Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:12

«Hərbi çağırışla əlaqədar indiyədək şikayət olmayıb»


Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu hərbi komissarlıqlarla bağlı mediada gedən müzakirələrə açıqlama verib.

«Bəzi şəxslər tərəfindən hərbi komissarlıqların ləğvi barədə qərarın olduğunu hansı məntiqlə irəli sürmələri anlaşılan deyil. Bunlar hamısı məqsədli və sifarişli şəkildə ortaya atılır. Çünki belə bir qərar yoxdur və göründüyü kimi, hazırda da hərbi komissarlıqlar fəaliyyət göstərir».

Onun sözlərinə görə, hərbi komissarlıqların ayrıca, müstəqil struktur kimi təqdim olunması mövcud qanunvericiliklə səsləşmir:

«Biz əvvəllər də bu məsələyə münasibətimizi bildirmişik. Qanunvericiliyə görə, hərbi komissarlıqlar birbaşa Müdafiə Nazirliyinə tabe olan təşkilatdır, daha dəqiq ifadə etsəm, onun bir idarəsidir. Başqa idarələr kimi hərbi komissarlıqlar da bilavasitə müdafiə nazirinin rəhbərliyi altında fəaliyyət göstərir, onun əmr və göstərişlərini yerinə yetirir. Digər yanaşmalar isə sadəcə fikirləri çaşdırmağa yönələn cəhd kimi qəbul edilməlidir».

Bəzi hərbi komissarların işdən götürülməsinə gəlincə, nazirlik rəsmisi deyib ki, burda qeyri-adi bir şey axtarmağa lüzum yoxdur:

«Onların bir hissəsi təqaüdə, digər bir hissəsi isə qoşunlarda xidmətə göndərilib. Aralarında elələri də olub ki, tutduqları vəzifəni layiqincə yerinə yetirmədiklərinə görə işdən uzaqlaşdırılıblar».

Eldar Sabiroğlu bildirir ki, bu günə kimi çağırışla əlaqədar nə qaynar xəttə, nə də vətəndaşların müraciətləri ilə əlaqədar yaradılmış komissiyaya əsaslı bir şikayət daxil olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG