Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Şirvanın 1 apreli


İlham Əliyevin Şirvan sakinləri ilə görüşü, 1 aprel 2010
İlham Əliyevin Şirvan sakinləri ilə görüşü, 1 aprel 2010
Aprelin 1-də Azərbaycan prezidenti İlham Əliyev Şirvan şəhərində bir günlük səfərdə olub. Rəsmi dövlət agentliyi olan «AzərTAc»ın yazdığına görə, prezident atası, mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzinin, Müdafiə Sənayesi Nazirliyinin «Araz» zavodunun açılışında iştirak edib. Prezident həmçinin Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminə qatılıb, bir neçə müəssisədə tikinti işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə də görüşüb və «AzərTAc» xəbər verir ki, şəhər sakinləri Şirvanın inkişafına göstərdiyi diqqət və qayğıya görə İlham Əliyevə təşəkkür ediblər.

AMMA...

Prezidentin səfərindən narazı qalan şirvanlılar da olub. AzadlıqRadiosuna müraciət edən Şirvan şəhər sakini Bayraməli Qurbanov deyir ki, aprelin 1-də şəhərdə az qala elan olunmamış fövqəladə vəziyyət yaranıb.

«Dünən (aprelin 1-i) Şirvan şəhərində elan olunmamış fövqəladə vəziyyət idi. Nə mağazalar işləyirdi, nə evinə gedəni evinə buraxırdılar. Polis deyirdi ordan olmaz, burdan olmaz. Bütün şəhəri iflic vəziyyətinə salmışdılar».

HEYDƏR ƏLİYEV GƏLƏNDƏ QAYDALAR YUMŞAQ OLURDU


Şirvan şəhər sakini Bayraməli Qurbanov deyir ki, aprelin 1-də prezident İlham Əliyevin Şirvana səfəri zamanı «fövqəladə vəziyyət» səhər tezdən axşama qədər, prezident Bakıya qayıdanadək davam edib. Şirvan sakini deyir ki, prezident İlham Əliyevin ötən səfərində də xeyli problemlərlə üzləşiblər, amma budəfəki kimi mağazalar və digər iaşə obyektləri məcburi qaydada bağlanmamışdı:

«Heydər Əliyev gələndə qaydalar bir az yumşaq olurdu. Onda yolları bağlayırdılar, təmizləyərdilər. Bir də o gedəcəyi yerə heç kimi buraxmazdılar. Amma bu dəfə şəhərdə hərəkət tam dayanmışdı, bir mağaza belə işləmirdi ki, gedib çörək alasan».

«ŞİRVANDA NƏ MAĞAZALAR BAĞLANIB, NƏ DƏ KİMSƏ İNCİDİLİB»

Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Elman Abbasov prezidentin səfəri zamanı insanları incidən hər hansı bir hadisə olmadığını deyir.

Leyla Yunus deyir ki, prezidentin regionlara səfərləri zamanı insan hüquqları tez-tez pozulur
Elman Abbasova görə, şəhərin bəzi yerlərində təhlükəsizlik tədbirlərilə bağlı müəyyən məhdudiyyətlər olsa da, mağazaların kütləvi bağlanması, insanların hərəkətinin məhdudlaşdırılması ilə bağlı hər hansı tədbir olmayıb.

«Təhlükəsizliklə bağlı tədbirlər bir yana, amma başqa heç kimə nə təzyiq olub, nə təsir. Deyirlər? Nə olsun deyirlər? O, adam kimdir? Adın, ünvanın desin, çağıraq deyək ki, ona kim təzyiq edib, nə olub?»

İCRA BAŞÇILARINI NƏ NARAHAT EDİR?

Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, icra hakimiyyətləri nə qədər təkzib eləsələr də, prezidentin regionlara səfərləri zamanı insan hüquqları tez-tez pozulur. Onun sözlərinə görə, indiyə qədər prezidentlə görüşmək, yerlərdəki çatışmazlıqlarla bağlı ona məktub vermək istəyənlərin prezidentin səfəri başa çatana qədər polis bölməsində saxlanması halları az olmayıb. Hüquq müdafiəçisi bildirir ki, əgər icra hakimiyyətləri əvvəllər bir neçə fəal adamı prezidentə yaxın buraxmırdılarsa, indi mağazaları və digər obyektləri bağlamaqla bu üsulu bütöv bir şəhərə tətbiq edirlər. Bu, hardansa verilən göstəriş və ya təhlükəsizlik tədbirlərilə yox, daha çox icra hakimiyyətlərinin narahatlığından doğan bir məsələdir. Hüquq müdafiəçisi bildirir ki, icra hakimiyyətləri narahatdır ki, kimsə nəzarətdən çıxıb prezidentə mövcud problemlərdən danışa bilər. Türkmənistanda belə bir vəziyyətin çoxdan mövcud olduğunu deyən Leyla Yunus Şirvanda baş verənləri Azərbaycan üçün yeni hadisə sayır.

«İcra başçıları özləri qorxu içərisində yaşayırlar. İnsanları fövqəladə vəziyyətdə saxlamaqla çalışırlar özləri üçün asan bir vəziyyət yaratsınlar. İnsanlar qorxu içərisində olsun və onlara heç kim problem yaratmasın. Onlar insanların hərəkətindən, fəallığından qorxurlar».

PREZİDENTİN SƏFƏRİ XOŞ OVQAT YARATMALIDIR

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, prezidentin səfərləri zamanı müxtəlif obyektlərin bağlanması insan hüquqları ilə yanaşı həm də istehlakçı hüquqlarının pozulmasıdır.

«Mən bir dəfə Vaşinqtonda görmüşəm ki, prezident gəlir Ağ Evə, Ağ Evin də 20 metrliyində adamlar gəzir. Düşünürəm ki, Azərbaycan prezidentinin təhlükəsizliyi kifayət qədər qorunur, belə məsələlər olmamalıdır».

Eyyub Hüseynova görə, prezidentin səfərlərindən istehlakçılar əziyyət çəkməməli, əksinə birinci şəxsin səfərləri vətəndaşlarda xoş ovqat yaratmalıdır.
XS
SM
MD
LG