Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09
ƏVVƏLİNİ BURDA OXU

– Partiya da qancıqdı, komsomol da, pioner də, oktyabryat da... Sən də qancıqsan.

Qızxanım əlindəki topa açarı təpəmin ortasına vuran kimi yuxudan ayılanda gördüm ki, məndən kiçik bacım Zümrüd qolumdan tutub silkələyə-silkələyə deyir:

– Sarı, Sarı, dur, qağam səni aşağıda çağırır.

Qağamın adını eşidən kimi dik qalxdım. Zümüşün (Zümrüd) üz-gözündə yazılmışdı:

– Tez ol, tez ol, indi qağam canını alacaq.

Üzündəki bu yazıya görə elə bil ki, qız bir az da sevincək olmuşdu. Bu, mənim gözümdən yayınmadı. Əllərimi göyə açıb canı-dildən gərnəşdim. Gendən baxan olsaydı, elə bilərdi ki, Allahdan nə isə istəyirəm və yaxud Allaha yalvarıram.

Əslində isə yalvarmalı vaxt idi. Hirsimdən partlayırdım. Əgər partlamaq istəmirsənsə, hirsini tök başqasının üstünə, başqası da Zümüş idi. Hirsimi Zümüşün başından tökdüm, ayağından çıxdı:

– Qaraxəbər!

Zümüş cavab verməsəydi, dünya dağılardı, dünyanın xətrini çox istədiyinə görə də cavabımı qaytardı:

– Zəhər tuluğu.

– Yaxşı, görərsən – dedim.

– Nağayrazsan?

– Sən öl sabah məktəbdən gələnnən sonra səni mələdəcəm.

– Gözdə...

– Gözdəmişəm yazda...

– Qağam canını alacaq ee, onun dərdin çək.

– Zümüş, Zümüş, – səsimin tonunu elə dəyişdim ki, buna yaltaqlıq da demək olardı – Zümüş, Zümüş, o Qızxanım da ordadı?

– Yoox...

Sudan quru çıxmaq üçyn yollar axtarırdım. Üzümdə bir “kor-peşimançılıq” ifadəsi vardı, ancaq bu, əməlindən peşiman olan birisinin halı yox, düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməyən birisinin vəziyyəti idi.

...Keçən il Novurz bayramı günlərində Tükəzban nənəm nağıl eliyirdi ki, iyirmi-otuz il bundan qabaq Dadaş oğlu Ağahəsənlə Kəblə Həsənxan oğlu Xanlar çomaq davasına durmuşumuşlar. Az qalıblar ki, bir-birini öldürsünlər. Nənəm yaylığını atıb onların arasına, ondan sonra ara sakitləşib, hərəsi çəkilib gedib öz evinə, nənəmin yaylığı olmasaymış qan düşəcəkmiş.

– Zümüş, Zümüş, güllü yaylığın hanı?

– Neynirsən, başına örtəzsən?

Ayrı vaxt Zümüş maa belə desəydi, qan su yerinə axardı, ancaq indi yeri deyildi.

– Yoox ee, bacı, – dedim, – sən yaylıqla başını ört... Sən də mənnən gedək qağamın yanına, görsən ki, qağam məni döyür, yaylığı çıxart at ikimizin arasına, onda qağam məni döyməz.

– Nə bilirsən döyməz?

– Tükəzban nənəm bir dəfə heylə eliyib... İki adam dalaşanda... Sən də elə də bacı, noolar... Mürəbbə payımın hamısını verəcəm saa, yeyərsən, yaxşı?
– Yaxşı... bir də mənnən dalaşmayazsan ki, evdə heç kəs olmayanda?

– Yox, yox.

– Denən Allah haqqı.

– İmam Hüseyn haqqı.

– Allah haqqı denən.

– Allah haqqı.

– Onda gedək. – Zümüş qabağa düşdü.

– Bəs yaylıq qaldı axı.

– Bıy...

Biz aşağı düşüb qağamın yanına gəldik. Tükəzban nənəm də burda idi. Bir göz qırpımında İsmayıl oğlu Bəylər də peyda oldu.

Onun qəfil gəlişi mənim səbbimi xeyli aldı. Çünki Bəylər dədəm bütün mübahisələrdə, münaqişələrdə həmişə mənim tərəfimi saxlayıb, mənnən ötrü çox “qan töküb”.
Nənəmin çubuğunun yarısı qağamın sağ əlində idi və o, çubuğu sol əlinin içinə döyəcləyirdi.

– Bu çubuğu niyə iki yerə bölmüsən, əə? – Qağam dəlilsiz, sübutsuz “cinayəti” qəfil boynuma qoydu və tam haqlı idi, qağam da, nənəm də, dədəm də – elə hamı bilirdi ki, buralarda belə əlləm-qəlləm işlərə mən baxıram. Bəzən mənim xəbərim olmayan bir hadisə baş verəndə, birinci mən yada düşürdüm, canım çıxmasa da, adım çıxmışdı. Mən elə bir vəziyyətdə idim.

– Qağa, qoy deyim. – Çönüb əvvəlcə Zümüşün başındakı güllü yaylığa, sonra da Bəylər dədəmə baxdım, – qağa qoy deyim.– De dana, ağzını yuman var?

– Qağa qoy deyim... Tükəzban nənəmin çubuğu çox uzundu...

– Onçun ortadan kəsmisən? – Qağam sözümü kəsdi.

– Yoox.

– Bəs niyə kəsmisən?

– Ziba nənəmə yazığım gəldi, onun çubuğu yoxdu. Yarısını ona verəcəm.

Zümüş güllü yaylığı əlində büküb tam hazır vəziyyətdə dayanmışdı. Qəribə də olsa, mən gözümü qağama zilləmişdim və qəfil ağlıma gələn bu fikrin nəticəsini gözləyirdim. “Ziba nənəmə yazığım gəldi”.Birdən qağam üzünü təndirin başına tərəf çevirib gülməyə başladı. Tükəzban nənəm də qağama qoşuldu, Zümüş də Tükəzban nənəmə, axıramacal Bəylər dədəmin də üzü güldü.

Və... bu günkü ağlımınan deyirəm, mən hiss elədim ki, amnistiyaya düşdüm...

Və... əməlimdə cinayət tərkibi yoxdu.

Ziba nənəmə bəslədiyim humanist hissləri əldə rəhbər tutaraq atamın imzaladığı əfv fərmanı qanımın arasına girdi.

Və Ziba nənəmə bəslədiyim humanist hissləri əldə rəhbər tutaraq atamın imzaladığı əfv fərmanı qanımın arasına təzəcə girmişdi ki, Qızxanım böyürdən çıxdı:
– Əsgər, bu gədənin ipini yığ vaxtında, yoxsa zayılın biri olacaq.

Qağam özünü bilməzliyə vurdu:

– Kimi deyirsən?

– Kimi deyəcəm, budey, bu Sarını.

– Niyə aranız dəyib genə? – Bəylər dədəm ortalığa üç-dörd dənə söz atdı, bu sözlər cücərdi, bitdi, pöhrələndi və bar verdi:

– Bəylər əmi, – Qızxanım əlindəki topa açarı bir-iki dəfə çıqqıldatdı, – Bəylər əmi, bayaq gəlmişəm qapıya, Tükəzban xalanı çağırıram, maa belə eliyir ee, nə çığırırsan aaz, nənəm evdə yoxdu, görmürsən?

Bəylər dədəm mənnən soruşdu:

– Nənən hara getmişdi?

– Heç hara, evdəydi, namaz qılırdı... bu da dil-qəfəsə qoymadan çığırırdı.

– Deyəydin ki, nənəm namaz qılır... ağzında dilin yoxdu?

– Var...

– Bəs niyə demədin?

– Qorxdum...

– Nədən? – Bəylər dədəm bir addım irəli gəldi.

– Bunnan. – Qızxanımı göstərdim.

– Niyə?

– Deyillər partkom eşidəndə ki, kimsə namaz qılır, sonra onu kolxozun klubuna çağırıb iclas eliyillər, namaz qılanları danlayırlar, onlara söyüş söyürlər. Mən də istəmədim ki, nənəmə pis söz desinlər. Bildin, dədə?

– Bildim.

Araya çökən sükutu təslim olmaq istəməyən Qızxanım pozdu:

– Əsgər, – Bəylər dədəmdən əli üzülən Qızxanım bu dəfə qağama ümid elədi, – sonra deyirəm ki, qudurmusan? Qayıdıb deyəsən ki, qudursam səni də tutaram, onda sən də qudurarsan. Abırıma qısılıb çıxıb getdim... Gördüm dalımcan deyir ki, qancıq.

Qızxanımın mənə atdığı, nə Allahın, nə də partkomun götürməyəcəyi bu böhtanı eşidən kimi qağamın şapalağı qulağımın dibində alışdı. Qağamın şapalağı qulağımın dibində alışan kimi Zümüş ağbirçəksayağı əlindəki gülü yaylığı yellədib qağamın ayağının altına atdı, hamı bir anlıq çaşıb yerində donmuşdu.
– Rədd ol burdan! – Qağam üzümə baxmadan hirsləndi.

Və mən böyük məmnuniyyətlə rədd oldum.

Zümüş ağlaya-ağlaya dalımca gəlirdi.

Əməliyyat baş tutmuşdu.

...1956-cı ildə partkom Qızxanım Kommunist Partiyası ilə mənim arama bax beləcə nifaq saldı...

lll

Azərbaycanda ilk və ən böyük informasiya agentliyi bizim kənddə yaranmışdı. Heç bir qeydiyyatdan-filandan da keçməmişdi. Bu günkü rəsmiyyətlə yanaşsaq, qeyri-qanuni fəaliyyət göstərirdi. Əslində elə bir nazirlik və yaxud qurum yox idi ki, belə qeyri-adi, özünəməxsus bir informasiya agentliyini qeydiyyatdan keçirsin.

Bu informasiya agentliyində işləyən yüzdən artıq adamın – xəbərçinin heç birisi nə maaş alırdı, nə də əmək günü, hamısı ictimai əsaslarla işləyirdi, operativ, vicdanlı və qərəzsiz xəbərlər yayırdılar. İndiki ölçülərlə yanaşsaq, qısaca adı beləydi: “Əsbulin” agentliyi.

Orda işləyənlərin heç birisinin bu addan xəbəri yox idi, ola da bilməzdi. Çünki bu adı o agentliyə mən qoymuşam, mən yaraşdırmışam. Əlqərəz.

Bizim Yağlıvənd, necə deyərlər, yeddi para kənddən – daha doğrusu, yeddi obadan ibarət idi: Koxalı, Aşırlı, Qədirli, Lələli, İrənşəlli, Yal Lələli və Ciyəli; bir, iki, üç, dörd, beş, altı, Ciyəli də yeddi. Bəli, yeddi obadan ibarət idi.

Dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, hava yolu ilə götürsək məşhur Azıx mağarasının səkkiz-on kilometrliyində, Köndələn çayının üstündə, dərələrin, təpələrin, güneylərin, quzeylərin əhatəsində yerləşir.

Mənim fəxr elədiyimə və şirin yazıçımız İlyas Əfəndiyevin dediyinə görə Yağlıvəndlilər çox mərd, igid və qorxmaz adamlar olublar. İlyas müəllim deyirdi ki, sizin camaat vurub-tutan, asıb-kəsən olub və onların kəsdiyi başa sorğu-sual olmayıb. Hörmətli yazıçımız axırıncı cümləsini deyəndə mənim şitdiyim tutdu, zarafat eləmək istədim:

– İlyas müəllim, baş da kəsiblər?

– Bəli kəsiblər... kəsilməli baş vaxtında kəsilməyəndə çox analar ağlar qalır... sonra da gec olur.

Düz sözə nə deyəsən? Nə desən əyri çıxacaq...

Əlqərəz... Min iki yüz hektar torpağı olan kəndimizin var-dövləti başından aşırdı; işlək, təpərli camaatı, camış ferması, inək ferması, ilxısı, arpa-buğda zəmiləri, bağı-bostanı, qarğıdalı, günəbaxan tarlaları, noxudu... nə yox idi ki... Allah hər şey vermişdi, adına, böyüklüyünə layiq pay vermişdi – payın çox olsun Böyük Yaradan.

Bizim kəndin toxuculuq kombinatı həmişə cırıldayıb – yəni cəhrəsi, bizim kəndin yağ-pendir zavodu həmişə çalxalanıb – yəni nehrəsi. Kəhrəba kimi buğdamız da həmişə bol olub, heç vaxt çörəkdən korluğumuz olmayıb, Böyük Yaradan belə torpağın, belə təpərin qabağında heç vaxt camaatımızı çörək imtahanıyla sınağa çəkməyib.

Müharibə illərində Mircəfər Bağırovun adını daşıyan kolxozumuz ətrafdakı dağ rayonlarının, naxçıvanlıların, xüsusilə də ordubadlıların açılan əllərini heç vaxt boş qaytarmayıb.

Zarafatsız, gərək bir gün Əkrəm Əylislidən soruşum görüm, Ordubaddan, onun qohum-əqrəbasından bizim kəndə çörək dalınca gələn olub olmayıb – soruşacam... Bəlkə elə keçmişimiz tanış çıxdı...

Kolxoz həyətindən başlayıb Koxalı obası ilə Qara Quzeyin arasından keçib gedən, yemiliklə, mərəçöyüd, quşəppəyi, qanqal, qazəyağı, dəvədabanı, biyan, quşqonmaz, cincilim, unnuca, bənövşə, yerqulacı, anduz, kələvər, kol-kos və alabəzək çöl quşlarının civiltisi ilə tıxılı-təpili Qobu, üç-dörd kilometr uzanıb Ağdam-Füzuli (Qarabulaq) yoluna dirənirdi. Koxalıdan baxanda Qobu ilə Qara Quzeyin arasındakı düzəngahda qəbristanlıq idi.

Qobunun sağ tərəfində isə Güllü Dərə, Çirişdi Dərə, Kufullu Dərə, İnəyölən və Arazölən yerləşirdi. Hələ Qobu boyunca arxası üstə uzanıb zümzüməsini quşların səsinə qatan, şırıldaya-şırıldaya parıldayan gümüşü arxı demirəm. Öz payıma deyirəm: lap ölüb qalmalı yerdi...

Ancaq ölüb qala bilmədim Qarabağın, Yağlıvəndin Qobusunda, ölüb qala bilmədim; indi Bakıdayam, yeriyirəm, əlim-ayağım tərpənir, lap diriyə oxşayıram.
– Qardaş, bir dəyqə olar?

– Buyurun.

– Qardaş, məni bağışla... mənə əməlli-başlı, diqqətlə bax gör mən diriyəm.

Bir anın içində sifət necə tanınmaz olarmış, elə bil qarşımda tamam başqa birisi dayanmışdı:

– Başa düşmədim, nə deyirsən? – O, artıq “sən”ə keçdi.

– Deyirəm məni bağışla... Mənə əməlli-başlı, diqqətlə bax gör mən diriyəm.

– Tfuuu!!! – Cavabı çox qısa oldu. Hələ sağ olsun ki, mənim üzümə yox, küçənin “üzünüə” tüpürdü.

– Ay Dirivari, indi payını aldııın?! – Bunu da özüm fikirləşdim. Sonra da onun hərəkətini təkrar elədim: – Tfuuu!!!

Ancaq bayaqkı “qardaş”dan fərqli olaraq, küçənin “üzünə” yox, paltomun yaxasına tüpürmüşdüm...

Nə isə... Lənət şeytana!!!

Kəndimizin məktəbi Lələli obası ilə Yal Lələlinin aralığında, Köndələn çayının yaxasında ağappaq ağarırdı; böyük sahəsi vardı, idman meydançalarını mühasirəyə almış gur arxı, meşə kimi qalın, səliqə-səhmanlı bağında, fərəsətin vardısa quşu ayağından tuta bilərdin.

Məktəbin və bütün bu dəm-dəsgahın qarovulçusu Abış kişi isə əsl şəxsiyyət idi. Şagirdlər direktordan və müəllimlərdən çox ondan qorxurdular, lap tük salırdılar.

O, qaraqabaq, hündür, enlikürək, zəhimli və lap sonralar bizə məlum olduğu kimi kövrək, nadir hallarda danışan bir kişi idi, onun bütün günü dilinə gətirdiyi sözlərin hamısını bir yerə yığsan, bir tabesiz və yaxud tabeli mürəkkəb cümlə düzəltmək mümkün olmazdı. Amma biz də az aşın duzu deyildik, hərdən onun gözündən yayınıb bağa soxulur, qoynumuzu-qoltuğumuzu kal, sarfa meyvələrlə doldurub aradan çıxırdıq.

Hərənin öz işi vardı, Abış kişi qarovulçuluğunu eləməliydi, biz də bağdan oğurluq eləməliydik. Sonralar yaşa dolduqca anladıq ki, dünya belə qurulubmuş və bu gün də elədi, sadəcə maştablar böyükdü.

Orası da bir həqiqətdir ki, biz uşaqlara, o vaxt bizə elə gəldiyi kimi, qanımız bahasına talan elədiyimiz kal meyvələri (bəzən də yetişmiş) yemək eşqindən daha çox prosesin özü maraqlı idi. Desəm ki, bu əməliyyat bir az da özümüzə inamımızı gücləndirirdi, zərrə qədər də şübhə eləməyin – bu, gerçək idi.

Məktəbimizin həyətinə bitişik su dəyirmanının sağ tərəfində, gur, enli arxın aşağı yaxasında isə iki mərtəbəli yataqxana binası üzü Köndələnə, həm də elə üzü Qibləyə ağara-ağara gendən çağırırdı.

Bəlkə də ölkədə yeganə orta məktəb idi ki, özünün yataqxanası vardı; qonşu Qacar (ordan Molla Nəsrəddin yolu ilə Şuşaya bir saatlıq yoldu) və Dilağarda kəndinin uşaqları da gəlib bizim kənddə oxuyur, yataqxanada qalır, gətirdikləri bir xurcun təndir çörəyi, pendir, çolpa soyutması qurtaran kimi də (həftədə bir dəfə) boş xurcunlarını çiyinlərinə salıb kəndlərinə gedir, bir gecə evlərində gecələyir və səhərisi günü sübh tezdən dolu xurcunlarla geri qayıdır, dərslərini oxuyurdular.

Sonradan bu xurcunlar da uşaqların özləri kimi böyüdü, böyüdü və böyüdükcə Bakının, Gəncənin, Şəkinin, Şuşanın, Ağdamın qapılarını döydü, qapılar onların üzünə açıldı.

Sonra bu çiyni xurcunlu uşaqlar Moskvada, Kiyevdə, Tiflisdə, Odessada və başqa böyük şəhərlərdə peyda oldular. Bu gün isə o çiyni xurcunlu “uşaqların” övladlarının, nəvələrinin səsi, çiyinlərində də iyirmi birinci əsrin xurcunları, Moskvadan, Kiyevdən, Parisdən, Londondan, Vaşinqtondan, Ankaradan, İstanbuldan gəlir.

– Ay çiyni xurcunlu adlı-sanlı uşaqlar! Qarabağın Yağlıvənd kənd orta məktəbində kiminsə xurcunu yadından çıxıb qalıb, gəlsin aparsın...
Nə isə... Lənət şeytana!!!

Sən Allah, başağrısı da olsa, bir az hövsələnizi basın və Yağlıvənd kəndindəki qız-gəlinin adlarına fikir verin: Gülgəzər, Gülaçar, Güldəstə, Gülnar, Gülnaz, Gülyanaq, Gülyaz, Gülnisə, Güləndam, Bağdagül, Əzizgül, Eyzangül, Gülçöhrə, Gülsurə, Gülöyşə, Güllü, Çiçək, Ağgül, Xəzangül, Lalə, Laləzar, Gülpəri, Qönçə, Gülbuta və yadıma düşməyən neçə-neçə güllər.

Bu qızların hamısı bizim məktəbdə oxuyurdu – məktəbimiz gül qoxuyurdu. Müəllim sinif curnalını açıb bu şagirdlərin – qızların adını oxuyanda jurnalımızdan gül iyisi gəlirdi, gül kimi məktəbimiz, gül kimi sinifimiz, gül kimi curnalımız vardı.

Qız övladlarına bu adları verməklə, elə bil camaatımız kəndimizdə canlı gül sərgisi açmışdılar.

Qəribə də olsa, bu boyda kənddə bir nəfər də olsa Gülüstan adlı qız, gəlin, qadın yox idi. Bu barədə mən xeyli fikirləşdim, təəccüblü idi, güllə bağlı adlar üzrə böyük mütəxəssis hesab olunan Yağlıvənd camaatı Gülüstan adından niyə yan keçib?

Axırda tapdım: yuxarıda sadaladığım gül kimi adların hamısı bir yerdə elə nəhəng, göz oxşayan və solmaz bir gülüstan yaratmışdı də, bu gülüstandan sonra ad Gülüstana nə hacət...

Deyirlər ki, Yaponlar gülünən, çiçəyinən danışır, bizim kəndə bu güllərin özləri dil açır, dərs oxuyur, ərə gedir, uşaq saxlayır, inək sağır, biçin biçir, bulağa gedir, barama saxlayır, naz eləyir, yorğan sırıyır, nehrə çalxayır, çəhrə əyirir, xalça toxuyur – adını Dünyanın, Ölkənin, Paytaxtın olmasa da kəndinin, nəsl-kökünün, ailəsinin, ərinin, uşaqlarının, qismətini verən olsa nəvə-nəticələrinin yaddaşına yazır və bu da ona bəs eləyir, adamlar cərgəsində onun yerini göstərir – yuxarıbaşda.

Deyə bilərsiniz ki, sözünün canı nədi?

Sözümün canı odur ki, Allah bizim kəndin göylərində bərqərar olub və dünyanı, bizim kəndin başının üstündən idarə eləyir. İnanmırsınızsa sübut eləyin, sübut eləyin ki, mən düz demirəm.

Özünüzü yormayın...

Yerinən-göyünən əlləşən, Yağlıvənddə kişnəyəndə səsi ətrafı lərzəyə salan kəhər at da yedəyimdə Əsgərxan bulağına tərəf yenirdim. Kəhər at gözəl bilirdi ki, onu suvarmağa aparıram, odur ki, quzu kimi dalımca gəlirdi. Bu at heç vaxt mənə özünü göstərməyib. Mənim on iki, onun isə beş yaşı vardı. Mən ondan böyük olsam da, o mənə uşaq kimi baxırdı. Axı, atlar tez yaşa dolur.

Deyillər ki, beş yaşar at, adam hesabıynan götürəndə otuz, otuz beş yaş civarındadı. O ayaqdan götürsək kəhər at məndən təxminən iyirmi yaş böyük idi və özünü də böyük kimi aparırdı. Ancaq siz onu İsmayıl oğlu Bəylərin altında görəsiniz – tamam başqa cür olur.

Üç-dörd gün bundan qabaq üzəngini basdım, Bəylər dədəm quş kimi qalxdı kəhərin belinə. Kəhərin cilovunu qəfil çəkən kimi at kişnəyə-kişnəyə şahə qalxdı, qabaq əllərini havada elə tez yellədirdi ki, elə bilirdin göyə çıxmaq istəyir. Mənə elə gəlirdi ki, kəhər at özünü Bəylər dədəmə göstərirdi, mən kiməm ki, mənə özünü göstərəydi, dünənin uşağı.

Sarı yoxuşa çatanda dayandıq. Mən Savalan müəllimin mənə yazdığı, dörd yerə qatlayıb cibimdə gəzdirdiyim məktubu çıxartdım, başdan-ayağa oxudum, təzədən dörd yerə qatlayıb cibimə qoydum, tərpəndik.

Əsgərxan bulağının gözündən camaat içirdi, novundan isə mal-qara. Bulağın üstü qız-gəlinlə dolu idi. Mis səhənglər, saxsı cürdəklər sıralanıb uzanırdı, hərə öz növbəsini gözləyirdi. Bulağın ayaq tərəfindən hərlənib nova yaxınlaşdıq. Kəhər qız-gəlinə yüngülvari nəzər salıb ağzını dirədi novçaya, göz yaşı kimi duru, bal kimi sudan doyunca içdi.

– Gözdə kəhərin boğazında zəli qalar, Sarı. – Qüdrətin qızı Gülgəzər mənə sataşdı.

– Aaaz, elə onun özü zəlidi dana... Birdən atının boğazında qalarsan haaa...- Bunu da Gülgəzər bacısı Gülüzüm dedi.

– Tərkində gedəydim, ay Sarı... – Kimsə yana-yana, bir az da yandıra-yandıra partladı.

– Ölməyəydim görəydim bu Əsgər əmimin gədəsi kimin qızın alacaq... uşaq olasan, özünü belə dartasan?! Elə bil Zal oğlu Urustamdı.

Sonra hamısı verdi ağız-ağıza və ağız deyəni qulaq eşitmədi. Kimsə lap ucadan dilləndi:

– Aaaz, aaaz, aaz, bu bir əlcə tifildən nə istəyirsiniz? Başıma xeyir....

– Biz istədiyimiz onda yoxdu... – Kimsə fasıx-fasız ortalığa dedi. Hamı gülüşdü.

Bayaq məni müdafiə eliyən Gülyetər dedi:

– Eşitmisiniz?!

Elə bil qurbağa gölünə daş atdılar.

– Eşitməmisiniz?

– Yoox...

– Onda qulaq asın. Bu il hər əmək gününə iyirmi səkkiz kilo buğda böləcəklər, otuz kilo arpa, beş kilo da noxud.

– Sən Güldəstənin canına düz deyirsən?

– İmam Hüseyn haqqı... Hesabdarın arvadı paltarbiçdidə maa dedi.

– Sabah axşam da ferma müdirini çıxardıllar, yerinə də Behbidalını qoyullar... Hesabdarın adamıdı.

– Bııy...

Başqa bir səs gəldi:

– Deyillər Güllərin oğlu Bəxtiyar çaxır içəndi.

– Əsgərlikdə öyrənib... Camaatın uşağı – sənət öyrəndi, bu da...

– Hamı getdi quş gətirdi, Şahqulu bayquş.

– Sabah bu vədə Elyaz qız qaçırdacaq.

– Kimi?

– Sənin qonşunu.

– Kəndimizdə donuz ferması açmaq istəyirlər, Zülfiqar kişi iki ayağın bir başmağa dirəyib ki, olmaz, murdardı.

– Köndələnin qabağın kəsib böyük göl düzəldəcəklər.

– Yayda kişilər gedib çimər.

– Kamılın da dıbırını dünən gecə oğurlayıblar. Səki bəsləmişdi ki, oğlu əsgərlikdən gələn kimi toy eləsin.

– Deyillər kəndimizə radio çəkəcəklər.

– Eşitmisən də İsmayılın oğlu sənin xalan qızıynan hingerləşir.

– Yox, eşitməmişəm.

– Sənin nədən xəbərin var ki... Səhər naxıra, axşam axura... Xəbərin var?

– Nəyi deyirsən?

– Qulağını bəri elə...

– Sən Həzrət Abbas düz deyirsən?

– Əlinin qəzəb oğlu Həzrət Abbasın qələm olmuş qollarına and olsun... Ancaq heç kimə demə... qan düşər...

– Nişanə müəllimin nənəsi can verir, bu gün sabahlıqdı.

– Əsəd müəllimi öz obalarına briqadir qoyullar.

– Sürəyya kolxozda kitabxana açır.

– Yağlıvəndin uşaqlarıynan Qəcərin (Qacar) uşaqları futbol oynayırmışlar kolxozun həyətində, bizimkilər udub. Axırda da dava düşüb.

– Gözünə döndüyüm Sarı da partkom Qızxanımın abırın büküb ətəyinə.

– Sarı, Sarı sən qağanın canı düz deyir?

– Hə... düzdü... qağam da maa bir şapalaq ilişdirdi.

Bu dəfə səs lap o biri başdan gəldi:

– Zümrüd də gülü yaylığını atıb qağasının ayağının altına ki, qardaşımı döymə.

– Kor Məti Hindarxından Mülayim adlı bir arvad gətirib özünə.

– Nə vaxt?

– Heç bir saat olmaz.

– Sonanı da ilan vurub.

– Kamalan atdan yıxılıb.

– Kərəm Qədimalının pəyəsindən dörd yumurta götürüb, gözünə döndüyüm yumurtaların başını deşib çiy-çiy içib, qabıqlarını da atıb ora.

– Ay qızlar çənəmiz qızışıb, bir Qara Quzeyin təpəsinə baxın... Yernən göyün arası qovuşub, tez olun, yağış yağacaq.

Hərənin ağzından bir avaz gəlirdi: hər kəs eşitdiyini, gördüyünü, bildiyini dilinə gətirirdi. Yeddi para kəndə bütün informasiyalar Əsgərxan bulağının başından yayılırdı – operativ, vicdanlı və qərəzsiz.

Bu kənddə hadisələrin hamısı camaatın gözləri qarşısında baş verirdi, indiki dillə desək, əsl şəffaflıq idi.

Bulaq başında danışanlara fikir verdinizsə, hər növ informasiya vardı, sadəcə xəbərləri sistemləşdirməmişdilər, “curnalist” peşəkarlığı çatışmırdı: iqtisadiyyat, inşaat, təşkilati məsələ, meliorasiya, əxlaq, mədəniyyət, oğurluq, bədbəxt hadisə, kriminal, idman, lap hava haqqında məlumat da...

Bizim kəndin informasiya agentliyi Əsgərxan bulağı ilə yaşıd idi. Əsgərxan bulağının isə yaşını bilən yox idi. Bulağın da, agentliyin də iş prinsipi bir-birinə çox yaxın idi.

Belə ki, Əsgərxan bulağı Qara Quzeydən süzülüb gəlirdi, süzülə-süzülə, durula-durula gəlirdi. Kəndimizə yayılan xəbərlər də Əsgərxan bulağından süzülə-süzülə durulub gəlirdi. Və bu da çox qəribə idi ki, Qara Quzeydən Əsgərxan bulağına qədər olan məsafə, Əsgərxan bulağından kəndə qədər olan məsafə ilə bərabər idi...

Əsgərxan bulağının gözündən bal axırdı. Bir dəfə günorta üstü kəhər atı suvarmağa gətirmişdim.

Bulaqda heç kəs yox idi, hamı işində-gücündə idi, kolxoz işinin qızğın vaxtı idi. Özüm də susamışdım. Bulağın gözünə yaxınlaşıb su içmək istəyəndə nə görsəm yaxşıdı. Saysız-hesabsız bal arıları qaynaşırdı... arılar su içirdilər... Bu əsl möcüzə idi. Sonra bu xəbər bütün kəndə yayılmışdı.

– Sarı öz gözləriynən görüb, bal arıları Əsgərxan bulağının gözündən su içirmiş.

“Əsbulin” agentliyinin yaydığı bu xəbər rəsmi dairələrə, yəni kolxoz idarə heyətinə də gedib çıxmışdı. İnanan da olmuşdu, inanmayan da. İnanmayanları qınamıram, neyləsinlər, axı bu, dünyanın heç bir yerində görünməmiş ilahi bir möcüzə idi. Mübahisəyə kolxoz sədri Qara Bəhrəm zəhmli bir nida işarəsi qoymuşdu:

– Mən o uşağı tanıyıram, təpəsinə naqan sıxsan da yalan danışmaz!

Və Qara Bəhrəmin bu yekun nitqindən sonra heç kəsdə şübhə qalmamışdı.

Daha doğrusu, inanan da, inanmayan da kolxozun sədri ilə həmrəy olduqlarını məmnuniyyətlə biruzə vermişdilər.

Sonra bu xəbər Əsgərxan bulağının “Dəyirmi masa”sında da “əməkdaşlar” tərəfindən müzakirə olunmuşdu və yekdilliklə qərar qəbul eləmişdilər:

– Qara Bəhrəm bir şey bilməsə deməz!

“Arılar su içir” xəbərindən kəndimizdə pəpə yeyəndən, məmə deyənə qədər hamı hali idi.

Bu, mənim ilk işim idi, deyəsən bənzərsiz, maraqlı, qeyri-adi idi. Bənzərsiz, maraqlı və qeyri-adi olduğuna görə də uğurlu idi. Özümün də xoşuma gəlmişdi: Arılar su içir...

Günün bütün mövzuları

XS
SM
MD
LG