Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:10
Aprel ayı Azərbaycan tarixinin ən qara aylarından biri sayıla bilər. Ötən yüzilin birinci çərəyində ikiyaşlı Cümhuriyyətimiz məhz bu ayda boğulub...

AzadlıqRadiosunun «İz» proqramında bu dəfə 1920-ci ilin aprelində Bakıya hücum çəkib Azərbaycan Xalq Cümhuriyyətini devirən XI ordunun rəhbərlərindən birinin həyatına işıq tutmağa qərar verdik. S.M.Kirova həsr etdiyimiz və «Yalana heykəl» adlandırdığımız veriliş belə yarandı. Bələdçimiz bu adda kitab yazmış yazıçı-jurnalist Etibar Babayevdir.

- Etibar bəy, xoş gördük! «Tarix ibrət alanlar üçün dərsdir» silsiləsindən «Yalana heykəl» adlı kitabınız çıxdı. Bu silsilədən başqa kitablarınız da olub?

- Yox, bu silsilədən ilk kitabdır. Amma inşallah, davamı olacaq. Həqiqətən tarix ibrət alanlar üçün dərsdir. İnsan gərək gördüklərindən başqa, görmədiklərini də öyrənsin, eşitsin, gördükləriylə müqayisə etsin ki, gələcəyə gedən yolu müəyyənləşdirsin.

BİZ HEYKƏLLƏŞMİŞ QƏHRƏMANLAR DÖVRÜNÜN UŞAQLARIYIQ...

- S.M.Kirovla bağlı kitab yazmaq arzusu necə doğdu? Birdən-birə Kirov...

- Həqiqətən yerində verilən sualdır. Təbii ki, birdən-birə doğmadı. Bizim nəsil elə bir dövrdə yaşayıb ki, təkcə Kirov yox, o dövrün idollarının—heykəlləşmiş qəhrəmanlarının əhatəsində olmuşuq. Amma onlar da bizim əhatəmizdə olub. Və çox vaxt onların bizə təsiri bizim onlara təsirimizdən daha çox olub. Bayramlar olub ki, əklil qoymuşuq. Günlər olub ki, yad eləmişik. Bu heykəllərin timsalında tərbiyə olunan nəsillər yetişib. İndi o heykəllər yoxdur. Birdən-birə hər şey puç oldu. İnsanlar o dəyərləri saf-çürük eləyəndə, hər şeyin üstündən xətt çəkməməlidir, öyrənib, yenini görüb, gələcəyə cizgi cizməlidirlər.

KİROV KİR SÖZÜNDƏNDİR!

- Kitabda Kirovun təxəllüsünün İran şahı Kirin adından götürüldüyünü yazmısınız. Bu sizin versiyadır, yoxsa rus qaynaqları da belə düşünürlər?

- Bu mənim versiyamdır. Mən onunla bağlı çoxsaylı rus qaynaqlarını oxuyanda, bir yerdə gördüm ki, o masaüstü təqvimdə Kirlə (Keykavusla) bağlı məlumatı cırıb saxlayıbmış. Düşündüm ki, çətin uşaqlığı, içindəki rəhbərlik, hakimlik ehtirası gücləndikcə, yuxarılara qalxmaq həvəsi artdıqca, bu onun soyadında özünü göstərməliydi. Ona görə də, ilk yazılarında Kirovu təxəllüs olaraq götürüb.

KİROV XI ORDU İLƏ BAKIYA HÜCUM ÇƏKƏNLƏRDƏNDİR...

- Sovet liderləri adətən yoxsul ailədən—həyatın dibindən çıxırdılar və bununla fəxr edirdilər. Bu baxımdan sizin qəhrəmanınız fərqli deyil ki?

- Sergey Kostrikov da yoxsulluqdan çıxıb. 1886-cı ildə Urjumda çoxuşaqlı ailədə doğulub. Ata-anası erkən ölüb. Sergey uşaq evində böyüyüb. O siyasi fəaliyyətə başlayanda leninçi olmayıb. Menşevik idi, inqilabdan sonra bolşevikləşib. 1917-ci ildə Stalinlə tanış olub. Tezliklə Stalin onun hamisinə çevrilib. İlk addımlarını Türküstanda atıb, sonra 1920-ci ilin aprelində Bakıya hücum çəkən XI Ordunun rəhbərlərindən biri olub. Ordunun törətdiyi eybəcərliklərdə Kirovun xüsusi xidməti var. N.Nərimanovun fəaliyyətinə əngəl törədənlərin siyahısına başçılıq edənlərdəndir. Müstəqilliyi qoruyub saxlamağa çalışanlar millətçi damğası vurulub gedər-gəlməzə göndərilirdi. Kütləvi həbslərin, sürgünlərin, güllələnmələrin ardı-arası kəsilmirdi. O, Azərbaycana 5 il rəhbərlik etdi. Sonra Leninqrada göndərdilər.

- Nədən Azərbaycana beş il rəhbərlik etmiş bir adama paytaxtın ən uca nöqtəsində heykəl qoyuldu? Üstəlik, ölkənin baş universiteti, ikinci qədim şəhəri və daha neçə idarə və müəssisələr, küçə və prospektlər onun adı ilə çağırıldı. Buna səbəb onun fəaliyyəti idi, qəfil ölümü idi, yoxsa bizim bilmədiyimiz başqa nüanslar vardı?

- «Kirovu kim öldürdü» sualının dəqiq cavabı varmı, yoxsa...

- Bu qətllə bağlı bütün sənədlər açılıb, yoxsa gizli qalanlar var?

- Bu yarım əsrdə ucaldılan, sonra yıxılan saysız heykəllər gördük. Amma hələ də yalana ucaldılan heykəllərin şahidi oluruq. Bəs «Tarix ibrət alanlar üçün dərsdir» -deyən Etibar Babayev ibrət dərsi almayanlara nə söyləmək istərdi?

DİNLƏYİN

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG