Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:41
«Qaynar xətt»in ötən buraxılışlarından birində Cəlilabad rayonu Göytəpə kənd 1 saylı orta məktəbində çalışan müəllimlərin şikayətlərini səsləndirmişdik. Müəllimlər əmək haqlarının ödənməsinin hələ də kart sisteminə keçilmədiyindən, maaşlarının yubandığından şikayətlənirdilər. Məktəbin bədən tərbiyəsi müəllimi Murad Hüseynov deyir ki, AzadlıqRadiosuna şikayətdən sonra rayon Təhsil Şöbəsinin müdiri Ədalət Sadıqovun təzyiqləri ilə üzləşiblər:
Hər ay müəllimlərin əmək haqqı 15 gün yubadılır. Əmək haqlarını 30 faizini təhsil şöbəsinin müdiri tələb edir


MÜƏLLİMİN MAAŞININ 30 FAİZİ HARA GEDİR?

«Hər ay müəllimlərin əmək haqqı 15 gün yubadılır. Əmək haqlarını 30 faizini təhsil şöbəsinin müdiri tələb edir. Biz də verməyib imtina edəndə təhsil şöbəsi maaşlarımızı yubadır. Məsələ ilə bağlı mətbuata açıqlama verəndən sonra məktəbə hər həftə yoxlama komissiyaları göndərilir. Mən 5 ildir müəllim işləyirəm, bir dəfə də fiziki hazırlıq dərsinə yoxlama gəldiyini görməmişəm».

- Əmək haqqınızın bir hissəsini tələb edəndə bunu nəylə əsaslandırılar?


«Təhsil şöbəsinin müdiri bildirir ki, bizdən də istəyirlər, biz də məcburuq sizdən istəməyə».

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Ədalət Sadıqov isə deyir ki, müəllimlərin səsləndirdiyi iddialar əsassızdır:
«Müəllimlər indi mart ayının əməkhaqqını istəyir. Hər kəs də bilir ki maaşlar ayın günlərinin sayından asılı olaraq 1-2 gün yubanma ilə gəlir. Gələn həftənin çərşənbə axşamından maaşlar verilməyə başlayacaq».

Onun sözlərinə görə, müəllimlərə əmək haqlarının ödənməsi mərhələli şəkildə kart sisteminə keçilir. Yaxın zamanlarda Cəlilabadın bütün müəllimləri əmək haqlarını kartla alacaqlar:

- Müəllimlər bildirirlər ki, ötən şikayətdən sonra çalışdıqları məktəbə davamlı olaraq Təhsil Şöbəsindən yoxlamalar gəlməyə başlayıb. Onlardan yenə də əmək haqlarının bir hissəsi tələb olunur. Bu məsələyə aydınlıq gətirmənizi istəyirik.

Təhsil Nazirliyi
«Hər ayın fəaliyyət planı var. İndi imtahanlara hazırlıq dönəmidir. Ona görə də şagirdlərin dərsə davamiyyətini, imtahanlara hazırlıq prosesini təkcə şikayətçi məktəblərdə deyil, rayonun bütün məktəblərində yoxlayırıq. Sovet dönəmi deyil ki, qovluğu əlinə alıb məktəbləri, ya da konkret kimlərisə yoxlamağa gedəsən? Bu monitorinqdir».

Təhsil Nazirliyindən isə bildirirlər ki, müəllimlərin əmək haqları bank hesabına gecikmələr olmadan köçürülüb. Hətta mart ayında Novruz Bayramına görə müəllimlərə əməkhaqları həmişəkindən daha tez verilib. Təhsil Nazirliyindən onu da bildirirlər ki, əgər kiminsə ölkənin təhsil sistemilə bağlı problemi varsa, Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edə bilər.

QAZIN QANUNSUZU ADAMI BOĞUR?
5 ildir o evi almışıq. Heç kim gəlib deməyib ki, bu qaz xətti qanunsuzdur

Dekabr ayının 28-də 20-ci sahədə yaşayan 74 yaşlı Zivər Bağırova və oğlu 54 yaşlı Vaqif Məmmədovun meyitləri yaşadıqları mənzildən tapılıb. Zivər Məmmədovanın oğlu Vidadi Məmmədov bildirir ki, onlar dəm qazından boğulub. Faktla bağlı Səbayel Rayon prokurorluğunda qaldırılan cinayət işinin istintaqı da ölümün dəm qazından zəhərlənmə nəticəsində baş verdiyini müəyyən edib. Vidadi Məmmədovun narazı salan isə «Azəriqaz» İstehsalat Birliyinin istintaqa göndərdiyi açıqlamadır. «Azəriqaz»ın açıqlamasında bildirilir ki, qaz xətti bu ünvana qanunsuz çəkilib:

«5 ildir o evi almışıq. Heç kim gəlib deməyib ki, bu qaz xətti qanunsuzdur. Hər ay da gəlib anamdan pul alıb gediblər. Ətrafdakı evlərə sayğac qoyublar. Onda bizə də qoyaydılar. Qanunsuz idi, onda kəsib düzəldəydilər. Məni yandıran odur ki, anam, qardaşım rəhmətə gedəndən sonra çıxıb damdan qazı kəsiblər. Bunu müstəntiq də görüb, sənədləşdirib. Qaz idarəsi əməkdaşlarının səhlənkarlığı olmasaydı, anam 20 il də yaşayardı, qardaşım da həmçinin».

Faktla bağlı qaldırılan cinayət işinin istintaqını aparan Səbayel Rayon Prokurorluğunun müstəntiqi Rain Əliyev isə bildirir ki, istintaq qaz xəttinin qanunsuz çəkilməsi faktını müəyyən etməyib. İş isə artıq yekunlaşıb və baxılması üçün Səbayel Rayon Məhkəməsinə təqdim olunub:

«İstintaq artıq başa çatıb. Bir nəfərin haqqında ittiham aktı ilə birlikdə iş məhkəməyə göndərilib. Yaxın günlərdə məhkəmə başlayacaq».

Ümumilikdə, bu il Azərbaycanda 200-ə qədər dəm qazından zəhərlənmə faktı qeydə alınıb, 60-a yaxın insan bu səbəbdən vəfat edib. «Azəriqaz» rəsmiləri ölüm faktlarının daha çox insanların səhlənkarlığından və təbii qazdan istifadə üzrə texniki qaydalara əməl etməmələrindən, vətəndaşlar isə təbii qaz verilişində yaranan fasilələrlə izah edirlər. Faktların hüquqi araşdırması zamanı 20-yə yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunub.

27 İLİN ZABİTİ ÖZ HÜQUQUNU QORUYA BİLMİRSƏ...

Ehtiyatda olan polis mayoru Həmid Kazımov isə özünü icra və bələdiyyə orqanları arasında səlahiyyət toqquşmasının qurbanı sayır. 3 il öncə Binəqədi Rayon Polis İdarəsində Mühafizə Xidmətinin vzvod komandirliyindən istefa verən Həmid Kazımov çox ağır sosial şərtlər altında yaşadığını bildirir:
İş üçün hara müraciət edirəm, mənə iş vermirlər – deyirlər bizdə polis üçün iş yoxdur. Prezidentdən başlayaraq baş nazirə, spikerə, daxili işlər nazirinə qədər bir çox rəsmilərə dəfələrlə müraciət etmişəm

«Mən 27 il polis orqanlarında işləmişəm. İndi gəlib görsəniz, mən hansı şəraitdə yaşayıram, dəhşətə gələrsiniz. Evim artıq ortadan paralanıb. Nəmişlik, rütubət hamımızı xəstə edib. 4 uşağım ölüb bu evdə. İndi 17 yaşında 1 qızım var. 12 kvadratmetrlik evdə 3 nəfər 1 çarpayıda yatırıq.

Mənzil şəraitini yaxşılaşdırmaq üçün o, dəfələrlə rəsmi qurumlara müraciət edib. 5 illik yazışmalardan sonra 2004-cü ildə bir otaqlı mənzil tikintisi üçün torpaq ala bilib:

«Bələdiyyə 2004-cü ildə mənə Bibiheybət qəsəbəsində torpaq sahəsi ayırdı. Ev tikmək üçün Səbayel İcra Hakimiyyəti mənə ərazidən kommunikasiya xətlərinin keçməməsi ilə bağlı sənəd verməliydi. Onu ala bilmədiyim üçün tikinti apara bilmədim. Daha sonra ərazidən keçən yol genişləndiriləndə mənim də torpağım yola qatıldı. Kompensasiya da ala bilmədim. Ancaq Bibiheybət məscidinin mollası, ərazidəki dəmirçı sexinin sahibi orda ev də tikmişdilər, kompensasiya da aldılar. Mən 27 il dövlət orqanlarında çalışsam da, hüququmu bərpa edə bilmədim. Hansı məhkəməyə üz tutdum dedilər, bələdiyyənin sənədi yetərli deyil, digər dövlət orqanlarını da o torpağın sizin olmasını təsdiqləməliydi».

Bir neçə il icra hakimiyyəti və bələdiyyə orqanları arasında qalıb kompensasiya ala bilməyən ehtiyatda olan zabit özünə iş yeri də tapa bilmədiyini deyir. Bu səbəbdən ölkədə 700 min iş yeri açılması haqda rəsmilərin dediklərinə inanmsız yanaşır. Onun sözlərinə görə, əgər onun kimi Rusiya Polis Akademiyasının məzunu olan, 27 il Daxili işlər sistemində çalışan bir şəxs öz hüquqlarını qoruya, öz haqqını bərpa edə bilmirsə, məntiqlə başqaları üçün bu, bir qədər də çətin olmalıdır:

«3 ildir təqaüddəyəm. 47 yaşım var. Ailəmi ancaq təqaüdlə saxlayıram. İş üçün hara müraciət edirəm, mənə iş vermirlər – deyirlər bizdə polis üçün iş yoxdur. Prezidentdən başlayaraq baş nazirə, spikerə, daxili işlər nazirinə qədər bir çox rəsmilərə dəfələrlə müraciət etmişəm heç bir cavab yoxdur».

Bələdiyyənin ona verdiyi torpağı öz adına rəsmiləşdirmək üçün Azərbaycanda bütün məhkəmə instansiyalarını keçən Həmid Kazımov indi də Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Şikayət artıq icraata alınıb. Keçmiş polis zabiti ölkədə o qədər qanunsuzluqla üzləşib ki, hətta Avropa İnsan Haqları Məhkəməsi müsbət qərar çıxarsa belə onun tezliklə icrasına ümid etmir.

Son bir neçə ildə Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsinə müraciətləri artıb. İlk müraciətlər daha çox cinayət işlərilə bağlı olsa da, indi vətəndaşlar Avropa İnsan Haqları Məhkəməsinə mülki işlərlə bağlı müraciət edirlər. Bəs Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan məhkəmələrinin də söykənəcəyi presedent qərarlar varmı?

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev deyir ki, var:
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev


«Ali Məhkəmənin rəhbərliyi başda olmaqla, bütün səlahiyyətli qurumlar iddia edir ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bütün qərarları icra olunur.
Əgər söhbət yalnız pul kompensasiyalarının ödənməsindən gedirsə, bəli, Azərbaycan hökuməti bu qərarları icra edir. Ancaq bu kompensasiyaların ödənməsindən başqa, hökumət ümumi xarakterli tədbirlər görməlidir. Yəni qanun pozuntusuna səbəb olan halların araşdırılması, aradan qaldırılması üçün həm qanunvericilikdə, həm də onun tətbiqi praktikasında gərəkli addımlar atmalıdır. Kompensasiyaların ödənməsi heç də hökumətin öhdəliklərinin bütünlüklə yerinə yetirməsi anlamına gəlmir.

Konkret bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı qərarı yoxdur. Ancaq kommunikasiyası başa çatan bir neçə iş üzrə qərarlar gözlənilir. Ancaq Avropa İnsan Haqları Məhkəməsinin başqa ölkələrlə bağlı qərarlarını Azərbaycan presedent kimi yararlana bilər. Hökmən deyil ki, Avropa Məhkəməsinin qərarları birbaşa Azərbaycanla bağlı olsun».

- İntiqam bəy, bəs vətəndaş yerli məhkəmədən Avropa İnsan haqları məhkəməsinin başqa ölkələrlə bağlı qərarlarının presedent kimi götrürülməsini tələb edə bilərmi?


«Əslində bu problem həm də vətəndaşların özləri, onların haqlarını müdafiə edən şəxslərlə bağlıdır. Vəkillərin çoxu Avropa Məhkəməsinin qərarlarından xəbərsizdirlər. Ona görə də məhkəməyə şikayətlərində Avropa Məhkəməsinin bu çox vacib presedent qərarlarına istinad eləmirlər. Əminəm ki, vətəndaşlar, vəkillər bunu davamlı olaraq tələb eləsələr, hakimlər də onların tətbiqinə məcbur olacaq».

SOSİAL YARDIMI KİMLƏR ALIR?

Vəkil Selcan Məmmədli
«Qaynar xətt»ə gələn müraciətlərin bir hissəsində vətəndaşlar ünvanlı sosial yardımın kimlərə və hansı məbləğdə ayrılması ilə maraqlanırlar. Azərbaycan qanunvericiliyinin kimlərin ünvan sosial yardım almaq hüququ verdiyini vəkil Selcan Məmmədli izah edir:

«Qanunvericiliyə görə, ünvanlı sosial yardım aztəminatlı ailələrə onların sosial müdafiəsini gücləndirmək üçün verilir.
Aztəminatlı ailə orta aylıq gəliri ehtiyac meyarından aşağı olan ailə deməkdir. Ehtiyac meyarı 2010-cu ildə 65 manat müəyyən olunub. Yəni ailənin aylıq gəliri ailə üzvlərinin sayına bölündükdə hər bir ailə üzvünə 65 manatdan az vəsait düşürsə, o ailənin ünvanlı sosial yardım almaq hüququ yaranır. Bunun üçün vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələrinə müraciət edə bilərlər».

- Bəs ailənin nə qədər ünvanlı sosial yardım alacağı necə müəyyən olunur?

«Əgər 4 nəfərlik bir ailənin aylıq gəliri 100 manatdırsa, o zaman ehtiyac meyarı sayılan 65 manat 4-ə vurulur və alınan məbləğdən ailənin aylıq gəliri çıxılır».

65 x 4 = 260
260 – 100= 160

Demək, ailənin 160 manat ünvanlı sosial yardım almaq hüququ var. Bu məbləğ 1 il müddətinə təyin olunur. 1 ildən sonra ailə yenidən öz aylıq gəliri haqqında məlumat verməlidir. Əgər ailə üzvlərindən hansısa daimi qeydiyyatda olduğu yerdə yaşamırsa, o zaman o sosial yardım ala bilməz. Bu kateqoriyaya əmək miqrantları, cəzaçəkmə müəssisələrində olan şəxslər aiddir.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG