Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:41

Avropa Birliyi payıza qədər «Nabucco»nun maliyyələşməsini istəyir


«Nabucco» qaz kəmərinin layihəsi

«Nabucco» qaz kəmərinin layihəsi

Avropa Komissiyası «Nabucco» qaz kəmərinin reallaşmasına dair konfrans keçirməyi planlaşdırır.

Bu barədə Avropa Birliyinin enerji komissarı Günter Ettinger aprelin 4-də məlumat verib.

Avropa Birliyi artıq bu kəmər üçün 274 milyon dollar verməyə hazırdır.

Günter Ettinger bildirib ki, bununla da Avropa Birliyi artıq bu kəmərə dair danışıqların tamhüquqlu bir tərəfinə çevrilir. O deyib ki, bütün tərəflər «Nabucco» üçün davamlı qaz təchizatına nail olmalıdırlar:

«Biz bu məsələdə çox diqqətli olmalıyıq. Bütün mümkün tərəfdaşlar, o cümlədən də təchizatçılar eyni hədəfə çalışmalıdırlar. Biz uzunmüddətli təchizat imkanını təmin etməliyik. Kəmərin keçəcəyi ölkələrin bir çoxu həm də oradan qaz almaq istəyir. Bu da tərəfdaş şirkətlərin iş planlarında olan suallardan biridir».

Dəyəri 11 milyard dollar olan kəmər Xəzər və Yaxın Şərq qazının Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan vasitəsilə Avstriyaya çatdırılmasını nəzərdə tutur.

ABŞ-dakı «Cheniere Energy» şirkətinin direktoru Loel Bezanis yazır ki, Avropa Birliyi bu ilin oktyabrına qədər kəmərin maliyyələşdirilməsi barədə qərarın verilməsinə çalışır.

Avropa Birliyindəki mənbələr bildirirlər ki, razılıq əldə olunsa, Avropa Birliyinin ayırdığı 274 milyon dollar boruların tədarükü üçün istifadə edilə bilər.

«Nabucco»nun 2015-ci ildə işə salınması planlaşdırılır. Kəmər üçün ilk və ən real qaz mənbəyi hələlik Azərbaycanın «Şahdəniz-2» yatağından çıxacaq qazdır.

Eyni zamanda, Avropa Birliyi 31 müxtəlif qaz layihəsinə 1.39 milyard avro pul ayırıb.

Fransa ilə Belçika arasında qaz xəttinin çəkilməsinə 200 milyon, Əlcəzairdən İtaliyaya çəkiləcək «Galsi» kəmərinə 120 milyon, İtaliya ilə Yunanıstan arasında qaz kəmərinə 100 milyon, Baltik dənizi vasitəsilə Danimarka ilə Polşanı birləşdirəcək kəmərə isə 150 milyon avro pul veriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG