Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:35

İraqın baş nazirinin kim olacağı türkmanlardan asılı vəziyyətə düşüb


İyad Ələvi tərəfdarlarını salamlayır, 26 mart 2010

İyad Ələvi tərəfdarlarını salamlayır, 26 mart 2010

İraqın şimalında kürdlərdən sonra ikinci ən böyük etnik qrup olan türkmanlar keçmiş baş nazir İyad Ələvinin «İraqiyə» blokuna müttəfiq kimi tanınırlar. «İraqiyə» blokunda seçkiyə qatılmış türkman namizədlərdən 5-i Kərkük və Mosulda yerli seçkilərdə qalib gəliblər. Onlar İraq parlamentində yerli icmanı təmsil edəcəklər. 2005-ci ilin parlament seçkilərində isə onların yalnız bir namizədləri qələbə çalmışdı.

İstanbulda yerləşən İraq-Türkman Cəbhəsinin sözçüsü Orhan Ketene bildirir ki, indi onlar Bağdadda öz problemlərini daha ucadan səsləndirə biləcəklər:

«Hazırda türkmanların 5 deputatı var. Bu 5 deputat indiki baş nazir əl-Maliki ilə keçmiş baş nazir Ələvinin blokları arasında rəqabətdə olduqca vacibdir. Çünki bu iki blokun arasında fərq cəmi iki deputat səsidir. Onların səsi qüvvələr nisbətini asanlıqla dəyişə bilir».

Başqa sözlə, indi İraqda kimin baş nazir olacağını türkmanların 5 deputatı həll edir. Əvvəllər heç vaxt türkmanlar bu qədər həlledici siyasi gücə malik olmayıblar.

Seçkinin rəsmi nəticələrinə əsasən, az səslə olsa da, qalib Ələvinin «İraqiyə» blokudur. Amma indiki hakimiyyət başqa deputatları müttəfiqliyə cəlb edib qüvvələr nisbətini dəyişə bilər.

PAYTAXT DAVASI

Ketene bildirir ki, hazırda türkmanların iki məqsədi var:

«Əsas məqsəd ölkənin birliyinin qorunmasıdır. Onlar xüsusilə də Kərkükün kürd şimal muxtariyyətinə daxil olmamasına çalışırlar».

Ketene deyir ki, onların bu istəklərini Ələvi və əl-Maliki də dəstəkləyir.

Neftlə zəngin Kərkük kürdlərlə türkmanlar arasında ciddi mübarizə predmetidir. Kürd muxtariyyəti Kərkükü özünün tarixi paytaxtı hesab edir. Amma türkmanlar, ərəblər də buranı özlərinin tarixi mədəni mərkəzləri sayırlar.

İraq prezidentinin türkman məsələləri üzrə müşaviri Müzəffər Arslan öz cəmiyyətinin problemlərini bu cür izah edir:

«Kürdlərin tələbləri yalnız Kərkükün neft ehtiyatları ilə bağlıdır»
«Kərkükün Kürdüstana aid olduğunu sübut edə bilən bir dənə də olsun sənəd yoxdur. Hər yerdə Kərkük türkman şəhəri kimi göstərilir. Kürdlərin tələbləri yalnız Kərkükün enerji ehtiyatları ilə bağlıdır. Onlar deyirlər ki, İraqın şimalında kürd dövləti yaransa, onun müstəqilliyini yalnız belə iqtisadi imkanlar təmin edə bilər. Ona görə çalışırlar ki, Kərkükü öz sərhədləri içərisinə salsınlar».

KƏRKÜK BRÜSSEL OLSUN!

Hamının məhz onunku hesab etdiyi Kərkükün gələcək taleyi barədə cürbəcür təkliflər səslənir. Onlardan biri də Kərkükə Brüsselə bənzəyən bir statusun verilməsidir. Həmin təklifi Arslan bu cür izah edir:

«Bir neçə il əvvəl Brüssel modelinin Kərkük üçün də münasib olması təklifi qəzetlərdə çap olunmuşdu. Düzünü desəm, biz bunun əleyhinə deyilik. Sağlam sistem olacaqsa, niyə də olmasın? Əsas budur ki, Kərkükdə inzibati idarəetmə yalnız bir etnik qrupa verilməsin».

Amma yeni seçkilərdə 57 deputat mandatı qazanmış kürdlər Kərkükün statusuna dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyirlər.

Dilləri daha çox Azərbaycan dilinə yaxın olan türkmanlar əsasən İraqın şimalında yaşayırlar. Onlar Osmanlı İmperiyası dövründə regionda əsas üstünlüyə malik olublar.

Amma Osmanlı İmperiyası dağılandan sonra region Britaniyanın nəzarətindəki İraqa daxil edildi. Hakimiyyət başında türkmanlar olsalar da, onlar Türkiyədən aralanmışdılar.

Amma 2003-cü ildən sonra onlar yenidən öz dillərində məktəblər, telekanallar əldə edə bildilər. Onlar Ankaradan və Bağdaddan da maliyyə dəstəyi alırlar.

Türkmanların sayı haqqında konkret rəqəmlər yoxdur. Orhan Ketene onların haradasa 3 milyon nəfər olduqlarını bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG