Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

Metro terrorundan sonra qafqazlılara münasibət pisləşib


Moskvadan Mahaçkalaya gedən avtobus. 31 mart 2010

Moskvadan Mahaçkalaya gedən avtobus. 31 mart 2010

Moskvada Qafqazdan və Orta Asiyadan gəlmiş miqrantlara münasibət onsuz da ürəkaçan deyildi, martın 29-da Moskva metrosunda törədilən və çeçenlər tərəfindən həyata keçirildiyi deyilən terror aktlarından sonra isə gəlmələrə münasibət daha da pisləşib.

Dağıstandan olan Uzlipat Gebekova Moskvada müvəqqəti yaşayır, zərgərlik peşəsinə yiyələnir. O, Azadlıq Radiosunun Şimali Qafqaz redaksiyasına deyir ki, həmin hadisədən sonra camaat içinə çıxanda geyiminə xüsusi fikir verir - özünün - uzun qara paltar geyinərək onun altında partlayıcı maddə gizlətmiş iki terrorçu qadına oxşamamasına çalışır.

“Çox təhlükəli vəziyyət yaranıb. Baş örtüyü taxmaq bizim üçün çox risqlidir. Hətta uzun paltar geymək də risqli ola bilər. Ən yaxşısı şalvar geyməkdir. Ümumiyyətlə bu saat bura – Moskvaya gəlmək – istər iş üçün olsun, istər təhsil, istərsə də müalicə üçün – təhlükəlidir”.

MİLİSƏ MÜRACİƏT ETMƏYİN FAYDASI VARMI?

Qafqazlı miqrantlar üçün Moskvada yaşamaq və işləmək həmişə çətin olub – daim ayrı-seçkilik, hücumlar və alçaldıcı sənəd yoxlanışı ilə üzləşiblər. Amma Rusiyada qafqazlılar tərəfindən törədilən terror aktlarından sonra qeyri-slavyan miqrantlara münasibət daha da pisləşir.

Doku Umarov
Moskvada yerləşən və milli ayrı-seçkilik zəminində hadisələrin monitorinqini aparan “Sova” analitik mərkəzi deyir ki, martın 29-dakı terror aktlarından sonra 3 insidentdə ümumilikdə etnik azlıqları təmsil edən 5 nəfərə qarşı hücum qeydə alınıb.

Hücuma məruz qalanlar arasında 3 qadın da var. Onlatın biri 17 yaşlı erməni qız, ikisi isə baş örtüyü taxmış müsəlman qadınlar olub.

“Sova” mərkəzinin direktor müavini Kojevnikova deyir ki, hücumların real sayının bundan çox olduğunu güman edir, çünki hücuma məruz qalanlar çox vaxt bu barədə milisə məlumat vermirlər, milisin belə insidentləri həvəssiz araşdırdığına inanırlar.

“Biz bilirik ki, qeyri-slavyan görkəmli bir çox insan terror aktlarından sonra cəmiyyət içinə çıxmaqdan yayınır, onlar hücumlardan qorxurlar”.

“İNSANLARIN ÜZÜNDƏN STRESS, QORXU VƏ KƏDƏR YAĞIR”

Metrodakı terror aktlarına görə məsuliyyəti çeçen lideri Doku Umarov öz üzərinə götürüb, bu barədə İnternetdə bəyanat yerləşdirərək bildirib ki, belə hücumlar davam edəcək.

Bəzi siyasətçilər isə qafqazlılara qarşı nifrəti daha da qızışdırırlar. Məsələn, Dövlət Dumasının deputatı Aleksandr Qurov deyib ki, “hökumət əlcəklərini çıxarmalı və terrorçiluqla məşğul olanlara qarşı sərt tədbirlər görməlidir. Tolerantlıq, dözümlülük kimi sözlərlə nə qədər oynamaq olar?”

Çeçendilli “Doş” qəzetinin redaktoru Abdulla Dudiyev isə deyir ki, belə çıxışlar cəmiyyətdəki əhval-ruhiyyəni göstərir.

“Bizə münasibət pisləşib. Metroda 2 müsəlman qadın döyülərkən vaqondakı adamlardan heç biri həmin qadınları - hücum edənlərin əlindən almağa cəhd etməyib. İnsanların üzündən stress, qorxu və kədər yağır, onlar gəlmələrə qarşı aqressiyalarını gizlədə bilmirlər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG