Bax, bu cür bəsitliyə, primitivliyə görə də haqqımda yazılan o tipli yazılar mənim üçün tamam mənasız bir şeydir.

O ki, qaldı doktorluğa, bu hadisəni də hardasa yazmışam, ancaq yenə də yadıma düşdü.

Mən 24 yaşında 500 səhifəlik namizədlik dissertasiyası yazdım.

Bir müddət növbə gözləyib, müdafiə edəndə, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov kimi şəxsiyyətlər təklif etdilər ki, bu monoqrafiyaya görə birbaşa doktorluq dərəcəsi verilsin.

Sənədləri təsdiq üçün Moskvaya göndərəndə, məlum oldu ki, sənədlərdən əvvəl ora Bakıdan anonim məktublar gedib ki, bu dissertasiyanı Elçin yox, atası İlyas Əfəndiyev yazıb. Sonradan o məktublar bizim Akademiyanın o vaxt yeni seçilmiş prezidenti Həsən Abdullayevə göndərildi, yəqin oranın arxivində durur.

Rəhmətlik İlyas Əfəndiyev gülə-gülə deyirdi ki, mənim dissertasiya yazmaq həvəsim və hövsələm olsaydı, indiyəcən elə özüm üçün yazardım də!.. Hüseyn Ərəblinski haqqında pyesi işləyəndə o dövrün mətbuatını bir də vərəqlədim.

Onun haqqında nələr yazmayıblar?

Nə böhtanlar atmayıblar, yalanlar quraşdırmayıblar?! Nə etmək olar, bu da azad mətbuatın bir təmayülüdür. Yüz il bundan əvvəl də belə olub, bu gün də belədir, yüz il bundan sonra da beləcə davam edəcək.

Baxın, Üzeyir bəyə hansı qaralar yaxılmayıb?.. Hətta senzuralı sovet mətbuatında Molla Pənah Vaqifi “saray aristokratiyasının şairi” adlandıranlar indi hardadır? Vaqif isə yaşayır və yaşayacaq.

– Elçin müəllim, siz vaxilə Rasim Qracanın şeirləri haqqında məqalə yazmışdınız. Məncə, bu, onun haqqında yazılmış ilk məqalə idi. Bir çox oxucular, eləcə də mən özüm, bu imzanı sizin məqalənizdən sonra tanımışıq. Sualım bəlkə xoşunuza gəlməyəcək, ancaq verirəm. Siz indi o məqaləyə görə təəssüf etmirsiz ki?

– Əlbəttə, yox! Nə üçün təəssüf etməliyəm? Məni tanıyanlar bilirlər ki, yazdığını danan, ya da fikrini dəyişən adam deyiləm.

Mən bu şəxsi tanımıram. Təxminən 10-12 il, bəlkə, bir az da çox, bundan qabaq mətbuatda ilk dəfə onun imzasını gördüm, şeirləri diqqətimi cəlb etdi, oxudum, mənə təzə və maraqlı gəldi, fikirlərimi yazdım, səhv etmirəmsə, “525”-də çap olundu. Sonra bu şəxsdən təşəkkür məktubu aldım.

Yadıma gəlir, səmimi yazılmış təsirli bir məktub idi. Hər halda yəqin o zaman təəssüratım belə olub ki, məktub indiyəcən yadımda qalıb.

Güman edirəm ki, hardasa arxivimdə qalıb. Bir müddətdən sonra mənə bir jurnal gətirdilər, orada bu şəxsin ədəbiyyat haqqında söylədiklərini oxudum. Bir tərəfdən bəsit, o biri tərəfdən də iddialı fikirlər idi. İddia söylədiyin fikirlərin səviyyəsi ilə özünü doğrultmursa, bu – ciddi bir şey deyil və ədəbiyyatla bağlı ciddi olmayan nəsə mənim üçün tamam maraqsızdır.

Bundan sonra o imzaya da marağım itdi. İndi nə yazır, yazmır, xəbərim yoxdur. Gəlin, daha bu tipli yazılar mövzusuna vaxt sərf etməyək.

Hansı bir müsahibəmdə isə dediyim bir fikiri təkrar edirəm: əgər mənim haqqımda belə yazılar, qarayaxmalar, böhtanlar, şayiələr mənim yaradıcılığıma və fəaliyyətimə təsir edə biləcəksə, onda yaxşı edirlər yazırlar!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG