Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:36

Ermənistan hökuməti məxfi göstərişinə haqq qazandırır


Seçkidən sonra müxalifətin etiraz aksiyası, 22 fevral 2008

Seçkidən sonra müxalifətin etiraz aksiyası, 22 fevral 2008

Ermənistan hökuməti özünün məxfi göstərişini qanuni hesab edir. Bunu hökumət bu həftə yazdığı rəsmi məktubda bildirir.

Söhbət 2008-ci ildə müxalifət nümayişlərini dağıtmaq üçün ordudan istifadə olunmasından gedir.

Yazılı əmri 2008-ci il fevralın 23-də o vaxtkı müdafiə naziri Mikael Harutyunyan imzalayıb.

Bunun üstü isə keçən il açıldı. Müxalifət qəzeti «Haykakan jamanak» həmin əmri tapıb, dərc etdi.

Məlum oldu ki, iki il əvvəl prezidentlikdən gedən Robert Koçaryan təhlükəsizlik rəhbərlərinə tapşırıb ki, Levon Ter-Petrosyanın qeyri-qanuni yollarla hakimiyyətə gəlməsinin qabağını alsınlar.

Koçaryan bu tapşırığı verəndə 19 fevral seçkilərindən cəmi bir neçə gün keçirdi, müxalifət isə fasiləsiz mitinqlərə başlamışdı.

Hələlik məlum olan yeganə yazılı əmri müdafiə naziri verib. Bundan sonra zabitlərdən ibarət xüsusi qruplar yaradılıb və onlara silah verilib.

Bundan başqa müdafiə naziri Yerevan qarnizonunun o vaxtki rəisi general Yuri Xaçaturova tapşırıb ki, xüsusi idarə strukturu yaratsın. Həmin quruma paytaxtda və ətrafında yerləşən bütün hərbi hissələr üzərində qeyri-məhdud nəzarət verilib.

Bütün bunlar bir il sonra üzə çıxanda Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan hökumətin hərəkətlərini qeyri-qanuni adlandırdı.

HÖKUMƏTİN İZAHI


«2008-ci il martın 1-də müxalifət nümayişlərinə qarşı ordudan istifadə olunması faktdır»
Keçən ay müxalifət hökumət başçısı Tiqran Sarkisyana məktub yazdı ki, hökumət Harutyunyanın hərəkətini pisləsin və konstitusiyaya zidd olduğunu etiraf etsin.

Müxalifətin müraciətini hazırlayan vəkil Vahe Hovsepyan deyir ki, bu həftə hökumətin cavab məktubu gəlib.

Hökumətin məktubunda deyilir ki, o vaxtki əmr «silahlı qüvvələrdən istifadə»ni tələb etmirdi. Bu istifadənin «miqdarı» da göstərilmirdi.
Ona görə qanunsuz deyil.

«ORDUDAN İSTİFADƏ FAKTDIR»

Vəkil Hovsepyan AzadlıqRadiosuna deyir ki, hökumətin izahı tamamilə əsassızdır:

«2008-ci il martın 1-də müxalifət nümayişlərinə qarşı ordudan istifadə olunması faktdır».

Müdafiə nazirliyinin sözçüsü Seyran Şahsuvaryan isə AzadlıqRadiosuna bildirib ki, müxalifət nümayişləri zamanı ordu yalnız strateji obyektləri qoruyurdu.

Ancaq üzdə belə deyən hökumət ölçü də götürür. Məxfi əmri müxalifət qəzetinə ötürməkdə şübhəli bilinən Armen Sarkisyan dekabrda həbs olunub. Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli rəsmisi tezliklə məhkəmə qarşısına çıxarılacaq. O, dövlət sirrini açmaqda ittiham olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG