Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Ombudsmanın hesabatından razılar nə deyir, narazılar nə?


İlqar Məmmədov və Aynur Camalqızı

İlqar Məmmədov və Aynur Camalqızı

«Panorama» verilişində Respublikaçı Alternativ (REAL) Vətəndaş Birliyinin həmtəsisçisi İlqar Məmmədov və millət vəkili Aynur Camalqızı ombudsman Elmira Süleymanovun 2009-cu il üzrə illik məruzəsini dəyərləndirirlər.

İlqar Məmmədov:

«Azərbaycanda demokratiyanın imitasiyası oyunu oynanılır. Bu təsisata da həmin oyunun tərkibi kimi baxmaq lazımdır. Əslində, biz o hesabatda detalların üzərində dayansaq, qeyd etsək ki, orada nə çatışır, nə çatışmır, ictimaiyyəti aldatmış olarıq. Azərbaycanda demokratik, azad təfəkkürə əsaslanan proseslər getmir. Nə Ombudsman Aparatı müstəqildir, nə də onun hesabatını müzakirə edən parlament. SSRİ dağıldıqdan sonra bütün mürtəce rejimlər vəziyyətdən çıxış yollarını belə tapdılar. Qərbdə mövcud olan demokratik təsisatları görüntü xatirinə qəbul etdilər, ancaq mahiyyətcə repressiv sistemi yaşatdılar. İndi Ombudsman Aparatının heç bir səlahiyyəti yoxdur. Söhbət Elmira Süleymanovanın şəxsiyyətindən getmir. O, istəsə belə dəyişikliyə nail ola bilməyəcək. Çünki Azərbaycanda kriminallaşmış bir rejim hökm sürür. Tutaq ki, sabah Azərbaycanda bir oliqarx kiminsə hüququnu tapdadı. Kimdir onda Ombudsmana qulaq asan?».

Aynur Camalqızı:

«Mən təəssüf edirəm ki, çox hörmət elədiyim İlqar Məmmədov məsələləri belə yanlış tərzdə dəyərləndirir. Nədənsə Azərbaycanda bəzi insanlar Ombudsman Aparatına müxalifət partiyası kimi baxırlar. Elə bil bu aparat müxalifətin funksiyasını yerinə yetirməlidir. Azərbaycanda ombudsman təsisatı cəmi 7 ildir yaradılıb. Bu qurum indi-indi ölkədaxili proseslərdə aktiv rol oynamağa başlayır. Heç kim Azərbaycanda problemlərin olduğunu inkar etmir. Ancaq Azərbaycandan da bir neçə 100 ildir müstəqillik əldə edən Qərb ölkələri qədər gözləntilər olmamalıdır. Mən düşünürəm ki, ombudsman Azərbaycan reallıqlarında nə mümkündürsə, onu edir. Ombudsman özü də müəyyən kriteriyalar çərçivəsində fəaliyyət göstərir. O nə məhkəmədir, nə də istintaq orqanı. Lap ən qatı müxalifətçi də o yerə gətirilsəydi, Elmira Süleymanovadan artıq iş görməyəcəkdi…».

Şərhləri göstər

XS
SM
MD
LG