Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:38

Seyran Səxavət yeni roman yazıb (Romandan parçanı oxu)


Mənbə: 525-ci qəzet

Seyran Səxavət

"QAÇHAQAÇ"

(Romandan parça)

Hörmətli oxucu!
Bu əsər “Daş evlər”, “Palıd toxumu”, “Nekroloq”, “Bəhanə” və “Yəhudi əlifbası”ndan sonra yazdığım altıncı romandır.

Özüm haqqında yazmışam; uşaqlıq illərimdən tutmuş bu günlərə qədər; mən yazmasaydım kim yazacaqdı ki...

Bir də məni, mənim özümdən yaxşı kim tanıya bilər axı?..

Romanla bütövlükdə “Azərbaycan” jurnalının yaxın nömrələrində tanış ola bilərsiniz.

Buyurun!

Müəllif

Hamı qaçhaqaçdadı. Bərk qaçhaqaçdı; Düz sözdən qaçırıq, vicdandan, qeyrətdən, namusdan, insafdan, övladdan, valideyndən, ölkədən, məbəddən, işdən... Allahdan... Yaman qaçhaqaçdı, Allah axırını xeyir eləsin...

lll

– Xeyir ola? Sənin bu Dünyada nə itin azıb, əəə?!

– Vallah özüm gəlməmişəm... Göndəriblər...

– Kim göndərib əəə səni?

– Bilmirəm...

– Əgər bilmirsənsə səni kim göndərib, bəs onda nə bilirsən ki, səni göndəriblər?

– Bilmirəm...

– Onda rədd ol burdan!

– Niyə rədd oluram, yerini dar eliyirəm bu boyda Dünyada?

– Küçük!!! Dəli inək balasını ayaqlayan kimi tapdalayaram səni!!! Bunun dilinə bax!

Mən dilimi çıxarıb ona göstərdim. O, mənə tərəf cumanda necə götürüldümsə...

Qaçmırdım ha, uçurdum, ayaqlarım yerə dəymirdi. Qaçsam da, uçsam da, bu Dünyadan hara qaçacaqdım ki? Heç hara! Və onun dediyinə əməl eliyə bilməyəcəkdim – lap özüm istəsəm də...

Bax, məni bu Dünyada belə qarşıladılar...

Necə yola salacaqlar, onu da Allah bilər... və yaxşı ki, mən bunu bilmirəm – bunu bilən kimi Şeytan olmasam da, Şeytanın güvəndiyi bir Adam olardım...
Bunlar hamısı öz yerində... Hə... Yadıma düşdü, deyirəm axı nə deyəcəkdim:

– Bir Heyvərənin hikkəsiynən mən niyə bu Dünyadan rədd olmalıyam ki, hə? Məni bu Dünyaya göndəriblər, özü də iş dalınca. Heç kəsi vecinə alma, get işinin dalınca.

– Yaxşı, mən getdim.

– Hara?

– İşimin dalınca...

– İşin çoxdu ki?

– Çooox...

– Nə bilirsən?

– Bilmirəm... hiss eliyirəm... Heç bilirsən üzünü görmədiyim, ünvanını bilmədiyim, səsini eşitmədiyim nə qədər adamla görüşməliyəm?.. Yolçu yolda gərək... İşim çox, vaxtım isə nə qədərdi bilmirəm. Yaxşı, mən qaçdım.

...Və o vaxtdan qaçhaqaçdayam.

lll

Bu gün oturduğum yerdə Qara Kağız aldım; bu, mənə aid idi, özü də müharibədən yox, məktəbimizin direktoru, dil-ədəbiyyat müəllimi Savalan müəllimdən gəlmişdi:

“Hörmətli şagird. Sənin Qazaxıstandakı xam torpaqlara həsr etdiyin hekayəni oxudum. Sənin bədii yaradıcılıqla məşğul olmaq istəyin yaxşı haldır.

Obrazlar sünidir, inandırıcı deyil. Hekayə bədii cəhətdən zəifdir. Məsləhət görərdim ki, qaça-qaça Qazaxıstana gedib xam torpaqlardan deyil, elə öz kəndimizdən yazasan. Axı, sən Qazaxıstanı görməmisən, ancaq kəndimizi tanıyırsan, qarış-qarış gəzmisən, hara gedirəm qabağıma çıxırsan.

Çox ağır yükün altına girmisən. 21 mart 1956-cı il, Yağlıvənd kənd orta məktəbinin direktoru Savalan müəllim”.

Bu kənddə yaradıcılıqla bağlı məsləhət almalı bir adam vardısa, o da Savalan müəllim idi; dediyim kimi, dil-ədəbiyyat müəllimi, məktəbin direktoru, üstəgəl atası Qara Bəhrəm da otuz il kolxoz sədri işləmişdi.

Bu fikrə möhkəm inanandan sonra məktəbimizdə nə qədər müəllim vardısa hamısına yazığım gəldi və hamısı bir anın içində gözümdən düşdü.

Və Savalan müəllimin təkcızıq şagird dəftərinin vərəqində mənə məktub yazması təəccüblü idi; elə o, bu sözləri çağırıb öz kabinetində mənim üzümə də deyə bilərdi də...

Savalan müəllimin məktubunu bir neçə dəfə oxusam da, bircə şeyi başa düşdüm ki, əsərim onun xoşuna gəlməyib; onun yazdığı cümlələr mənə çox qəliz göründü, ordakı sözlərin çoxunu başa düşməmişdim və başa düşmədiyimə görə xəyalən onunla üzbəüz dayandım:

– Savalan müəllim, bədii yaradıcılıq nədi?

Dinmədi.

– Savalan müəllim, obrazlar nədi?

– ...

– Savalan müəllim, “bədii cəhətdən zəifdir” nədi?

– Əəə, rədd ol burdan!

Mən rədd olmadım, dirəşdim. Bu iki kəlmə söz yadıma düşəndə ilk dəfə eşitdiyim o səsi axtarıram, “Rədd ol burdan!”. Bu gün o sözləri dilinə gətirənlər bir deyil, beş deyil, yüz deyil, min deyil – milyonlarladı və bu ümumbəşəri xorun içində o səsi necə eşidəsən, necə tapasan, çətin məsələdi, tapsan neyləyəcəksən?! Heç nə. Ancaq tapmaq istəyirsən.

O vaxt kəndimizdə “cır-cır” çəkmə geyən yeganə adam Savalan müəllim idi.

Onun çəkmələrinin cırıltısı (bu, araba cırıltısına qətiyyən bənzəmirdi, başqa bir aləm idi) uzaqlaşıb eşidilməz olanda, Savalan müəllimin əsərimlə bağlı yazdığı məktubunun axırıncı cümləsini bir də oxudum:

“Çox ağır yükün altına girmisən”. İnsafən bu cümləni başa düşdüm; yadıma Pərzadın boz eşşəyi düşdü. Bir dəfə Tellinin oğlu Xanalı Pərzadın boz eşşəyini yazağzı otunan nə təhər yükləmişdisə, yazıq heyvan Sarı yoxuşda yükün altında çöküb qalmışdı.

Məktubun axırıncı cümləsini başa düşsəm də, ordakı fikirlə heç cür razılaşa bilməzdim ki, hekayə yazmaq ağır yükün altına girmək deməkdi, burda nə ağır iş var, istəsəm oturub hər gün bir hekayə yazaram – ayda otuz hekayə.

Bir an ürəyimdən keçdi ki, xam torpaqdan yazdığım hekayəni Savalan müəllimin atasına göstərim, oxusun, necə olmasa da kişi kolxoz sədridi, yəqin ki, oğlundan çox bilər, ancaq qorxumdan bu fikrimdən vaz keçdim. Savalan müəllim eşidər, hirslənər, cin atına minər, məni məktəbdən iti qovan kimi qovar, deyər rədd ol burdan...

Savalan müəllimlə ədəbi əlaqələrimiz yaranan günlərdə mənim on yaşım vardı, özüm də dördüncü sinifdə, Sona müəllimin sinifində oxuyurdum. Məktəbə bir il tez getmişdim – altı yaşımda.

Bu boyda kənddə cıqqılı canımı qoymağa yer tapa bilmirdim. Evə gəldim. Gördüm Tükəzban nənəm dibək daşının böyründə, kilimin üstündə oturub yun darayır. Onun böyründə çöküb ayaqlarımı uzatdım, sonra da nənəmə söykəndim. Nənəm əl saxlayıb başıma sığal çəkdi:

– Hardan gəlirsən?

– Cəhənnəmdən...

– Bııyy... – Nənəm təəccübləndi, – söz soruşuram axı, sənnən, hardan gəlirsən?

– Dedim axı... cəhənnəmdən-gordan gəlirəm.

– Ordan bura piyada gəlmisən? – Nənəm qəribə bir fəxrlə soruşdu.

– Yox... Pərzadın eşşəyiynən...

– Deyirəm axı, bir əlcə uşaq cəhənnəmdən bura piyada gəlib çıxa bilməz... Yaxşı ki, yolda qurd-quşa tuş gəlməmisən.

– Qurd-quş maa nağayra bilərdi ki...

– Kişidi ee, kişi... kişi qırığı – nənəm bu dəfə doğrudan-doğruya məni fəxrlə başdan-ayağa süzdü.

Elə söhbət eləyirdik ki, elə bil mən doğrudan da çox uzaq bir yoldan – cəhənnəmdən gəlmişdim, qurd-quşa tuş gəlməmişdim, özümü də Allah saxlamışdı.

– Kişi qırığı – nənəm dilləndi.

– Hıı... – O vaxt bəli-zad, belə şeylər nə gəzirdi...

– Get Savalan müəllimgilə...

– Elə indi ordan gəlirəm dana...

– Bir hövsələni bas də... Get Savalan müəllimgilə, deynən nənəm deyir ki, ciyərim yanır, yarım vedrə quyu suyu versinlər, götür gəl.

– Yarım vedrə niyə? – Gözlərimi döyə-döyə nənəmdən cavab gözləyirdim.

– Yaxşı, neynək, – nənəm cavab verdi, – dolu vedrə gətirə bilərsənsə dolu gətir. Özü də qaçaraq get, qaçaraq da qayıt.

– Qaçaraq gedərəm, – dedim, – ancaq qaçaraq qayıda bilmərəm.

– Niyə? – nənəm hikkələndi.

– Qaça-qaça gəlsəm vedrənin suyu tökülər, dibində qalar...

– Yaxşı, tay zəhləmi tökmə, tez ol.

– Nənə, zəhlə nədi? Nənəm zəhmlə mənə baxdı, üzünə güc-bəla ilə sezilən zəif, solğun bir təbəssüm qonsa da, özünü o yerə qoymadı, deyəsən, onu gülmək də tutmuşdu və bütün bunlara baxmayaraq, nənəm ilişmişdi, dəqiq ilişmişdi. Mən də bunu əminliklə hiss elədiyimə görə sırtıqlığıma saldım:

– Nənə, zəhlə nədi? – Təkrar soruşdum.

– Əəə, tay zəhləmi tökmə, rədd ol burdan.

Nənəm biruzə verib özünü sındırmasa da, özünəməxsus şəkildə təslim olan kimi, mən vedrəni də götürüb Savalan müəllimgilə tərəf rədd oldum, qaça-qaça...
Qara Bəhrəmin qırx ərşin quyusunun bir vedrə suyunu, hıqqıldaya-hıqqıldaya nənəmin böyründə yerə qoyan kimi o dedi:

– Parçı doldu ver maa.

Nənəm parçı bir nəfəsə başına çəkib qurtarandan sonra təzədən parçı qaytarıb vedrənin içinə qoydu. Parç suyun içində yellənə-yellənə vedrənin qıraqlarına toxunub danqıldadıqca parçın içinə su dolurdu və parç dolan kimi vedrənin dibinə gedib görünməz oldu. Yalnız bundan sonra nənəm gözünü vedrədən çəkib mənə dedi:

– Nəhlət yezidə... İmam Hüseynin payı olsun!

Yalnız bundan sonra məndən soruşdu:

– Su içirsən?

– Yox.

– Acsan? – Nənəm mənim verəcəyim cavaba bəri başdan inanmadığını nümayiş elətdirirmiş kimi üzümə baxdı ki, sualının dəqiq cavabını ordan oxusun, mən də bunu hiss edib acıqca üzümü qobuya tərəf çevirdim və nənəmin sualı cavabsız qaldı.

– Nənə.

– Nə var?

– Nənə vedrədə İmam Hüseynin də payı var?

– Var... vedrədə də var, Qara Bəhrəmin quyusunda da var, Əsgərxan bulağında da.

Nənəm belindəki gümüş toqqasına taxdığı tütün torbasını çıxartdı, içindən qabaqca kəsib-doğradığı kağızdan birini götürdü, arasına tütün töküb eşmə eşməyə başladı.

– Nənə, yeziddən niyə zəndeyi-zəhlən gedir?

– Yezid qurumsaqdı, qurumsaq.

– Nənə qurumsaq nədi?

– Arvadının başını tutan... – Qəzəblə dediyi bu sözlərdən dərhal sonra nənəm bərk narahat oldu və mən deyəndən sonra ki, “nənə, mən də kola keçimizin başını tuturam ki, bacım onu sağsın”, nənəm bərk inandı ki, mən baş tutmağın nə olduğunu bilirəm – yalnız bundan sonra onun səbbi alındı.

Nənəm əlindəki hazır eşməyə baxanda üzü işıqlandı, sonra üzünün işığını mənim üzümə salıb dedi:

– Apar bunu tax çubuğa.

Nənəm çubuq çəkirdi. Onun tubulqudan düzəldilmiş çubuğunun uzunluğu yarım metrdən dörd barmaq uzun olardı.

Eşməni çubuğun başına taxıb geri qayıtdım. Nənəm gümüş toqqasının altından kibrit çıxarıb mənə verdi:

– Get eşməni yandır.

Nənəmin çubuğuna dədəm İsmayıl oğlu Bəylər ayda bir-iki dəfə erkək quyruğu çəkirdi, çubuq da qıpqırmızı qızarıb par-par parıldayırdı, elə qəşəngləşirdi ki, adam çubuğu əlindən yerə qoymaq istəmirdi.

Nənəm hər dəfə çubuğu çəkəndə üzünün ifadəsi dəyişirdi, ağız-burnundan tüstünü çıxardandan sonra isə üzünün ifadəsi əvvəlki şəklinə düşürdü.
– Nənə.

– Nə var?

– Nənə, bayaq eşməni çubuğun başına taxmağa gedəndə niyə ibişqanı da vermədin ki, elə birdibli yandıraydım, gəlib oturaydım böyründə.
Nənəm dinmədi. Burda dinməməkdən çox nənəmin mənim dediklərimi, lap elə mənim özümü də vecinə almamaq, saya salmamaq hikkəsi vardı.

– Nənə.

– Nə var?

– Çubuğun da çox uzundu ee, bunu bir az cıqqılı eləmək olmaz ki... Gedib eşməni taxıb geri qayıdanacan naxır örüşdən gəlir.

Nənəm yenə dinmədi, bu dəfə heç tükü də tərpənmədi.

– Nənə.

– Nə var?

– Nənə, bizim kənddə Yezid vaar?

– Meşə çaqqalsız olmaz – nənəm dilləndi.

– Çaqqal demirəm ee, Yezid deyirəm.

– Var.

– Kimdi, nənə?

Nənəm ətrafa baxıb ağzını qulağıma tərəf əydi, mən də qulağımı nənəmin ağzına tərəf; ancaq yarı yolda nənəm fikrini dəyişdi, dikəlib oturdu.

– Nənə, bizim Yezidin adı nədi?

– Bilməsən yaxşıdı.

– Niyə, ay nənə?

– Ağzı yırtıq şeysən...

– Ağzı yırtıq nədi, ay nənə? – Sağ əlimi ovurdlarıma sürtdüm, elə bildim ki, yırtıq var.

– Gedib orda-burda danışarsan, bircə bu qalmışdı ki, bu yaşımda sürüb üstümə gələlər...

– Nənə, sən imam Hüseyn, bizim Yezidin adı nədi?

– Əə, dur rədd ol burdan... zəhləmi tökmə!

Mən dik qalxsam da, rədd olmadım, nənəm özü getdi, İsmayıl oğlu Bəylərin öz əli ilə hördüyü daş pillələrlə ikinci mərtəbəyə qalxmağa başladı, gedib pillələrin başındakı balaca meydançada dayanıb geri çevrildi, yenə ətrafına boylandı, ehtiyatla dedi:

– İstəyirsən İsmayıl oğlu Bəylər məni doğrasın?!

– Sən odunsan ki, dədəm səni doğrasın, hıy?!

Nənəm üzümə baxa-baxa sağ əlini yellədib ikinci mərtəbənin giriş qapısını cırıldatdı, kiçik meydançada görünməz oldu. Mən yerimdə mıxlanıb qalmışdım. İkinci mərtəbədəki giriş qapısının cırıltısı uzun müddət qulağımdan getmədi və mənə elə gəldi ki, nənəm bir də ikinci mərtəbədən aşağı düşməyəcək, elə orda qalacaq.

– Ay Tükəzban xala, ay Tükəzban xala, ay Tükəzban xala!

Qonşumuz Qızxanım arvad idi, əlindəki topa açarı fırlada-fırlada, dil qəfəsə qoymadan çağırırdı. Eşitmişdim ki, Qızxanım kolxozun partkomudu, elə oxşayırdı da, havalar soyuq olan kimi kişi xeylaqları kimi əyninə sırıqlı geyinirdi, topa açar da əlində.

– Ay Tükəzban xala, ay Tükəzban xala, ay...

Mən tələm-tələsik daş pillələrlə ikinci mərtəbəyə qalxdım, giriş qapısı cırıldayıb qurtaran kimi başımı içəri salanda gördüm nənəm deyir ki:

– Allahu Əkbər, Allahu Əkbər.

Özü də əyilib qalxırdı, o da İsmayıloğlu Bəylər kimi namaz qılırdı, yəqin dədəm tapşırmışdı.

Mən pillələrlə tələsik aşağı düşüb kolxozun partkomuna dedim:

– Nənəm evdə yoxdu, nə çığırırsan?!

– A bala, sənin anan müəllimdi ee, gərək sən hamıya nümunə olasan.

– Anam da evdə yoxdu.

– Rədd ol əə, burdan – Qızxanım əlindəki açarı bir dəfə fırlatdı.

– Özün rəd dol.

– Yaxşı, sənin o dilini mən kəsdirərəm – deyib açarı fırlada-fırlada getdi.

Qızxanımın mənim dilimi kəsdirmək istəyini tam anladım.

O, mənim hidrəcavab olmağımı atama çatdıracaq, birinin də üstünə beşini qoyacaq, atam da gəlib düşəcək mənim canıma, sonra da anam işə qarışıb ağlamsına-ağlamsına məni atamın əlindən alacaqdı. Qızxanımın məni satmağının nəticələri təxminən bunlardan ibarət idi. Durduğum yerdə özümü işə salmışdım və dilimin də bəlasını çəkməli idim.

Təklik mənə necə güc gəlmişdisə, elə bil bu boyda kənddə məndən, nənəmnən və partkom Qızxanımdan başqa bir kimsə yox idi. Qızxanım da çıxıb getmişdi, nənəm isə hələ də ikinci mərtəbədə:

– Allahu Əkbər, Allahu Əkbər, – deyirdi.

Nənəmin çubuğunu yerdən götürüb xeyli sığalladım, eşmənin kötüyü çubuğun ucunda qalmışdı, onu da çıxardıb küllüyə tərəf atandan sonra cibimdəki buynuz bıçaqla nənəmin çubuğunu tən ortadan kəsdim, yarısını yun darağının böyrünə qoydum, yarısını da götürüb on-on beş metr aralıdakı evimizə getdim. Kəllayi otaqdakı çarpayının üstünə uzandım.

Əllərimi başımın arxasında daraqlayıb gözlərimi tavana zillədim. Elə yatmaq istəyirdim ki... Bir göz qırpımında yuxulasaydım nə yaxşı olardı. Elə bil işıqlı dünyadan bezmişdim. Bu gün çox ağır keçmişdi. Ağır keçmişdi deyəndə ki, hələ keçib getməmişdi. Qulaqlarıma Qızxanımın səsi gəldi:

– Əsgər, özün hesabdar, arvadın da müəllim, niyə uşağınıza tərbiyə vermirsiniz?

– Noolub, ay Qızxanım?

– Noolacax, abırdan saldı məni, dişinin dibindən çıxanı dedi.

– Nə dedi axı...

– Söyüş söydü... axırda da dedi ki, qancıq...

– Mən onun dilini kəsərəm!

Bədənim buza döndü. Mən qağamla (biz atamıza qağa deyirdik) Qızxanımın arasında olmayan söhbəti olmuş kimi qəbul eləyirdim.

– Dilini saxlayaydın də.

Özümü danladım, ancaq bu, gecikmiş tənbeh mənə rahatlıq gətirmədi, əksinə nikaranlığımı bir az da artırdı.

“Kaş Qızxanım qağamı tapıb mənnən ona deyəydi, o da tez-tələsik gəlib mənim dilimi kəsəydi, canım qurtaraydı... Yaxşı, dilini saxlaya bilmirsən, bunu başa düşdük. Bəs nənənin çubuğunu niyə tən ortadan kəsdin?

Onsuz da biləcəklər ki, sən eləmisən... nə cavab verəzsən.. Vallah qağan boğazını quş boğazı kimi üzəcək... Beynimdə aləm qarışmışdı. Belə vəziyyətdə adamın gözünə yuxu gedər heç? İndi dərin yuxuya getmək ən yaxşı çıxış yolu idi”.

Eşələnə-eşələnə, ağnıya-ağnıya, mürgü döyə-döyə yuxuladım ki, Qızxanımı görəm, bilsəydim heç yatmazdım.

Qızxanım əlindəki topa açarı fırlada-fırlada gəlib düz qabağımda dayandı:

– Qudurmusan, bala?

– Ağzına yiyəlik elə... mən itəm quduram?

– Yoox, sən əməlli-başlı qudurmusan, hamını it kimi tutursan, bayaq məni də tutdun.

– Səni də tutdum?

– Hə... məni də tutdun.

– Səni də tutmuşamsa, onda sən də qudurazsan?

– Lavarsax-lavarsax danışma, tərbiyəsiz. Səni pionerdən qovdurmasam, partiyanın çörəyi maa haram olsun.

– Mən pionerə dünən keçmişəm, nə tez...

– Dünən keçmisən, bu gün də çıxardallar.

– Çıxartsınlar də, dədəm-babam pioner olub, hıy?

– Səni məktəbdən də qovduracam.

– Cəhənnəmə-gora qovsunlar.

– Əsgərə deyəcəm səni evdən də qovsun.

– Cəhənnəmə-gora...

– Sən tərbiyəsizsən.

– Sən də qancıqsan.

– Sən partiyaya qancıq deyirsən?!

ARDINI BURDA OXU

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG