Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

«Ombudsmanın artıq deputatların dəstəyinə ehtiyacı yoxdur»


İlyas İsmayılov
«Hesab edirəm ki, məhz Elmira xanım, bir ombudsman, insan haqlarının müdafiəçisi kimi Diffamasiya Haqqında Qanunun əleyhinə çıxmalıdır. Ona görə ki, insan haqları haqqında qanunun əsasını, fəlsəfəsini insanın ləyaqəti təşkil edir. Diffamasiya Haqqında Qanunu qəbul etmək isə insanın ləyaqətini müdafiəsiz qoyur. Hər gün insan itkilərinə səbəb olan ağır nəqliyyat hadisələri baş verir. Amma bu o demək deyil ki, biz maşınları ləğv etməliyik. Biz çalışmalıyıq ki, böhtan və təhqir insan münasibətlərindən çıxarılsın, daha Cinayət Məcəlləsindən maddə çıxarılmasın».

Bu deputat İlyas İsmayılovun aprelin 2-də Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanovanın parlamentə məruzə etdiyi illik hesabatına münasibəti idi. Cənab İsmayılov Ombudsmanın 2009-cu il üçün hesabatında Diffamasiya Haqqında Qanunun qəbul olunmasının tövsiyə edilməsini düzgün yanaşma saymır.

Sənəddə deyilir ki, «Şərəf, ləyaqət və işgüzar mühitin qorunması, o cümlədən fikir və söz azadlığına hörmət, eləcə də sağlam və əsaslı tənqidə münasibət şəraitinin yaradılması demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindən sayılır». Bu məsələlər olkə konstitusiyasında ümumi şəkildə öz əksini tapıb. Bununla belə müvəkkil hesab edir ki, həmin məsələlərin müvafiq qanunlarla daha dəqiq tənzimlənməsinə ehtiyac var. Bu baxımdan müvəkkil Media Hüquqları İnstitutu tərəfindən hazırlanmış «Diffamasiya Haqqında Qanun layihəsini müsbət dəyərləndirmiş, həmin layihə üzrə bir sıra təkliflər vermişdir».

DİFFAMASİYA QANUNU XAOS YARA BİLƏR?

Məhz İlyas İsmayılovun çıxışı ilə start götürən bu məqam hesabatın müzakirəsinin əsas predmetinə çevrildi. Vitse spiker Ziyafət Əsgərov:

«Çox ciddi yanaşmaq lazımdır buna. Bu, çox ciddi məsələdir. Belə bir qanunu qəbul edib cəmiyyətdə xaos yaratmaq tamamilə yersiz olan bir məsələdir».

Əvvəlki illərdən fərqli olaraq, bu dəfəki müzakirələrdə bir növ iqtidar və iqtidaryönlü partiyaların təmsilçiləri sənədə müxalif mövqe nümayiş etdirdilər.

Özü də təkcə diffamasiya məsələsinə görə yox. Çünki hesabatda narazılığa səbəb olan başqa məqamlar da var idi. Bəzi deputatlar həbsxanadakı jurnalistlərə baş çəkilməsi barədə konkret məsələlərin sənəddə yer almasının səbəbini anlamadıqlarını bildirdilər. İqtidaryönlu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı:

Fəzail Ağamalı
«Elmira xanım bu qanunu Azərbaycana sırımaq istəyən dövlətlərin və ya təşkilatların xoşuna gəlmək üçünmü bunu edir? Hardadır məntiq? Nədən bu edilir? Və nədən insanların şərəf və ləyaqətini təhqir edən Nazim Quliyevin, eyni şəkildə Eynulla Fətullayevin burada adı çəkilir? Mənim sualıma cavab versin».

«MÜXTƏLİFLİYƏ HÖRMƏT ETMƏK LAZIMDIR»


Elmira Süleymanova əlbəttə ki, bütün bu suallara cavab verdi. Amma iclasda yox, sənəd qəbul olunundan sonra, foyedə.

«Ombudsmanın fəaliyyəti bütövlükdə yalnız obyektivliyə, faktlara, müraciətlərə və baş verən hadisələrə bağlıdır. O ki, qaldı fikir mübadiləsinə, bu olmalıdır. Ən azı bu müxtəlifliyə hörmət etmək lazımdır».

Millət vəkilləri Ombudsmanın hesabatını fasiləyədək müzakirə də etdilər, səsə də qoydular. Sənəd 98 nəfər lehinə olmaqla qəbul edildi. Yəni irad bildirənlər də sonda ona «hə» dedilər. Cəmi 5 nəfər əleyhinə çıxdı. O da Müsavat deputat qrupundan Pənah Hüseynin dediyinə görə, Müsavat deputat qrupunun üzvləri olub. Onlar sənədi icra hakimiyyətinin insan hüquq və azadlıqları barədə hesabatının əlavəsi kimi dəyərləndirirlər. Pənah Hüseyn deyir ki, hesabatda xeyli problem əksini tapmayıb. Bunlardan biri də məhz mülkiyyət hüququnun pozulması məsələsidir. Çünki indi ölkədə bu sahədə vəziyyət çox acınacaqlıdır. Vəzifəli şəxslər vətəndaşların evlərini zorla əllərindən alır, sökdürür və sairə.

Deputat Cəmil Həsənli isə hesabatı tənqid edənlərlə razılaşmır.

«Hüquqları pozulmuş vətəndaşların müraciətlərinə münasibət bildirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Ombudsman xeyli iş görüb. Jurnalistlərlə bağlı ölkəmizdə problemlər var».

Rəşid Hacılı
Təxminən 1 ay əvvəl yenidən etimad göstərib ikinci müddətə ombudsman seçdikləri Elmira Süleymanovanın hesabatına millət vəkillərinin belə reaksiyası nə ilə bağlıdır?

Media Hüquqları İnstitunun rəhbəri Rəşid Hacılı hesab edir ki, artıq Elmira Süleymanovanın millət vəkillərinin dəstəyinə ehtiyacı yoxdur. Çünki artıq o bu posta ikinci dəfə təyin edilib. Bu baxımdan yəqin ki, bu cür hesabat təqdim etməkdə də sıxıntısı yoxdur.

«Bu həm də ona işarədir ki, yəqin Elmira Süleymanova həqiqətən də özünü bir qədər sərbəst hiss edib və sənədi hazırlayarkən, təqdim edərkən ona xüsusi basqılar olmayıb. Amma buna baxmayaraq həmin hakim partiyanın indiyədək bu məsələ ilə bağlı mövqe sərgiləmiş deputatları yəqin ki, öz mövqelərində qaldıqlarını göstərməyə çalışırlar».

Rəşid Hacılıya görə, insan haqları üzrə müvəkkilin bu hesabatı həm də daim diffamasiya haqqında qanun əleyhinə çıxan, sözügedən jurnalistlərin cinayətkar olduqlarını bildirən deputatların iddialarını inkar edir. Bu isə əlbəttə ki, etirazla qarşılanmalıdır.
XS
SM
MD
LG