Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23
Aprelin 1-də AzadlıqRadiosunun “İşdən sonra” verilişinin qonağı olan Bakı Metropoliteninin rəisi Tağı Əhmədov nə qədər qazanmasından tutmuş, müxalifətə keçib-keçməməsi, metroda niyə təkcə naxçıvanlıları işə götürməsi, ailə üzvlərinin şəxsi biznesi haqqında ona yönələn bütün suallara cavab verdi. Həmin müsahibəni təqdim edirik:
(Mətnin sonunda söhbəti dinləyə də bilərsiniz)

TAĞI ƏHMƏDOV NƏ QƏDƏR QAZANIR?


- Lalə Əliyeva Sizə yazır: Salam, Tağı müəllim. Sizin maaşını nə qədərdir? Dolanmağa çatırmı? Keçidlərdəki ticarət yerlərindən gələn pullar kimə gedir?

- O, pulların hamısı dövlətə gəlir. Onların hamısında iki minə yaxın adam işləyir. Hər ailədə beş adamın olduğunu nəzərə alsaq bu, Bakıda 10 min adamın özünə iş yeri tapması deməkdir və ordan qazanılan pul metropolitenə gəlir. Bu gün Bakı metropolitenindən istifadə edənlərin sayı gündə 1.1 milyon nəfər olarsa, artıq biz bu ticarət köşklərini də aradan çıxararıq. Artıq “İçəri Şəhər”, “Sahil” stansiyalarında dükan yoxdur. Yavaş-yavaş da yığışdırılacaq. Amma gəlin görək, bu 10 min adamı Lalə xanımın sözü ilə ac qoymaq yaxşıdır, ya pis?! Lalə xanıma təklif edirəm, qoy əvvəlcə onlara iş yeri tapsın, sonra gözüm üstə, hər şey etmək olar.

- O mağazalardan gələn vəsaitin həcmini deyə bilərsinizmi?

- Əlbəttə, niyə demirəm, ayda 70 min manat vəsait köçürülür. Bunun da hamısı metroya sərf olunur.

Bəziləri düşünür ki, guya orda qaz vurub-qazan doldururlar. Xeyir, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından, 10 min adamın ac olmasından gedir.

- Yeraltı keçidlərdən ildə nə qədər vergi ödəyirsiniz?

- Heç bir manat da ödənmir. Bunun o sualı verən yoldaşa heç bir aidiyyəti yoxdur.

- Arif imzalı dinləyicimiz soruşur ki, bəs, maaşınız barədə suala cavab vermədiniz?

- Hə, mənim öz maaşım? Üzr istəyirəm, mənim maaşım 890 manatdır. Ancaq 40 ildir metropolitendə işlədiyimə görə əlavələr var, onu alıram, “Fəxri dəmiryolçu” kimi əlavələr var, onu alıram, bir də üstəliklər var, onu alıram. Yəni, təkcə 890 manat deyil, bundan bir qədər artıq pul alıram. Amma sırf maaşım 890 manatdır.

- Bir dinləyicimiz yazır: Salam, Tağı müəllim, xahiş edirəm, verəcəyim suala səmimi cavab verin. Maaşdan, rəsmi mükafatdan əlavə, ayda nə qədər qazanırsınız, onun neçə faizini “yuxarı”lara verirsiniz, əgər “yox” desəniz, buna bişmiş toyuğun da gülməyi gələcək.

- O adama deyərəm ki, sənin canın üçün heç bir qəpik də qazanmıram, nə də heç kəsə borcum yoxdur.

- “Göyçək Meri” imzası ilə bir nəfər yazır: “Elmlər Akademiyası” stansiyasının binasında bəzi kosmetika salonları var. Onların sizin ailə üzvlərinizin olması barədə iddialara nə deyərdiniz?


- Birincisi, and içərəm ki, o kosmetika salonlarının harda olmasını bilmirəm. İkincisi, mənim bu barədə qətiyyən xəbərim yoxdur. İndi xanıma and içən deyiləm, amma səmimi qəbul etsin ki, bizim ailə üzvlərinə aid heç bir elə şey yoxdur.

KEÇİDLƏRDƏ AL-VER YERİ NEÇƏYƏDİR, QAZANCI KİMƏ GEDİR?


- Sultan imzalı soruşur: Metroda hər mağazadan nə qədər yer haqqı alınır? Mənim bir yaxın qohumumdan ayda yeddi-səkkiz yüz manat alırlar. Bu pul metropolitenə çatırmı?

- Yəqin ondan az alırlar, bir az çox alsaydılar, çatardı... Yəqin ki, çatır.

- Yəqin ki, bu kvadratla hesablanır...

- Xanım qız, yeddi-səkkiz yüz baxır, hansı kvadratadır. Bunlar absurd suallardır. Baxır stansiyanın yerinə. Tutaq ki, “Ulduz” stansiyasında heç nəyədir, “Əzizbəyov” stansiyasında ondan bir az bahadır. Ona görə, bu ticarətlə kim maraqlanırsa, qoy, dəqiqləşdirib, sonra soruşsun. Onun qohumundan nə alırlar, harda alırlar, mənə aid olmayan suallardır.

- Tağı müəllim, məsələn, “Nizami” stansiyasında yer neçəyədir?

- Bir kvadrat metri 100 manatdan artıq heç yerdə yoxdur. Ən bahası 100 manatdır.

TAĞI ƏHMƏDOV MÜXALİFƏTƏ KEÇİR?


- Elçin Muradov yazır: Tağı müəllim, son zamanlar Sizin müxalifətə keçəcəyiniz haqqında söz-söhbətlər dolaşır. Bu məlumatlar nə dərəcə doğrudur?

- Onu kim deyib, özü bilər, amma mənim heç elə fikrim yoxdur. Mən hər zaman metropolitençi olmuşam, iqtidarda olmuşam. Əgər bu gün işdən çıxsam belə, iqtidara daha bağlı olacam.

- Günay İmranova yazır: Tağı müəllim, çox sağ olun, Siz yeganə dövlət idarəsi rəhbərisiniz ki, çox açıq danışırsınız və sözünüzü deyirsiniz. Buna görə xalq sizə çox sual verir. Tilsimi qırmısınız. Belə açıq danışdığınıza və özünüzü sərbəst apardığınıza görə yüksək rütbəli məmurlardan, Prezident Aparatından təzyiq olubmu?

- Allah eləməsin, heç vaxt. Mən necə doğulmuşam, elə də gedirəm. Mənə elə gəlir ki, mən nə var, onu deyirəm. Gözə kül üfürmürəm. Bunu mən açıq deməsəm, deməli özümü pis vəziyyətə salıram. Nəyə görə açıq deməməliyəm? Respublikamız birdir, bunu görən göz sizdə də var, məndə də. Nəyi siz görürsünüzsə, onu mən də görürəm.

- Günay İmranovanın bir sualı da var: Deyilənə görə Vasif Talıbov sizi Naxçıvana getməyə qoymur. Bu nə dərəcədə doğrudur?

- (Gülür...) Gəlin, bu yersiz suallara cavab verməyim. Bu çox gülməli sualdır. Mən dünən Naxçıvandan gəlmişəm. Açıq deyim ki, mən Naxçıvana gedəndə Vasif müəllimlə görüşürəm. Bu, düşünülməmiş, ara sözüdür.

JURNALİSTLƏRLƏ NİYƏ BELƏ DAVRANIR?


- Samir adlı dinləyicimiz yazır: Tağı müəllim, özünüzü ağa kimi aparırısınız...

- Ağa özünü ağa kimi aparar da...

- Yazır ki, heç nazirlər də jurnalistlərlə sizin kimi danışmırlar...

- Xanım, mənə bir jurnalist yaxınlaşıb deyir ki, metroda rels çatışmır deyə tramvay xəttindən relsləri çıxarırlar. Soruşuram ki, xanım, siz haranı qurtarıbsınız, deyir filologiyanı. Deyirəm, axı tramvay xəttində relslər R-24, metroda R-50-dir. Bunlar eyni relslər deyil, bu bir, ikincisi, tramvaydan çıxan relsi, metro istifadə edə bilməz. Mən bu gün Azərbaycanda olan savadlı jurnalistlərə baş əyirəm. Onlarla həmişə sözümüz tutur. Amma sualını qoya bilməyən, danışa bilməyən jurnalistlər də var. Bu gün əlbəttə, mətbuat çoxdur, istədikləri şeyləri də yaza bilərlər. Amma hazırda mən 13 qəzeti oxuyuram, qalanlara fikir vermirəm. Kim nə istəyir, yazsın, etirazım yoxdur.

Ağa olmağa gələndə, bəli, bu gün mən metropolitenin ağasıyam, özümü də ağa kimi aparacam.

- Bir oxucu yazır: Tağı Əhmədov jurnalistlərə müsahibə verəndə nə zaman etika qaydalarına əməl edəcək.


- Həmişə. Birinci növbədə jurnalist etikasına əməl olunmalıdır. Tağı Əhmədov isə jurnalistlərin əksəriyyəti ilə dostdur. Dostluğunda da davam edir. Hansı yaxşı jurnalist var, bayaq da dedim, onların qarşısında baş əymişəm, yenə baş əyirəm.

NİYƏ METRODA İŞLƏYƏNLƏRİN HAMISI NAXÇIVANLIDIR?


- Dinləyicimiz yazır ki, niyə metroda işləyənlərin hamısı Naxçıvandan olan insanlardır. Başqalarını işə götürmürsünüzmü?

- Çünki mən metropolitenin rəisiyəm...

- Amma metropoliten isə bütün Azərbaycanındır, elə deyilmi?

- Xanım qız, axı o sualı verən bir balaca düz sual vermir axı, ona görə elə dedim. Bu gün metropoltendə Azərbaycanın hər yerindən adamlar işləyir. Metropolitendə işləyənlərin hamısının naxçıvanlı olduğunu demək absurddur. Bu düzgün sual deyil. Düzdür, mən bir az yerlipərəstəm, naxçıvanlıları çox istəyirəm, bilirəm ki, Naxçıvan indi blokadadır, onlara müəyyən dərəcədə kömək etmək lazımdır. Amma bu gün metropoltendə 4500 adam işləyir. Onun hamısı naxçıvanlı olsa, mən lap fəxr edərdim.

- Tağı müəllim, bir az da dəqiqləşdirsək, metropoltendə işləyənlərin nə qədəri Naxçıvandan olan adamlardır?

- Ümumi 4500 nəfərin bir 250 nəfəri bəlkə Naxçıvandan olan adamlardır. Əgər bu çoxdursa, bəlkə o xanımın sözünə görə onların yarısını çıxararıq?

- Günay İmranova yazır: Tağı müəllim, mən özüm təmiz naxçıvanlıyam, iş tapa bilmirəm...

- Hansı naxçıvanlı iş tapa bilmir, gəlsin, ölməmişəm ki!

METRODA TƏHLÜKƏSİZLİK NECƏ QORUNUR?


- Tağı müəllim, Moskva metrosunda bu həftənin əvvəlində baş verən partlayışdan sonra siz Bakı metrosunda təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirləri görürsünüz?

- Əvvəla, dinləyicilərə də, sizə də bildirmək istəyirəm ki, Azərbaycan müharibədə olan dövlətdir. Nə sülh var, nə də müharibə qurtarmayıb. Biz demək olar ki, 1993-cü ildən gücləndirilmiş iş rejimində işləyirik və bu gün də belə davam edirik.

Son vaxtlar qatarların içi istisna olmaqla bütün stansiyalarda video kameralar quraşdırlıb. Amma əlbəttə, kameralar terror hadisəninin qarşısını alan vasitə deyil. Kameralar kiməsə axtarış üçün lazım ola bilər.

Ona görə biz Moskva hadisəsi olan gündən başlayaraq hərəkətin intensiv olduğu stansiyalarda qapıların ikisini, hərəkətin nisbətən zəif olduğu stansiyalarda isə bir qapını açmışıq. Bilirik ki, bu halda sərnişin itirəcəyik. Amma təhlükəsizliyi qorumaq üçün ayrı çıxış yolumuz da yoxdur, bütün sərnişinlərin çantalarını da üzdən olsa da yoxlayıb buraxırıq.

- Təhlükəsizlik tədbirlərini gücləndirmək üçün rentgen aparatlarından istifadə oluna bilərmi?

- Təkcə bir gündə Bakı metrosuna 650 min sərnişin düşür. Bu sərnişinlərin hamısına siz deyən aparatları tətbiq etmək mümkün deyil. Sərnişin cibində, açarı, telefonu, daha hansısa dəmir əşyaları ola bilər. Onların hamısını bir-bir rentgen aparatı ilə yoxlayıb metroya buraxmaq qeyri-mümkün şeydir.

- Dinləyicimiz Ələkbər Kərimov soruşur: Məncə, Bakı metrosunda elektrik problemi var. Bunu kökündən həll etməyin artıq vaxtıdır.

- Sərnişin verdiyi suala görə çox sağ olsun. Elektrik problemi həll olunur. dünən yüksək gərginlikli kabel xəttində qısa qapanma baş verib. Bu, olmamalıdır. Mən bunu nəyləsə əsaslandırmaq istəmirəm. Amma hadisə baş verib, qısa zamanda ondan çıxış yolu tapılmalıdır. Yarım saat fasilə oldu. Buna görə qatarda qalan sərnişinlərdən, onlardan narahat olan yaxınlarından buna görə üzr istəyirəm. Amma hadisədir, qısa qapanma hər yerdə ola bilər. Artıq 43-cü ildir işləyən Bakı metropolitenində ilk dəfədir ki, yüksək gərginlikli xətdə qısa qapanma baş verib.

Metropolitenin elektrik təchizatı bir neçə mənbədəndir. Bizdə dəyişilməli olan bir xeyli kabellər var. Təlimata görə ilin sonuna qədər zədə olan kabellərin hamısını dəyişməliyik.

- Dinləyicimiz Mübariz soruşur: Metroya girəndə sərnişinlər yoxlanır. Amma metorya girməmiş keçidlərdə də adam çox olur, bəs orda necə türrorun qarşısını necə almaq olar? Orada yoxlayan yoxdur.

- Terrorçunun vətəni, mənliyi olmur, o, əhalinin gur yerində hadisə törətmək istəyir. Yəqin ki, bu baxımdan ona keçidlərdəki köşklər maraqlı olmaz. Ora da nəzarət var. Hər bir satıcının işlədiyi yer onun nəzarətindədir. Amma Bakının bütün polisini ora cəlb etsək də tam nəzarət mümkün deyil.

HARALARA YENİ METRO XƏTTİ ÇƏKİLƏCƏK?


- Toğrul imzalı dinləyicimiz soruşur ki, Müşfiqabad qəsəbəsinə metro çəkiləcəkmi?

- Müşfiqabada xeyir. O istiqamətə ən son ünvanımız Xırdalan, bu biri tərəfdə də Binəqədi ətrafı, Əzizbəyov 2-ci, Əcəmi 2-ci, Yeni Günəşli, Köhnə Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbəsi və Neftçilərə birləşməklə. Bu 20 illik inkişaf planında əlavə 54 stansiya tikilməsi planlaşdırılır. Onların arasında Müşfiqabad yoxdur. Bəlkə gələcək illərdə ora da metro çəkilişi plana salına bilər.

GÖZDƏN ƏLİLLƏR QATARIN ALTINA DÜŞMƏSİN DEYƏ NƏ EDİRSİNİZ?


- Məhərrəm Şahverdi sizə sual verir: Tağı müəllim, yəqin xatırlayırsınız, bir neçə dəfə olub ki, gözdən əlillər qatarın altına düşüblər. Axı gözdən əlilin metroda hərəkət etməsi çox təhlükəlidir. Olmazmı ki, platformanın kənarı ilə ayaqla hiss olunacaq bir işarə, ya da alçaq səki düzəldilsin ki, gözdən əlillər relslərin üstünə düşməsinlər.

- Dünya praktikasında belə şey yoxdur. Hələlik olmayan şeyi tətbiq etmək iqtidarında deyilik.

- Vaşinqtondan Şəhla Əliquliyeva yazır: Vaşinqton metrosunda platformanın kənarında qıraqda yumru çıxıntıları olan plastik lent qoyublar. O, ayaqla hiss olunur, heç kimə də mane olmur. Yaxşı da görünüşü var. Yəni, gözdən əlillərin vaqonun altına düşməməsi üçün bu tətbiq edilir.

- Sovet sistemində biz qurulmuşuq. Sovet sistemində belə şey yoxdur. Bizim üçüncü xəttimizin tikintisini Fransanın Sistra şirkəti udub. Yəqin ki, bu şirkət onun hamısını tətbiq edəcək.

METRONUN QİYMƏTİ QALXACAQMI?


- Demişdiniz ki, qiymət məsələsinə yenidən baxılacaq. Bu məsələ necə olacaq?

- Mən elə deməmişdim. Mənim vəzifəm metropolitetinin işini təşkil etməkdir. Tarif Şurası neçə müəyyən etsə, mən də icraçı kimi o qiymətə daşıyacam. Mənim əsas işim hər rübdə hər sərnişinin daşınmasının neçəyə başa gəlməsini Tarif Şurasına verirəm. Şura hansı qiymət təyin etsə, o qiymətə də aparacam.

- Metronun hökumətdən yardım almadan işləməsi üçün biletin qiyməti nə qədər olmalıdır?

- Son rübə görə bir sərnişin daşınması üçün 49.2 qəpiyə başa gəlir. Biz isə 15 qəpiyə daşıyırıq. Ola bilsin yeni kvartal üçün hesablamada bu rəqəm dəyişsin. Bu sərnişin nə qədər getməsindən asılıdır.

AVTOMAT KASSALAR PULLARI NİYƏ “YEYİR”?


- Mehdi Fərəc yazır: metrodakı avtomat kassalar tez-tez sərnişinlərin pulunu yeyir. Dünən şahidi oldum ki, “Nizami” metro stansiyasında iki sərnişin hərəsi bir manat pul saldı. Amma gediş haqları yüklənmədi. Nə sərnişinlər ora pul saldıqlarını sübut edə bildilər, nə də xəzinədarlar onlara kömək edə bildilər. Bu durumu necə şərh edərdiniz?

- Əvvəllər belə hallar var idi. Amma mənə verilən məlumata görə artıq üç aydır bu problem həll olunub. Əgər o yoldaş dünən buna şahid olubsa, bizim mərkəzi serverə müraciət etsin. O pullar orada göstərilir. Əgər sərnişin çekini almayıbsa, deməli mərkəzi serverin arxivində var. Bu pul hesabda artıq kimi görünəcək. Hər bir vətəndaşa da icazə verilir ki, bir ay müddətində gəlib öz pulunu alsın.

- Mərkəzi server hardadır?

- Elə həmin “Nizami” stansiyasında deyəcək, günün sonunda server açılanda yoxlanıb, artıq alınmış pul qaytarılacaq.

Tağı Əhmədovla müsahibəni dinləyin. Birinci hissə:


İkinci hissə:

Şərhləri göstər

XS
SM
MD
LG